MƏQALƏLƏR

Moda industriyasının inkişafında yeni trendlər

  • 10.02.2022

Moda industriyası (fashion industry) alıcılarda “dəbli” məhsulların obrazının formalaşdırılması, onun istehsalı və satışı ilə məşğul olan xidmət sferasıdır. Əsas məhsullar geyim, ayaqqabı, aksessuar, ətriyyat, dəbdəbə predmetləridir.
Müasir elm modanı sosial-mədəni hadisə, cəmiyyətin dəyərlər sistemi və inkişaf tendensiyaları ilə bağlı olan müəyyən tənzimləmə mexanizmi kimi nəzərdən keçirir. Təcrübədə bu yanaşma A.B.Hoffmanın moda və dəbli davranış nəzəriyyəsini qurduğu "Moda və insanlar" adlı əsərində həyata keçirilmişdir.
Postindustrial cəmiyyətin inkişafı insan yaradıcılığına əsaslanan yeni nəslin iqtisadiyyatının - yaradıcı sənayelərin formalaşmasına təkan verdi. Yaradıcı sənayelərin bir çox digər məhsulları (məsələn, video oyunlar, kinofilmlər, musiqi və ya bədii əsərlər və s.) arasında əhəmiyyətli bir yeri qeyri-maddi aktivlərinin dəyərinin brendlərdə əks olunduğu moda sənayesi (və ya feşn industriyası) tutur.
Mütərəqqi moda industriyasının, xüsusən də onun əsas aktivi olan dizayner brendlərinin formalaşması müstəqil elmi-praktiki məsələ hesab olunur ki, bunun mənası son onilliklərdə hər gün artmaqdadır və nəticədə moda sənayesi brendlərinin kommersiyası da artır. Moda industriyası iqtisadiyyatın kifayət qədər spesifik sahəsi hesab olunur.
Dünya moda sənayesinin 100 ildən artıq yaşının olduğunu nəzərə alaraq, bu müddət ərzində dizayner brendlərinin unikal şaxələndirilməsi sistemi, onların idarə olunmasının bütün forma və üsulları genişmiqyaslı reklam kommunikasiyaları şəbəkəsinə çevrilmişdir.
Müasir dünyada brend nəhəng rol oynayır, alıcıların həyatının, sözün əsl mənasında bütün aspektlərinə (brendin reklamının təsiri altında məhsulun əldə edilməsindən tutmuş özlərinin brend sayıldığı cəmiyyət və icmaların, siyasətçilərin, məşhurların öyrənilməsinə qədər) nüfuz edir və onlara böyük təsir göstərir. Brendlər ticarətdə unikal bir yer tutur, çünki onları almaq, satmaq, icarəyə vermək, həmçinin dövlət və kütləvi səviyyədə müdafiə etmək mümkündür. Moda sənayesinin brendləri bütün dünya dövlətləri üçün iqtisadiyyatın mühüm bölməsidir, çünki onlar beynəlxalq biznesin zəruri elementidir və özündə fayda potensialını daşıyır.
Moda sənayesi, həqiqətən də, iqtisadiyyata, xüsusən də multiplikator effekti hesabına güclü təsir göstərir və düzgün təşkil olunduqda, bu və ya digər brendlərin yaradıldığı ölkə üçün, geniş çeşiddə və sərfəli qiymətlərlə təmsil olunduğu yerlərdə böyük gəlir gətirə bilər.
Azərbaycan Respublikasının Konstitusiyası əqli mülkiyyət hüququnu tanıyır və bütün şəxslərin əqli mülkiyyət hüquqlarının qorunmasına təminat verir. Konstitusiyanın normasını aydınlaşdırmaq və əqli mülkiyyət hüququnun qorunmasının hüquqi bazasını formalaşdırmaq üçün Azərbaycan Respublikasında bir sıra qanunlar qəbul olunub və bir çox beynəlxalq razılaşmalar təsdiq edilib.
Aşağıdakı qanunlar əqli mülkiyyət hüququnu tənzimləyən əsas normativ aktlardır:
• 12 iyun 1998-ci il tarixli 504-IQ nömrəli “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun;
• 25 iyul 1997-ci il tarixli 312-IQ nömrəli “Patent haqqında” Qanun;
• 5 iyul 1996-cı il tarixli 115-IQ nömrəli “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun;
• 31 may 2002-ci il tarixli 337-IIQ nömrəli “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Qanun;
• 22 may 2012-ci il tarixli 365-IVQ nömrəli “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanun;
• 16 may 2003-cü il tarixli 460-IIQ nömrəli “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanun;
• 14 sentyabr 2004-cü il tarixli 755-IIQ nömrəli “Məlumat toplularının hüquqi qorunması haqqında” Qanun;
• 15 noyabr 1996-cı il tarixli 197-IQ nömrəli “Seleksiya nailiyyətləri haqqında” Qanun.
Əlavə olaraq, əqli mülkiyyət hüququnun pozulmasının qarşısının alınması məqsədilə aşağıdakı əsas qanunlar da nəzərdə tutulub:
Cinayət Məcəlləsi;
Mülki Prosessual Məcəllə;
İnzibati Xətalar Məcəlləsi.
"Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları haqqında" Qərarın təsdiq edilməsi barədə Qanun:
- "Antiinhisar fəaliyyəti haqqında" Qanun;
- "Haqsız rəqabət haqqında" Qanun.
- “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun Azərbaycan Respublikasında əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydə alınması, hüquqi mühafizəsi və istifadəsi ilə bağlı münasibətləri tənzimləyir.
Azərbaycanda qeydiyyata alınmamış, lakin Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun qüvvədə olan əmtəə nişanları və coğrafi göstəricilər Qanunla mühafizə olunurlar.


Milli iqtisadiyyatın inkişafında moda sənayesinin əhəmiyyəti

Yeni moda konsepsiyalarının yaradılması və tətbiqinin iqtisadi mexanizminə yaradıcı ideyaların qorunması sistemi, qiymətin əmələ gəlmə prinsiplərinin işlənib hazırlanması, yaradıcı kollektivlərin, satış kommersiya strukturlarının işinin təşkili, lazımi materialların, avadanlıqların əldə edilməsi, reklam yayımı, alıcılara xidmət, yəni "moda industriyası" anlayışından istifadə etməyə imkan verən hər şey daxildir. Moda industriyası təkcə mədəni hadisəyə deyil, həm kommersiya fəaliyyətinə, həm bütün dünya iqtisadiyyatının, həm də bir çox milli iqtisadiyyatların daimi artım mənbəyinə çevrilir.
Statistik məlumatlara görə, moda industriyası inkişaf etmiş ölkələrin, o cümlədən AB-nin (Almaniya, Polşa və s.) büdcə gəlirlərinin ən azı 30%-ni təşkil edərək, ÜDM-in demək olar ki, 25%-ni formalaşdırır. Ekspertlərinin fikrincə, təkcə lüks modanın dünya sektorunun həcmi 130 milyard dollar, onun artım tempi isə ildə təxminən 20% təşkil edir. Qərbi Avropada əhali gəlirlərinin təxminən 10%-ni, ABŞ-da isə 5%-ni moda sənayesi mallarının əldə edilməsinə xərcləyir.
Ekspertlərin fikrincə, əgər dar mənada utilitar tələbatlardan daha çox estetik və sosial prestijli tələbatları ödəyən bütün növ malları moda iqtisadiyyatına daxil etmiş olsaq, onda onların əldə edilməsinə inkişaf etmiş ölkələrin vətəndaşlarının ailə büdcəsinin təxminən 40%-i xərclənəcəkdir. Məsələn, moda trendini müəyyən edən Fransa üçün təkcə lüks mallar sahəsi həcminə görə dördüncü ən böyük gəlir mənbəyidir və İtaliya, İspaniya, ABŞ, Çin və Hindistanın inkişaf etməkdə olan bazarları üçün bu, heç də az əhəmiyyət kəsb etmir.
Moda sənayesinin milli iqtisadiyyata təsir imkanlarını Türkiyənin timsalında qiymətləndirmək olar. Bu ölkədə 130 türk şirkətinin və 146 brendin iştirak etdiyi Turquality proqramı qüvvədədir. Turquality proqramı çərçivəsində hər bir şirkət üçün brendinqin inkişafı prioritetdir.
Moda iqtisadiyyatı digər sənayelərə nisbətən daha sürətlə inkişaf edir. Bu, həyat səviyyəsinin yüksəlməsinin və özünüifadə azadlığının artmasının nəticəsidir. Məsələn, Asiya ölkələrində moda sənayesi əsl bum dövrünü yaşayır. Bu sahədə biznes menecmentin strateji aspekti sürətlə inkişaf edir və biznes dünyası ilə yaradıcılıq arasında tarazlığın axtarıb tapılması zərurəti getdikcə aktuallaşır. Moda sənayesinin lüks seqmenti Hermes, Louis Vuitton, Gucci və başqaları kimi bir çox tanınmış və nüfuzlu brendlərdən ibarət olan milyardlarla dollarlıq istehsal sektorudur. Moda geyimləri və aksessuarların pərakəndə satışı da, sözün əsl mənasında dünyanın hər yerində ən sürətlə inkişaf edən sənayelərdən biridir. Moda sənayesi qlobal iqtisadiyyatda o qədər əhəmiyyyətlidir ki, Birləşmiş Millətlər Təşkilatının himayəsi altında “Dünya bir podium kimi” proqramı işlənib hazırlanıb və həyata keçirilir. Proqram çərçivəsində ehtiyacı olan ölkələrə kömək etmək üçün vəsait toplamaq məqsədilə moda nümayişləri təşkil edilir. Giriş maneəsinin endirilməsi və yeni oyunçuların sahəyə daxil olması rəqabətin, o cümlədən kütləvi moda brendləri tərəfindən rəqabətin artmasına şərait yaratdı.


“Sürətli moda” adlı yeni biznes sistemi və ekoloji problem

İqtisadiyyat ətraf mühitə tabedir. Ekologiya və iqtisadiyyat əl-ələ gedir və onları bir-birindən ayırmaq mümkün deyil. Ekologiyasız iqtisadiyyata sahib olmağa çalışmaq ətraf mühitin necə işlədiyini bilmədən və ya ona əhəmiyyət vermədən onu idarə etməyə, abstraksiya və ya təbiət qanunlarını bilmədən insani qanunları formulə etməyə çalışmaqdır.

"Sürətli moda" iqtisadiyyatda böyük əhəmiyyət kəsb edir. 2016-cı il üçün ekspert qiymətləndirmələrinə görə, geyim bazarı 1,5% artmışdır, 2017-ci ildə isə “McKinsey & Co və Business of Fashion” şirkətinin məlumatına görə, artım 3,5%-4,5% təşkil etmişdir. Bu cür məlumatlar satışların artmağa başladığını göstərir. Eurostatın verdiyi məlumatlara görə, satış həcminə görə Asiya-Sakit Okean regionu liderlik edir, ikinci yerdə isə Qərbi Avropa və Şimali Amerika bazarları durur.
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) statistikasına görə, dünyada pərakəndə bazarlar arasında Çin və ABŞ liderdirlər.
Ekoloji problemlərin bir hissəsi olan "sürətli moda" anlayışı iqtisadiyyatın da bir hissəsidir. "Sürətli moda" qısa ömürlüdür, insanın yenidən alış-veriş etməsi və keyfiyyətsiz malın yenisi ilə əvəz edilməsinə hesablanmışdır. Eyni zamanda, yeni satışa çıxarılan əşyalar tez bir zamanda yox ola bilər, çünki kolleksiyalar satılır, deməli, dəbli paltarlar hamıya çatmaya bilər. Bu, o fakta əsaslanır ki, marketoloqlar istehlakçıların alışın onları daha xoşbəxt edəcəyinə dair fərziyyələri ilə oynayaraq, insanları daha çox almağa sövq etməklə geyimə olan tələbi artırırlar.
Bu gün bir çox istehlakçı ekoloji brendləri seçir. Bunu nəzərə alaraq, iri brendlər öz siyasətlərini bir-bir yenidən nəzərdən keçirirlər - BCBG Max Azria anqoradan, Michael Kors, J.Mendel və Ralph Lauren xəzdən imtina edir, Gucci bir qədər də irəli gedərək, tekstil istehsalının yeni üsullarını tədqiq edən startaplara sərmayə qoyur.
Bu deyilənlər şüurlu istehlak həyata keçirən istehlakçıların faizini artır. Bu, o deməkdir ki, insanlar məqsədyönlü şəkildə mağazalara lazımi şey üçün gedir, daxil olan materialların tərkibinə və məhsulun keyfiyyətinə baxır, qiymət və keyfiyyət göstəricilərini müqayisə edirlər. Bir çox dizaynerlər və dünya brendləri istehsalın ekolojiliyi uğrunda mübarizə aparır, ekoloji cəhətdən təmiz materiallardan paltarlar yaradır, köhnə parçaları isə təkrar emal edərək onlara yeni həyat verirlər.
Moda industriyasının gələcəyi qapalı tsiklli iqtisadiyyata keçiddədir, şirkətlər isə dəyişən bazara uyğunlaşmaq və istehsal metodlarını əhəmiyyətli dərəcədə modernləşdirmək məcburiyyətindədir. Nəticədə bu, moda brendləri tərəfindən qabaqcıl texnologiya və materialların əldə edilməsini həvəsləndirir.


Moda industriyasında brendləşmə

Moda bir-biri ilə qarşılıqlı əlaqədə olan, bir-birinə təsir göstərən bir çox insanların həm məqsədyönlü, həm də spontan fəaliyyətinin nəticəsidir.
Modanın ayrı-ayrı submədəniyyətlər çərçivəsində fəaliyyət göstərən moda tərəfindən sıxışdırılması tendensiyası müşahidə olunduğundan, moda yaradıcıları çox rəngarəng bir qrupdur. Mark Tanqeytin fikirlərinə görə, moda arzuların istehsalı üzrə bir fabrikdir. Brendin irəlilədilməsi isə sadəcə zaman-zaman yenidən yazılan gözəl hekayə uydurmaq bacarığıdır. İstehlakçılar da bu hekayənin personajlarına çevrilirlər.
Hekayənin yaradılması bir neçə elementi özündə birləşdirən çoxşaxəli prosesdir. Birincisi, bunlar moda teatrının aktyorlarıdır - ticarət markasını təcəssüm etdirən dizayner; imicmeykerlər; fotoqraflar (onların vəzifəsi "brendə nəfəs verəcək bir obraz yaratmaqdır"); yüz minlərlə və milyonlarla insanın özünü onlara bənzədən modellər, məşhurlar, kino ulduzları.
İkincisi, bu, xüsusi auradır, butikin sehridir. Bu gün mağazaya gələn alıcı brendin dünyasına qərq olmaq istəyir. Burada istənilən detal - rəng, malın yerləşdiyi yer, musiqi, qoxu, interyer, xidmət edən heyət, incə vitrinlər mühüm rol oynayır. Firma mağazaları bir ticarət markasına həsr olunmuş əyləncə parklarından başqa bir şey deyildir.
Üçüncüsü, kolleksiya nümayişləri moda dünyasının zəruri atributu kimi bütün investisiyaları ödəyən “canlı reklamdır”. Peşəkar şəkildə təşkil olunmuş şou modelyer üçün öz ideyalarını dünyaya çatdırmaq imkanı, publika ilə ünsiyyət üsuludur. Bu, həm də sərfəli kommersiya tədbiridir: yeni kolleksiyalardan paltarların tədarükünə dair müqavilələrin əksəriyyəti məhz nümayişlər zamanı bağlanılır.
Bundan başqa, müasir moda fərdiləşdirmə üsuludur: qarderobunu formalaşdıran hər bir insan öz orijinallığını vurğulamağa üstünlük verir, buna görə də müxtəlif brendləri və üslubları qarışdırır.
Brendlər müharibəsinin yalnız brendin ölkənin hüdudlarından kənara çıxması ilə başladığını iddia etmək mənasızdır; o, müəyyən bir istehsalın planlaşdırıldığı və əmtəə nişanının qeydə alındığı zaman başlayır. Bu, ilk növbədə, bu gün İtaliya, Fransa, Böyük Britaniya və Yaponiyanın qanunverici olduğu beynəlxalq moda sənayesi üçün səciyyəvidir.
Moda industriyasında brend dizaynerin adı, firma, mal və xidmətlə əlaqələndirilir və bu zaman bütün bu komponentlər - dizaynerin şəxsiyyəti, firma, mal və xidmət bir-birini tamamlayır. Brend qurarkən, brendin nə ilə fərqləndiyini və başqaları üçün niyə maraq kəsb etdiyini vurğulamaq lazımdır.
Brendin əsası onun başqaları üçün əhəmiyyəti ilə bağlıdır. Brendin konsepsiyası və ya imici onun ətraf aləm üçün əhəmiyyətinə uyğun qurulur. Brend firma ilə onun müştəriləri, dizaynerlə onun pərəstişkarları arasında kommunikasiya vasitəsidir.

Moda industriyasında FashTechin tətbiqi

Moda, eyni zamanda müvafiq texniki ixtiraların yaranmasına da təkan verirdi ki, bu da öz növbəsində modanın daha sürətli inkişafına səbəb olurdu.

Moda sənayesinin birinci fəaliyyəti intellektuallaşma, kreativlik və yaradıcılığa tələbatla, ikincisi isə sahibkarlıq üçün ənənəvi maliyyə nəticəninin əldə olunması ilə bağlıdır.
Bazarların və texnologiyaların inkişaf etdiyi müasir şəraitdə moda sənayesində sahibkarlığın inkişafının qeyd olunan iki tərkib hissəsinin birləşməsi ilk öncə təkcə yeni kolleksiyaları deyil, həm də brendin özünü yaradan dizaynın və dəbli malların dəyişkən bazarlarında məhsulun irəlilədilməsi məqsədilə onun aktuallaşdırılması ideyalarını yaradan marketinqin birləşdirilməsində təzahür edir.
FashTechin tətbiqi hal-hazırda moda sənayesində sahibkarlığın inkişaf etdirilməsi üçün aparıcı tendensiyadır. FashTech çərçivəsində moda innovasiyalarla birləşir və buna görə də fashion sənayesinin sahibkarları üçün elm tutumlu texnoloji yeniliklərin təhlili, işlənməsi və tətbiqi məsələlərinin həlli, həmçinin tələb olunan yeniliklərin ətraflı proqnozu xüsusi əhəmiyyət kəsb edir.
Tədqiqatlar göstərib ki, müasir şəraitdə moda sənayesinə intellektual dəstək iki səviyyədə həyata keçirilir:
• müxtəlif səviyyəli ixtisaslaşmış tədris müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanması;
• müxtəlif peşə assosiasiyaları və birliklərinin fəaliyyət göstərməsi.
Müasir şəraitdə moda sənayesinin formalaşmasına və inkişafına sahibkarlıq fəaliyyətinin yaradıcılıq və kommersiya tərkib hissələrinin reallaşması imkanı həlledici təsir edir.
Moda sənayesi müəssisələrinin işinin uğurlu olması texnoloji innovasiyalar və istehlakçıların sorğuları nəzərə alınmaqla dəbli malları yaratmağa və bazarda irəlilətməyə imkan verən dizayn və marketinqin inteqrasiyası ilə müəyyən olunur.


Moda industriyasında reklam təşviqi

Moda industriyası, dünyanın heç bir industriyasında olmadığı kimi, xeyli dərəcədə marketinq metodlarından asılıdır. Moda arzuları istehsal edən fabrikidir. Dəbli brendləri irəlilətməyin müxtəlif metod və üsulları var. Dəyişiklik və yenilik modanı xarakterizə edən iki keyfiyyətdir. Modanın məzmunu daima dəyişir, lakin bir forma kimi moda dünyanın moda paytaxtlarında dəyişməz olaraq qalır.

Modelyer rəssamın şəxsiyyəti. Onlar tez-tez özləri bir brend kimi çıxış edir və işləyib hazırladıqları məhsula emosional dəyər gətirirlər.
Moda nümayişləri. Onlar tamaşaçıların təxəyyülünə təsir göstərmək üçün özlərində xüsusi üsulları birləşdirir. Bu şoular zamanı unudulmaz təəssüratlar insanları, ümumiyyətlə, ehtiyac olmayan paltarları almağa təhrik edən amillərdən biridir. Fabrikdə hazırlanmış paltar sadəcə bir geyim predmeti və ya tikiş məmulatıdır və yalnız marketinq mütəxəssislərinin əlinə keçdikdə, dəbli nümunəyə çevrilir.
Firmanın təşkilati mədəniyyəti. Hər bir brendin reklam imici firmanın təşkilati mədəniyyətində əks olunur.
Məkanın təşkili, mağazanın atmosferi və tərtibatı. Moda brendinin irəlilədilməsində məkanın təşkili, mağazanın atmosferi və tərtibatı böyük əhəmiyyət kəsb edir. Mağazanın tərtibatı brendin mahiyyətini vurğulamaq üçün nəzərdə tutulub və onun imicini müəyyən edən əsas amil kimi çıxış edir. Bir çox moda brendləri bunda təsirli nəticələr əldə etmişdirlər.
Vitrinlərin tərtibatı. Vitrinlərin tərtibatına çox böyük diqqət yetirilir. Bir çox firma mağazaları bir ticarət markasına həsr olunmuş əyləncə parklarına çevrilir.
Brendin hekayə-əfsanəsi. Bir çox moda brendlərinin marketinq kommunikasiyalarının əsasını gözəl hekayə (əfsanə) təşkil edir. Avropanın bir çox elitar brendləri öz irsini, dərin köklərini və peşəkar ənənələrini qabardırlar.


Moda sahəsində dizayner üzrə ali tədris məktəbləri

Dünyanın bütün moda paytaxtlarında moda sahəsində dizayner və menecerlər üçün tədris müəssisələri var. Həmin müəssisələr təhsil alanlarda həm bədii, həm layihələndirmə, həm də sahibkarlıq vərdişlərini formalaşdırır və inkişaf etdirir. Hal-hazırda Londonda Martin adına Mərkəzi İncəsənət və Dizayn kolleci, Kral İncəsənət kolleci, London Moda kolleci və s., Milanda Milan Universiteti, Brera İncəsənət Akademiyası, Maranqoni İnstitutu, Domus Akademiyası, Avropa Dizayn İnstitutu və s., Parisdə Milli Ali İncəsənət məktəbi, ESMOD Ali İncəsənət və Moda Texnologiyaları məktəbi, Fransa Moda Akademiyası və s., Nyu-Yorkda Nyu-York Universiteti, Moda Texnoloji İnstitutu, Vizual Sənətlər məktəbi və s., Tokioda – Tokio İncəsənət Universiteti, Bunk Moda kolleci, Mode İnstitutu və s. fəaliyyət göstərir. Moda sənayesi üçün yüksəkixtisaslı kadrlar hazırlayan bu hazırlıq mərkəzləri qeyd olunan sahədə sahibkarlığın inkişafına intellektual dəstəyi təmin edir. Moda sənayesinin strateji inkişaf prioritetlərinin işlənib hazırlanmasına peşə təşkilatları, onların universal və ixtisaslaşdırılmış birlik və assosiasiyaları kömək edir. Universal təşkilatların və onların birliklərinin fəaliyyəti bütövlükdə moda sənayesinin sahibkarlarının və işçilərinin müdafiəsinə yönəldilib. Belə peşə təşkilatlarına və onların birliklərinə nümunə olaraq Fransa Yüksək Moda Həmkarlar Birliyi, Böyük Britaniya Moda və Toxuculuq Assosiasiyası (UKFT), İtaliya Beynəlxalq Moda Assosiasiyası, İtaliya Milli Moda Şurası, İtaliya Zinət Əşyaları İstehsalçılarının Assosiasiyası, Amerika Modelyerlər Şurası (CFDA), Tokio Modelyerlər Assosiasiyası və başqalarını qeyd etmək olar.

Nəticə
Moda iqtisadiyyatı digər sənayelərə nisbətən daha sürətlə inkişaf edir. Bu, həyat səviyyəsinin yüksəlməsinin və özünüifadə azadlığının artmasının nəticəsidir. Dünya moda sənayesinin 100 ildən artıq yaşının olduğunu nəzərə alaraq, bu müddət ərzində dizayner brendlərinin unikal şaxələndirilməsi sistemi, onların idarə olunmasının bütün forma və üsulları genişmiqyaslı reklam kommunikasiyaları şəbəkəsinə çevrilmişdir.
Moda sənayesi həqiqətən də iqtisadiyyata, xüsusən də multiplikator effekti hesabına güclü təsir göstərir və düzgün təşkil olunduqda, bu və ya digər brendlərin yaradıldığı ölkə üçün və geniş çeşiddə və sərfəli qiymətlərlə təmsil olunduğu yerlərdə böyük gəlir gətirə bilər.
FashTechin tətbiqi hal hazırda moda sənayesində sahibkarlığın inkişaf etdirilməsi üçün aparıcı tendensiyadır. FashTech çərçivəsində moda innovasiyalarla birləşir və buna görə də fashion-sənayesinin sahibkarları üçün elm tutumlu texnoloji yeniliklərin təhlili, işlənməsi və tətbiqi məsələlərinin həlli, həmçinin tələb olunan yeniliklərin ətraflı proqnozu xüsusi əhəmiyyət kəsb edir.
Moda industriyası, dünyanın heç bir industriyasında olmadığı kimi, xeyli dərəcədə marketinq metodlarından asılıdır. Moda sənayesində reklam olunan mal vəya əşya, həm də konkret ölkənin dəyər oriyentasiyalarının xüsusiyyətləri, mentaliteti nəzərə alınmaqla mümkündür.
Artıq indi geyim və aksessuar istehsalçılarının elmi-tədqiqat və təcrübə-konstruktor işləmələrinə getdikcə daha çox sərmayə qoyması tendensiyası müşahidə olunur. Bununla belə, bu cür işləmələrin uğuru daha çox ekoloji innovasiyalar və bütövlükdə davamlı inkişafla bağlı dövlət siyasətindən asılıdır.


Professor Zahid Məmmədov,
Lalə Məmmədova,
Ülkər Bayramova (UNEC)