MƏQALƏLƏR

Seyid Şuşinski

  • 17.02.2022

 

Qarabağın görkəmli simaları

 

 

 

Azərbaycan xanəndəsi, Şuşa xanən­dəlik məktəbinin nümayəndəsi Mir Möhsün Ağa Seyid İbrahim oğlu Şuşinski 12 aprel 1889-cu ildə indiki Füzuli rayonunun Horadiz kəndində (Cəbrayıl qəzası, Yelizavetpol quberniyası) anadan olmuşdur.
Bəzi şəxslər tərəfindən atası Seyid İbrahimin elə məhz Horadizli olduğu iddia edilsə də, Firudin Şuşinski Mir Möhsün haqqında yazdığı bioqrafik "Seyid Şuşinski" adlı əsərində atasının Şuşalı olduğunu sübuta yetirmişdir. Belə ki, Seyid İbrahim 1879 və 1880-ci illərdə Qarabağda baş vermiş qıtlıq zamanı qardaşı Seyid Əli ilə birlikdə Şuşanı tərk edərək, Qarabağın varlı və böyük kəndlərindən biri olan Horadizdə məskən salmışdır. Qardaşı Seyid Əli isə Bərdə şəhərinə pənah aparmışdır. Seyid İbrahim Horadizə yerləşdikdən bir müddət sonra əttar dükanı açmış və 1884-cü ildə Məhparə adlı xanımla ailə həyatı qurmuşdur. Onun bu evlilikdən Seyid Zülfüqar, Seyid Miriş və Seyid Möhsün adlı üç oğlu dünyaya göz açmışdır. Seyid Möhsün hələ uşaq olarkən atası vəfat etmiş və o, xalası Məşədi Hürzad xanımın himayəsinə verilmişdir. Məşədi Hürzad Qarabağın qadın toylarında xanəndəlik edər və özü ilə birlikdə Seyid Möhsünü də toylara aparardı.
“Atamın vəfatından sonra məni xalam saxlayıbdır. Xalamın çox incə və şirin səsi var idi. Xalam səsimi eşidəndən sonra məni də özü ilə toylara aparardı. Xalam bütün muğamlara dərindən bələd olmaqla "Orta Mahur"u çox gözəl oxuyardı”.
Seyid Möhsün 1904-cü ildə xalası Məşədi Hürzad ilə Horadizdə toyda olarkən kənd camaatı toyda iştirak edən məşhur aşıq Aleksandan xahiş edirlər ki, onun ifasını dinləsin. Möhsünün səsinə valeh olan aşıq Aleksan onu öz dəstəsinə qəbul edir.
“Mən ilk dəfə Qarabağın Qoçəhmədli kəndində məşhur inqilab­çı Məmmədxan Məmmədxanovun toyunda aşıq Aleksanla birlikdə oxudum. Aşıq Aleksanın dəstəsi səkkiz nəfər idi. Oğlu Laləzar həm oxuyar, həm də çalardı. Üç-dörd il onlarla birlikdə Qozluçay dərəsi, Qarğabazar, Horadiz və Araz sahillərində yerləşən kənd toylarında və el şənliklərində çıxış etdim. Aşıq Aleksan nəinki el havalarına, həm də muğamlara dərin bələd idi. O, Vaqifin, Zakirin qəzəllərini və müxəmməslərini çox düzgün oxuyardı. Aleksan "Arazbarı"nı elə zövqlə oxuyardı ki, hamı heyran qalardı”.
Seyid Möhsün əmisi Seyid Əli ilə birlikdə 1907-ci ildə Füzuli şəhərində keçirilən toy məclislərinin birində qonaq qismində iştirak edən zaman əyləşənlərin tələbi ilə ifa etmək məcburiyyətində qalmışdır. Həmin vaxt Möhsünün səsinə ilk dəfə qulaq asmaq fürsəti əldə etmiş Seyid Əli ifadan valeh olmuş və bir neçə gün sonra Şuşaya qayıdarkən onu da özü ilə birlikdə şəhərə aparmışdır. Şuşada nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün əvvəlcə iki il Mir Möhsün Nəvvabın yanında oxumuşdur. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olmuşdur. Cabbar Qaryağdıoğlu onu "Şərq musiqisinin incisi" adlandırırdı. Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan "Çahargah"ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu "mayə"dən yox, "Mənsuriyyə"dən başlayardı, zildə böyük ustalıqla zəngulələr vuraraq, sonra "mayə"yə enərdi. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74-ü ötmüş Seyid "Mənsuriyyə"ni eyni şövqlə oxuyurdu.
Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvaninin qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edirdi. Sabirin "Millət necə tarac olur-olsun, nə işim var" şeirini "Müxalif"də oxuyardı. Seyid Şuşinski siyasi-ictimai mövzuda şeir və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olmuşdur. O, bir sıra mübariz ruhlu mahnılar da oxumuşdur: "Ayıl, ey millət", "Mən bir türkəm", "Millət istərsə" və s.
Seyid Şuşinski Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edirdi. O, “Molla Nəsrəddin”in bir neçə nömrəsinin çıxmağına maddi yardım göstərmişdir. Ümumiyyətlə, Seyid Şuşinski böyük mesenat idi, o dövrün teatr aktyorlarına çox kömək etmişdi, özü də aktyor kimi bəzi rollar oynamışdır. Seyid Şuşinski "Çahargah"dan başqa, "Mahur", "Nəva", "Məsnəvi", "Osmanı", "Arazbarı", "Heyratı" kimi muğamların gözəl ifaçısı idi. O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib, onları yeni variantda oxumuşdur ("Rast-Humayun", "Qatar-Bayatı", "Şur-Şahnaz"). "Rast"da və "Kürdi-Şahnaz"da "Dilkəş"i ilk dəfə Seyid Şuşinski ifa etmişdir.
Seyid Şuşinskinin görkəmli bəs­təkarımız Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazandığı "Şur" və "Kürdi-Ovşarı" simfonik muğamlarının yazılmasında məsləhətçi kimi böyük köməyi olmuşdur. Seyid Şuşinski 1956-cı ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülmüşdür. O, 1965-ci ildə Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.