MƏQALƏLƏR

Ziyad SƏMƏDZADƏ: Kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılır

  • 24.02.2022

Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, aparılan islahatlar və dövlət dəstəyi tədbirləri nəticəsində özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Belə hesab edilir ki, qarşıdakı onillikdə dünyada hər 10 iş yerindən 7-si kiçik və orta sahibkarlar tərəfindən yaradılacaq.
Ölkə üzrə sahibkarlıq subyektlərinin 99 faizinin KOB subyektləri olması kiçik və orta sahibkarlığın böyük potensiala malik olduğunu göstərir. KOB-ların ölkə iqtisadiyyatında rolunun və çəkisinin artırılması davamlı iqtisadi artımın təmin edilməsi baxımından prioritet istiqamətlərdəndir.
Prezident İlham Əliyevin sistemli islahatları nəticəsində xüsusilə son illərdə kiçik və orta sahibkarlığın maliyyə dayanıqlılığının artırılması, aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, güzəştli kreditlər verilməsi, eləcə də kiçik və orta biznesin inkişafının qanunverici bazasının möh­kəmləndirilməsi, müxtəlif iq­tisadi xidmətlərin «bir pəncərələr» vasitəsilə həyata keçirilməsi, sahibkarlıq fəaliyyəti üçün lisenziyaların azaldılması, icazələrin asanlaşdırılması istiqamətində xeyli işlər görülüb. Bütün bunların hər birinin əsasında dövlət başçısının tapşırıqları, müəyyən etdiyi vəzifələr, iqtisadi siyasət dayanır.
Bu sahədə görülən işlər olduqca təqdirəlayiqdir. Bütün bunlarla yanaşı, kiçik və orta biznesin inkişafının stimullaşdırılmasına, iş adamlarının biznes layihələrinin həyata keçirilməsinə dəstək məqsədilə təkmil və çevik dövlət dəstəyi mexanizminin yaradılmasına ehtiyac vardır. Məsələn, təcrübə göstərir ki, bəzən iş adamlarının daxili bazarı araşdırmadan iş qurması sonda istənilən nəticəni vermir. O cümlədən, sahibkarların öz hüquqlarını, ölkə qanunvericiliyinin tələblərini, vergi inzibatçılığını bilməmələri də müəyyən neqativ hallara səbəb olan amillərdir. Əlbəttə, bürokratik əngəllərin mövcudluğunu da inkar etmək olmaz.
Hazırda Azərbaycanda kiçik və orta biznesin ölkə iqtisadiyyatında payı yüksəkdir. Lakin başqa bir reallıq ondan ibarətdir ki, kiçik və orta sahibkarlığın potensialından tam istifadə olunmur. Bunun da əsas səbəblərindən biri əvvəldə qeyd etdiyim problemlərin müxtəlif səviyyələrdə özünü göstərməsidir.
Agentlik fəaliyyətinin bütün mərhələlərində mövcud dövlət dəstəyi mexanizmləri və göstərdiyi xidmətlər çərçivəsində kiçik və orta biznes subyektlərinə dəyərli yardım kimi dövlət qurumları ilə KOB subyektləri arasında körpü rolunu oynayır.
Agentliyin qarşısına qoyulmuş əsas vəzifələrin bir istiqamətini motivasiya tədbirləri təşkil edir. KOBİA kiçik və orta biznes subyektlərinin fəaliyyətini stimullaşdıran mexanizmlər vasitəsilə bunu həyata keçirir. Agentlik səlahiyyətli qurum olaraq dövlət orqanlarında sahibkarların maraqlarını təmsil etmək, sahibkarların rastlaşdıqları problemlərin həllində onlara kömək göstərmək kimi tədbirləri əhatə edir. Təhlillər göstərir ki, biznesin səmərəli təşkili və davamlı inkişafı bir tərəfdən sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi ilə müəyyən edilirsə, digər tərəfdən sahibkarların yaradılmış biznes mühitdə fəaliyyətlərinin düzgün təşkili ilə şərtlənir.
KOB-un xarici bazara çıxış imkanlarını genişləndirmək, kiçik və orta sahibkarlığın inkişafı, onların maliyyə mənbələrinə şəffaf mexanizmlər vasitəsilə çıxışına dəstək vermək mühüm istiqamətlərdən biri hesab edilməlidir.
Bütün bu vəzifələri yerinə yetirmək üçün KOBİA sahibkarlarla 4 növ təmas platforması vasitəsilə xidmətlər göstərir. Bunlar ərazi ("KOB Dostu” şəbəkəsi və KOB İnkişaf mərkəzləri), sektoral (sahəvi assosiasiyalar və fokus qruplar, "KOB klaster” şirkətləri), bir məkan prinsipi ("KOB evləri”) və elektron vasitə ("e-KOB evi” portalı) platformalarıdır ki, bu mexanizmlərin bir neçəsi artıq KOB-ların xidmətindədir.
Hazırda ölkə üzrə formalaşdırılmaqda olan “KOB Dostu” şəbəkəsi Agentliyin sahibkarlara başlıca və effektiv dəstək mexanizmlərindən biridir. Qeyd edək ki, KOBİA-nın regionlardakı fəaliyyəti bu şəbəkə vasitəsilə həyata keçirilir. Onlar sahibkarlıq fəaliyyəti ilə bağlı biznes subyektlərinə yerində operativ dəstək və xidmətlər göstərirlər. Bu baxımdan “KOB Dostu” şəbəkəsi KOBİA-nın KOB-lara başlıca dəstək mexanizmlərindən olmaqla yanaşı, həm də Agentliyin inzibati ərazi vahidləri üzrə nümayəndələri hesab edilir.
“KOB Dostu” şəbəkəsinin fəaliyyətinin digər mühüm istiqaməti KOB-ların hüquqlarının müdafiəsi ilə bağlıdır. KOB-ların hüquqlarının müdafiəsi, yarana biləcək problemlərin həlli dövlət-sahibkar əməkdaşlığı platformasında həyata keçirilir. “KOB Dostu” şəbəkəsinin fəaliyyətinin daha bir mühüm istiqaməti sorğu və monitorinqlərin keçirilməsidir. Sahibkarlarla sıx əlaqədə olan KOB dostları onların inkişaf ehtiyaclarını sorğular vasitəsilə öyrənir. Eyni zamanda, bu şəbəkə vasitəsilə yerlərdə KOB-lara göstərilən xidmətlərin monitorinqi aparılır.
Təkcə 2021-ci ildə KOB subyektlərinin ehtiyaclarının, qarşılaşdığı çətinliklərin və təkliflərinin öyrənilməsi üçün Bakı şəhəri və ölkə regionları əhatə olunmaqla 2 mindən çox KOB subyektinin iştirakı ilə 15 sorğu (kommunal xidmətlər, ictimai iaşə, tikintiyə icazə, əkinçilik və bağçılıq, elektrik şəbəkəsinə qoşulma, KOB subyektlərinin fəaliyyətlərində qarşılaşdıqları risklər və onların idarə edilməsi, KOB-ların rəqəmsal texnologiyalardan istifadəsi, xarici ticarət əməliyyatları, təlim və ixtisaslı kadr ehtiyaclarının öyrənilməsi, klasterləşmə imkanlarının araşdırılması, korporativ idarəetmənin qiymətləndiril­məsi, sahibkarların biznes mühitində məmnunluq səviyyəsinin ölçülməsi istiqamətləri üzrə) keçirilib.
2021-ci ildə Şirvan, Göyçay, Sabirabad, Salyan, İsmayıllı, Tərtər və Astara rayonlarında olmaqla 7 “KOB Dostu” fəaliyyətə başlayıb. Hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Şəki, Lənkəran şəhərlərində, Abşeron, Qəbələ, Şamaxı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Masallı, Füzuli, İmişli, Şəmkir, Cəlilabad, Kürdəmir, Şirvan, Göyçay, Sabirabad, Salyan, İsmayıllı və Tərtər rayonlarında 7 koordinator və 34 “KOB Dostu” fəaliyyət göstərir.
Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturunda mikro, kiçik və orta sahibkarların bilik və bacarıqlarının artırılması, innovasiyalara çıxışının genişləndirilməsi, müasir çağırışlara uyğun təlimlərin təşkili və praktik məsləhət xidmətlərinin göstərilməsi, biznesin qurulması və inkişafı məsələləri ilə məşğul olan KOB inkişaf mərkəzləri (KOBİM) fəaliyyət göstərir. Mərkəzlərdə həmçinin, innovativ sahibkarlığa, startaplara və ailə biznesinə dəstək göstərilir, qadınlar, əlilliyi olan şəxslər və gənclər arasında sahibkarlığın təşviqi, KOB-ların məlumatlandırılması istiqamətində digər tədbirlər həyata keçirilir. KOB inkişaf mərkəzlərində göstərilən bütün xidmətlər ödənişsizdir.
2021-ci ildə 17 KOBİM fəaliyyətə başlayıb. Bununla da KOBİM-lərin sayı ölkə üzrə 21-ə çatdırılıb. 2021-ci ildə KOBİM-lər tərəfindən ümumilikdə 1600-ə yaxın təlim keçirilib, bu xidmətlərdən 23 minə yaxın KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxslər faydalanıb.
KOBİA-nın struktur bölmələrindən biri kiçik və orta biznes evləri (KOB evləri) sayılır. Hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir.Gəncə və Bakı şəhərlərində isə KOB evlərinin yaradılması istiqamətində işlər aparılır.
KOB evlərində sahibkarlara təq­dim olunan xidmətlərdən məmnunluq səviyyəsinin ölçülməsi üçün elektron sistem tətbiq edilir və hər bir xidmət üzrə yerindəcə məmnunluq səviyyəsi ölçülür. Hər iki KOB evində sahibkarlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsi hazırda 98% təşkil edir.
Sahibkarlara vahid məkanda dövlət və zəruri biznes xidmətlərinin göstərildiyi KOB evləri tərəfindən təkcə 2021-ci ildə sahibkarlara ümumilikdə 50 mindən çox “G2B” (dövlət-biznes) və 3 mindən çox “B2B” biznes xidmətləri göstərilib.
Kiçik və orta sahibkarlığa dəstəyin vacib formalarından biri sahibkarların işini dövlət qurumları və digər sahibkarlarla əlaqələndirəcək, sahibkarlığın təchizat zənciri sistemini və satınalma şəbəkəsini, sahibkarlara göstərilən xidmətləri, KOB evlərində xidmət göstərənlərin müvafiq məlumat bazalarından istifadəni və digər funksiyaları özündə cəmləşdirəcək “E-KOB evi portalı”nın yaradılmasıdır.
Portal KOB evlərində kiçik və orta biznes subyektlərinə göstərilən xidmətlərin elektron formada vahid platforma üzərindən göstərilməsi üzrə müraciətlərin təqdim edilməsini, qəbulunu, emalını, cavab­landırılmasını, uçotunun aparılmasını, istifadəçilərin və işti­rak­çıların əlaqələndirilməsini və portaldan sərbəst istifadəsini, ona inteqrasiya olunmuş informasiya sistemlərindən məlumatların əldə edilməsini, eyni zamanda KOB evlərində, eləcə də qurumlar tərəfindən sahibkarlıq subyektlərinə fərqli zamanlarda və fərqli məkanlarda yerinə yetirilməsi planlaşdırılan bütün xidmətlərin göstərilməsini “e-KOB evi” üzərindən təmin edəcək.
Razılıq hissi ilə qeyd edilməlidir ki, Agentlik sahibkarlığın inkişafına mane olan daha bir səbəbin əhəmiyyətli dərəcədə yumşaldılması üçün ciddi addım atdı. Belə ki, sahibkarların şikayətlərini qəbul etmək, araşdırmaq, çevik həlli ilə bağlı müvafiq tədbirlər görmək, habelə KOB subyektlərinin qanuni maraqlarının qorunması vəziyyətinin qiymətləndirilməsi məqsədilə Agentlikdə Kiçik və orta biznesin maraqlarının müdafiəsi departamenti fəaliyyət göstərir.
Departamentin əsas fəaliyyət istiqamətlərindən biri də kiçik və orta biznes subyektlərinin maraqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarların fəaliyyətinə dair normativ hüquqi aktların hazırlanmasına və təkmilləşdirilməsinə dair təkliflər vermək, layihələrin hazırlanmasında iştirak etmək, həmçinin sahibkarların fəaliyyəti ilə əlaqədar yarana biləcək mübahisələri məhkəmədənkənar qaydada mediasiya yolu ilə həll etməkdir.
Həmçinin, departament KOB subyektlərində dövlət nəza­rə­tini həyata keçirən təşkilatlar tərəfindən keçirilən yoxla­malarda qanunvericiliklə müəyyən edilmiş qayda və hallarda müşahidəçi kimi iştirak etmək hüququna malikdir.
Ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, ölkə gənclərinin həyat tərzinə çevrilmiş könüllülər hərəkatı özünün inkişafının yeni mərhələsini yaşayır. Bu gün ölkədə fəaliyyət göstərən müxtəlif könüllü hərəkatları arasında KOBİA-nın “Kiçik və Orta Biznes Könüllüləri” (“KOB könüllüləri”) xüsusilə seçilir. KOBİA yarandığı gündən etibarən könüllülərlə sıx əməkdaşlıq edir və bu sahədə yaranmış müsbət təcrübəni inkişaf etdirir.
İndiyədək isə 360-dan çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub. Könüllülük fəaliyyəti müddətində gənclər müvafiq bilik və təcrübə əldə etməklə karyera imkanlarını genişləndirir və uğurla əmək bazarına daxil olurlar. “KOB könüllüsü” olmuş bir sıra gənclər artıq müxtəlif dövlət və özəl müəssisələrdə, o cümlədən KOBİA-da əmək fəaliyyətinə başlayıblar.

KOB klasterlərinin yaradılması da sahibkarlığın inkişafına öz müsbət təsirini göstərəcək
Kiçik və orta biznes klasteri eyni və ya bənzər sektorda, əlaqəli və bir-birini tamamlayıcı fəaliyyət sahələrinin müəyyən coğrafi bölgədə yerləşməsi ilə meydana gələn, ümumi infrastruktur, texnologiya, vahid bazar, işçi qüvvəsi və xidmətləri paylaşaraq qarşılıqlı iqtisadi əlaqələrin qurulması, birgə fəaliyyət imkanlarına malik olan KOB klaster şirkəti və iştirakçılarının əməkdaşlıq modelidir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində “KOB klaster şirkəti” və “KOB klasterin iştirakçısı” üçün bir sıra vergi güzəştləri müəyyən olunub.
Belə ki, KOB klaster şirkəti 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır.
KOB klasterin iştirakçısı isə 7 il müddətində əldə etdiyi mənfəətin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin gəlir vergisindən azad olunur.
KOBİA tərəfindən gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməyən məhsul (xidmət) istehsalı üçün sahibkarlara “Startap” şəhadətnaməsi də təqdim edilir. “Startap” şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilirlər.
Sahibkar satışa dair zəruri məlumatları hesabat şəklində portaldan əldə edə bilirlər. Portalda istifadəçilər üçün vahid ödəniş sistemindən və çatdırılma xidmətlərindən istifadə imkanı yaradılıb.
www.kobmarket.az sahibkarların onlayn satış imkanlarını genişləndirməklə yanaşı, ölkədə onlayn ticarətin inkişafına, KOB-ların və istehlakçıların rəqəmsallaşdırılması prosesinin sürətləndirilməsinə, eləcə də nağdsız ödənişlərin artırılmasına öz töhfəsini verir. Hazırda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin www.kobmarket.az elektron ticarət platformasından daha geniş yararlanması üçün təşviq tədbirləri davam etdirilir. Sözügedən portalda sahibkar və müştəri məmnuniyyəti əsas prinsip kimi nəzərə alınaraq, müasir elektron həllərin tətbiqi istiqamətində yeniliklərin əlavə edilməsi, platforma üzərindən satışın əhatə dairəsinin genişləndirilməsi ilə bağlı işlər aparılır. Məhsullarla yanaşı, xidmətlərin də portalda yerləşdirilməsi üçün müvafiq tədbirlər görülür.
2020-ci ilin dekabr ayından etibarən KOBİA tərəfindən işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərən yerli və xarici sahibkarlıq subyektlərinin müraciətlərinin qəbuluna başlanılıb və proses hazırda da davam etdirilir. İndiyədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 1000-ə yaxın müraciət daxil olub. Bunlardan 446 müraciət investisiya layihələri, 499-u isə digər iş və xidmətlərin (əsasən podrat əsaslı) həyata keçirilməsi ilə bağlıdır. Müraciətlərin 27%-i tikinti, 27%-i ticarət və xidmət, 21%-i sənaye, 18%-i kənd təsərrüfatı və digər 7%-i turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edir.
İşğaldan azad olunmuş ərazilərin bərpası və iqtisadi dəyər zəncirinə reinteqrasiyası istiqamətində həyata keçirilən tikinti-quruculuq işlərində dövlət-özəl sektor tərəfdaşlığı modelinin geniş tətbiq edilməsi hədəflənir.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış suvenir istehsalı müəssisəsi və istixana təsərrüfatınin fəaliyyəti barədə 2021-ci ildə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinə məlumat verilib. “Cocuq Mərcanlının İnkişafı” Fondu, KOBİA, TÜİB və TİKA-nın dəstəyi ilə yaradılmış suvenir istehsalı müəssisəsi və istixana təsərrüfatlarında 40-dan çox kənd sakininin işlə təmin edilməsi nəzərdə tutulub.
Həmçinin 44 günlük Vətən müharibəsi dövründə sahibkarlara dəymiş ziyanın qiymətləndirilməsi prosesinin təşkili KOBİA-ya həvalə edilib. Ümumilikdə 294 sahibkarlıq subyektinə dəymiş təqribən 4,7 milyon manat həcmində kompensasiyanın ödənilməsi təmin olunub.
KOBİA tərəfindən “Ağıllı kənd” layihəsi çərçivəsində işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma kəndlərinə qayıtdıqdan sonra məşğulluğunu təmin etmək və mikro bizneslərin yaradılması üçün kənd sakinlərinə dəstək göstərilməsi nəzərdə tutulur. Bu məqsədlə KOBİA Dövlət Məşğulluq Agentliyi, Aqrar Xidmətlər Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti ilə birgə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş Zəngilan rayonunun sakinlərinə biznes fəaliyyətinə başlamaları və məşğulluqlarını təmin etmələri üçün dəstək göstəriləcək.
İşğaldan azad olunan ərazilərdə inşa edilən, ikinci hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanında da tikinti işləri davam edir. Uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə bu ilin may ayında başlanılıb. Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq.
Rayonun coğrafi yerləşməsi və burada olan imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli şərait yaradır. Bundan əlavə, bu hava limanı Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq. Tikinti işlərinin 2022-ci ildə tamamlanması planlaşdırılır.
2021-ci il oktyabrın 26-da isə Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə "Dost Aqropark" layihəsinin təməli qoyulub. Türkiyə və Azərbaycan sərmayədarları tərəfindən həyata keçiriləcək "Dost Aqropark" layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.
Ölkəmizin ictimai, sosial-iqtisadi və mədəni həyatında qadınlar xüsusi rol oynayır, Vətənimiz üçün layiqli, vətənpərvər övladların tərbiyə olunmasında Azərbaycan qadınlarının rolu böyükdür.
Qadınların iqtisadiyyatda, məşğulluğun təmin edilməsində və özəl sektorun inkişafında rolu, mikro və kiçik sahibkarlıq fəaliyyətinə və özünüməşğulluğa marağı artmaqdadır. Ölkəmizdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş sahibkarların 21,3%-ni qadınlar təşkil edir.
KOBİA-nın fəaliyyətində qadın sahibkarlığının inkişafı prioritet istiqamətlərdəndir. Agentlik tərəfindən qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması, KOB subyektləri arasında qadınların sayının daha da artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir, KOBİA yanında fəaliyyət göstərən İctimai Şurada Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası aktiv şəkildə təmsil olunur.
İndiyədək Bakıda və müxtəlif regionlarda sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması, satış bazarlarına və maliyyə resurslarına çıxışı istiqamətində KOBİA tərəfindən həyata keçirilmiş müxtəlif tədbirlərdən və dəstəklərdən istifadə etmiş sahibkarların 30%-dən çoxunu qadınlar təşkil edib. KOB-ların beynəlxalq təcrübəyə yiyələnməsi məqsədilə KOBİA-nın tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”ndan indiyədək 451 sahibkar və menecer yararlanıb ki, onların 30%-dən çoxu qadınlardır.
Razılıq hissilə qeyd edilməlidir ki, sahibkar qadınlar işğaldan azad edilmiş rayonlarda bir sıra müəssisələrin tikilib istifadəyə verilməsi təşəbbüsü ilə çıxış ediblər. Regionda, ümumiyyətlə respublikada idxalın azaldılmasına xidmət edən tikiş məhsulları, parça, ayaqqabı və s. yüngül sənaye məhsullarının istehsalı müəssisələrinin yaradılmasına ehtiyac vardır.
Hesab edirik ki, bu məsələ qarşıdakı dövrdə sənayenin inkişafının prioritet istiqamətlərindən biri olmalıdır. Etiraf edək ki, yüngül sənayenin istər sahə, istərsə də regional strukturu respublikanın inkişaf istiqamətləri baxımından məqbul sayıla bilməz. Bu sahənin köklü inkişafı üçün xüsusi dövlət proqramının hazırlanmasına böyük ehtiyac yaranmışdır və onun hazırlanmasına müvafiq idarəetmə strukturları və sahibkarlar aktiv şəkildə cəlb edilməlidirlər.
Bu gün sahibkarlar ölkə iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərir, sosial məsuliyyətlərini dərk edərək mühüm əhəmiyyət kəsb edən layihələrin reallaşmasına öz layiqli dəstəklərini verirlər. Bu gün Azərbaycanın real sektorunda fəal iştirak edən çoxsaylı sahibkarlıq subyektləri vardır ki, onların da ölkə iqtisadiyyatının inkişafına verdiyi töhfələr ildən-ilə artır.


Akademik Ziyad SƏMƏDZADƏ