MƏQALƏLƏR

Müstəqilliyin bərpasının 30 ili: intibahın iqtisadi siması

  • 17.09.2021

UNEC-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının
30-cu ildönümünə həsr edilən məqalələr müsabiqəsinə təqdim etmək üçün dərc edilir

 


 

Azərbaycanın tarixində yaşadığımız dövr intibah illəri sayılacaqdır. Belə qiymətləndirmənin yaxın perspektivdə tarixi reallıq hüququ alacağını əminliklə söyləmək olar. Qələbələr təkcə hərb meydanında deyil, bütün istiqamətlərdə əldə olunmuşdur. İqtisadi həyatda dünyanın çətin dönəmi olmasına baxmayaraq, nailiyyətlərimiz yüksək və unikaldır. Sosial həyatda tərəqqi göz qabağındadır. Azərbaycan və azərbaycanlı özünü sözün həqiqi mənasında dünyada təsdiqləmişdir.
Müstəqilliyini bərpa etməsinin ilk onilliklərində Azərbaycanın dünyada hər cəhətdən öncül və layiqli yer tutmasında xalqın ölkə başçısı ətrafında sıx birləşməsi, monolit güc əmələ gətirməsi həlledici amil olmuşdur. Ölkəmizin bugünkü nüfuzu, iqtisadi qüdrəti, heç şübhəsiz ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Milli iqytisadiyyatın dayanıqlı inkişaf prioritetlərinin əsaslandırılmasında, bu istiqamətdə əldə edilən nailiyyətlərin əsasında ümummilli lider Heydər Əliyevin ideyaları durur. Həmin ideyaların ölkə başçısı tərəfindən XXI əsrin çağırışlarına uyğun yaradıcılıq və uzaqgörənliklə reallaşdırılması milli iqtisadiyyatın dinamik inkişafını təmin etmişdir. Azərbaycan iqtisadi inkişafda qlobal miqyasda ən islahatçı ölkə, ÜDM-də ən yüksək artımı təmin edən ölkə kimi yeni əsrin ilk onilliklərində tarixə düşmüşdür. Dövlətimiz müstəqilliyi bərpa etdikdən sonra borc alan ölkədən borc verən ölkəyə çevrilmişdir.
Müasir dünyada ölkənin inkişafı onun öz iqtisadi təhlükəsizliyini təmin etməsi ilə bilavasitə bağlıdır. Son illər beynəlxalq konyunkturun əlverişsiz olması faktdır. Bununla belə, ölkəmizin strateji valyuta ehtiyatları artmaqda davam etmiş, 2020-ci il ərzində 51,2 milyard dollara çataraq ÜDM-in həcmini üstələmişdir. Dövlətin birbaşa xarici borcu iqtisadi təhlükəsizlik meyarlarına tam cavab verməklə ÜDM-in 19 faizini təşkil etmişdir.Azərbaycan enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, nəinki qonşu ölkələrin, habelə Avropanın enerji təminatında önəmli rol oynayır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının reallaşması xronologiyası problemlərin həllində qətiyyətin, elmin və təcrübənin vəhdətinin nadir nümunəsidir. Müstəqilliyin bərpasından sonra iqtisadi dirçəlişin lokomotivi olan ilk əsas hadisə 1994-cü ilin 20 sentyabrında imazalanmış “Əsrin müqaviləsi”dir. Bu müqavilə xaricdən və daxildən təzyiqlərin artması şəraitində hazırlandı. Azərbaycanın olduqca çətin iqtisadi və sosial vəziyyətdə olduğu həmin illərdə ulu öndərin “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” kimi əbədiyaşar ifadəsi insanları səfərbər etdi.
Ümummilli lider müharibə şəraitində olan ölkəyə qlobal güclərin göstərdiyi təzyiqlərə rəğmən, “Əsrin müqaviləsi”sinin imzalanmasına nail oldu.Bununla da qlobal enerji təhlükəsizliyinin ayrılmaz tərkib hissəsi olan enerji layihələrini həyata keçirən Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı. Regionda enerji marşrutlarının şaxələndirilməsi ideyasını reallaşdıran Azərbaycan günbəgün əhəmiyyəti artan qlobal enerji mərkəzinə çevrildi. Növbəti addımlar, “Şahdəniz” qaz yatağı üzrə saziş, Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəməri və Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi Azərbaycanın inkişafının genişlənən miqyasını dünyaya göstərdi. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sarsılmaz siyasi iradəsi sayəsində “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi ilə əlaqədar Sazişin müddətinin 2050-ci ilədək uzadılması böyük tarixi hadisə oldu. Artıq həmin müqavilə “İki əsrin müqaviləsi” olmaqla böyük məsuliyyət və sarsılmaz nikbinlik mənbəyidir. Müstəqilliyini bərpa etmiş Azərbaycanın neft strategiyası başlandığı gündən xalqın rifahının yüksəlməsinə xidmət edir.
Ulu öndərin milli iqtisadiyyatın dayanıqlı inkişafında prioritet olaraq müəyyən etdiyi istiqamətlər həyatımızın bütün sahələrini əhatə etmişdir. Həlledici addımlar kimi, o cümlədən Azərbaycanın karbohidrogen ehtiyatlarının iqtisadi dövriyyəyə çıxarılması sayəsində maliyyə dayanıqlığına nail olunması, ötən əsrin 90-cı illərində ölkənin düşdüyü kəskin problemləri həll etməklə iqtisadi inkişafın dayanıqlığının təmin edilməsi, sivil və dayanıqlı bazar münasibətləri qurmaq üçün hərtərəfli əsaslandırılmış islahatların həyata keçirilməsi, innovasiyalı yanaşmalar hesabına dayanıqlı inkişaf üçün möhkəm zəminin yaradılması qeyd olunmalıdır.
Neft amili ölkənin narahat dünyamızda qlobal hadisələrə həssaslığını artırır. Prezident İlham Əliyevin yeni əsrin reallıqlarına uyğun uzaqgörənliklə qəbul etdiyi, neft amilinə yeni yanaşmaya əsaslanan qərar - qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin üstün inkişafı kursunu bəyan etməsi və onu reallaşdırması sayəsində ölkə iqtisadiyyatının dayanıqlı inkişafına həlledici təkan verilmişdir.
İctimai həyatın mühüm dönəmlərində torpaq münasibətlərinin bu və ya digər aspekti aktuallaşır. İslahatların tarixi göstərir ki, torpaq islahatları, əksər hallarda mövcud torpaq münasibətləri sisteminin kənd təsərrüfatının və milli iqtisadiyyatın digər sahələrinin inkişafını ləngitməsi faktı özünü aşkar şəkildə göstərdiyi dövrdə həyata keçirilir. Müstəqil Azərbaycanda yeni aqrar-torpaq münasibətlərinin yaranmasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi və iştirakı ilə ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq həyata keçirilən torpaq islahatı həlledici rol oynamışdır. Məhz həmin islahat sayəsində müstəqil Azərbaycanın vətəndaşları torpaq mülkiyyətçisi olmaq kimi böyük arzularına çatdılar. Ulu öndərin həyata keçirdiyi torpaq islahatı kənddə mülkiyyətçilər sinfi yaratmaqla yeni torpaq və əkinçi münasibətləri formalaşdıraraq, torpaqdan səmərəli və məhsuldar istifadəni şərtləndirdi. Azərbaycanın fiziki və hüquqi şəxslərinə mülkiyyətlərindəki torpaq sahələri üzərində müstəsna hüquqlar, alğı-satqı, bağışlama, icarəyə və ya istifadəyə vermə, vərəsəlik, girov qoyma və s. kimi hüquqlar verildi.
Məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətləri yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarət olan “Torpaq islahatı haqqında” qanunun qəbulundan sonra keçən illər ərzində torpaq islahatı qarşısında qoyulan vəzifələr uğurla həyata keçirilmişdir.
İnformasiya cəmiyyəti sivilizasiyanın yeni mərhələsi, postsənaye cəmiyyətinin konsepsiyasıdır. Bu cəmiyyətin konsepsiyasının uğuru onu dəstəkləyən maraqlı tərəflərin bütün əhali təbəqələrini əhatə etməsindən asılıdır. Azərbaycanda xalq və iqtidar arasında sarsılmaz birlik informasiya cəmiyyətinin çağırışlarına vaxtında lazımi cavab vermək üçün əlverişli zəmindir. Kosmik ölkələr sırasına qoşulmuş Azərbaycanda informasiya cəmiyyətinin potensialının dayanıqlı inkişaf məqsədləri baxımından istifadə imkanları artmışdır.
Azərbaycan Respublikasında informasiya cəmiyyətinin formalaşması və dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün sistemli və davamlı tədbirlər həyata keçirilir. Respublikada informasiya cəmiyyətinin formalaşdırılması sahəsində həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı” icra edilmişdir. Proqramın icrası sayəsində dayanıqlı inkişaf məqsədləri baxımından mühüm əhəmiyyətə malik nəticələr əldə edilmişdir. O cümlədən, əhalinin ucuz və keyfiyyətli İKT xidmətlərinə artan tələbatının ödənilməsi və sosial cəhətdən həssas əhali qruplarının informasiya cəmiyyətinin imkanlarından bəhrələnməsi üçün əlverişli şərait yaradılmış, yüksək texnologiyalar sahəsində innovativ, rəqabətqabiliyyətli iqtisadi potensial gücləndirilmiş, rəqəmsal texnologiyaların tətbiqi arealı genişləndirilmişdir. İnkişafın bu istiqamətində də ölkəmiz liderlər sırasındadır. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya cəmiyyətinin ölçülməsi” hesabatlarında inkişafın tempinə görə dünya dövlətləri sırasında ilk onluğa daxil edilmişdir.
Vətən müharibəsində qələbə nəinki son 30 ilin, ümumilikdə son yüzillik­lərin ən möhtəşəm hadisəsidir. Hazırda işğaldan azad olunmuş ərazilərin dinamik və dayanıqlı inkişaf edən milli iqtisadiyyata daha sürətlə inteqrasiya etməsi üçün sistemli və innovasiyalı tədbirlər kompleksi həyata keçirilir. Azad edilmiş ərazilərin bərpası və inkişafında innovasiyaların, xüsusilə rəqəmsal texnologiyaların fəal tətbiqi prioritet istiqamətdir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda yüksək iqtisadi fəallığın təmin edilməsi üçün rəqəmsal infrastruktur qurulur. Həmin ərazilərin bərpası və inkişafının yüksək tempi rəqəmsal bazarların təşəkkülü, yeni ideya və təcrübələrin mübadiləsinin sürətlənməsi üçün unikal şərait yaradır. Azad edilmiş ərazilərdə “ağıllı” şəhər və kəndlərin qurulması tədbirləri burada biznesin rəqəmsal platformalar bazasında modelləşdirilməsi məsə­lələrini gündəliyə çıxarmışdır. Artıq bu istiqamətdə ciddi işlər həyata keçirilməklə, rəqəmsal texnologiyaların istifadəsi ilə həmin ərazilərdə məskunlaşacaq iqtisadi fəal insanların maraqlı olduğu yeni biznes modellər qurulur.
Dünyanı bürüyən Covid-19 pandemiyasına qarşı mübarizə sahəsində Azərbaycanın təcrübəsi də qlobal miqyasda örnək sayılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu istiqamətdə fəaliyyəti ən yüksək səmərəliliyi və humanizmi ilə beynəlxalq miqyasda ölkəmizin nüfuzunu daha da artırmışdır. Vətəndaşlarımız vaksin təminatı, səhiyyə xidməti və bu kimi digər məsələlərdə dövlətin onların arxasında dayandığına tam etibar edir, hərtərəfli qayğını hər addımda görürlər.
Ölkəmiz yeni bir strateji mərhələyə daxil olur. Dayanıqlı və dinamik inkişafımızın, insana xidmət edən yeniliklər bazasında daha da sürətləndiriləcəyinə inam obyektiv reallığa əsaslanır. Müstəqilliyin 30-cu ildönümündə əminliklə demək olar ki, Azərbaycanın iqtisadi qüdrətinin daha da artması, yüksək rifah cəmiyyətinin formalaşması daha sürətlə baş verəcəkdir. Azərbaycanın intibahı günümüzün və gələcəyimizin gerçəkliyidir.

 

Rəsul Balayev, iqtisad elmləri doktoru, professor;


Təranə Əliyeva, fizika-riyaziyyat elmləri namizədi, dosent
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
“Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrası