MƏQALƏLƏR

Kredit faizləri

  • 03.03.2022

Hər kəs müxtəlif zamanlarda maddi ehtiyaclarının ödənilməsi üçün bank xidmətlərindən istifadə edir. Bank xidmətləri isə çox vaxt vətəndaşların maddi vəziyyətini yaxşılaşdırmaq əvəzinə daha da pisləşməsinə səbəb olur. Burada əsas problem kredit faizlərinin yüksək olmasıdır.
Bankların faiz siyasəti ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənovun fikirlərini öyrəndik.

- Yerli bankların kredit faizləri hansı meyarlar əsasında müəyyənləşir?
- Azərbaycanda kredit faizlərinin müəyyənləşməsində iki meyar əsas götürülür. Bunlardan birincisi bankın xərcləri hesab edilir, o baxımdan ki, banklar həmin pulu hansı faizləri ödəməklə əldə edir. Çünki banklar öz pullarını kreditə vermirlər və bu pulları əmanətçilərin, sahibkarların cari hesablarının və şirkətlərin hesabına toplayırlar. Bu gün Azərbaycanda qorunan əmanət faizi 12%-dir, bankların xərclərini də nəzərə alsaq, təbii ki, minimum 12%-dən başlamalıdır.
İkinci meyar isə risklərdir, belə ki, verilən kreditlərin qaytarılmama riski var. Verilən kreditlərin bir qismi problemli kreditlərə çevrilir, bəzən isə ümumiyyətlə qaytarılmır. Bir sözlə, bankların çox sayda xərcləri çıxır ki, bu xərclər rəsmi və qeyri-rəsmi olur. Bununla işçi saxlayır, kollektor şirkətləri ilə əməkdaşlıq edir və məhkəmə proseslərində əlavə xərclər yaranır.

- Faizlərin müəyyənləşməsi prosesində əhalinin yaşayış səviyyəsi nə dərəcədə nəzərə alınır?
- Xeyir! Bank yalnız öz xərclərini və xeyirini düşünür. Əmanətlərin yüksək faizlə saxlanması məsələsində əhali yüksək gəlir əldə edirsə, kredit verilməsi prosesində də bu nisbət bankın xeyrinə dəyişir. Əhali əmanətlərinin saxlanması zamanı çox qazanmaq istəyir ki, bu səbəbdən də kredit faizləri yüksəlmiş olur. Burada sərbəst bazar iqtisadiyyatıdır və yalnız dövlət xətti ilə verilən kreditlərdə əhalinin vəziyyəti nəzərə alınır.

- Dövlət banklarında kredit faizləri orta əməkhaqqına uyğunlaşdırılımış formadadırmı?
- Azərbaycanda iki dövlət bankı, 24 özəl bank var. Beynəlxalq Bank və AzərTürk bank dövlət bankı, digərləri isə özəl banklardır. Ümumilikdə isə heç birində orta əməkhaqqı nəzərə alınmır, yəni idarə edənlər ancaq bankın rifahını düşünürlər.

- Avropa bankları ilə Azərbaycan bankları arasında faiz fərqlilikləri müşahidə olunur: Avropaya nisbətdə bizdə faizlər daha yüksəkdir. Bu nə ilə əlaqədardır?
- Birinci məsələ ondan ibarətdir ki, Avropada əmanətlər üzrə faizlər aşağıdır, yəni 1-2% aralığında, bizdə isə 12%-dir. Təbii ki, bu, banka baha başa gəlir və normal olaraq faizlər yüksəlir. İkinci məsələ isə Avropada banklar istədikləri zaman rahatlıqla, tam sərbəst rəqabət şəraitində dövlət banklarından aşağı faizlə kredit götürə bilirlər, bizdə isə bu, yoxdur. Bizim bankların mərkəzi bankdan ucuz kredit götürməsi isə çox çətin məsələdir. Üçüncü məsələ isə Avropada məhkəmə-hüquq sisteminin səviyyəsinin daha yüksək olmasıdır. Şəffaflıq və qanunilik ön plandadır. Bu səbəbdən də banklar çəkinmədən faizləri aşağı sala bilirlər. Banklar əmindirlər ki, alınan kredit qaytarılmadığı təqdirdə məhkəmə tərəfindən bu iş qanuni və operativ şəkildə qiymətləndiriləcək. Bizdə isə bankların belə əminliyi yoxdur.

- Avropa kredit faizləri daha ədalətlidir, yoxsa Azərbaycan?
- Mən arzu edərdim ki, kreditlər faizlər alınmadan verilsin, islam banklarında olduğu kimi. Burada verilən puldan hər hansı bir gəlir götürülürsə, həmin gəlirin müəyyən hissəsi həmin bankın payına düşür. Bu isə kredit vermək yox, şərikli işləmək hesab olunur. Faiz mövcud dünya modelidir, bir növ sələmçiliyə söykənən maliyyə növüdür. Amma bu maliyyə modeli çərçivəsində də faizlər nə qədər aşağı olsa, o qədər yaxşıdır.

- Faizlərin aşağı salınması və faiz siyasətinin tənzimlənməsi üçün hansı addımlar atılmalıdır?
- Birincisi, əmanətlər üzrə faizlər endirilməlidir, yəni qorunan əmanət faizi 12% olmalı deyil.
İkincisi, bankların mərkəzi bankdan kredit alması qaydası şəffaf və vahid qayda ilə olmalıdır.
Üçüncüsü, məhkəmə-hüquq sistemində dərin islahatlar olmalıdır, əsasən də kadr islahatları.

 

Zeynalov İmran