MƏQALƏLƏR

Zülfü İLYASOV - Torpağın məhsuldarlığının yüksəldilmədsi aqromeliorativ tədbirlərin düzgün aparılmasında keçir

  • 31.03.2022

Bu gün dünya miqyasında baş verən xoşagəlməz hadisələr digər ölkələr kimi, bizi də qayğılandırır, yeni geosiyasi reallıqlar fonunda siyasətimizi korrektə etmək məcburiyyətində qoyur. Rusiya və Ukrayna arasında alovlanan və getdikcə miqyasını artıran hərbi münaqişə hər iki ölkə ilə sıx iqtisadi bağları olan Azərbaycan üçün də təsirsiz ötüşməyəcək. Hər iki ölkə soydaşlarımızın ən çox yaşadıqları ölkələrdir. Əgər münaqişə uzun müddət davam edərsə, onların bir hissəsinin vətənə dönüşü baş verə bilər. Digər tərəfdən iqtisadi əlaqələr zəminində Rusiya və Ukraynadan Azərbaycana idxal olunan ərzaq məhsulları xüsusi çəkiyə malikdir. Odur ki, bu deyilənləri nəzərə alaraq, vaxtında qabaqlayıcı tədbirlər görməli, baş verə biləcək hər cür kataklizmlərdən sığorta olunmalıyıq. Son illər Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması istiqamətində həyata keçirilən islahat proqramları öz müsbət nəticələrini vermiş, bir sıra əsas ərzaq növləri üzrə idxal minimuma enmişdir. Lakin buğda, duru yağ, kərə yağı, balıq, ət məhsulları və s. üzrə asılılıq qalmaqdadır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 16 mart tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” hazırlanmışdır. Strateji Yol Xəritəsində kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün torpaq və su ehtiyatlarından səmərəli istifadə edilməsi ilə yanaşı, yaxın illərdə yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi əsas hədəflərdən biri kimi müəyyən edilmişdir. Hazırda ölkə əhalisinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə dövlət tərəfindən kənd təsərrüfatı istehsalına və emal müəssisələrinə texniki və maliyyə dəstəyi davam etdirilir. Əsas istiqamətlər bunlardır: iqlim amillərinin təsirinə qarşı dayanıqlığın artırılması, mövcud torpaq ehtiyatlarından səmərəli istifadə, əkin sahələrinin artırılması, aqrar sahədə kadr hazırlığının səviyyəsinin yüksəldilməsi, ölkənin investisiya qoyuluşu baxımından əlverişli ərazilərində aqroparkların, ərzaq bazalarının yaradılması, suvarma əkinçiliyinin intensive inkişaf yoluna çıxarılması.
Bu gün yeni əkin dövriyyəsinə daxil edilən, suvarılan ərazilərdə müasir texnologiyalar tətbiq edilir, torpaqların münbitliyi artırılır, meliorativ vəziyyəti yaxşılaşdırılır və bunun fonunda iqtisadi effektivlik təmin olunur. Bu işlərin yüksək səviyyədə icrası üçün bir sıra məsələlərin həlli zəruri vəzifə kimi qarşıya qoyulmuşdur. Belə ki, yeni əkin dövriyyəsinə cəlb ediləcək torpaqların aqrofiziki və aqrokimyəvi xassələri, məhsulvermə qabiliyyəti, münbitlik göstəriciləri haqqında tam və dəqiq layihələr hazırlamaq üçün həmin ərazilərdə elmi tədqiqat və layihə-axtarış işlərinin aparılmasına ciddi ehtiyac duyulur. Uzun illərin təcrübəsi göstərir ki, torpaqlardan primitiv və kortəbii istifadə qısa müddət ərzində onların əkin dövriyyəsindən çıxmasına səbəb olur. Prezident İlham Əliyevin 2020-ci il 27 iyul tarixli sərəncamına əsasən təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üzrə Tədbirlər Proqramı”nın icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də vaxtaşırı müzakirələr aparılır və müxtəlif tədbirlər həyata keçirilir.
Səhmdar Cəmiyyəti tərəfindən 2020-ci ildə İmişli (4357 ha), Biləsuvar (8506 ha), Sabirabad (5000 ha) olmaqla, cəmi 17813 ha sahədə torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması tədbirləri həyata keçirilmişdir.
Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin qarşısında duran ümdə vəzifələrdən biri respublikamızın işğaldan azad olunmuş ərazilərindəki kənd təsərrüfatına yararlı,suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin öyrənilməsi istiqamətində müvafiq işlərin görülməsidir. Bu məqsədlə Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin 1 fevral 2022-ci il tarixində təsdiq edilmiş “İşğaldan azad olunmuş ərazilərdə suvarılan torpaqlarda hidrogeoloji-meliorativ xidmətin təşkili” haqqında əmrin icrasına başlanılmışdır. Bununla əlaqədar olaraq suvarılan torpaqların xəritələşməsi, məlumat bazasının formalaşdırılması, mütəmadi monitorinqin təşkilinə hazırlıq işlərinin görülməsi, meliorativ tədbirlərin effektivliyinin yoxlanılması və dayanıqlı metodların torpaq istifadəçilərinə öyrədilməsi istiqamətində təkliflərin hazırlanması nəzərdə tutulmuşdur. Əmrin icrası ilə əlaqədar hazırda hidrogeoloji-meliorativ xidmətin təşkil olunduğu ərazilər bunlardır: Ağdam (35400 ha), Füzuli (27199 ha) və işğaldan azad olunmuş 138,466 ha, o cümlədən Ağdam (37711 ha), Qubadlı (14956 ha), Laçın (10466 ha), Füzuli (46230 ha), Cəbrayıl (32495 ha), Kəlbəcər (3952 ha), ümumilikdə 201,173 ha.
Suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin öyrənilməsi məqsədilə “Arazboyu” Regional Zonası üzrə müvafiq sahə yaradılmışdır.
Hazırda Hidrogeoloji-Meliorativ Xid­mət İdarəsinin nəzarətində olan ərazilər faktiki olaraq Şirvan, Muğan-Salyan, Mil-Qarabağ, Qanıx-Əyriçay, Masallı-Lənkəran, Gəncə-Qazax, Samur-Abşeron və Arazboyu massivlərin suvarılan torpaqlarını əhatə edir.
Mövcud rejim - müşahidə şəbəkəsi qrunt sularının yatım dərinliyinin və minerallaşma dərəcəsi xəritələrinin tərtib olunmasına, torpaqların meliorativ vəziyyətinə nəzarət edilməsinə, suvarma rejiminin korrektə olunmasına, kollektor-drenaj şəbəkəsinin texniki vəziyyətinin yaxşılaşdırılmasına və meliorativ tədbirlərin effektivliyinin artırılması istiqamətində tədbirlərin hazırlanmasına imkan verir.
Respublikamızda 2021-ci ilin yekunu üzrə suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətlərin qiymətləndirilməsi və müqayisəli təhlili göstərir ki, qrunt suları bütün torpaqları əhatə edir, müxtəlif genezislərdə yatma dərinliyi 1 metrdən 5 metrə qədər və daha çoxdur. Hesabat ilində suvarılan torpaq sahələrinin hidrogeoloji-meliorativ vəziyyətinin əsas göstəriciləri aşağıdakı kimi olmuşdur: yaxşı -570.632 ha, kafi – 780.864 ha, kafi, ancaq pisləşmə təhlükəsi olan sahələr – 91791 ha. Mürəkkəb irriqasiya – təsərrüfat şəraitində yeganə hidromeliorativ proqnozlaşdırma metodu riyazi modelləşdirmə metodu hesab olunur.
Ancaq hidromeliorativ sistemlərin fəaliyyətinin analitik və yeraltı suların idarə edilməsinin daha effektiv metodu daimi təsir göstərən riyazi modellər əsasında imitasiya modelləşdirilməsi metodudur. Bu modelin tətbiqi üçün müvafiq elmi tədqiqat işlərinin aparılmasına zərurət vardır.
Aqrotexniki qulluğun səviyyəsini yüksəldən amillərdən bir də torpağın becərilməsi sistemidir. Becərmə yüksək səviyyədə aparılmalıdır. Çünki suvarılan torpaqların keyfiyyətinin və münbitliyinin artırılması bitkilərə sudan məqsədyönlü və səmərəli istifadə etmənin təşkilindən asılıdır.
Torpağın becərilməsi sistemi suvarılan torpaqların şorlaşmaması üçün torpağın strukturunun yaranması və saxlanılmasına, eyni zamanda onun üst qatdan buxarlanma intensivliyinin aşağı salınmasına yönəldilməlidir. Şorlaşmanın qarşısının alınması ilə mübarizədə səpindən əvvəl və bitkilərə qulluq zamanı yüksək aqrotexniki tədbirlərin aparılması mühüm rol oynayır. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasının birinci pilləsi düzgün əkinçiliyin tətbiqidir ki, bu da gübrələrdən daha səmərəli istifadə, qabaqcıl texnologiyaların tətbiqi, suvarmanın intensiv formada aparılması və digər amillərlə şərtlənir.
Aqromeliorativ tədbirlər sisteminə, əsasən, aşağıdakılar aid edilir:
- qısamüddətli növbəli əkinlərin yaradılması, üzvi və mineral gübrələmə sisteminin tətbiqi, becərmənin düzgün və vaxtlı-vaxtında aparılması, suvarma şəbəkəsində olan kanallar, kollektorlar və yollar boyunca tarlaqoruyucu meşə zolaqlarının yaradılması, torpağın strukturunu qoruyan düzgün suvarma texnologiyasının tətbiqi, planlaşdırılan məhsula uyğun optimal suvarma normalarının tətbiqi, şorlaşmış torpaqlarda duzsuzlaşdırıcı suvarma rejiminin tətbiqi və profilaktiki yuma.
Şorlaşmış torpaqlarda əsas bitkilərdən sonra quraqlığadavamlı olan bitkilərin əkilməsi məsləhətdir. Bu ikinci əkinlər zamanı həm əlavə məhsul əldə edilir, həm də əsas bitkidən sonra buxarlanma hesabına duzların yuxarı qatlara qalxmasına imkan verməməklə əlavə meliorativ effekt yaradır.
44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbə mənəvi-psixoloji amillərlə yanaşı, Azərbaycan iqtisadiyyatının inkişafında da yeni imkanlar açdı.
Bulaqlarımız, çaylarımız, su hövzələrimiz, meşə massivlərimiz özümüzə qaytarıldı. Bütün bu imkanların gətirəcəyi iqtisadi dividendləri, onların bəhrəsini yaxın illərdə görəcəyik.

Zülfü İLYASOV,
“İqtisadiyyat”
qəzetinin xüsusi müxbiri