MƏQALƏLƏR

Novruz adətləri

  • 17.03.2022

Novruza bax, yaza bax
Bir əriyən buza bax
Sellər axır şırhaşır
Çöllər olur yamyaşıl...


Bu kiçik dörd misrada Novruzun bu qədər böyük şadyanalıq, sevinc və təmtəraqla qeyd olunmasının, toy-bayramla qarşılanmasının səbəblərindən bəzilərini tapmaq mümkündür. Axı ölkəmizə yaz gəlir, ağaclar çiçək açır, torpaq canlanır... Böyükdən-kiçiyə hər kəs bu bahar ətirli bayramı qarşılamağa hazırlaşır.
Orta əsr Şərq mənbələrində Novruz bayramı ilə bağlı bəzi rəvayətlərə də rast gəlinir. Ömər Xəyyamın “Novruznamə” əsərində bu bayramın tarixi ilə bağlı qeyd olunur ki, “Novruzun yaranmasının birinci səbəbi odur ki, həmin gündə Günəş dövrə vurub, 365 gün 6 saatdan sonra öz yerinə qayıdır. Əfsanəvi İran hökmdarlarından olan Cəmşid bu günü müəyyənləşdirdiyinə görə, onu yeni gün - Novruz adlandırıb və bayram edib. Digər bir rəvayətdə qeyd olunur ki, Cəmşid bir sıra şəhərlər gəzərək, nəhayət, Azərbaycana gələndə taxta çıxıb və camaat onu çiyinlərində aparıb. Günəş o taxta düşüb, hər yan nura qərq olub. Camaat bu günü uğurun başlanğıcı hesab edərək, onu Novruz - Yeni gün adlandırıb.
2009-cu ildə Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan olunmuşdur.
Bu sevilən bayramın tarixi qədər qədim olan, milli ruh və yaddaşımızı bütün zənginliyi ilə əks etdirən adət-ənənələri, əsrdən-əsrə, nəsildən-nəslə keçərək yaşayan inancları da var. Novruz bayramının əsas yaradıcı və aparıcı qüvvəsi Azərbaycan xalqı hesab olunur, bu bayrama xas olan adət-ənənə və mərasimlərə isə ən incə özəlliklərinə qədər əsasən ölkəmizdə əməl edilir. Bayramda keçəl qış, kosa yazı təmsil edir. Yeni paltar geyinmək təmizlik, küsülülərin barışması birlik, tonqaldan tullanma ağırlıqdan qurtulma, yumurta döyüşdürülməsi qış və yazdan ibarət iki dünyanın toqquşması, səməni cücərtmək təbiətin canlanması, qulaq falı yeniliklər eşitməyə ehtiyac mənasını ifadə edir. Novruzun xalqımızın milli birlik və adət-ənənələrin vahidliyi ideyasında əks olunmasında bayram şirniyyatlarının da öz rolu var, onlar da bir sıra rəmzi mənalar ifadə edirlər. Burada insana həyat verən dörd ünsürün əlamətləri vardır: paxlava oyanmanı, sərt qış yuxusundan yaşamağa açılan gözü ifadə edir, torpaq elementidir. Şəkərbura ayın simvoludur. Kənarındakı və üzərindəki naxışlar isə ayın şüalarını xatırladır, havanı təmsil edir. Qoğal od elementidir və günəşin simvoludur, istiliyin rəmzi olaraq Novruz süfrələrini bəzəyir. Şəkərçörək isə suyu təmsil edir və torpaq üzərindəki gölə bənzədilir.
Novruz şirniyyatları qədər bayram süfrəsindəki yeməklər də bir sıra inanclarla bağlıdır. Hər süfrədə plovun yer alması düyünün, çəltiyin xalqımızın təsərrüfat həyatındakı əvəzsiz rolu və çəkisi ilə əlaqədardır. Bayram süfrəsinə "S" hərfi ilə başlayan 7 növ qidanın qoyulması da Novruzla bağlı inanclardandır.
Novruzun qarşılanmasına dörd həftə öncə başlanılır və dörd ünsürün: su, hava, od, torpaq adı ilə çərşənbələr qeyd olunur. Çərşənbələrdə və bayram axşamlarında tonqaldan tullanar, "ağırlığım - uğurluğım odda yansın", - deyərlər. Bayram tonqalı ətrafında birlik rəmzi olan yallı gedər, rəqs edərlər.
Bayram xonçalarına rəngarənlik verən al-əlvan yumurtalar həyatın rəngli çalarlarda olması arzusunu əks etdirir. Yumurta döyüşdürmək də çox maraqlıdır. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirməli olur.
Bayramda qapıya papaq atılar, atılan papaq da boş qaytarılmaz. Bayram xonçasında ailə üzvlərinin sayı qədər şam yandırarlar.
Bayramda qulaq falına çıxılar, niyyət tutub qonşu qapının arxasında ilk söz eşidilənədək qulaq asılar. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarə edər.
Bayramın ən sevilən adətlərindən biri isə ünsiyyətin, mehribanlığın qorunması, xəstələrin ziyarət olunması, yaşda böyük olanlarla görüşmək, bayramlaşmaqdır. Hər gününüz Novruz kimi olsun.

BAYRAMINIZ MÜBARƏK!

Hazırladı:
Mətanət Hüseynova