MƏQALƏLƏR

Zülfü İLYASOV - Yol-nəqliyyat infrastrukturu konseptual baxış müstəvisində

  • 27.01.2022

Qarabağ və Şərqi Zəngəzurda qısa vaxt ərzində inşa edilən yeni yol-nəqliyyat infrastrukturu Azərbaycanın iqtisadi gücünün və maliyyə imkanlarının real göstəricisidir. Sözügedən ərazilərdə demək olar ki, bütün infrastruktur kökündən qurulmalıdır. Lakin yol infrastrukturu yaradılmadan digər infrastruktur obyektlərinin tikilib istifadəyə verilməsi mümkünsüzdür. Həm də burada işlər elə səviyyədə aparılmalıdır ki, hər şey beynəlxalq nəqliyyat-logistika sisteminin tələblərinə cavab verə bilsin. İnşaat işləri yüksək standartlara uyğun həyata keçirilməlidir.
Hazırda Bərdə-Ağdam, Horadiz- Ağvənd dəmir yolu xəttinin yenidən qurulması və Füzuli-Şuşa yeni dəmir yolu xəttinin inşası aparılır. Prezident İlham Əliyevin 20 noyabr 2020-ci il tarixli sərəncamına əsasən yenidən qurulması işlərinə başlanan Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47 kilometrdir. Layihə çərçivəsində birxətli dəmir yolu xətti üzrə hazırda fəaliyyətdə olan Bərdə və Köçərli stansiyaları təmir ediləcək. Təzəkənd və Ağdam stansiyaları isə yenidən tikiləcək. Yol üzrə 114 süni mühəndis qurğusunun tikintisi də nəzərdə tutulur. Artıq həmin yol xəttinin Bərdə-Köçərli-Təzəkənd istiqaməti üzrə layihələndirmə və üst quruluşunun söküntüsü işləri tamamlanıb, torpaq yatağının, üst quruluşu işlərinin, süni, qurğuların tikintisi, həmçinin Təzəkənd-Ağdam istiqaməti üzrə layihələndirmə işləri davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 14 fevral 2021-ci il tarixində təməli qoyulmuş Horadiz-Ağvənd dəmir yolu xəttinin ox uzunluğu 110,4 kilometrə bərabərdir. Birxətli həmin dəmir yolu 8 stansiyadan ibarət olacaq, layihə çərçivəsində 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Horadiz stansiyası ilə yanaşı, 7 stansiya – Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, İncivan, Bartaz və Ağvənd tamamilə yenidən tikiləcək. Hazırda 39 kilometrlik minadan təmizlənmiş hissədə torpaq yatağının hazırlanması, süni qurğuların tikintisi həyata keçirilir. Füzuli-Şuşa istiqamətində ilk dəfə inşa edilən birxətli elektrikləşdirilmiş dəmir yolu xəttinin ox üzrə uzunluğu 83,4 kilometrə bərabərdir. Layihə çərçivəsində iki yeni stansiya – Füzuli və Şuşa stansiyalarının, 200-ə yaxın süni mühəndis qurğularının tikintisi planlaşdırılır. Dəmir yolu xəttinin topoqrafik tədqiqat işləri tamamlanmış, süni mühəndis qurğularının layihələndirmə işləri davam etdirilir. İcrasına başlanılan layihələrlə yanaşı, işğaldan azad edilmiş ərazilərdə yeni istiqamətlərdə dəmir yolu xətlərinin çəkilişi üzrə müvafiq araşdırmalar aparılır. Belə istiqamətlərdən biri də Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttidir. Dəmir yolu xəttinin ilkin konseptual layihəsi hazırlanıb. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra bütün işlər konkret proqramlar və proqramlara uyğun olaraq sistemli və ardıcıl şəkildə həyta keçirilir. Ərazilər minalardan təmizləndikcə həmin ərazilərdə gecikmədən, ləngimədən tikinti-quruculuq işlərinə start verilir.
Dövlət başçısının irəli sürdüyü inkişaf konsepsiyasına uyğun olaraq həmin ərazilərdə avtomobil yollarının tikintisi də geniş vüsət almışdır. İlk növbədə, bu ərazilərdə hərəkətin tənzimlənməsi, gedişin asanlaşdırılması və bu xüsusda zəruri infrastrukturun yaradılması üçün yolların yenidən qurulması əsas vəzifə kimi qarşıda durur. Məhz bu səbəbdən də həm işlərin intensiv xarakter alması, həm də tranzit-logistika məsələlərinin həll edilməsi baxımından yol infrastrukturunun inkişafı üstün mövqeyə çıxarılır. Hazırda 11 təqdimat üzrə avtomobil yollarının tikintisi aparılır. Bunların içərisində ən qürurvericisi “Zəfər yolu”dur. Müharibə bitdikdən sonra dərhal tikintisinə başlanılan, bizləri Şuşaya, Cıdır düzünə aparan bu yolun bir hissəsinin ötən ilin noyanrın 17-də cənab prezident tərəfindən açılışı həyata keçirilib. Bu yol Hacıqabul-Horadiz-Ağvənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi və Daşaltı kəndlərindən keçərək Şuşa şəhərinə gəlib çatır.
Dağlıq ərazilərdən, mürəkkəb relyefdən keçən, 101 kilometr uzunluğunda olan bu yolun cəmi bir il ərzində bir hissəsinin tikilib istifadəyə verilməsi dövlətimizin və xalqımızın doğma Qarabağa, onun məhək daşı olan Şuşaya olan sonsuz sevgi və məhəbbətindən qaynaqlanır. Yuxarıda da deyildiyi kimi, bu gün 11 istiqamət üzrə yol infrastrukturunun tikintisi aparılır. Toğanlı-Kəlbəcər-İstisu avtomobil yolunda uzunluğu 11,6 kilometr olan bölgənin ən böyük tuneli inşa edilir və onun 2025-ci ilə qədər təhvil verilməsi nəzərdə tutulur. Artıq yolların tikintisinin bir hissəsi yekunlaşıb. Görülən işlərin miqyası göstərir ki, Qarabağ və Şərqi Zəngəzur istiqamətində yol-nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulması işi çox da uzaqda deyil.
Ötən ilin oktyabr ayının 26-da Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağvənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir. Yol boyu zəruri yerlərdə 6 kilometr uzunluğunda 3 avtomobil tunelinin inşası nəzərdə tutulur.
Adıçəkilən layihənin icrası Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun sosial-iqtisadi inkişafında son dərəcə mühüm rol oynamaqla, işğaldan azad edilmiş rayon və kəndlərin, yaşayış məntəqələrinin tərəqqisinə böyük töhfə verəcəkdir. Bu yol Hacıqabul-Horadiz-Ağvənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük önəm daşıyır. Avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Dövlət başçısının tapşırıqlarına əsasən avtomobil yolu Qarabağın iqtisadi inkişafı nəzərər alınmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir. Horadiz-Cəbrayıl-Zəngilan-Ağvənd (Zəngəzur dəhlizi) işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərindən keçir.
Hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli, Cəbrayıl-Horadiz və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür.
Bütün adıçəkilən yol-nəqliyyat infrastrukturlarının icrası ilkin mərhələdə bir sıra zəruri və həyati əhəmiyyət kəsb edən məsələlərin həllini sürətləndirəcək, məskunlaşma prosesinə müsbət təsir edəcək, digər sosial və infrastruktur obyektlərinin yaradılması üçün geniş imkanlar açacaqdır.
Bölgələrdə yüzlərlə yeni kəndlər, qəsəbələr, şəhərlər salınacaq, kənd təsərrüfatı və sənaye təyinatlı müəssisələr, turizm obyektləri yaradılacaq, onların bir-biri ilə qovuşmasına vasitə olan yol tikintisi vüsətini azaltmadan davam etdiriləcəkdir.

 

Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin xüsusi müxbiri