MƏQALƏLƏR

Firidun bəy Köçərli (1863-1920)

  • 27.01.2022

Firidun bəy Köçərlinin fikirləri

“Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan, ölüb itməz, amma dilini alsan fot olar, ondan bir nişan qalmaz”.
* * *
“Əgər bir xalqı məhv etmək, onu adam toplusuna çevirmək istəyirsinizsə, müəllimini savadsız, həkimini isə kəmsavad edin.

Biri onun başını, o biri canını zay etsin”.
* * *
“Müəllimlik ağırdır, ancaq pak və müqəddəs xidmətdir. Seminariyada aldığınız elm və tərbiyəni elə yüksək və

hündür məqamda saxlayın ki, nuru ətrafı da işıqlandıra bilsin”.
* * *
“Hər bir xalqın maddi yoxsulluğu, iqtisadi düşkünlüyü onun zehni yoxsulluğunun, mənəvi düşkünlüyünün nəticəsində meydana çıxır”.


 

Maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi Firidun bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 1872-1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində oxumuş, daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olmuşdur. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gəlir və Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparır. Firidun bəy 1879-1885-ci illərdə Qori müəllimlər seminariyasında təhsil almışdır. Bu dövrdə müəllimləri A.O.Çernyayevski və M.Kipiani ilə yaxın münasibət saxlamışdır.
1885-ci ildə seminariyanı bitirən Firidun bəy İrəvan gimnaziyasına təyinat almışdır. Həmin ildən İrəvanda fəaliyyət göstərərək, gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşımışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılmışdır. Ona "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələri verilmişdir. 1895-ci ildə isə İrəvan şəhərini tərk etmiş, elə həmin ildən 1918-ci il qədər Qori Müəllimlər Seminariyasının "Tatar şöbəsi"nin Azərbaycan dili və şəriət müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirmişdir. 1897-ci ildə Vəkilovlar nəslindən olan Badisəba xanımla ailə həyatı qurmuşdur. 1910-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı, sonradan isə seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur.
1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz vəsaiti ilə Qazax şəhərinə köçürmüş, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyası yaradılmışdır. O, seminariyanın direktoru təyin olunmuşdur. 17 sentyabr tarixindən Qazax Müəllimlər Seminariyasında ilk dərslər başlayır. Sonradan Firidun bəy Qazaxda ilk uşaq evini açır. 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilir, “İstiqlal bəyannaməsi”ni imzalayır. 1919-cu il fevralın 1-də Müsavat partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş Qazax şöbəsinə sədr seçilir. Firidun bəy Sovet işğalına qədər Qazax Müəllimlər Seminariyasına rəhbərlik edir.

Yaradıcılığı və elmi fəaliyyəti
1884-cü ildə Qori müəllimlər seminariyasında təhsil alarkən "Təlimi-Sokrat" əsərini yazmışdır. İrəvan gimnaziyasında çalışdığı illərdə Zöhrabzadə ilə birlikdə "Təlimi-lisani-türkü" adlı dərslik tərtib etmişdir. 1886-cı ildə ilk teatr tamaşasını təşkil etmişdir. 1890-cı ildə isə İrəvanda "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını tamaşaya qoymuşdur. M.Y.Lermontovun "Üç xurma ağacı" və A.Koltsovun "A kişi, niyə yatıbsan?" şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilmişdir. "Tatar komediyaları" adlı ilk elmi məqaləsi "Novoye obozreniye" qəzetində dərc olunmuşdur. 1898-ci ildə "Ərəb əlifbası və onun qüsurları" silsilə məqaləsi "Qafqaz" qəzetində dərc olunmuşdur. 1900-cü ildə Müəllimlər Seminariyasının Ümumdünya Paris sərgisində Qori Seminariyasından nümayiş etdirilən eksponatlar sırasına F.Köçərlinin kitabları da daxil edilmişdir.
1903-cü ildə Tiflisdə onun "Azərbaycan tatarlarının ədəbiyyatı" kitabı rus dilində çap edilmiş, M.F.Axundovun "Aldanmış kəvakib" povestini rus dilinə çevirmiş, 1904-cü ildə A.P.Çexovun "At familiyası" hekayəsini tərcümə etmişdir. Cəlil Məmmədquluzadənin "Usta Zeynal" kitabçası haqqında eyni adlı məqaləni "Znaniye" qəzetində çap etdirmişdir. 1920-ci ildə "Vətən dili"nin I hissəsinin yenidən işlənməsində xidmətləri olmuşdur. Onlarla dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını zənginləşdirmişdir. Ölümündən sonra 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının I hissəsi 1926-cı ildə isə kitabın II hissəsi çap edilmişdir.

Sovet işğalı dövründə
1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini və digər "Müsavat" funksionerlərini "xalqa xəyanətdə", "milli nifaq törətməkdə", "torpaq və mülk zəbt etməkdə", general-qubernator Ə.Xoyskinin etibarlı şəxsləri olmaqda ittiham etdilər. O, 1920-ci ilin may ayında kommunistlər tərəfindən güllələnmişdir.