MƏQALƏLƏR

Sosial rifah dövlətinin meyarı vətəndaş məmnunluğunun təmin olunmasıdır

  • 21.04.2022

Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ali hədəflərindən biri sosial yönümlü dövlət yaratmaqdır. İnkişaf edən dövlətlər bu yolu keçmək üçün onilliklər sərf etmişdir. Biz də bu amala doğru addım-addım irəliləyirik. 90-cı illərin tənəzzül, xaos və hərc-mərcliyindən çıxmış, ərazisinin 20 faizi işğal altına düşmüş və bunun nəticəsində bir milyondan artıq məcburi qaçqın və köçkün soydaşı olan, maliyyə və iqtisadi böhran içində boğulan bir ölkədə sosial məsələlərin həlli o qədər asan məsələ deyildir.
Problemlər həddindən artıq çox, imkanlar isə zəif. Əgər Ulu Öndər Heydər Əliyev o vaxtlar Azərbaycan rəhbərliyinə qayıtmasaydı, yaxud bu dönüş gec baş versəydi, bəlkə də müstəqilliyimizi itirəcəkdik. Tale xalqımızın üzünə güldü. Bu müdrik insan qısa zaman kəsiyində müharibədə atəşkəsi təmin etdi, vətəndaş müharibəsinin qarşısını aldı, aqrar islahatlara başladı, “Əsrin müqaviləsi”ni imzaladı və Azərbaycanı iqtisadi yüksəliş və tərəqqi yoluna çıxardı. Onun layiqli davamçısı və varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-ci ildən başlayaraq həyata keçirilən sistemli və ardıcıl tədbirlər nəticəsində ölkə iqtisadiyyatı güclənməyə başladı. Bununla paralel olaraq əhalinin həyat səviyyəsində yüksəliş baş verdi.
Demək olar ki, hər il əməkhaqqı, pensiya, sosial müavinətlər artırıldı, əhalinin sosial müdafiəsi istiqamətində digər zəruri işlər görüldü. Təkcə son 4 ildə görülən işlərin, həyata keçirilən tədbirlərin miqyası göstərir ki, biz hansı durumdan hansı səviyyəyə gəlib çıxmışıq. 2018-ci ildə yenidən dövlət başçısı seçildikdən sonra Prezident İlham Əliyevin ilk imzaladığı fərman şəhid ailələri ilə bağlı olmuşdur. 19 fevral 2018-ci il tarixli həmin fərmanla 1997-ci il avqustun 2-dək ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının vərəsələrinin (11 min şəhidin 18 mindən çox vərəsəsinin) 11 min manat həcmində birdəfəlik ödəmə proqramı ilə təminatı icra olundu. Dövlət başçısının 23 dekabr 2021-ci il tarixli fərmanına əsasən, hazırda 1997-ci il avqustun 2-dək hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların, bunlardan vəfat etmiş şəxslərin vərəsələrinin də birdəfəlik ödəmə - I dərəcəli əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat təminatına hazırlıq işləri aparılır. Həmçinin, 44 günlük Vətən müharibəsində iştirak edən şəxslərə “Müharibə veteranı” adı verilərək, onlara Prezidentin aylıq təqaüdünün təyinatı işləri cari ilin ilk rübündə uğurla icra olunub. Bundan başqa, şəhid ailələri üçün Prezidentin aylıq təqaüdlərinin məbləği də 2018-ci ilin əvvəllərinə nisbətən 2,3 dəfə artırılaraq 500 manata çatdırılıb. Müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə verilən aylıq Prezident təqaüdünün məbləği isə son 4 il ərzində 2,7 dəfəyədək artırılıb. Həyata keçirilən mühüm sosial dəstək tədbirlərindən biri də şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramıdır ki, bu da Prezidentin sərəncamı ilə 2021-ci ildə 5 dəfə genişlənib. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyadan olanlara 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev verilibsə, 2021-ci ildə bu rəqəm 3000-ə çatdırılmışdır. Nazirlik tərəfindən ötən dövr ərzində 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilmişdir.
Dövlət başçısının 25 avqust 2021-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsi qəhrəmanlarına və onlardan şəhid olanların ailələrinə mənzillər verilir. Həmçinin, digər həssas qrupların – gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq müəssisələrinin məzunlarının da mənzillə təminatı həyata keçirilir.
Dövlət başçısının tapşırığı ilə müharibə əlillərinin avtomobillə təminatı tədbirləri də uğurla davam etdirilir. Son 4 ildə 1450, ümumilikdə ötən dövr ərzində 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib. Pandemiyanın mənfi təsirlərini azaltmaq məqsədilə 2020-ci ilin əvvəlindən 3,4 milyon vətəndaşı əhatə edən əməkhaqqı, pensiya və digər sosial ödənişlər artırıldı və bunun üçün illik 2,1 milyard manat vəsait ayrıldı. Son 4 ildə müavinət və təqaüdlərdə orta hesabla 2,5 dəfə artım təmin olunmuşdur.
Onu da qeyd edək ki, 2018-2021-ci illərdə əmək müqavilələrinin sayında 30 faiz və həmin dövrdə illik əməkhaqqı fondunda iki dəfədən çox artım olub. Son 4 ildə və cari ilin ilk rübündə 44 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub. Özünüməşğulluq sahələrinin sayı 44-ə çatdırılıb. Bundan başqa, dövlət başçısının təşəbbüsü və göstərişi ilə 55 min vətəndaş ödənişli ictimai işlərə cəlb olunub.
Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə aparılan islahatların uğurları beynəlxalq səviyyədə də yüksək dəyər alıb. Xüsusilə, DOST Agentliyinin fəaliyyəti beynəlxalq miqyasda tanınmaqla, mükafatlara layiq görülüb. Belə ki, Agentlik 2022-ci ilin fevral ayında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının Fəxri Fərmanına layiq görülüb. Agentlik MDB məkanında sosial təminat sahəsində və vətəndaş məmnunluğunun artırılmasında qlobal innovasiyalar və texnologiyaların tətbiq edilməsi, eləcə də dövlət xidmətlərinin göstərilməsində operativ metodlara görə Fəxri Fərmanla mükafatlandırılıb. Bu yaxınlarda isə daha bir nüfuzlu mükafat – Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını qazanıb. “Texnologiya alətləri” kateqoriyasında sosial xidmətlərdə smart modelin tətbiqinə görə DOST Agentliyi 20 min səslə Avropanın bu nüfuzlu mükafatına sahib olub. Həmçinin, “Konüllü DOST Proqramı” da Azərbaycanda Könüllülər hərəkatının genişləndirilməsində önəmli rol oynayır və Avropa Sosial Şəbəkəsinin qeyd edilən müsabiqəsinin qalibi olmaqla, 4 istiqamət üzrə İSD sertifikatına layiq görülüb.
Dövlət Sosial Müdafiə Fondu da Böyük Britaniyada keçirilən “Dövlət sektorunda transformasiyaya görə beynəl­xalq mükafat” müsabiqəsinin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” adlı mükafatına layiq görülüb. DSMF tərəfindən müsabiqəyə təqdim edilən iş Azərbaycanda sosial təminat idarəçiliyinin mərkəzləşdirilməsi sahəsində son illər aparılan islahatlarla bağlı olub. Həmçinin, 2019-cu ildə Azərbaycanın 4 sosial layihəsi – özünüməşğulluq proqramı, ünvanlı sosial yardım, əlillik təyinatı üzrə e-sistemlər, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üzrə tədbirlər Beynəlxalq Sosial Təminat Assosiasiyasının ən yaxşı təcrübəsi kimi xüsusi mükafatla təltif olunub.
Dövlət başçısının uğurlu siyasəti ölkədə sosial infrastrukturun, o cümlədən sosial xidmət və reabilitasiya sisteminin davamlı inkişafına imkan yaradıb. 2018-ci ildən sonrakı dövrdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqla təmin olunaraq istifadəyə verilib. Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi açılıb. Yaxın aylarda Şamaxı Psixoloji Sosial Xidmət Mərkəzi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzi istifadəyə veriləcək. Yeni reabilitasiya mərkəzinin açılması və bərpa sisteminin müasirləşdirilməsi nəticəsində reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 3 dəfə artması və 30 minə çatması mümkün olmuşdur. Sosial xidmət sahələrində daimi təkmilləşmələr davam etdirilir.
Azərbaycanın müstəqillik qazandığı illərə nəzər saldıqca insanın gözlərindən nələr gəlib keçir. Getsin, gəlməsin bir də o günlər. İnsanlar, necə deyərlər, çörəklə imtahana çəkilmişdi. Bu günümüzə şükranlıq etməmək nankorluqdur. Əsas problemləri həll etmişik. Qarabağ düyününü çözmüşük, daha qaçqın, köçkünlərimiz yoxdur. Ölkəmiz yeni geosiyasi və geoiqtisadi reallıqlar müstəvisində gündən-günə inkişaf edir, möhkəmlənir. Bundan sonrakı hər il xalqımıza bolluq və firavanlıq gətirəcək, sosial rifah, dövlət quruculuğu yolunda qarşıda duran bütün problemlər öz həllini tapacaq.

 

Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin
xüsusi müxbiri