MƏQALƏLƏR

Zülfü İlyasov: İqtisadi siyasətdə sosialyönümlülük ön sırada dayanır

  • 10.09.2022

Azərbaycanda reallaşan sosial siyasətin əsas fəlsəfəsi hər bir vətəndaşın yüksək rifahının və yaşam tərzinin təmin olunmasıdır. Odur ki, iqtisadi sferada inkişafı göstərən ən vacib cəhətlərdən biri sosialyönümlülük amilinin ön sırada dayanmasıdır.
Bu baxımdan Azərbaycanda iqtisadiyyat sahəsində aparılan düzgün və düşünülmüş siyasət nəticəsində əhalinin sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşması təmin edilmişdir. Əlverişli sosial şəraitin yaradılması, ölkə miqyasında tarazlı və ahəngdar inkişaf tempinin təmin edilməsi, yeni iş yerlərinin açılması və məşğulluğun təmin olunması davamlı gəlirlərin formalaşması üçün etibarlı əsas yaratmışdır. Bu, Azərbaycan dövlətinin strateji hədəfi və ali məqsədidir. Bu gün Azərbaycanda gündəmdə olan əsas məsələlərdən biri insanların işlə təmin olunmasıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin altı ayı ərzində ölkədə 33,5 min yeni iş yeri açılıb. Bu dövrdə yaradılmış yeni iş yerlərinin 92 faizi qeyri-neft sektorunun payına düşür. Yeni açılmış iş yerlərinin 81,1 faizi Bakı şəhərinin, 0,4 faizi Naxçıvan Muxtar Respublikasının, 18,5 faizi digər regionların, o cümlədən 3,9 faizi Abşeron-Xızı, 2,6 faizi Şəki-Zaqatala, 2,1 faizi Gəncə-Daşkəsən, 2 faizi Quba-Xaçmaz, 2 faizi Şirvan-Salyan, 1,2 faizi Lənkəran-Astara, 1 faizi Qarabağ, 1 faizi Qazax-Tovuz, 0,9 faizi Mərkəzi Aran, 0,3 faizi Mil-Muğan, 0,4 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür. Göründüyü kimi, burada Bakı və ətraf rayonlar üstünlük təşkil edir. Ona görə də mərkəzlə regionlar arasında iş yerlərinin nisbətinin daha da yaxşılaşdırılması prioritet vəzifələrdəndir. İnanırıq ki, həyata keçirilməkdə olan islahat proqramlarının icrası nəticəsində belə meyillərin qarşısı alınacaqdır.
Sosial-iqtisadi inkişafa yönəldilən Dövlət Proqramlarında nəzərdə tutulan tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsi ölkə iqtisadiyyatında qeyri-neft sektorunun getdikcə irəliləməsinə, iqtisadiyyatın diversifikasiyası və prioritet sahələrə irihəcmli investisiyaların yatırılması nəticəsində yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlamasına, yeni iş yerlərinin açılmasına zəmin yaratmışdır. Artıq xeyli vaxtdır ki, dünyanı bürüyən koronavirus pandemiyası şəraitində Azərbaycan dövləti bu istiqamətdə fəaliyyətini zəiflətməmişdir. Pandemiyanın sosial-iqtisadi sahəyə vurduğu ziyanın minimuma salınması üçün hələ pandemiyanın əvvəlindən ölkədə genişmiqyaslı qabaqlayıcı tədbirlər görülmüşdür. İqtisadi artım dinamikasının qorunub saxlanılması üçün bir sıra sosial proqramlar işlənib hazırlanmış və uğurla həyata keçirilmişdir. Bu tədbirlər davam edir. Regionların sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində 2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illərdə qəbul edilmiş Dövlət Proqramları böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını büsbütün dəyişmiş, bölgələrin iqtisadi potensialının artmasına, infrastruktur təminatının köklü şəkildə yenilənməsinə imkan vermiş, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifah halının yüksəlməsinə böyük təkan olmuşdur.
Prezident İlham Əliyevin ilk fərmanlarından biri məhz “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” olmuşdur. 2008-ci ilə qədər olan bu proqramla 4 il ərzində 600 minə yaxın yeni iş yeri yaradılmış, onun da çox hissəsi daimi iş yerləri olmuşdur. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər nəticəsində ölkədə 766 mindən çox, o cümlədən 547,5 min daimi iş yeri açılmışdır. Bu proqramın icrası nəticəsində 27,5 min yeni müəssisə yaradılmışdır ki, bunun da 40 faizə qədəri regionların payına düşür. Yeni yaradılan müəssisələrin 80 faizindən çoxunu xüsusi mülkiyyətli müəssisələr təşkil etmişdir. Dövlət Proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ölkədə 1,5 milyon daimi olmaqla, 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmışdır. Həmin dövrdə işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir.
Respublikamızda həyata keçirilən ardıcıl və sistemli islahat proqramları sahibkarlığın inkişafına, insanların həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxarmışdır. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam edir.
Burada iqtisadiyyatın müxtəlif sferalarında, o cümlədən aqrar bölmədə, emal və mədən sənayesində, turizm sektorunda, enerji, yol nəqliyyat və logistika sahələrində möhtəşəm işlər görülür. Yaxın illərdə biz bunun real nəticələrini görəcəyik.

Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin xüsusi müxbiri