MƏQALƏLƏR

Multikultural dəyərlər mənəvi-əxlaqi təkamül yolu ilə

  • 17.02.2022

Uca Tanrıya tapınmaqdır

Müasir dünya yüksək texnoloji inkişaf mərhələsinə qədəm qoyub. Lakin bu qədər tərəqqiyə rəğmən, sivilizasiyalar arasında konfliktlər və qarşıdurmalar qalmaqdadır. Nə BMT və ATƏT, nə də ki digər beynəlxalq qurumlar imitativ xarakterli qərarlardan o yana keçə bilmirlər. Milli, dini, irqi zəmində münaqişələr səngimir. Son 60-70 il ərzində baş verən münaqişə ocaqlarının heç birində sülh, barış təmin olunmayıb. Sözün əsl mənasında, multikulturalizm və tolerantlıq dəyərlərinə sahiblənən ölkələrin sayı o qədər də çox deyil. Sözügədən dəyərlər sistemini mükəmməl şəkildə quran, yaşadan və inkişaf etdirən nadir ölkələrdən biri də Azərbaycandır. O Azərbaycan ki, ərazisinin 20 faizi 30 il işğala məruz qalmış, bir milyondan çox əhalisi köçkün vəziyyətinə düşmüş, minlərlə soydaşı genosidə məruz qalaraq qırılmış və itkin düşmüşdür. Dünya Birliyi bu ədalətsizliyə düz 30 il dözmüş, işğalçı Ermənistanı bu yoldan çəkindirmək üçün heç bir əməli addım atılmamışdır. Azərbaycan xalqı məcbur olaraq haqq savaşına qalxmış, torpaqlarını öz gücü ilə azad etmişdir. Bu möhtəşəm qələbənin qazanılmasında bir çox digər amillərlə yanaşı, Azərbaycanda bərqərar olan və unikal mahiyyət kəsb edən multikulturalizm və tolerantlıq mühiti mühüm rol oynamışdır. Dünyanın dörd bir yanına “Vətən” axtarışı ilə səpələnən ermənilərdən fərqli olaraq Azərbaycan xalqı hər kəsə qucaq açmış, mehribanlıq və insanpərvərlik göstərmiş, onlara vətən və torpaq sevgisi təlqin etmişdir. Bu sevgi və mərhəm münasibətin adekvat təcəssümünü istər birinci, istərsədə ikinci Qarabağ savaşında gördük. Cənab Prezident bu xüsusda danışarkən demişdir: “Bir çox hallarda multikulturalizm və mədəni müxtəliflik mövzusunda beynəlxalq tədbirlər zamanı mən həmişə qeyd edirdim ki, Azərbaycanın ən böyük sərvətlərindən biri multikultural və multikonfessial cəmiyyətin olmasıdır. Bu müharibə zamanı bütün millətlərin, etnik qrupların nümayəndələri son damla qanlarına qədər döyüşdülər. Onlar Vətənləri uğrunda döyüşdülər. Azərbaycanda müxtəlif etnik qruplardan ibarət xalqımızın Vətən sevgisi, vahid dil və dövlətçilik naminə güclü konsolidasiyası baş verdi. Mən bundan fərəhləndim və bu gün də fəxr edirəm ki, biz belə vətəndaşlar tərbiyə etmişik”.

Ermənistan heç vaxt monoərazi olmayıb. Zaman-zaman öz tarixi torpaqlarında yaşayan azərbaycanlılar və digər xalqların və etnik qrupların nümayəndələri zorakılıqla qovulmuşlar. Əgər ermənilər abarogen xalq olsaydılar, heç vaxt belə iyrənc əməllər törətməzdilər. Azərbaycanlılar öz tarixi torpaqlarından bir neçə dəfə qovulublar. Ən ağır hadisə isə 1918-ci ildə yaşanıb. O zaman İrəvan - qədim Azərbaycan şəhəri Ermənistana verilib. Azərbaycana qarşı bu siyasət 1920-ci ildən, sovetləşmədən sonra da davam etdirilib. Sovet hakimiyyəti həmin ilin noyabr ayında Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Axı, başqa cür ermənilər üçün “dövlət” yaratmaq mümkün olmazdı. Hələ bu azmış kimi, ermənilər sənədlərdə göstərilən ərazilərdən başqa, hər cür çirkin oyuna əl ataraq yüzlərlə kənddən azərbaycanlıları sıxışdırıb çıxararaq, həmin torpaqlara da yiyələndilər. Onlar bununla da öz məkrli əməllərinə son vermədilər. 1948-50-ci illərdə Qərbi Azərbaycanın müxtəlif bölgələrində yaşayan minlərlə soydaşımız öz doğma yurdlarından qovuldular. Onlar kütləvi şəkildə Kür-Araz ovalığına köçürüldülər.
Dağ yerlərindən köç edən bu insanların aran şəraitinə uyğunlaşması o qədər də asan olmadı. Ötən əsrin 70-ci illərində Azərbaycan rəhbərliyinə gələn ulu öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində həmin ərazilərdə canlanma baş verdi ki, bütün bunlar onların sosial vəziyyətini xeyli dərəcədə yaxşılaşdırdı. Ən kütləvi etnik təmizləmə 80-ci illərin sonlarında baş verdi. Həmin vaxt Ermənistan adlanan ərazidə bir nəfər də azərbaycanlı qalmadı, yəni 240 mindən artıq soydaşımız olmazın əzab və işgəncələrə məruz qalaraq doğma torpaqlarından çıxarıldılar. Sonra isə Kremlin və Qorbaçovun köməyi ilə Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayon Ermənistan terrorçu qüvvələri tərəfindən işğal olundu. Ermənistana havadarlıq edən, separatçılıq toxumu səpən Rusiya onun da fərqinə varmadı ki, İkinci Dünya müharibəsindəki qələbə yalnız və yalnız Bakı neftinin və bu nefti hasil edən on minlərlə neftçilərimizin fədakar əməyi sayəsində qazanılmışdı. Keçmiş Sovet İttifaqının dağılması prosesi də erməni separatizminin baş qaldırması ilə başladı. Keçmiş İttifaqın müxtəlif bölgələrində baş qaldıran və bu gün də həllini tapmayan münaqişələr erməni separatizminin təzahürləri kimi qiymətləndirilməlidir. Gürcüstanın Abxaziya bölgəsində baş qaldıran separatizm meyillərinin güclənməsində və alovlanmasında erməni terrorçularının bilavasitə iştirakı tutarlı dəlillərlə sübut edilmişdir.
Yuxarıda da deyildiyi kimi, Azərbaycanda milli və dini mənsubiyyətlərindən asılı olmayaraq, hər kəs Birinci Qarabağ savaşında olduğu kimi, 44 günlük Vətən müharibəsində də erməni faşizminə qarşı döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərmişlər. Bununla da onlar Vətənə, torpağa sonsuz sevgilərini, yurd təəssübkeşliyini əyani şəkildə sübuta yetirmişlər. İkinici Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi Azərbaycan türklərinin, rusların, ləzgilərin, talışların, yəhudilərin, zaxurların və s. çiyin-çiyinə bir nəcib amal uğrunda birliyinin təcəssümüdür. Müharibədə bir nəfər də olsun fərari olmadı. Hər yaralanan əsgər bir də döyüşə can atırdı. Bir ailədən iki nəfər eyni səngərdə vuruşurdu. Vətənpərvərlik məfhumunun əsl mahiyyəti də elə budur!
Azərbaycanda həyata keçirilən sistemli və ardıcıl siyasət multikulturalizmin ötəri bir kampaniya olmayıb, dövlətimizin milli, mənəvi, ümumbəşəri dəyərlərə əsaslanan ən ümdə hədəflərindən biri olduğunu göstərir. Azərbaycanın əsrlər boyunca yaradıb-yaşadığı bu unikal mühitin gələcəkdə də qorunub saxlanacağına heç bir şübhə yeri yoxdur. Çünki bu dəyərlər birdən-birə yox, minilliklər öncə pərvəriş tapıb, burada yaşayan insanların üzünmüddətli birgə və mehriban yaşamını təmin etmişdir. Bu qədər qəsblərə, faciələrə rəğmən, bu gün də biz erməniləri məkrdən, pis niyyətdən uzaq duraraq, birgə yaşamağa çağırırıq. Bilmirəm onlar revanşist düşüncələrdən əl çəkib bu yola gedəcəklər, ya yox. Bunu zaman göstərəcək. Bu yerdə hələ sovetlər dönəmində gürcü dostlarımdan eşitdiyim bir lətifə yadıma düşdü: - Yerevanda yaşayan bir yəhudi Moskvaya, Baş Prokurorluğa şikayət ərizəsi yazıb bildirir ki, burada yaşayan yəhudilərin əlli faizini tutub türməyə basıblar. Tez komissiya göndərilsin. Moskvadan Yerevana gələn komissiya türməyə baş çəkəndə görür ki, burada cəmi bir yəhudi dustaq var. Ərizə yazanı axtarıb tapırlar və soruşurlar ki, nə üçün yazıbsan ki, yəhudilərin əlli faizi türmədədir. O isə cavabında - əlli faiz etmir? Bir mən, bir də türmədə yatan dostum” deyir. Bu lətifədən ermənilər xəbərdar olmamış deyillər. Oturub yaxşıca düşünsünlər, bundan sonra özlərinə insana da, Tanrıya da xoş gələn bir həyat yolu seçsinlər.

 

Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin
xüsusi müxbiri