MƏQALƏLƏR

Zülfü İLYASOV- Azərbaycanda alternativ və bərpa olunan enerji istehsalı sahəsində güclü potensial var

  • 23.11.2022

Dünyada alternativ enerji mənbələrindən enerji istehsalına yatırımlar sürətlə artır. Bunun nəticəsində belə enerjilərin qlobal istehsalı 2021-ci ildə 10 faiz, növbəti ildə isə 50 faiz artaraq 2025-ci ildə qlobal enerji istehsalının 30 faizini təşkil edəcək. Ümumiyyətlə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 35 faizi bərpa olunan enerji mənbələrinin payına düşəcək. Ən çox artım isə günəş və külək enerjisi istehsalında, müvafiq olaraq 60 və 30 faiz qeydə alınacaq. Azərbaycan alternativ və bərpa olunan enerji sahəsində böyük potensiala malik olan ölkələr sırasındadır. Respublikamızın zəngin bərpa olunan enerji mənbələri vardır. Bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycanın iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 27.000 MVt, o cümlədən külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23.000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Günəş enerjisi üzrə, demək olar ki, bütün ölkə miqyasında layihələrin həyata keçirilməsi mümkündür. Külək enerjisi üzrə isə Xəzər akvatoriyası, Abşeron yarımadası, Bakı, Xızı rayonu daha əlverişli sayılır. Qiymətləndirmələr göstərir ki, küləyin sürəti 3-4 m/s olduğu halda elektrik enerjisinin əldə edilməsi mümkündür. Bakıda küləyin orta sürəti 11 m/s-dır. Bu da paytaxtda külək enerjisindən istifadə imkanlarının daha geniş olduğunu göstərir. Enerjiyə ən böyük tələbat paytaxtlardadır və yaxın perspektivdə belə bir tələbatın bərpa olunan enerji hesabına ödənilməsinə zərurət yaranacaqdır. Eyni zamanda, bu potensial torpaqlarımızın işğaldan azad olunmasından sonra daha da artıb. Bu regionlarda günəş enerjisi, əsasən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik sürəti 7,8 m/s təşkil edir ki, bu da bərpa olunan enerji istehsalı baxımından çox əlverişlidir.
Azərbaycanda yerli su ehtiyatlarının 25 faizinin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı daha əlverişli sayılır. Yuxarıda deyildiyi kimi, Xəzər dənizi ofşor külək enerjisi baxımından böyük potensiala malikdir. İlkin qiymətləndirmələrə görə təkcə Xəzərin Azərbaycan sektorunda 157 min meqavat səviyyəsində enerji olduğu hesab edilir. Bu, ölkəmizdəki elektrik stan­siyalarının ümumi gücündən 20 dəfə çoxdur.
Azərbaycanda 2013-2019-cu illər ərzində külək enerjisi istehsalı 131 dəfə, günəş enerjisi isə 55 dəfə artıb. 2030-cu ilədək əsas hədəf enerjinin ümumi istehsalında bərpa olunan enerjinin 30 faizə qədər yüksəldilməsinə nail olmaqdan ibarətdir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin inşa edəcəyi “Qaradağ” Günəş Elektrik Stansiyasının layihəsi bütünlükdə adı çəkilən şirkət tərəfindən maliyyələşdiriləcək. Rəsmi məlumata görə, stansiyada istehsal ediləcək enerji ilə 110 min mənzil elektrik enerjisi ilə təchiz olunacaq. Stansiya işə salındıqdan sonra ildə 110 milyon kubmetr qaza qənaət ediləcək. Eyni zamanda, 200 min ton tullantının qarşısı alınacaq. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycanın iqtisadi münasibətləri çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. Ticarət əlaqələri getdikcə artır, turizm sahəsində çox böyük potensial var. Azərbaycanla “Masdar” şirkəti arasında bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq üzrə indiyədək 4 anlaşma memorandumu imzalanıb. İmzalanan sənədlər çərçivəsində Qaradağ rayonunda günəş elektrik stansiyasının tikintisi ilə yanaşı, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında da “yaşıl” və təmiz enerji mənbələrinin işlənməsi nəzərdə tutulur. Kəlbəcər, Laçın zonasında 100 meqavat gücündə külək elektrik stansiyasının tikintisi planlaşdırılır.
Prezident İlham Əliyev bu xüsusda danışarkən bildirib ki, böyük həcmdə xarici sərmayələrin qeyri-neft sektoruna qoyulması bizim əsas prioritetlərimizdən biridir:
“Çünki uzun illər neft-qaz sahəsinə on milyonlarla dollar sərmayə qoyulub. Bu, bizə imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq. Bu gün Azərbaycan həm xam nefti, təbii qaz, neft məhsullarını, həm də elektrik enerjisini ixac edən ölkədir. Bizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Biz dörd qonşu ölkəyə ixracı təmin etmişik və əminəm ki, gələcəkdə digər bazarlara da elektrik enerjisi ilə çıxacağıq. Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması, qeyd etdiyim kimi, bizim ixrac imkanlarımızı artırır”.
İşğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ölkəmizdə bərpa olunan enerjinin inkişafı geniş vüsət alacaq. Həmin ərazilərin bərpa olunan enerji mənbələri üzrə potensialı 10 min meqavata yaxındır. Bu potensial əsasında 4 il ərzində ümumi gücü 780 MVt olan külək, günəş və elektrik stansiyalarının tikintisi həyata keçiriləcək. Bu istiqamətdə Bp şirkəti ilə Cəbrayılda ildə təxminən 500 milyon KVt./st. elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının layihəsi üzrə işlər aparılır. İki ilə yaxın müddətdə 11 kiçik su elektrik stansiyasının bərpası ilə enerji sistemində 54 meqavata yaxın istehsal gücü qazanılır.
Hazırda ümumi gücü 320 MVt-dan artıq 50-dən çox kiçik su elektrik stansiyasının bərpası və inşası həyata keçirilir. Bütün görülən tədbirlər yaxın illərdə Azərbaycanda elekrtik enerjisinin icrasında güclü potensial yaradılmasından xəbər verir.

Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin
xüsusi müxbiri