Qəzet arxivi

İqtisadiyyatda şəffaflıq və nəzarətin səmərəliliyinin atmasına xidmət edən vacib struktur

  • 28.01.2021

Hər bir biznes sahəsində əsas olaraq 2 tərəf – hər hansı təşkilatın rəhbəri və həmin təşkilata yatırım etmək istəyən səhmdar vardır. Əlbəttə, investisiya yatırmaq istəyən biri oradan gəlir də əldə etməyə çalışır. Eyni, zamanda, təşkilatın rəhbəri də. Təbii ki, burada hər iki tərəfin öz məqsədinə nail olma istəyi aldadılma hallarına da səbəb ola bilir. Bu risk isə əsas olaraq investorlar tərəfdən təhlükəlidir. Bu təhlükə həmin təşkilatın müflisləşməsi ilə də əlaqədar ola bilər. Nəticə etibarı ilə sonda bütün bunlar maliyyə qoyuluşları riskini xeyli artırır. Bu isə öz növbəsində hər hansı işə başlamadan, yatırım etmədən öncə ciddi araşdırma aparılmasını, yalnız təşkilat rəhbərinin və həmin təşkilatın nümayəndələrinin maliyyə informasiyaları ilə kifayətlənməməyi vacib şərt kimi meydana çıxarır. Belə araşdırmaların aparılması, maliyyə informasiyalarının doğruluğunu və etibarlılığını yoxlamaq üçün isə məhz bitərəf və sərbəst auditorlara ehtiyac duyulur. Bəs, auditorlar kimlərdir? Bu peşənin yaranma tarixi hansı dövrlərə gedib çıxır?


Auditorlar...
... hər hansı müəssisənin, təşkilatın hesabatının düzgünlüyünü, qüvvədə olan qanunvericiliyə əməl edilməsinin yoxlanılmasını və bu məsələ üzrə auditor rəyinin tərtib edilməsini həyata keçirən şəxslərdir. Baş mühasib fəaliyyəti ilə oxşarlıq təşkil etsə də, ondan fərqlənir, çünki auditor fəaliyyəti müəssisələrə ezamiyyətlə bağlıdır – bu zaman mühasibat və maliyyə hesabatları yerindəcə yoxlanılır. Auditorların əsas xüsusiyyəti hadisələrə daha diqqətlə və seçici yanaşa bilməsi ilə bağlıdır. Onlar yalnız səhvləri tapmır, həm də onun aradan qaldırılmasına çalışırlar, ciddi araşdırmalar aparırlar.
Ümumiyyətlə, auditorların maliyyə sənədləri ilə işləmə şəklini zərgər fəaliyyətinə bənzətmək olar. Çünki auditor da sənədlərə mikroskop altında baxarcasına dəqiq yanaşmalı, hər kağız parçasını, hər rəqəmı diqqətlə nəzərdən keçirməlidir. Əgər qayda pozuntusu axtarılırsa, deməli mütləq qayda və qanunları da bilmək lazımdır. Beləliklə, auditor ölkənin qanunlarını, mühasibat qaydalarını hərtərəfli bilməli, xüsusi mühasibat proqramları ilə işləməyi bacarmalı, öz sahəsində çox savadlı olmalıdır. Onun səhv etmək haqqı yoxdur. Qanunlar da dəyişə bildiyindən auditorların daim özlərini təkmilləşdirməsi vacibdir. Nəticə barədə dəqiqləşdirilmiş qənaətə əsaslanmalıdırlar.
Həmçinin auditorların fərqli və çoxsaylı təşkilat və insanlarla qarşılaşdığını nəzərə alsaq, bu peşə sahiblərinin səbirli və qarşısındakı hər səviyyədən insanla ünsiyyət qurmaq bacarıqlarının olmasını da mütləq qeyd etmək vacibdir.


Auditor peşəsinin tarixi
Auditor peşəsinin tarixi çox qədim dövrlərə, Roma imperiyasının mövcud olduğu vaxtlara gedib çıxır. Hələ b.e.ə. 200-cü ildə imperiya ərazisində fəaliyyət göstərən xüsusi icazəli vəzifəli şəxslər imperiyanın maliyyə və məhkəmə işlərini həyata keçirir, mühasiblərin fəaliyyətinə nəzarət edirdilər. Hesabat şəklində imperiyanın paytaxtına göndərilən bu yoxlamaların yekunu isə orada xüsusi mütəxəssislər tərəfindən dinlənilirdi. Auditor sözünün latın dilindən tərcüməsi də elə “dinləyici” mənasını ifadə edir. Audit fəaliyyətinə, həmçinin Misir və Assuriyada kənd təsərrüfatı məhsullarına vergilərin təyini ilə əlaqədar olaraq rast gəlinmişdir.
“Auditor” sözü isə ilk dəfə 1289-cu ildə İngiltərədə istifadə edilmişdir. Peşəkar şəkildə ilk audit təşkilatı 1581-ci ildə Venesiyada yaranmışdır. 1658-ci ildə Milanda buna bənzər təşkilata rast gəlinir. Lakin dünyada auditin mühüm əhəmiyyətli bir fəaliyyət olaraq qəbul edilməsi, auditor peşəsinin tanınması və bugünkü mənası ilə ilk dəfə tətbiqinə 19-cu əsrin sonlarında İngiltərədə təsadüf olunur. Müasir audit fəaliyyətinin İngiltərədə təşkilindən sonra bir-birinin ardınca o, ABŞ, Fransa, Hollandiya, Almaniya, Hindistan, İsveçrə, Argentina, Braziliya, Meksika, İtaliya, Yunanıstan və Nigeriyada tətbiq olunmuşdur. Azərbaycanda isə...


Azərbaycanda auditor faəliyyəti, ilk addımlar
Köhnə Sovetlər birliyinə daxil olan digər MDB ölkələri kimi, Azərbaycanda da idarə və yoxlama işləri uzun müddət dövlətin əlində olmuşdur. Amma sözün həqiqi mənasında nə SSRİ-də, nə də Azərbaycanda həmin dövrlərdə bugünkü anlamı ilə həyata keçirilən audit yox idi. Bununla birlikdə digər MDB ölkələri və Azərbaycanda hər zaman mühasibatlıq, yoxlama və maliyyə hesabatları mövcud olmuşdur. Lakin bu fəaliyyətlər həmin dövrlərdə sistemli bir təşkilat tərəfindən həyata keçirilməmişdir. Yalnız 1980-ci illərin ortalarından başlayaraq audit fəaliyyəti SSRİ-nin böyük şəhərlərində nisbətən özünü göstərməyə başladı. 1987-ci ildə ‘İnaudit’ adlı anonim şirkət yaradıldı. Şirkətin hüquqi səhmdarları isə SSRİ Maliyyə Nazirliyi, Dövlət Bankı və SSRİ-nin digər bankları, bəzi nazirliklər və xarici kapitalın ölkəyə yönəldilməsi ilə məşğul olan bir sıra qurumlar idilər.
Ölkədə sərbəst şəkildə auditor fəaliyyətinin təşkilinə yalnız Azərbaycanın öz müstəqilliyini əldə etdiyi 90-cı illərdən başlayaraq rast gəlinir. Sosializm ideologiyasından qurtulmağı bacaran Azərbaycan demokratiya yolunda inamla irəliləməyə, bir çox sahələrin dövlətin nəzarəti altından çıxaraq özəlləşdirilməsinə, milli iqtisadiyyatın dünya iqtisadiyyatı səviyyəsinə yüksəldilməsinə, ölkədə rəqabət mühitinin formalaşmasına ciddi cəhdlər etməyə başlayır.
31 iyul 1991-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nəzdində Audit Mərkəzinin yaradılması” haqqında qərar verir. Burada isə əsas məqsəd ölkədə istehsal fəaliyyətində islahatların həyata keçirilməsi məqsədilə yaradılan bir çox təşkilatların, səhmdar cəmiyyətlərin, anonim şirkətlərin peşəkar şəkildə yoxlamadan keçirilməsinə olan ehtiyac, həmçinin dövlətin nəzarətindən çıxaraq özəlləşmiş müəssisələrə ehtiyac yarandıqda nəzarətin həyata keçirilməsi və təhrif olunmuş, şişirdilmiş rəqəmlərin qarşısının alınması idi. Bütün bunlar nəzərə alınaraq qərar təsdiqləndi. Qərara əsasən müəssisələr auditin həyata keçirilməsi ilə əlaqədar müqaviləyə əsasən fəaliyyət ilinin son gününə (31 dekabr) qədər vergi idarələrinə lazım olan bütün informasiyaları verməli idilər. Yoxlamadan keçməyən, yaxud öz təqsirləri ucbatından hesabatın gecikdiyi hallarda həmin müəssisələrə lazımi qaydada cəza tədbirləri təyin olunurdu.
1994-1996-cı illər ərzində isə ölkəmizdə beynəlxalq standartlara keçid əsnasında sərbəst auditorlar sisteminin qurulması üçün bəzi hüquqi sənədlər qəbul olundu. 1994-cü ildə Azərbaycan Respublikasında “Auditor fəaliyyəti haqqında” Qanun təsdiqləndi. 20 iyun 1995-ci ildə isə Milli Məclis “Auditor fəaliyyəti haqqında” Qanunun tətbiqini dəstəkləyən qərarı qəbul etdi. Bunun ardınca Milli Məclisdə 1995-ci il 19 sentyabr tarixində “Azərbaycan Respublikası Auditorlar Palatası” haqqında əsasnamə təsdiq olundu. 1 il sonra, yəni 1996-cı il 5 aprel tarixindən isə Auditorlar Palatası öz fəaliyyətinə başladı. Xüsusilə qeyd etmək vacibdir ki, Azərbaycan Respublikasında “Auditor xidməti haqqında” Qanunun qəbul edilməsi və Auditorlar Palatasının fəaliyyətə başlaması bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ölkədə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolunu böyük uzaqgörənliklə düzgün qiymətləndirməyi bacaran ulu öndər auditin inkişafını dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi dəyərləndirmiş və bu sahədə qarşıya qoyulmuş vəzifələrin həlli üçün əlindən gələni etmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev də bu strategiyaya sadiq qalaraq, auditin ölkənin sosial-iqtisadi inkişafındakı rolunu hər zaman yüksək qiymətləndirmişdir: “Bu gün, Azərbaycanda audit xidməti iqtisadiyyatın və regionların inkişafı sahəsində geniş miqyaslı proqramların həyata keçirilməsi, ölkənin qeyri-neft sektoruna investisiya axının gücləndirilməsi, sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun yüksəldilməsi, yoxsulluğun azaldılması və xalqın rifah halının yaxşılaşdırılması ilə bağlı iqtisadi siyasətin aparılmasında mühüm rol oynayır”.


Əsrin dörddə biri və qazanılmış nailiyyətlər
Artıq yaradılmasının 25 ilini arxada qoyan Auditorlar Palatası bu illər ərzində Azərbaycan Respublikasında auditin formalaşdırılması, tənzimlənməsi, inkişafı və təkmilləşdirilməsi, müəssisələrin və auditorların maraqlarının qorunması istiqamətində çox faydalı işlər görmüşdür. Ötən illər ərzində Auditorlar Palatası bir çox dövlət proqramlarının iştirakçısı olmuş, auditin təbliği və yayılması istiqamətində çox mühüm işlər görmüş, 1999-cu ildə MDB məkanında ilk dəfə Azərbaycanda beynəlxalq Daxili Auditorlar İnstitutunun (IIA) “Audit - Azərbaycan” bölməsinin yaradılmasına, 2000-ci ildə “İqtisadiyyat və audit” elmi-praktik jurnalının nəşrinə, həmçinin auditə dair çoxsaylı kitabların, ali məktəblər üçün dərs vəsaitlərinin nəşrinə nail olmuşdur. Beynəlxalq elmi-praktik konfrans, simpozium və forumlar keçirən Palata, eyni zamanda, seminar və dəyirmi masalar da təşkil etmiş, qabaqcıl xarici audit təcrübəsinin yayılması üçün mühüm işlər görmüşdür. Auditorlar Palatası yarandığı vaxtdan indiyədək öz fəaliyyətini qanunvericiliklə müəyyən olunmuş qaydada və dövlətimizin mənafeyinin qorunması istiqamətində davam etdirməkdədir. Yerli qurumlarla da səmərəli əməkdaşlıq edən Auditorlar Palatası əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə müxtəlif müəssisə və təşkilatlarla çoxsaylı saziş, protokol və anlaşma memorandumları imzalamışdır.
Razılıq hissi ilə qeyd edilməlidir ki, Auditorlar Palatasının çoxşaxəli fəaliyyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) iqtisadi müşaviri Beynəlxalq İqtisadçılar İttifaqının (Bİİ) üzvü olan Azərbaycan İqtisadçılar İttifaqı (Aİİ) ilə də sıx bağlıdır. Məlumat üçün bildirək ki, Aİİ 1992-ci ildən fəaliyyət göstərir və İttifaqın sədri Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadədir. Respublikanın iqtisadçı alimlərini, elm xadimlərini birləşdirən Aİİ ilə Auditorlar Palatası arasındakı əməkdaşlıq və sıx əlaqə ildən-ilə artmaqda, sözügüdən təşkilatların şəffaflıq, onun qorunması, təmini, kölgə iqtisadiyyatının azaldılması və tamamilə aradan qaldırılması ilə bağlı birgə həyata keçirdiyi konfranslar, işıq üzü görən ortaq nəşrlər öz miqyasına görə həm ölkə daxilində, həm də xaricində çox böyük əhəmiyyət kəsb etməkdədir. Eyni zamanda, Auditorlar Palatasının geniş fəaliyyəti 1999-cu ildən nəşr edilən, həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet olan “İqtisadiyyat” qəzetindən də yan keçməmişdir. Auditorlar Palatasının illik hesabatları, mühüm tədbirləri, konfransları, Palatanın sədri Vahid Novruzovun mühüm hadisələr, ictimai xadimlər, elm adamları, iqtisadçı alimlər haqqında məqalələri mütəmadi olaraq “İqtisadiyyat” qəzetinin səhifələrində dərc edilir. Bundan əlavə, sıx əməkdaşlıq əlaqələrinin nəticəsi olaraq müxtəlif vaxtlarda Auditorlar Palatası və “İqtisadiyyat” qəzetinin birgə təşkilatçılığı ilə mühüm mövzulara həsr olunmuş dəyirmi masalar, konfranslar da təşkil olunmuşdur. Palatanın qeyd edilən bütün bu fəaliyyətlərinin səmərəli şəkildə həyata keçirilməsində isə sədr, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun çox böyük rolu vardır. Yarandığı ilk gündən Palataya sədrlik edən Vahid Novruzov qarşısına qoyulan vəzifələri layiqincə icra etmiş, ölkə prezidentinin vacib tapşırıq və tövsiyələrinin icrasını, şəffaf biznes mühitinin formalaşmasını özünün əsas vəzifələri kimi müəyyənləşdirmişdir.
Şəffaflıq və hesabatlılıq, dövlət əmlakının düzgün idarəsi, korrupsiyaya qarşı mübarizə sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi, iqtisadi və sosial sahədə inkişafa mane olan amillərin və kölgə iqtisadiyyatının aradan qaldırılması və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üzrə Audtorlar Palatasının fəaliyyəti daim ölkə rəhbərliyinin də diqqət mərkəzində olmuşdur. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 15 sentyabr və 2016-cı il 4 aprel tarixli sərəncamları ilə ölkədə auditor xidmətinin inkişafında xidmətlərinə görə Auditorlar Palatası işçilərinin və üzvlərinin bir qrupu “Tərəqqi” medalı ilə təltif edilmişdir. Eyni zamanda, ölkə prezidentinin 2020-ci il 6 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Tapdıq oğlu Novruzov “Şöhrət” ordeninə layiq görülmüşdür.
Auditorlar Palatası hər zaman kadr məsələsini də diqqət mərkəzində saxlamış, həyata keçirdiyi fəaliyyətin məsuliyyətini dərk edərək, onun daim təkmilləşdirilməsi işinə ciddi nəzarət etmişdir və edir. Elə bunun nəticəsidir ki, ölkədəki auditorların bir çoxu beynəlxalq qurumların iştirakı və təşəbbüsü ilə təşkil olunan kurslarda təcrübələrini artırmış və bir sıra xarici ölkələrdə (Almaniya, Pakistan, Çin, Hindistan, Malayziya, Slovakiya, Macarıstan və s.) auditin tənzimlənməsi prosesləri ilə tanış olmaq imkanı əldə etmişlər.
Audit fəaliyyətinin inkişafını təmin etmək məqsədilə həmçinin ölkənin müxtəlif bölgələrində (Naxçıvan Muxtar Respublikası, Gəncə, Sumqayıt, Lənkəran, Kürdəmir, Zərdab və Quba) yoxlama qurumları yaradılmışdır.
Hazırda Palata bir çox nüfuzlu beynəlxalq qurumlarla - Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA), Sertifikatlaşdırılmış Mühasiblər və Auditorların Avrasiya Şurası (ECCAA) Assosiasiyası, Beynəlxalq Mühasiblər Federasiyası (İFAC), Mühasiblərin və Auditorların “Avrasiya” Beynəlxalq Regional Federasiyası, İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) ilə səmərəli əməkdaşlıq edir. Rusiya Federasiyası, Çin, Böyük Britaniya, Fransa, Kanada, Türkiyə, Rumıniya, Macarıstan, Polşa, Slovakiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Estoniya, Litva, Latviya, Moldova, Belarusiya, Makedoniya, Monteneqro, Bolqarıstan və digər ölkələrin audit və mühasibatlıq qurumları ilə əməkdaşlıq barədə saziş və niyyət protokollarının imzalanması, intensiv işgüzar əlaqələrin qurulması, Azərbaycan auditorlarının peşə-ixtisas səviyyəsinin müntəzəm olaraq təkmilləşdirilməsi sahəsində də Palata böyük işlər həyata keçirir.


Vətənə sadiqlik nümunəsi
Auditorlar Palatası yalnız üzərinə düşən vəzifələrin layiqincə həyata keçirilməsi ilə öz işini bitmiş hesab etməmiş, həm də vətənin, dövlətin dar, çətin günündə hər zaman xalqının, ölkə rəhbərliyinin yanında olmuş, ona öz dəstəyini əsirgəməmişdir. Ölkədəki həmrəylik, birlik çələnginə qoşulan Palatanın sədri Vahid Novruzov qazanılan möhtəşəm Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təbrik məktubu da ünvanlamış və işğaldan azad edilən torpaqların yenidən qurulması, işğaldan əvvəlkindən də daha gözəl şəkildə dirçəldilməsi üçün Azərbaycan Respublikasının Auditorlar Palatası olaraq üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün əllərindən gələni etməyə hazır olduqlarını bildirmişdir: “Qarşıda duran böyük quruculuq işləri hər birimizin üzərinə mühüm vəzifələr və məsuliyyət qoyur. Biz artıq torpağı işğal altında olan məzlum bir xalq kimi yox, düşməni darmadağın edən, öz ərazilərimizi işğaldan azad edən məğrur bir xalq olaraq daha yüksək ruh və coşqu ilə öhdəmizə düşən işləri yerinə yetirməli, ölkə rəhbərimizin ətrafında daha monolit birləşməliyik. Biz güclü iqtisadiyyatdan qələbəyə gəldiyimiz kimi, şanlı qələbədən də daha güclü iqtisadiyyata varis olmalıyıq. Ən vacib problemlərdən biri də budur ki, bu yeni şərait, zaman və məkan dönəmində öz istiqamətimizi düzgün müəyyənləşdirərək, ölkəmizin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin bərpa edilib çiçəklənməsinə ən optimal yol və vasitələrlə nail olaq”.
Auditorlar Palatasının Vətən naminə fəaliyyəti yalnız yaşadığımız çətin, həyəcanlı, bir o qədər də şanlı 44 gün və ondan sonrakı dövrdə deyil, qurulduğu, fəaliyyətdə olduğu bütün 25 il ərzində əslində özünü göstərmişdir. Çünki Vətən sevgisi yalnız səngərdə deyil, həm də burada onun naminə xidmət etmək, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyi özünün vətəndaşlıq borcun saymaq, sənə əmanət edilən, etibar olunan işinə, vəzifənə sadiq qalaraq, onu irəliyə aparmaq, inkişaf etdirmək, qazanılan nailiyyətlərlə bu dövlətə, vətənə öz borcunu az da olsa ödəməyi, örnək, nümunə olmağı bacarmaqdır. Düşünürəm ki, Auditorlar Palatası da Palata sədri Vahid Novruzovun rəhbərliyi ilə ötən 25 illik fəaliyyətində qazandığı uğurlar, həyata keçirdiyi siyasət, irəli sürdüyü təkliflər və atdığı addımlarla özünü çox gözəl şəkildə təsdiqləməyi bacarmışdır və öz layiqli vəzifəsini işğaldan azad olunan torpaqlarımızda da uğurlu şəkildə davam etdirəcəkdir.
Son olaraq fikrimi antik yunan filosofu Platonun sözləri ilə tamamlamaq istəyirəm. O deyirdi: “Dövlət işləri daxildən gələn sevgi, ədəb və kamil ağıl ilə idarə olunmazsa, onun sonu çökmək və yox olmaqdır”. Bu gün isə biz gənc, lakin ölkəmiz adına istər dövlət, istərsə də beynəlxalq səviyyədə böyük uğurlar, nailiyyətlər qazanmış Auditorlar Palatasının 25 illiyini qeyd ediriksə və onun inkişafı baxımından gələcəyə də böyük ümidlər bəsləyiriksə, deməli, bu təşkilatın da təməlində dövlətə, dövlətçiliyə, vətənə olan böyük sevgi, ədəb və kamil bir ağıl dayanır. Auditorlar Palatasına bundan sonrakı fəaliyyətlərində də uğurlar diləyir, müstəqil Azərbaycan Respublikasının uğurlu inkişafı naminə səmərəli fəaliyyətlərində nailiyyətlər arzulayırıq.


Hüseynova Mətanət

28/29 (1179)15-28 iyul 2021-ci il

21 (1171) 27 may - 2 iyun 2021-ci il

18/19 (1169) 06-19 may 2021-ci il

17 (1167) 29 aprel - 5 may 2021-ci il

N16 (1166) 22-28 aprel 2021-ci il

N13 (1163) 31 mart - 7 aprel 2021-ci il

N11-12 (1162) 18-30 mart 2021-ci il