MƏQALƏLƏR

Qurban Pirimov (1880-1965)

  • 10.02.2022

Azərbaycanın ilk xalq artisti (1931), Azərbaycan tarzəni Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Abdal Gülablı kəndində dünyaya gəlib. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir.

Qurban Pirimov XIX əsrin sonlarında ifaçılıq etməyə başlamış, həm solo, həm üçlükdə, həm də orkestrin tərkibində ifalar nümayiş etdirmişdir. 15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət etmişdir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürmüşdür.
Həmin il Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənir və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirmişdir. 1905-ci ildən Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaratmışdır. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirmişdir. Q.Pirimov həmin fəaliyyəti dövründə məşhurlaşmış, müxtəlif yerlərdə - Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olmuşdur. Onun ifa etdiyi muğamlar 1906-1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılmışdır.
Qurban Pirimov dramatik və musiqili səhnə əsərlərində tarda müşayiət etmişdir. O, Üzeyir Hacıbəyovun 1908-ci ildə ilk dəfə tamaşaya qoyulan "Leyli və Məc­nun" əsərində orkestrin solisti olmuş, tarda ifa etmişdir.
Qurban Pirimov 1920-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. O, Qliyerin "Şahsənəm" operasının tamaşaya qoyulmasında bilavasitə iştirak etmişdir. Eyni zamanda, 1934-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya xalqlarının olimpiadasında birinci yeri tutmuş, 1939-cu ildə Moskvada keçirilmiş musiqiçilərin ümumittifaq baxışının qalibi olmuşdur.
Üzeyir Hacıbəyovla, M.Maqomayevlə, Z.Hacıbəyovla yaxından dostluğu, həmçinin yaradıcılıq münasibətləri Q.Pirimovun Azərbaycan professional musiqisinin inkişafında da müstəsna rolundan xəbər verir. Niyazi, Q.Qarayev, T.Quliyev, F.Əmirov, S.İbrahimova kimi bəstəkarlar Pirimovun ifasından bir neçə muğam, xalq mahnı və təsniflərini nota yazıblar.
Qurban Pirimov, həmçinin, pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, 1925-ci ildə Ü.Hacıbəylinin rəhbərliyi ilə muğam proqramının hazırlanmasında da yaxından iştirak etmişdir. Azərbaycan tar ifaçılığı məktəbinin görkəmli nümayəndələri Hacı Məmmədov, Məmmədağa Muradov, Həbib Bayramov, Zərif Qayıbov, Əliağa Quliyev, Sərvər İbrahimov onun tələbələri olublar. Qurban Pirimov 29 avqust 1965-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Q.Pirimov barədə olan fikirlər


Məşhur xanəndələri müşayiət edən tarzən onların arasında ən çox Xan Şuşinskiyə bağlanır. Görkəmli musiqişünas Şuşinski xatirələrində belə yad edirdi:
“Mən Qurban Primovu son dəfə 1965-ci il avqustun 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edərkən görmüşəm. Konsertdə gənc ifaçılarla bərabər, 85 yaşlı qocaman tarzən də iştirak edirdi. O, "Rahab" çalırdı. Sənət yollarında saç ağartmış tarzən öz sədəfli tarını sinəsinə, barmaqlarını simlərə gənclik ehtirası ilə toxundurduqca tellərdən qopan xoş, ürək oxşayan səda dinləyicilərin ruhunu oxşayırdı. Tarzən "Rahabı" 23 dəqiqə çaldı. Dinləyicilər hərarətli təbrik sədaları altında qocaman tarzəni 3 dəfə səhnəyə dəvət etdilər”.
* * *
Xalq artisti Canəli Əkbərov sənətkarın həyatında ən maraqlı hadisənin erməni tarzəni ilə yarışması olduğunu qeyd etmişdir:
“50-ci illər olardı. Erməni tarzəni Bala Merkomyanla onun sənət yarışması olub. Bu yarış üçün erməni tarzəni xüsusi tar bağladıb. O, "Mahur"u, Qurban əmi isə "Bayatı Şiraz"ı çalıb. Qurbanın çalğısına sinə gərmək hər tarzənə qismət olmayıb. O, elə aydın, səlis yumşaq, şirin çalıb ki, həmkarı tarı qoyub, səhnəni tərk edib”.
* * *
Canəli Əkbərova ilk dəfə oxuduğu "Çoban bayatısı"nı da tarzənin çalğısı sevdirib. O, qeyd edir ki, bu cazibədə ifanı eşitməsə idi, bəlkə də oxumaq üçün özündə güc tapa bilməzdi: “Qurbanda Cabbar ifasının qüdrəti var idi. O, heç vaxt musiqinin əlifbasından kənara çıxmayıb. Hər zaman xanəndənin yolunu gözləyib. Necə ki, sənət ədəb-ərkanını Cabbarda görüb, o cür də ömrünün sonuna qədər davam etdirib. Onun səhnəyə adi gəlişində, oturuşunda, tarı tutmağında bir şagird nizam-intizamı olub. O, ömrünün sonuna qədər özünü şagird sayıb”.
Qurban Pirimovla 30 il sənət əlaqəsində olan respublikanın əməkdar artisti Firudin Ələkbərovun da tarzənlə bağlı maraqlı xatirələri var. O deyir ki, Qurban əmi muğamlarımızı dərindən bilən sənətkar olub. Qurban əmi tar çalanda mizrabından qığılcım çıxıb: “Onun vaxtında mikrofon az idi. Ancaq heç vaxt mikrofondan istifadə etməzdi. Onun gur çalğısı bütün zala yayılırdı. Mizrabı simlərə vuran kimi bütün zalda əyləşənləri məcbur edirdi ki, ona qulaq assınlar”.