MƏQALƏLƏR

Xan Şuşinski

  • 10.03.2022

Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri olan Xan Şuşinski (doğum adı: İsfəndiyar Aslan oğlu Cavanşir) 1901-ci il avqust ayının 20-də Şuşa şəhərində, Qarabağın məşhur tayfalarından olan Cavanşir sülaləsinə mənsub Aslan bəyin ailəsində dünyaya göz açıb.
Balaca İsfəndiyarın ustadı İslam Abdullayev öz dövründə “Segah İslam” kimi tanınırdı. O, məclislərin birində İsfəndiyarın səsini bəyənib və onu özünə şagird götürüb. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xan İqbalın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını vermişdir. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olmuşdur. Qeyd etmək lazımdır ki, Xan Şuşinskinin təsirləndiyi şəxslərdən biri olan Şeyid Şuşinski o dövrün görkəmli xanəndəsi Əbdülhəsən xan İqbali Azər ilə yaxından dost olmuşdur. Əbülhəsən xan vallarından birində "Hümayun" muğamını oxuyaraq, üzərində onu Seyid Şuşinskiyə həsr etdiyini yazdırmışdı.
1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək, öz ifaçılıq fəaliyyətini genişləndirmişdir. 1920-ci ildə Bakıdan Qarabağa təbliğat konsertləri vermək üçün gələn bolşevik təşviqat briqadasının içində Cabbar Qaryağdıoğlu da olmuşdur. Cabbar Qaryağdıoğlu Xan Şuşinskini də yanına alaraq, bütün Qarabağda konsertlər vermişdir.
Xanın repertuarında "Mahur–Hindi", "Bayatı-Qacar", "Qatar" dəsgahları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.
Bakıya gəldikdən sonra buradakı ilk rəsmi çıxışını 1923-cü ildə həyata keçirmişdir. Bu çıxış Azərbaycan Dövlət Filarmoniyasında həyata keçirilmişdir. Bundan sonrakı illərdə böyük məşhurluğa sahib olmuş və bir çox ölkələrdə və şəhərlərdə qastrol səfərlərində olmuşdur. Həmçinin, Səməd Vurğunun "Azərbaycan" poemasında da adı keçmişdir.
1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görülmüşdür. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil etmişdir.
1943-cü ildə Xalq Artisti adına layiq görülmüşdür. Bu fəxri ada layiq görülməsindən bir il sonra, yəni 1944-cü ildə Məhəmməd Rza Şah Pəhləvinin dəvəti ilə İrana qastrol səfəri etmişdir. Bu səfər zamanı Tehran da daxil olmaqla 4 şəhərdə konsert vermişdir. Xan Şuşinski 1959-cu ildə "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.
1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində "Muğam studiyası" yaratmış və burada gənc xanəndələrə muğamın sirlərini öyrətmişdir.
O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs demiş, muğam ifaçılarının yeni nəslini yaratmışdır. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirirdi. Bu baxımdan onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olmuşdur. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət etmişdir. Bu mənada Üzeyir Hacıbəyovun "Qara göz" mahnısının ilk ifaçısı olmuş və mahnını yüksək zövqlə oxuyaraq yaşatmışdır. Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə “Qaragöz”ü dinləməkdən zövq alırmış.
Xan Şuşinski, həmçinin Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində (Asəf Zeynallı adına Musiqi Məktəbi) müəllimliklə də məşğul olmuşdur.
Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən cəmi 240 dəqiqəlik lent yazısı qalıb. Xan Şuşinski 18 mart 1979-cu ildə vəfat etmişdir. İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Xanəndənin adının əbədiləşdirilməsi məqsədilə Azərbaycanda "Xan Şuşinski Fondu" fəaliyyət göstərir. Fondun direktoru xanəndənin qızı Bəyimxanım Verdiyevadır.