MƏQALƏLƏR

Ziyad SƏMƏDZADƏ - İNKİŞAFA XİDMƏT EDƏN STRUKTUR İSLAHATLARININ YENİ MƏRHƏLƏSİ - YENİLƏNDİ

  • 03.02.2022

Bugün Azərbaycan müasir dövrün çağırışlarına və təhdidlərinə cavab verən, zamanın reallıqlarına uyğun dinamik inkişaf yolundadır. İnkişaf həm də təkmil idarəetmə deməkdir. Hər bir inkişaf etmiş dövlətin tarixi sübut edir ki, onun yüksəlişinə uyğun olaraq idarəetmə sistemi da daim yenilənib. Çünki inkişaf onun davamlı olmasını, dövlət idarəçiliyi sisteminin səmərəliliyinin yüksəldilməsini, çevik və məqsədyönlü fəaliyyət göstərən idarəetmə strukturunun formalaşdırılmasını tələb edir. Ölkənin çevik idarəçilik sisteminə malik olması inkişafın əsas şərtlərindən biridir.
Arxada qalan müstəqillik dövrünün təcrübəsi sübut edir ki, cəmiyyət həyatının müxtəlif sahələrində qazanılmış nailiyyətlərin əsas səbəbi güclü siyasi iradədir. Bu isə öz növbəsində dövlətin mütərəqqi və çevik idarəçilik sisteminin olmasını şərtləndirir. Etiraf edək ki, əgər təkmil və mütərəqqi idarəçilik sistemini formalaşdırmaq mümkün olmasaydı, qarşıya qoyulan vəzifələri də icra etmək çox çətin olardı.
Xatırladaq ki, hələ 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra dövlətçilik, milli maraqlar, sosial ədalət, demokratiya kimi prinsiplərə uyğun dövlət idarəçiliyinin formalaşdırılması istiqamətində mühüm işlər görüldü. Dövlət quruculuğunun tərkib hissəsi olan bütün bu islahatların əsas qayəsini dövrün tələblərinə uyğun olaraq səmərəli idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi və nəticə etibarilə ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi təşkil etmişdir.
Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin lider kimi böyüklüyü onun daim uzaq hədəflərə hesablanmış və milli məqsədləri önə çəkən siyasət yürütməsi olmuşdur. Məhz ötən əsrin 70-80-ci illərində formalaşdırılmış iqtisadi potensial 90-cı illərin sonlarına doğru dünyada cərəyan edən mürəkkəb proseslərin nəticəsi kimi istiqlaliyyət qazanmış Azərbaycanın sonrakı mərhələdə müstəqil yaşamasını təmin etmişdir.
Heydər Əliyev bu gün həm də müstəqil respublikamızın milli inkişaf modelinin banisi kimi ehtiramla xatırlanır. Planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək, onun həyata keçirilməsi üçün titanik fəaliyyət göstərirdi. Ölkədə yeni iqtisadi sistemin yaradılması, onun əsas tərkib hissələrindən biri olan bazar iqtisadiyyatı prinsiplərindən istifadə edilməsi yolu ilə inkişafın dinamikliyinin təmin edilməsinə xidmət edən irimiqyaslı tədbirlər həyata keçirdi ki, bütün bunlar da gələcək inkişaf üçün güclü əsaslar formalaşdırdı, sosial problemlərin həlli imkanlarını əhəmiyyətli dərəcədə genişləndirdi.
Dövlət idarəetməsi dövlətin sosial-siyasi funksiyası olub, ictimai həyatın bütün əsas bölmələrinin tənzimlənməsində, davamlı inkişafın, rifah və məmnunluq səviyyəsinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Ölkədə həyata keçirilən yeni struktur islahatları da məhz bu məqsədlərə, idarəetmədə keyfiyyətin və səmərəliliyin daha da artırılmasına xidmət edir.
Prezident İlham Əliyev tərəfindən bu siyasət böyük peşəkarlıq, yeni təfəkkür və müasir yanaşma tərzi ilə davam etdirilir. Dövlət idarəçiliyində peşəkarlığın, səmərəliliyin, səriştəliliyin nəticələri bilavasitə özünü ölkənin sosial-iqtisadi inkişaf göstəricilərinin dinamikasında göstərir.
Dövlət aparatının optimallaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkili tək büdcə vəsaitinə qənaət demək deyil. Bu struktur dəyişiklikləri, eyni zamanda ölkənin davamlı və keyfiyyətli inkişafının əsaslarının möhkəmləndirilməsinə xidmət edir.
Dövlətin apardığı struktur islahatları həm biznesə, həm də ictimaiyyətə idarəetmənin səmərəliliyinin artırılması ilə bağlı yaxşı bir nümunədir.
İlham Əliyev xalqın problemlərinə, arzu və istəklərinə həssaslıqla yanaşır və bunu bütün məmurların qarşısında zəruri tələb kimi qoyur. Fəaliyyətində xalqına güvənən, arxalanan dövlət başçısı xalqa xidmətdən böyük şərəf duyur. "Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı”, - deyən ölkə başçısı idarəçilikdə, fəaliyyətdə, düşüncədə yenilik və sivil dəyərlərin tətbiqini zəruri sayır.
Səmərəli idarəetmə sistemi xalqın mənafeyinə cavab verən strateji əhəmiyyətli qərarların qəbulu ilə yanaşı, konkret zamanda həyata keçirilmiş tədbirlər sistemi ilə bağlı müntəzəm olaraq ictimaiyyətin məlumatlandırılmasını da zəruri tələb kimi önə çıxarır, dövlətin idarəçilik konsepsiyasında da bu mütərəqqi prinsip daim önə çəkilir. Dövlət başçısı daima ayrı-ayrı məmurlara etimad meyarını məhz onların fəaliyyətinə nəzərən müəyyənləşdirərək, ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri saymışdır. Bu cür hesabatlar konkret dövrdə əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, qazanılmış uğurların ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında səmərəli müzakirələrin aparılması, problemlərin həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilmişdir.

Hökumət-vətəndaş münasibətlərinin yeni keyfiyyət mərhələsi
Azərbaycanda həyata keçirilən struktur islahatlarının bir istiqamətini hökumət-vətəndaş münasibətlərində mütərəqqi sistemin yaradılması təşkil edir. İnkişafın əsas şərtlərindən biri qanunçuluğun və cəmiyyət həyatının bütün sahələrində şəffaflığın təmin olunmasıdır. Qarşısına böyük inkişaf hədəfləri qoymuş Azərbaycanda qanunçuluğun qorunması və möhkəmləndirilməsi, xüsusən dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.
Bu məqsədlə struktur islahatlarının tərkib hissəsi kimi hökumət-vətəndaş münasibətlərində daha çevik mexanizmlərin tətbiqi, bürokratik əngəllərin aradan qaldırılması istiqamətində vacib addımlar atılır. Bu baxımdan ictimai xidmət sahəsində müsbət addımlar 2020-2021-ci illərdə də davam etdirildi. “ASAN xidmət”in inkişafında özünü göstərən müsbət meyillər daha da gücləndirildi. “ASAN xidmət” mərkəzləri fəaliyyətə başladığı gündən vətəndaşların böyük rəğbətini qazandı və qısa müddətdə Azərbaycanda ictimai xidmət sahəsində dönüş yaratdı. «ASAN» ölkə əhalisi arasında o qədər populyarlaşdı ki, bunun davamı olaraq belə xidmət mərkəzlərinin Azərbaycanın regionlarında da yaradılmasına başlanıldı, həmçinin göstərilən xidmətlərin sayı və növü artırıldı. İlk mərkəzin istifadəyə verildiyi 2012-ci ildən indiyədək 20-dən çox “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir.
Dövlət-vətəndaş münasibətlərinin ən dinamik inkişafı və bu zaman vətəndaş məmnunluğunun təmin edilməsi qarşıya qoyulan əsas tələbdir. Bu mənada “ASAN xidmət” modeli dövlət xidmətlərinin göstərilməsində yeni platforma olmaqla yanaşı, korrupsiyaya qarşı mübarizə sahəsində aparılan institusional islahatların uğurlu nəticəsidir. Son iki ilin göstəriciləri dediklərimizi əyani sübut edir.
Təbii ki, belə bir modelin ilk dəfə Azərbaycanda yaradılması və qısa müddət ərzində beynəlxalq aləmdə nümunə kimi götürülməsi, heç şübhəsiz ki, respublikamızın uğurudur. Çünki dünya ictimaiyyətini də narahat edən bütün bürokratik əngəllər xeyli dərəcədə respublikamızda bu xidmətin vasitəsilə aradan qaldırılır, vətəndaşlar vaxtilə yaşadıqları problemlərin, xüsusilə süründürməçiliyin, get-gəlin və digər narahatlıq yaradan halların heç birini bu gün yaşamırlar. Bir sözlə, “ASAN xidmət” modeli dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Azərbaycanda dövlət idarəçiliyinin zamanın tələblərinə uyğun formalaşdırılması strateji xətt olaraq diqqəti cəlb edir. Azərbaycanın ildən-ilə artan iqtisadi potensialı, həmçinin ölkənin xarici müstəvidəki fəallığında müşahidə olunan cəmiyyət-dövlət idarəçiliyi sahəsində dövrün nəbzini tutan islahatların mütəmadi aparılmasını zərurətə çevirir. Azərbaycan cəmiyyətində müşahidə olunan sosial-iqtisadi dəyişikliklər bu dəyişikliklərə adekvat idarəetmə prinsiplərinin tətbiq olunması ilə yanaşı, həm də ciddi struktur islahatlarının həyata keçirilməsini tələb edir.
Dövlət idarəetməsinin təkmilləşdirilməsi, şəffaflığın artırılması və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması yönümündə növbəti addımların atılması isə 2019-cu ilin əvvəllərindən başlayır. Dövlət başçısı Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə toxunaraq, dövlət idarəetməsində struktur islahatlarının anonsunu vermişdi: “İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü”.
Bunun ardınca ölkə prezidenti tərəfindən müvafiq fərmanın imzalanması bir daha sübut etdi ki, Azərbaycan Respublikasının dövlət idarəçiliyində zamanın reallıqlarına uyğun olaraq, mühüm islahatların aparılması və davamlı olması ümumi dövlət siyasətinin mərkəzi trendini təşkil edir.
Dövlət başçısının «Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» 14 yanvar 2019-cu il tarixli fərmanına əsasən bəzi dövlət qurumları ləğv edildi, bəziləri isə özünümaliyyələşdirmə prinsipi və ictimai əsaslarla yenidən təşkil edildi. 2018-ci il yanvarın 14-də verilən sərəncamla aşağıdakı dövlət qurumları ləğv olundu:
1. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi;
2. Bilik Fondu;
3. Strateji Araşdırmalar Mərkəzi
Bir neçə qurum ictimai əsaslarla idarəolunma sisteminə keçdi:
1. Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi;
2. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;
3. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu;
4. Tarif (qiymət) Şurasının Katibliyi.
Bəziləri özünümaliyyəşdirmə sisteminə keçdilər:
1. Elmin İnkişafı Fondu;
2. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.
Aqrar sahədə də islahatlar aparıldı. Belə ki, dörd qurum - Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradıldı.
Struktur islahatları Mədəniyyət Nazirliyinin də fəaliyyətinin optimallaşdırılmasını, idarə edilməsinin daha da təkmilləşdirilməsini əhatə etdi. Bununla bağlı fərmana əsasən Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edildi. Mədəniyyət Nazirliyinin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün Komissiya yaradıldı.
Bir sıra dövlət qurumlarının ləğv edilməsi və ya birləşdirilməsi qərarların qəbulu prosedurunu da xeyli sadələşdirib. Bu da nəticə etibarilə idarəetmə sisteminin optimallaşmasına şərait yaradıb.Müasir çağırışlar bir daha təsdiq edir ki, idarəetmədə prosedurların sayının azaldılması islahatların səmərəliliyinə birbaşa təsir göstərir. Bu kontekstdə hazırda davam etdirilən islahatlar Azərbaycanda həyata keçirilən və birbaşa qeyri-neft sektorunun inkişafına, eləcə də investisiya mühitinin yaxşılaşdırılmasına, idarəetmə aparatının çevikliyinin artırılmasına, idarəetmədə səmərəliliyin təşkilinə hesablanan islahatların tərkib hissəsidir.
Bundan əvvəl də ölkəmizdə idarəetmənin optimallaşdırılması və səmərəliliyinin artırılması istiqamətində aparılan inzibati islahatlar nəticəsində bir sıra eyni və oxşar funskiyaları yerinə yetirən strukturların birləşdirilməsi və səlahiyyətlərinin başqa strukturlara verilməsi təmin edilib.
Dövlət başçısının Vergilər Nazirliyi ilə Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil etməyə dair 23 oktyabr 2019 tarixli Fərmanı da idarəçiliyin optimallaşdırılması, xərclərə qənaət baxımından çox mühüm və böyük addım oldu. Fərmanda göstərilir ki, ölkənin davamlı inkişafını təmin etmək məqsədilə aparılan sosial-iqtisadi islahatların dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması, ixrac potensialının artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərini sürətləndirməyi və dövlət idarəetməsini təkmilləşdirilməyi zərurətə çevirib.
Bu istiqamətdə ölkədə institusional və tənzimləyici çərçivə təkmilləşdirilmiş, milli iqtisadiyyatın özəyi olan təsərrüfat strukturlarında idarəetmənin sağlam prinsiplər əsasında inkişafı və tam şəffaflaşması üçün möhkəm zəmin yaradılmışdır.
Sözügedən islahatlar biznes mühitinin xeyli yaxşılaşmasını şərtləndirir. Həmçinin ölkədə sosial-iqtisadi infrastruktur inkişaf etmiş, yeni strateji mərhələnin çağırışlarına adekvat formada qurulan idarəetmənin çevikliyi artmışdır.
Ötən müddətdə struktur islahatlarının əhəmiyyətini nəzərə alaraq, dövlət xidmətləri və məhsul istehsalı sahələrinin də qabaqcıl prinsiplər əsasında idarə olunmasına xüsusi önəm verilmişdir. Bu istiqamətdə ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi üçün bir sıra işlər görülmüş, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə mühüm islahatlar həyata keçirilmişdir.
Müasir dövrdə iqtisadi inkişafı sürətləndirmək yalnız bazar münasibətlərinin inkişafına, daha da təkmilləşməsinə, dayanıqlı dövlət-özəl mülkiyyət münasibətlərinin təkmilləşməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla mümkündür. Buna görə də struktur islahatlarının dərinləşdirilməsi üçün dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, səmərəliliyinin və şəffaflığının artırılması, xərclərinin və risklərinin optimallaşdırılması çox vacibdir.
Bütün bunları nəzərə alaraq, dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevin 7 avqust 2020-ci il tarixli fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılmışdır.
Azərbaycan İnvestisiya Holdinqi onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Onun fəaliyyət istiqamətlərindən bəzilərini qeyd edək: qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə dövlət müəssisələrində idarəetməni təşkil etmək, dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, onların maliyyə resurslarını, habelə investisiyaların cəlb olunmasını səmərəli meyarlar əsasında idarə etmək, onların fəaliyyət göstərdiyi xidmətlər bazarına özəl investisiyaları cəlb etmək. Bu məqsədlə dövlət-özəl sektor tərəfdaşlığının inkişafını stimullaşdırmaq, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün onların səmərəlilik göstəricilərini müəyyən etmək və monitorinqini aparmaq, xərclərin optimallaşdırılması və maliyyə şəffaflığının təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi, habelə bu müəssisələrin rəqabət qabiliyyətinin artırılması və sair məsələlər fəaliyyətin prioritetləri hesab edilməlidir.
«Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikasi Prezidentinin 5 noyabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı təsdiq edilib. Bunlar aşağıdakılardır:
- Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti;
- “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti;
- “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti;
- “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti;
- “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti;
- “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti;
- “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti;
- “Azərsu” Açıq Səhmdar Cəmiyyəti;
- “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti;
- Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti;
- “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti;
- “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti;
- “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti;
- “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti;
- “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti;
- “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti;
- Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti.
Bütövlükdə Holdinqin əsas məqsədləri dövlət müəssisələri vasitəsilə yatırılan investisiyaların səmərəsinin artırılması, investisiyalardan əldə olunan əlavə dəyərin iqtisadiyyata töhfəsi, iqtisadi inkişafa təsirin daha da artırılması və genişləndirilməsidir.

 

Dördüncü sənaye inqilabı qarşısında

Hazırda biz dördüncü sənaye inqilabına qədəm qoymuşuq. Əgər birinci sənaye inqilabı buxar maşınının kəşfi ilə istehsalın mexanikləşməsi, ikinci sənaye inqilabı elektrik enerjisinin kütləvi istehsalı ilə sənayeləşmə, üçüncü sənaye inqilabı istehsalın avtomatlaşdırılması üçün elektronika, kompüterləşmə və informasiya texnologiyalarından kütləvi istifadəni nəzərdə tuturdusa, dördüncü sənaye inqilabı (“Sənaye 4.0”) rəqəmsallaşmanı, texnologiyaların birləşməsi və fiziki, rəqəmsal və bioloji sferalar arasında sərhədlərin aradan qalxmasını səciyyələndirir. Artıq qədəm qoyduğumuz dördüncü sənaye inqilabında dəyişikliklərin xüsusiyyəti o qədər fundamentaldır ki, dünya tarixi həm böyük imkanlar, həm də potensial təhlükələrlə dolu olan buna bənzər bir dövrlə hələ qarşılaşmayıb.

Dördüncü sənaye inqilabı miqyası, həcmi və mürəkkəbliyi baxımından, bəşəriyyətin bütün əvvəlki təcrübələrinin heç birinə bənzəmir. Dördüncü sənaye inqilabı kiberfiziki sistemlərin istehsala tətbiqi deməkdir. Qarşıda bizi süni intellekt, robot-avtomobillər, nanotexnologiya, biotexnologiya və s. daxil olmaqla ən geniş sahələrdə heyrətamiz texnoloji sıçrayışlar gözləyir. Xüsusilə qeyd etmək lazımdır ki, 4-cü inqilabın əsas ümidverici potensialı bəşəriyyət üçün həyatı daha da asanlaşdırması və yaşayış şəraitinin keyfiyyətinin yüksəlməsidir. Buna görə də təəccüblü deyil ki, bu inqilab miqyası, həcmi və mürəkkəbliyi baxımından, bəşəriyyətin bütün əvvəlki təcrübələrinin heç birinə bənzəmir.
Ölkələr və onların liderləri bu inqilabdan kənarda qalmamaq üçün artıq son bir neçə ildir dünyanı sosial və siyasi baxımdan bu inqilaba hazırlayırlar. Ekoloji problemlərə diqqət çəkilməsi, dövlət dairələrinin və özəl sektorların işlərini rəqəmsallaşdırması məsələlərinin hər biri bu prosesin tərkib hissəsidir. Ümumilikdə ortaq beyin, ortaq sosial zəka yaratmaq gücündə olacaq bu yeni sənaye inqilabı bir çoxlarına qorxunc görünsə də, əslində, bütün bu məsələlər dövrün tələbidir və sosial təkamülün bir hissəsi hesab oluna bilər. Azərbaycanda da dördüncü sənaye inqilabı mövzusu gündəmdədir.
Prezident İlham Əliyev dünyada gedən bu inqilabi prosesə olduqca ciddi münasibət bəsləyir. Bu məsələ diqqətdə saxlanılır və buna uyğun siyasət yürüdülür. Ən əsası isə respublikamızda bu sənaye inqilabının çağırışları ilə ayaqlaşa bilmək üçün inteqrativ və dayanıqlı inkişaf mühiti yaradılıb, rəqəmsal təşəbbüslər dəstəklənir. Prezident “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında bildirmişdir: “Dördüncü Sənaye İnqilabında Azərbaycan lider olmalıdır. Necə ki, Davos Forumu bizi lider kimi görür, biz də lider olmalıyıq. Ona görə ki, bu, gələcək inkişafımız deməkdir”.
Danılmaz həqiqətdir ki, dünya ölkələri dördüncü sənaye inqilabının sürətli axınında sağ qalmaq üçün elektronlaşma, rəqəmsallaşma, elmi-texniki tərrəqidə sürətli nailiyyətlər əldə etmək istəyir. Bu baxımdan, Azərbaycanda da bu istiqamətdə önəmli addımlar atılır. Ölkədə dövlət idarəetmə sisteminin, demək olar ki, bütün sahələri elektronlaşdırılıb. Həmçinin, Azərbaycanın kosmik ölkəyə çevrilməsi də dördüncü sənaye inqilabının formalaşdırdığı hədəflərin miqyasını təsəvvür etməyə imkan verir. Vətən müharibəsindən əvvəl və sonrakı mərhələdə aparılan dərin sosial islahatlar, bir tərəfdən də elektronlaşmanın sürətləndirilməsi cəmiyyəti yeni inqilaba hazırlayan əsas faktorlardır. Respublikamızda həm dövlət, həm də özəl sektor hazırda İpək yolunun rəqəmsallaşması istiqamətində mühüm işlər görür. Çindən başlamış Avropaya qədər müxtəlif ölkələr də bu istiqamətdə Azərbaycanla əməkdaşlıq davam edir. Azərbaycanda Elektron Hökumət portalı tam funksionaldır və elektron hökumət çərçivəsində elektron kənd təsərrüfatı, elektron kadastr, elektron həllər mövcuddur.
Prezident İlham Əliyevin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə qlobal iqtisadiyyatda cərəyan edən trendləri diktə edən, rəqabət qaydalarını dəyişən Dördüncü Sənaye İnqilabında Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb.
Digər önəmli addımlardan biri də dünyada çox az sayda yaradılan Dördüncü Sənaye İnqilabı mərkəzlərindən birinin Azərbaycanda qurulması qərarıdır. 2021-ci ilin aprelində Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin (4SİM Afiləedilmiş Azərbaycan Mərkəzi) yaradılmasına dair Azərbaycan Respublikası Hökuməti ilə Dünya İqtisadi Forumu arasında razılaşma imzalanıb. 2021-ci aprelin 1-dən fəaliyyətə başlayan Mərkəzin yaradılmasının əsası 2020-ci il yanvarın 21-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında niyyət protokolunun imzalanması ilə qoyulub. Bu, MDB məkanında yaradılan ilk mərkəzdir.
Dördüncü Sənaye İnqilabı Mər­kəz­ləri Şəbəkəsi 2017-ci ilin mar­tında Dünya İqtisadi Forumu tərəfindən təşkil edilib. Hazırda Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin 13 mərkəzi var. Bunlardan 9-u Afiləedilmiş Mərkəz, 3-ü Forum tərəfindən idarə olunan mərkəz və ABŞ-ın San-Fransisko şəhərində yerləşən mənzil-qərargahdır. Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin əsas məqsədi yeni qabaqcıl texnologiyaların sürətli mənimsənilməsi və onların vətəndaşlara və ictimai marağa xidmət göstərməsi məqsədilə həmin texnologiyaların tətbiqi və idarə edilməsinin inkişafıdır.
BMT, Davos İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi, Microsoft, CISCO, VISA, Mastercard kimi beynəlxalq təşkilatlar və transmilli korporasiyalar bu təşəbbüsün gerçəkləşməsində Azərbaycan dövləti ilə yaxından əməkdaşlıq edirlər.
Dördüncü sənaye inqilabı bizi cəmiyyət həyatının, demək olar ki, bütün sahələrində önəmli çağırışlarla üz-üzə qoyur desək, yanılmarıq. Bu gün insan-insan, insan-hökumət və insan-təbiət münasibətlərinin hər biri üzrə bu inqilabın doğurduğu çağırışları görməmək mümkün deyil. Təsadüfi deyil ki, artıq “ağıllı hökumət”, “ağıllı şəhər”, “ağıllı kənd”, “ağıllı fabrik”, “ağıllı avtomobil”, “ağıllı telefon” kimi konsepsiyalar həyatımızda daha çox görünməyə başlayıb və bunların sürətlə yayıldığına şahidlik edirik. Bunlar ölkənin özündə formalaşmalıdır. Bunun üçün də həmin ölkənin fiziki infrastrukturu, insan kapitalı və institusional infrastrukturu buna imkan verməlidir. Azərbaycan gənclər ölkəsidir, yeniliyə açıq cəmiyyətdir. Dördüncü sənaye inqilabının ölkədə kök salması üçün daha çox amilin bir araya gəlməsinə ehtiyac var. Düşünürəm ki, Qarabağın qarşıdakı illərdə bərpası və yenidən qurulması prosesi də bizim üçün bu baxımdan böyük bir fürsətdir. Bu, dördüncü sənaye inqilabının nailiyyətlərini tətbiq etmək baxımından bizə böyük bir test imkanı yaradır.
Prezident İlham Əliyev 2020-ci il iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib: “Dördüncü sənaye inqilabının mövcudluğu, həm də dünyada gedən rəqəmsallaşma tendensiyaları ilə bağlıdır. Bu baxımdan rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi peşələri lazımsız edir”. Dövlət başçısı daha sonra diqqətə çatdırıb ki, artıq bu peşələrin siyahısı var. Bu peşələr aradan qalxıb və olmayacaq. Ona görə buna da daim fikir verilməlidir. O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur. Amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq, hansılar ki, bu gün yoxdur.
Üzləşdiyimiz dövr bizdən artan rəqabətə tab gətirmək üçün yeni strategiyalar düşünməyi tələb edir. Çünki dördüncü sənaye inqilabı iqtisadiyyatının rəqabət qaydaları əvvəlki dövrlərin qaydalarından fərqlənir. Burada rəqabətə tab gətirmək üçün bütün formalarda innovasiyaları tətbiq etmək lazımdır. Hazırda aparılan islahatlar imkan verir ki, Azərbaycan texnoloji və innovativ cəhətdən daha da inkişaf etsin. Reallıqlar da onu göstərir ki, Azərbaycanın mövcud zaman kəsiyində malik olduğu imkanlardan yararlanaraq, texnoloji sıçrayışla və innovativ həllərlə dördüncü sənaye inqilabından bəhrələnə bilər.
Unutmamalıyıq ki, dünyada təzyiqlərin artdığı bir şəraitdə dövlətimizin milli və iqtisadi təhlükəsizliyinin təmin olunması bu prosesdə əsas strateji hədəfdir və biz bunu hər zaman diqqətdə saxlamalıyıq.

 Akademik Ziyad Səmədzadə