MƏQALƏLƏR

Akademik Ziyad SƏMƏDZADƏ: DÖVLƏTİN SİYASƏTİ VƏ ONUN HƏDƏFLƏRİ BARƏDƏ

  • 23.11.2022

Dünya təcrübəsi göstərir ki, iqtisadi inkişafın müəyyən mərhələsində, xüsusilə qloballaşma şəraitində beynəlxalq əlaqələrin genişləndirilməsi, əlverişli şərtlərlə yeni investisiya resurslarına, müasir texnologiyalara çıxışı təmin etmək məqsədilə borcun alınması və vaxtında ödənilməsi iqtisadi cəhətdən də, siyasi cəhətdən də vacib şərtlərdən sayılır.

XXI əsrin əvvəllərində Azərbaycanda adambaşına düşən xarici borcun miqdarı büdcə gəlirlərinin hər nəfərinə düşən miqdarından çox idi. 2002-ci ildə adambaşına düşən büdcə gəlirləri 150 manat, adambaşına düşən xarici borcumuz 190 manat təşkil edirdi. Valyuta ehtiyatları cəmi  1,4 mlrd. dollar təşkil edirdi. Azərbaycan vətəndaşının hər nəfərinə düşən borcu büdcə gəlirlərindən çox idi. Amma 2023-cü ilin dövlət büdcəsinin layihəsində adambaşına düşən büdcə gəlirlərinin ÜDM-də həcmi bizim xarici borcun adambaşına düşən həcmindən dəfələrlə çoxdur.

Cənab Prezident İlham Əliyev Milli Məclisdə 2010-cu ildə çıxışında bildirmişdi ki, bizim üçün 1-2 milyard, 3 milyard kredit almaq problem deyil. Ancaq biz elə kreditlər almalıyıq ki, onlar innovasiya texnologiyalarına, qeyri-neft sektorunun inkişafına yönəldilsin. Xaricdən alınan borcun başlıca istiqaməti real sektor, elm tutumlu, əmək tutumlu sahələr olmalıdır.  İlk növbədə diqqəti  yüksək texnologiyaları tətbiq edən sənaye müəssisələrinin tikintisinə yönəltməliyik. Biz dünyanın 150-dən çox ölkəsi ilə əməkdaşlıq edirik. Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri mübadilədir. İnsanlar arasında, dövlətlər arasında investisiya mübadiləsinin çox müsbət cəhətləri var ki, onlardan ən başlıcası inamdır. Razılıq hissi ilə qeyd edilməlidir ki, qlobal maliyyə böhranı şəraitində bizim heç bir ölkə, beynəlxalq təşkilatla borcun qaytarılması ilə əlaqədar problemimiz meydana çıxmamışdır. Bu, Azərbaycan dövlətinin nüfuzudur, Azərbaycan dövlətinə inamdır və bu, eyni zamanda Azərbaycan dövlətinin yeritdiyi büdcə siyasətinin məntiqi nəticəsidir.

Azərbaycan dövlətinin apardığı borc siyasəti, dövlətin,  hökumətin, Maliyyə Nazirliyinin borclanma ilə əlaqədar gördüyü tədbirlər təqdirəlayiqdir.

Artıq bir neçə ildir ki, ölkədə xarici borcun ÜDM-də xüsusi çəkisi azalmağa meyil edir. Dövlət başçısının tapşırığına əsasən qarşıdakı illərdə də bu meyil özünü göstərəcəkdir. 2023-cü ildə xarici borcun ÜDM-ə nisbətinin 8% səviyyəsində olacağı proqnozlaşdırılır.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbirdə  çıxış edərkən deyib:

“Bizim uğurlu iqtisadi-maliyyə siyasətimiz nəticəsində xarici dövlət borcumuzu əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bu da həm bu gün üçün, həm gələcək nəsillər üçün böyük üstünlük təşkil edir. Bu gün ona görə ki, bizim kredit reytinqimiz yaxşılaşır. Gələcək nəsillər üçün ona görə ki, bu yük gələcək nəsillərin üzərinə düşməyəcək. Bir neçə il bundan əvvəl mənim göstərişimlə aparılan islahatlar nəticəsində bu ilin sonuna biz xarici borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəyik. Əgər valyuta ehtiyatlarımızı götürsək, bizim valyuta ehtiyatlarımız xarici borcdan 8 dəfə çoxdur. Yəni, ancaq nadir ölkələr bu göstəricilərlə fəxr edə bilər”.

Aparılan müqayisəli araşdırmalar onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin borclanma siyasəti bundan sonra da ölkəmizin iqtisadi qüdrətinin, iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinin mühüm amillərindən biri olacaqdır.

Ekspertlərin fikrincə, o ölkə riskli ölkə sayılır ki, inkişaf səviyyəsindən asılı olaraq orada xarici borcun ümumi daxili məhsula nisbəti 50 faizdən yuxarıdır. Azərbaycanda bu rəqəm kritik göstəricidən 6 dəfə azdır.

Belə bir uğurlu nəticənin əsasını Azərbaycan dövlətinin apardığı düşünülmüş iqtisadi siyasət təşkil edir. Prezident İlham Əliyev demişdir: “Böhran onu göstərdi ki, elə ölkələr var onlar öz hesabına yaşaya bilmir, başqa ölkələrin yardımına möhtacdır və bu yardımları alırlar. Bəzi hallarda beynəlxalq maliyyə qurumlarından kreditlər şəklində yardımlar alırlar. Ancaq o da həqiqətdir ki, bu kreditlər gec-tez qaytarılmalıdır və bu yardımı edənlər də müəyyən şərtlər irəli sürür. Azərbaycan o nadir ölkələrdəndir ki, nəinki heç kimə yardım üçün müraciət etməyib, eyni zamanda, bizə dəfələrlə başqa yerlərdən kreditlərin verilməsi ilə əlaqədar müraciətlər daxil olmuşdur”.

Bu gün Azərbaycan artıq borc alan ölkədən borc verən ölkəyə çevrilib.

 

Azərbaycan dövlətinin xarici borcunun ÜDM-ə nisbəti

İllər

ÜDM-də xüsusi çəkisi, %

2002

21.74

2003

21.65

2005

12.39

2010

7,29

2015

13,02

2016

18,23

2017

23,05

2018

18.96

2019

18,9

2020

18.9

2021

20.7

 

2022-ci ilin 1 iyul tarixi vəziyyətinə görə 2022-ci ilin əvvəli ilə müqayisədə xarici dövlət borcunun mütləq ifadədə 253,4 milyon ABŞ dolları və ya 3,1 faiz endirilməsinə nail olunmuş, xarici dövlət borcunun ÜDM-ə nisbəti 2022-ci il 1 yanvar ilə müqayisədə 14,9 faizdən 3,2 faiz bəndi azalaraq 11,7 faizə çatmışdır.

İmzalanmış müqavilələrə uyğun olaraq xarici dövlət borcunun 45,2 faizi 10 ilə qədər olan müddətdə, 49,0 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 5,8 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. Xarici dövlət borcunun 85,9 faizi ABŞ dollarında, 7,6 faizi avroda, 3,1 faizi XBH-də (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları), 2,8 faizi yapon yenində, 0,9 faizi isə digər valyutalarda cəlb olunmuşdur.

Bu gün dövlət borcu dedikdə, bir qayda olaraq, dövlət və özəl sektorun borclarının cəmi başa düşülür. Onun həm cəmi, həm də sektorlar üzrə miqdarı təhlil edilməlidir. Bu zaman daxili borclanma da nəzərə alınmalıdır.

Onu da qeyd etməliyik ki, bir neçə il bundan əvvəl daxili borcun məbləği ümumi daxili məhsulun cəmi 1 faizini təşkil edirdi. Bu gün daxili borclanma siyasətində müsbət meyillər özünü göstərir.

2022-ci il 1 iyul tarixinə birbaşa daxili dövlət borcu 2789,7 milyon manat, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər 738,8 milyon manat olmaqla, daxili dövlət borcunun ümumi məbləği 3528,5 milyon manat və ya ÜDM-in 3,0 faizini təşkil etmişdir.

2022-ci il 1 iyul tarixi vəziyyətinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği ÜDM-in 14,7 faizini təşkil etmişdir. Məcmu dövlət borcunun 79,2 faizi xarici dövlət borcunun, 20,8 faizi daxili dövlət borcunun payına düşür.

Müəyyən miqdarda daxili borclanmaya getməklə iqtisadiyyatımızı daxili imkanlar hesabına inkişaf etdirmək, heç şübhəsiz ki, müsbət amil kimi qiymətləndirilməlidir. Xarici banklarda saxlanılan vəsaitlərimizin optimal həddi barədə düşünmək, onların bir hissəsinin ölkə daxilində istifadə edilməsi məqsədəuyğun olardı.

Azərbaycan Respublikasının 2023-cü il üzrə daxili dövlət borclanmasının yuxarı həddinin (limitin) 1300,0 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddinin (limitin) 750,0 milyon manat və il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddinin (limitin) 1 milyard manat məbləğində olması nəzərdə tutulur.

Qeyd edildiyi kimi,  Neft Fondunun və Mərkəzi Bankın kifayət qədər valyuta ehtiyatları vardır ki, bu da baş verə biləcək risklərin mənfi təsirini azaltmaq üçün kifayət qədər güclü mənbədir.

Məqsəd ondan ibarətdir ki, müvafiq strukturlar alınan borc vəsaitlərindən səmərəli istifadə etməli, borclanma siyasətində əsas strateji məqsədlərə nail olmalı, rəqabətə davamlı iqtisadiyyatın qurulmasına xidmət edən layihələrə üstünlük verməlidirlər.

Ziyad SƏMƏDZADƏ, Milli Məclisin deputatı, akademik