MƏQALƏLƏR

“Bir kərə yüksələn bayraq, bir daha enməz!"

  • 02.02.2023

Bir kərə yüksələn bayraq, bir daha enməz!"

Məhəmməd Əmin Rəsulzadə


 

Yanvarın 31-i Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Azərbaycan milli istiqlal hərəkatına başçılıq edən Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 139 il ötür.
O, 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub.
İlk təhsilini ikinci “Rus-müsəlman” məktəbində alıb, daha sonra təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirib. Məhəmməd Əmin Rəsulzadə inqilabi fəaliyyətə də həmin illərdə başlayıb. 1902-ci ildə 17 yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
1917-ci il oktyabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavat Partiyasının birinci qurultayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilib. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında “Azərbaycana muxtariyyət” şüarı altında milli hərəkat başlayıb.
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib.
1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunur. Mayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaradılır.
Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şuranın sədri seçilir. 1918-ci il mayın 28-də bütün ölkələrin radiostansiyaları və qəzetləri Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasını dünyaya yayır. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları içərisində hətta bütün Şərqdə ilk dəfə olaraq respublika qurdu.
1920-ci il aprelin 27-də baş verən sovet işğalı səbəbindən Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. AXC-nin qurucuları Azərbaycanı tərk etməli oldular.
1920-ci il aprelin 28-də Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra Məhəmməd Əmin Rəsulzadə Moskvaya, oradan isə Finlandiyaya gedib. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsr­də Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.
Məhəmməd Əmin Rəsulzadə uzun müddət Avropada mühacir həyatı yaşasa da, ömrünün son illərini Türkiyədə keçirdi və 1955-ci il martın 6-da Ankarada həyata vida etdi. Məzarı Ankaranın mərkəzindəki Əsri məzarlığındadır.
M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan”... sözlərini işlədib.
29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.
22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.
Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.
Həmçinin Azərbaycan Xalq Cümhu­riyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci il “Cümhuriyyət ili” elan edilib.