MƏQALƏLƏR

Azərbaycan-Türkiyə-Pakistan dostluğunun və qardaşlığının təcəssümü

  • 26.08.2021

Qələbə ilə başa vurduğumuz İkinci Qarabağ müharibəsi bir sıra tərəfləri ilə yanaşı, həm də Azərbaycanın dost və qardaş ölkələrlə münasibətləri baxımından sınaq oldu. Olduqca fərəhli və qürurvericidir ki, bu münasibətlər müharibə sınağından şərəflə, layiqincə çıxdı. Həm Türkiyə, həm Pakistan 44 gün davam edən müharibə günlərində və sonrakı müddətdə xalqımızın haqq işini birmənalı şəkildə müdafiə etdilər, Azərbaycana ən yüksək səviyyədə siyasi və mənəvi dəstək verdilər ki, bu da dövlətlərimiz arasında müttəfiqliyin ən yüksək səviyyədə olduğunu nümayiş etdirdi.
Ümumiyyətlə, ölkəmizlə dostluq və qardaşlıq münasibətlərinə malik olan hər iki güclü dövlətin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində mövqeyi hər zaman ədalətli və qətiyyətli olub. Həm Türkiyə, həm də Pakistan 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və haqlı mövqeyinə prinsipial dəstək ifadə ediblər. Bu, Azərbaycan xalqı və dövləti tərəfindən olduqca yüksək qiymətləndirilir.
Dost və qardaş dövlətlərin dəstəyi İkinci Qarabağ müharibəsi dövründə də Azərbaycanın qarşı beynəlxalq təzyiqlərin qarşısının alınmasında və Ermənistan üzərində hərbi-siyasi qələbəmizin qazanılmasında mühüm rol oynayan amillərdən biri oldu. Eyni zamanda, müharibə günlərində Azərbaycana göstərilən yüksək siyasi dəstəyin nəticəsidir ki, indi respublikamızın Türkiyə və Pakistanla münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 2021-ci ilin iyun ayında Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması, son dövrlərdə Pakistandan Azərbaycana çoxsaylı nümayəndə heyətlərinin səfər etməsi bunun təsdiqidir.
Bununla yanaşı, xalqımızın Vətən savaşına çevrilən İkinci Qarabağ müharibəsi həm də bu üç ölkəni bir-birinə yaxınlaşdıraraq, onların arasında yeni əməkdaşlıq platformasının yaranmasına vəsilə oldu. 2021-ci il iyul ayının 27-də Bakıda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin Birinci Üçtərəfli görüşünün keçirilməsi və böyük tarixi hadisəyə çevrilən Bakı Bəyannaməsinin imzalanması həm də bu üç dövlət arasında münasibətləri yeni bir siyasi ittifaq səviyyəsinə yüksəltdi. Xatırladım ki, bu təklif iyun ayında Pakistanın paytaxtı İslamabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının İkinci Ümumi Konfransında Azərbaycan tərəfindən irəli sürülmüşdü və iyul ayında gerçəkliyə çevrildi.
Cənab Prezident İlham Əliyevin Türkiyə və Pakistan parlamentlərinin sədrləri ilə görüşlərində Bakıda keçirilən Birinci Üçtərəfli görüşün əhəmiyyəti vurğulandı, üç ölkə arasında əməkdaşlığın geniş mənada Avrasiyada yeni işbirliyi çərçivələri formalaşdırdığı bildirildi.
Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə imzalanan Bakı Bəyannaməsi tarixi və strateji bir hadisədir. Azərbaycan, Türkiyə və Pakistan xalqları tarix boyu yaxın və dost münasibətdə olublar. Hər üç ölkənin dövləti və xalqı çətin zamanlarda daim bir-birilərinə dəstək göstəriblər. Bu üç ölkənin xalqlarını bir-biri ilə qardaşlıq, ülvi hisslər və etibarlılıq birləşdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycanın mövcudluğu hər üç ölkənin bir-biri ilə daha etibarlı şəkildə bağlanmasını təmin etməkdədir.
Həm Azərbaycan, həm Türkiyə, həm də Pakistan yerləşdikləri bölgələrin aparıcı, müstəqil və qətiyyətli siyasətləri ilə fərqlənən dövlətləri olaraq, eyni zamanda, beynəlxalq aləmdə söz sahibidirlər. İndiyədək isə üç dost və qardaş dövlət arasında bir neçə sahədə birgə əməkdaşlıq formatları mövcud idi. Məsələn, hər üç dövlətin xarici işlər və müdafiə nazirlikləri arasında sıx birgə əməkdaşlıq həyata keçirilməkdədir. Bu cür üçtərəfli birgə əməkdaşlıq həm regional, həm də qlobal səviyyədə onların gücünə güc qatır və üç dövlət arasında mövcud olan münasibətlərin və qarşılıqlı faydalı əməkdaşlığın beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və rolu var.
Bakıda təməli qoyulan üçtərəfli parlamentlərarası əməkdaşlıq formatı isə Azərbaycan, Türkiyə və Pakistan arasında tarixi qardaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə, onların xalqlarının ortaq maraqlarına yüksək səviyyədə xidmət etməyə mühüm töhfə verəcək.
Bakı Bəyannaməsi Azərbaycan-Türkiyə-Pakistan dostluğunun və qardaşlığının təcəssümüdür. Yeni mərhələdə hər üç dövlət müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində, bir-birinin milli maraqlarının beynəlxalq müstəvidə qorunmasında güclü siyasi iradə nümayiş etdirəcək. Bu format getdikcə daha səmərəli platformaya çevriləcək ki, bu da Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələri daha da yüksək səviyyəyə çatdıracaq. Çünki Bəyannamədə dövlətlərimiz və millətlərimiz arasında mövcud olan əlaqələrin daha da dərinləşdirilməsi üçün üç ölkə arasındakı parlamentar dialoqun və əməkdaşlığın gücləndirilməsinin vacibliyinin qeyd olunması əlaqələrin daha da şaxələnəcəyini deməyə əsas verir.
Eyni zamanda, Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinin inkişafı regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa ciddi töhfədir. Belə ki, regionda sülhün, təhlükəsizliyin, sabitliyin qorunub saxlanması üçün hər 3 dövlətin səylərinin birləşdirilməsinin vacibliyi də Bakı Bəyannaməsində xüsusi vurğulanır. Beynəlxalq təşkilatların bu məsələlərdə aciz qaldığı bir dövrdə regionun 3 əsas və güclü dövlətinin bu missiyanı öz üzərinə götürmək səyi təqdirəlayiq haldır və regiondakı bütün xalqların marağına xidmət edir.
Bu baxımdan Bakı Bəyanna­məsi regionun gələcək inkişafında və dünyada öz layiqli yerinin daha da möhkəmlənməsinə mühüm töhfəsini verəcək. Şuşa Bəyannaməsinin im­zalanması ilə regionda başladılan yeni bir mərhələ Bakı Bəyannaməsi ilə daha da şaxə­ləndi. Baş verən bütün bu proseslər isə qardaş xalqlarımızın gələcək inkişafı və daha da güclənməsi üçün çox mühüm və strateji bir planın ilk mərhələsidir. Əminliklə söyləmək olar ki, ölkələrimiz bundan son­ra da müxtəlif sahələrdə iş­birliyini uğurla davam etdirməklə yeni tarixi nailiyyətlərin altına imza atacaqlar!
Azərbaycanın Türkiyə ilə münasibətləri barədə əlavə şərhə, zənnimcə, ehtiyac yoxdur. Çünki Azərbaycan-Türkiyə mü­nasibətlərinin analoquna bey­nəlxalq münasibətlər sistemində rast gəlmək mümkün deyil və ictimaiyyət bu barədə yetərincə məlumatlıdır. Ona görə bir qədər Azərbaycan-Pakistan əlaqələri barədə bəhs etmək istərdim.
Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olan Pakistan İslam Respublikası ilə Azərbaycanın əlaqələri ortaq dəyərlərə əsaslanır və dərin tarixi köklərə malikdir. Elə buna görə Azərbaycan-Pakistan münasibətləri strateji xarakter daşıyır və daim yüksələn xətt üzrə inkişaf edir. Təsadüfi deyil ki, Pakistan işğalçı Ermənistanı rəsmən tanımamış və bu ölkə ilə diplomatik əlaqələr qurmamış, onun təcavüzünü daim pisləmişdir. 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ildə Milli Assambleyanın Xarici İşlər Komitəsi Xocalı Soyqırımını tanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul etmişdir.
Müasir dünya siyasətində davamlı yüksəlişə malik olan, nüvə dövləti olması və siyasi qüdrəti ilə fərqlənən aparıcı güc mərkəzlərindən olan Pakistan dostluq və qardaşlıq münasibətlərinə sadiq qalaraq Azərbaycana 44 günlük Vətən müharibəsində qətiyyətli mənəvi-siyasi dəstək göstərən dost ölkələr sırasındadır. 2020-ci ilin oktyabr ayında Pakistan Milli Assambleyası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində Ermənistanın təcavüzünü pisləyən qətnaməni yekdilliklə qəbul etmişdir. Pakistan Senatında Kabinet Katibliyi üzrə daimi komitə tərəfindən Azərbaycana qarşı Ermənistanın təcavüzünü pisləyən və ölkəmizə dəstək ifadə edən qətnamə yekdilliklə qəbul edilmişdir.
Təbii ki, bu dəstək Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın möhtəşəm tarixi - şanlı qələbə qazanaraq, öz ərazi bütövlüyünün bərpasına nail olmasını təmin edən mühüm amillərdəndir.
Ümumiyyətlə, ölkəmizlə dostluq və qardaşlıq münasibətlərinə malik olan Pakistanın Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində mövqeyi hər zaman ədalətli və qətiyyətli olmuşdur. Bu dost və qardaş ölkə istər 30 ilə yaxın davam edən işğal dövründə, istərsə İkinci Qarabağ savaşı zamanı, istərsə də postmünaqişə mərhələsində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və haqlı mövqeyinə prinsipial dəstək ifadə etmişdir.
Öz növbəsində, Azərbaycan da dost və qardaş Pakistanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir. Belə ki, Bakı Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləmiş, bu problemlə bağlı beynəlxalq səviyyədə Pakistanın ədalətli mövqeyini müdafiə edir.
Pakistanda Azərbaycana qarşı xüsusi sevgi var və qardaş ölkənin xalqı bir vaxtlar ona yardım etmiş Hacı Zeynalabdin Tağıyevin adını həmişə uca tutur. Məhz Hacı Zeynalabdin Tağıyevin Pakistan xalqına etdiyi yaxşılıq iki ölkə və xalq arasında qardaşlıq münasibətlərinin mənəvi əsasını təşkil edir. Belə ki, XX əsrin əvvəllərində Pakistanda yerli əhali arasında kütləvi pandemiya yayılıb. İnsanlar bu ağır xəstəlikdən kütləvi şəkildə dünyasını dəyişirdi. Həmin vaxt milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərir. Bununla da pandemiyanın qarşısı alınır. Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edib. Beləliklə, Pakistanda 1940-ci illərdən bu yana doğulmuş şəxslərin hamısı Azərbaycanı özlərinə doğma ölkə kimi tanıyır. Ona görə də bu gün də 200 milyonluq Pakistan xalqı və dövləti Hacı Zeynalabdin Tagıyevin ruhuna dualar oxuyur.
İki ölkə və onların xalqları arasında əlaqələrin inkişafında müasir dövrdə Heydər Əliyev Fondunun xüsusi rolu var. Məlum olduğu kimi, 2005-ci ildə dağıdıcı zəlzələ nəticəsində Pakistanda bir çox binalar, o cümlədən orta məktəblər yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, o zaman Milli Məclisin deputatı olan Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə Heydər Əliyev Fondu qardaş Pakistana yardım əlini uzatmış və Müzəffərabad şəhərinin Rara ərazisində qızlar üçün məktəbin tikintisini öz üzərinə götürmüşdür.
2009-cu ildə Fondun orta məktəb binası istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun Pakistanda məktəb tikmək təşəbbüsünü yüksək qiymətləndirən YUNESKO layihəyə dəstək vermişdir. Dəyəri 750 min ABŞ dolları olan layihə çərçivəsində qısa müddətdə inşa edilən yeni təhsil ocağında müasir tələblərə cavab verən 10 xüsusi sinif otağı, laboratoriyalar, fənn kabinələri, kitabxana, kompyuter otağı, idman meydançası vardır. Məktəbin ümumi sahəsi 2 min kvadratmetrə yaxındır.Çətin dağlıq relyefdə yerləşən təhsil ocağı yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqla təmin olunmuşdur. Məktəbdə 500-dən artıq şagird təhsil alır.
Təhsil sahəsinin inkişafına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun Pakistanda inşa etdirdiyi yeni məktəb binası Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində xarici ölkədə tikdirdiyi ilk təhsil ocağıdır. 2015-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Hilal-e Pakistan” ordeni ilə təltif edilmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda sonrakı dövrlərdə də çoxsaylı humanitar aksiya keçirilmişdir ki, bütün qardaş ölkədə Azərbaycana olan sevgi və ehtiramı daha da artırmışdır.
2021-ci ilin iyun ayında imzalanan Bakı Bəyannaməsi Azərbaycan-Pakistan münasibətlərinin strateji xarakterini daha da möhkəmləndirdi.

“İQTİSADİYYAT”