MƏQALƏLƏR

Zülfü İLYASOV: Həssas kateqoriyadan olan insanlara qayğı artırılır

  • 10.03.2022

Azərbaycan dövlətinin ali strateji hədəfi sosial rifah dövləti qurmaqdır. 18 ildən artıq bir müddətdir ki, bu məqsədə doğru addım-addım irəliləyirik. Cəmiyyətin həyatında çox müsbət dəyişikliklər baş verib, insanların sosial vəziyyəti xeyli dərəcədə dəyişib.
Hər şeyin həll olunduğunu demək də tezdir. İnkişaf etmiş dövlətlər bu yolu çox uzun müddətə qət edib. Düz 30 il torpaqlarımızın 20 faizi işğal altında olub, bir milyona yaxın qaçqın və köçkün soydaşlarımızın həyat və yaşamı üçün böyük həcmdə maliyyə vəsaiti sərf olunub. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə və bunun nəticəsində regionda yaranan yeni reallıqlar Azərbaycanın önəmini birə-beş artırıb. İşğaldan azad olunmuş ərazilərdə qısa zaman kəsiyində xarüqələr yaradılıb, möhtəşəm işlər görülüb. Doğma yurd yerlərimizə Böyük Qayıdışın astanasına yaxınlaşırıq. Bütün bu illər respublika üzrə həyata keçirilən geniş islahat proqramları ilə paralel şəkildə aparılır.
Postmüharibə dövründə sözügedən kateqoriyalara aid 10 min şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayından başlanan “Məşğulluq marafonu” üzrə işlə təmin olunan şəhid ailələri və qazilərin sayı 1744-ə çatıb. Marafona bu günədək 618 işəgötürən qoşulmuş və 4203 vakansiya təqdim olunmuşdur.
Prezident İlham Əliyevin 15 fevral 2022-ci il tarixli müvafiq fərmanının icrası çərçivəsində “Humanitar ailə” qayğı modeli üzrə idarəetmə e-infrastruktur üzərindən həyata keçirilir. Bu məqsədlə ƏƏSMN-in Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladgötürmə” alt sistemində yeni funksional imkanlar yaranır və bu sistem cari ilin sonunadək daha mükəmməl formada təkmilləşdiriləcəkdir.
Onu da qeyd edək ki, himayədar ailə institutu dünyada geniş yayılmış nümunədir. Bu forma ilə uşaqların dövlət zəmanəti ilə ailə mühitində yaşaması təmin olunur.
Cənab prezident tərəfindən imzalanan fərmana əsasən, himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləmə və dövlət nəzarəti cari ilin noyabrın 1-dək ƏƏSMN tərəfindən həyata keçiriləcək. Prezidentin sərəncamı ilə yaradılan vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və müharibə əlillərinə xidmətlər göstərilir. İndiyədək həmin kateqoriyaya aid ölkələrdən ibarət 15,5 min şəxs bu xidmətdən faydalanıb, 142 Çağrı mərkəzi tərəfindən həmin mərkəzlərə aid məsələlər üzrə 15,5 min vətəndaş müraciəti cavablandırılıb.
Bakı şəhəri və Abşeron rayonundakı DOST mərkəzlərində, həmçinin Gəncə şəhərində, Masallı və Ucar rayonlarında vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərir. Həmin mərkəzlərdə 39 qurum, o cümlədən 6 mərkəz tərəfindən 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən operativ, şəffaf, vətəndaş məmnunluğu əsasında icra olunur. Bu xidmətlərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələrə dair xidmətlər daxildir. Hazırda vahid əlaqələndirmə mərkəzləri şəbəkəsinin respublikamızın bölgələri üzrə genişləndirilməsi istiqamətində işlər görülür. Mərkəzlərə müraciətlərin sayı fərqli qurumlar üzrə müxtəlifdir. Belə ki, ötən müddətdə ƏƏSMN üzrə 5988, Müdafiə Nazirliyi üzrə 6979, Səhiyyə Nazirliyi üzrə 266, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti üzrə 402, İcbari Tibbi Sığorta Dövlət Agentliyi üzrə 224, Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 1287, yerli icra hakimiyyətləri üzrə 446 müraciət qeydə alınıb. ƏƏSMN-in tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işlərini aidiyyatı qurumlarla birgə aparır. Həmin kateqoriyadan olan 2659 şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik müəyyən olunmuşdur. Əlillik təyinatı ilə əlaqədar əlillik dərəcələrinə uyğun olaraq birdəfəlik sığorta ödənişi və əlilliyə görə müavinət, yaxud əlilliyə görə əmək pensiyası təyinatı aparılıb. Agentliyin həkim ekspertləri Nazirlər Kabinetinin qərarı ilə yaradılan komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların müayinəsini və müvafiq sənədləşmə işlərini həyata keçirir.
Müdafiə və Ədliyyə nazirliklərinin, Dövlət Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin hərbi həkim komissiyaları tərəfindən xəsarət və xəstəliklərin xidmətlə əlaqəsini müəyyənləşdirmək məqsədilə şəhadətnamə və tibb müəssisələri tərəfindən göndərişlər (forma 80) elektron sistemə daxil edilir. Son mərhələdə əlilliyin qiymətləndirilməsi aparılaraq qərar verilir. Bundan başqa, ƏƏSMN-in tabeliyində yaradılan Sosial Xidmətlər Agentliyinin ötən il başladığı xidmət çərçivəsində hazırda sağlamlıq imkanları məhdud 110 uşaq səyyar formada (evlərində) reabilitasiya xidmətləri ilə təmin olunub. Onlar daun sindromu, uşaq serebral iflici, eşitmə məhdudiyyəti, hidrosefaliya, mikrosefaliya, sağ və sol yuxarı ətrafın inkişaf geriliyi olan 6 yaşınadək uşaqlardır. Agentlik pedaqoq, psixoloq, sosial işçi və loqopedlərdən ibarət mütəxəssis qrupları vasitəsilə həmin uşaqların ünvanlarına gedərək, onları kompleks sosial-psixoloji və sosial-pedaqoji reabilitasiya xidmətləri ilə təmin edir.
Bu kateqoriyadan olan uşaqların davranış pozuntuları, diqqət çatışmazlığı, hiperaktivlik, adaptasiya problemi və başqa halların reabilitasiyası üçün müvafiq işlər görülür. Bu məqsədlə müxtəlif proqram və terapiyalardan, pediatrik reabilitasiya üsullarından istifadə olunur. Eyni zamanda, valideynlər üçün maarifləndirici təlim və seminarlar keçirilir. Hazırda sağlamıq imkanları məhdud 16 uşağın sosial reabilitasiyası kursu uğurla başa çatıb.
Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən sosial tədbirlərin əhatə dairəsi çox genişdir. Müharibədə zərər çəkmiş şəxslərə göstərilən dəstək mexanizmlərindən biri də onların özünüməşğulluq proqramlarına cəlb olunmasıdır. Postmüharibə dövründə 6,5 mindən çox şəhid ailəsi üzvü və qazi özünüməşğulluq proqramına cəlb edilib.
İlkin mərhələdə kiçik bizneslə məşğul olmaq üçün lazımi bilik və bacarıqların aşılanması məqsədilə onlar təlimlərə cəlb olunurlar. Təlimlərdən sonra isə seçdikləri fəaliyyət növü üzrə kiçik ailə təsərrüfatı və müəssisənin yaradılması üçün onlara zəruri mal və materiallar, avadanlıqlar formasında aktivlər verilir. Vətən torpağının bütövlüyü uğrunda şəhid olan, qazi olan şəxslər, onların ailə üzvləri Azərbaycan xalqının mənəvi dünyasında uca məqamlarda dayanır. Onlara dəstək, hörmət və ehtiram həm dövlətin, həm də hər bir vətəndaşın borcudur.

 

Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin xüsusi müxbiri