MƏQALƏLƏR

Sadıqcan (1846-1902)

  • 11.11.2021

Qarabağın görkəmli simları

 


 

Musiqiçi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıq Mirzə Əsəd oğlu (Sadıqcan) 1846-cı ildə Şuşa şəhərində anadan olmuşdur.

Şuşa kimi bir mühitdə böyüyən Sadığın hələ uşaq yaşlarından incəsənətə, musiqiyə sonsuz həvəsi olub. Atası oğlundakı gözəl səsi duyaraq, onu Xarrat Qulunun məktəbinə aparır. Şuşanın bu məşhur xanəndəsi yeniyetmənin səsini yoxlayaraq, məlahətli avazından xoşu gəlir və məktəbinə qəbul edir. Sadıqdan başqa, bu məktəbin məzunları Şuşanın ən məşhur muğam ifaçıları: Hacı Hüsü, Cabbar Qaryağdıoğlu, Bülbülcan, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Keştazlı Həşim və Keçəçi oğlu Məhəmməd olmuşdur. Bu məktəb Sadığın musiqiçi kimi formalaşmasına böyük təsir göstərmişdir.
Xalq mahnılarını özünəməxsus şəkildə oxuyan Sadığın 18 yaşında səsi qəflətən batır. Amma musiqiyə, sənətə bağlılığı onu ruhdan salmır. O, bir müddət tütək, ney, sonra da kamança çalır. Bu alətləri gözəl dinləndirsə də, özünü ancaq tarda tapır. Müğənni Bülbülün yazdığına görə, Mirzə Sadığın tar müəllimi XIX əsrdə yaşamış məşhur tarzən Mirzə Muxtar Məmmədov olmuşdur. İri əlləri, uzun və güclü barmaqları olan Sadıq qısa müddət ərzində istedad və qabiliyyəti sayəsində bu sənətin sirlərinə yiyələnərək, hətta müəllimindən də yaxşı tar çala bilir.
XIX əsrin əvvəllərində Şuşa mədəniyyət mərkəzlərindən biri idi. Şəhərdə təşkil olunan teatr nümayişləri və musiqi məclislərində Qafqazdan gələn şairlər, dramaturqlar, məşhur musiqiçilər və rəssamlar iştirak edirdilər. Sadıqcanın tarzən kimi tanınmasında Şuşada keçirilən musiqi məclisləri böyük rol oynamışdır. Mir Möhsün Nəvvabın "Məclisi-fəramuşan" və "Məclisi-xanəndə", Xurşidbanu Natəvanın təşkil etdiyi məclislərdə müğənnilər və musiqiçilər öz sənətlərini nümayiş etdirir, musiqi nəzəriyyəsi problemləri ilə əlaqədar müzakirələr aparılır, şairlərin əsərləri səslənir və müsabiqələr təşkil olunurdu. Sadıq da məclislərdə iştirak etdiyindən onun adı qonşu ölkələrdə tanınırdı.
Sadıqcan şənliklərdə və musiqi məclislərində iştirak etməkdən başqa, Şuşa və Tiflisdə tamaşaların fasilələri zamanı konsert verirdi. Sadıqcan həm kamançada, həm də tarda o dövrün məşhur xanəndələrini müşayiət edərdi. Artıq onun sorağı Qarabağdan kənara çıxmışdı. Cənubi Qafqazda, Şərq dünyasında Sadıqcanı yaxşı tanıyırdılar. Onu tez-tez məclislərə, toylara, xeyir işlərə dəvət edərdilər. Sadıqcanın adı Cabbar Qaryağdıoğlu kimi xanəndə ilə yanaşı çəkilirdi. 1872-ci ilin martında Novruz bayramı münasibətilə onu İranın Rusiyadakı səfiri Sankt-Peterburqa dəvət etmişdi, orada o, məşhur xanəndə Səttarla çıxış edirdi.

XIX əsrin 90-cı illərində Şuşada Sadıqcanın rəhbərliyi altında o dövrün tanınmış müğənniləri və musiqiçilərindən ibarət olan ansambl yaradılmışdır. Ansamblın tərkibinə Hacı Hüsü, Məşədi İsi, Cabbar Qaryağdıoğlu, Dəli İsmayıl, Xanlıq Şükür, Bülbülcan, Keçəçioğlu Məhəmməd, Məşədi Zeynal Haqverdiyev və digərləri daxil idi. Ansamblın konsertləri Şuşa, Bakı, Gəncə, Aşqabad, Tehran, İstanbul, Dərbənd, Vladiqafqazın konsert zallarında, Xurşidbanu Natəvan, Mahmud ağa, Məşədi Məlik bəy Mansurovun musiqi yığıncaqlarında, Tiflisin "Mücdəhid" və İrəvanın "Xurra" bağlarında keçirilirdi.
Sadıqcan həm də pedaqoq kimi tanınırdı. Tarzənin tanınmış şagirdlərindən Qurban Pirimov, Məşədi Cəmil Əmirov, Məşədi Zeynal Haqverdiyev, Şirin Axundov, Mərdi Canıbəyov, Həmid Malıbəyli və digərlərini qeyd etmək olar.
Sadıqcan tarı təkmilləşdirərək, bu alətdə virtuoz oyunların imkanlarını genişləndirmişdir.O, tara cingənə və kök simləri əlavə etmiş, simlərin sayını 5-dən 11-ə çatdırmışdır. O, həmçinin tarın pərdə tutma sistemini tamamilə dəyişdirmiş, onların sayını 28-dən 22-yə endirmişdir. Sadıqcan Azərbaycan muğamına əhəmiyyətli yeniliklər təqdim edərək, "Segah" və "Mirzə Hüseyn Segahı"nı təkmilləşdirmiş və "Mahur" muğamını yaxşılaşdırmışdır. Azərbaycan muğamında "Mahur-Hindi", "Orta Mahur", "Zabul Segah", "Xaric Segah", "Mirzə Hüseyn Segahı", "Yetim Segah", "Çoban Bayatı" yaranması Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlıdır.
Sadıqcan 1902-ci ildə Şuşada 56 yaşında vəfat etmişdir.