MƏQALƏLƏR

Ziyad SƏMƏDZADƏ: ZAMAN AZƏRBAYCANIN XEYRİNƏ İŞLƏYİR

  • 26.07.2020
 

Prezident İlham Əliyevin yürütdüyü siyasət Ermənistanın beynəlxalq aləmdə işğalçı dövlət kimi tanınması prosesini sürətləndirir, torpaqlarımızın tezliklə azad olunacağı günü yaxınlaşdırır

Azərbaycan xalqı 32 ildən artıqdır ki, Ermənistanın işğalçılıq siyasəti ilə üz-üzədir. Bunun təəssüf doğuran əsas tərəflərindən biri bu işğalın dünyanın gözü qarşısında baş verməsidir. Avropadakı mövcud münaqişələri qəti şəkildə aradan qaldıran beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünün pozulmasına olan etinasız münasibəti, məsələyə yanaşmada ikili standartlardan çıxış etməsi nə qədər acı olsa da, reallıqdır.
Bir neçə gün əvvəl Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat, Azərbaycan ərazilərinə soxulmaq cəhdi də beynəlxalq ictimaiyyətin işğalçını öz adı ilə çağırmamasının, ona təzyiq etməməsinin, əksinə bir çox hallarda təəssübünü çəkməsinin nəticəsidir.

Torpaq uğrunda ölən varsa, vətəndir!
Tovuz istiqamətində ordumuzun mövqelərini ələ keçirmək istəyən Ermənistan bu hərəkəti ilə işğalçılıq siyasəti yürütdüyünü və təcavüzkar dövlət olduğunu bir daha təsdiq etdi. Azərbaycan ordusu düşmənin bu niyyətinin qarşısını qəhramanlıqla aldı. Əks həmlə və zərbələrlə geri qaçmağa məcbur olan ermənilər xeyli canlı itki verdilər, hərbi texnika sarıdan tələfata məruz qaldılar.
Ermənistanın hərbi təxribatının qarşısının alınması bir sıra məlum həqiqətlərə yenidən işıq saldı ki, bunlardan biri ordumuzun şəxsi heyətinin, hər bir hərbi qulluqçumuzun yüksək vətənpərvərliyi, torpağımız uğrunda canını belə fəda etməyə hazır olmasıdır Bəli, aprel döyüşlərində olduğu kimi, bu dəfə də torpaqlarımızın keşiyində mətinliklə durmuş vətən övladları düşmənin hücumunun qarşısını qəhrəmancasına aldılar, bu yolda şəhidlik zirvəsinə yüksəldilər.
Döyüşlərdə 12 hərbçimizin, general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, yüksək rütbətli zabitlərimizin, gizir və əsgərlərimizin qəhrəmancasına həlak olması hər birimizi kədərləndirdi. Bütün dünya gördü ki, Azərbaycan ordusunun generalı, polkovniki öz əsgərləri ilə birlikdə ön cəbhədə vətənin müdafiəsindədir. Bir daha sübut olundu ki, Azərbaycan ordusunun generalı tabeliyində olan hərbçilərdən özünü fərqləndirmir və qarşıda duran tapşırığı yerinə yetirmək, doğma torpağını müdafiə etmək üçün öz canını hər an qurban verməyə hazırdır. Şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Şəhidlərimizin ruhu rahatdır, çünki qanları yerdə qalmadı. Ordumuz şəhid olan bütün hərbçilərimizin qisasını layiqincə aldı. Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev Ermənistanın təxribatının qarşısının qətiyyətlə alındığını bəyan edərək bu barədə dedi: «Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər».
Bəli, torpaq əgər uğrunda ölən varsa, vətəndir. Azərbaycan xalqı belə qəhrəman generalları, zabitləri, əsgərləri olan ordumuzla fəxr edir. Bu baxımdan ordumuzun Ermənistanın hücumunun qarşısını almaq üçün həyata keçirdiyi hərbi əməliyyat həm də bütövlükdə cəmiyyətimizdəki yüksək vətənpərvərlik ab-havasını nümayiş etdirdi. Bunu Azərbaycan ordusuna dəstək məqsədilə keçirilmiş aksiyalar da göstərir. İyulun 14-də Bakıda orduya dəstək yürüşü xalqımızın milli həmrəyliyinin, Azərbaycan vətəndaşlarının möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin təcəssümü idi. Aksiya iştirakçılarının səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti qürurverici haldır.
Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev bu yürüşü xalq-iqtidar birliyini göstərən daha bir mənzərə adlandırdı: «Bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər Xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər Xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər - mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi».
Bu cür tədbirlər göstərir ki, Azərbaycan xalqı torpaqlarının işğalı faktı ilə heç vaxt barışmayacaq və bu mübarizədə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir.

Milli həmrəyliyi­­mizin qarşısında bütün təxribatçı planlar iflasa məhkumdur
Lakin təəssüflə qeyd etməliyik ki, ordumuza dəstək məqsədilə iyulun 14-ü axşam saatlarında Bakıda keçirilən yürüşə bir qrup təxribatçı tərəfindən sonradan siyasi məzmun verilməsinə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər edilib. Belə ki, Şəhidlər Xiyabanının və Milli Məclisin qarşısına toplaşanların arasından bir qrup gecə saatlarında parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə, foyesinə daxil olan təxribatçılar inzibati binada dağıntılar törədib, inventara ziyan vurublar. Polis əməkdaşlarının vaxtında müdaxiləsi nəticəsində bu hərəkətin qarşısı alınıb və aksiya iştirakçıları parlamentin binasından çıxarılıblar.
Unutmaq lazım deyil ki, bu kimi hallar heç bir dövlətə, cəmiyyətə ziyandan başqa heçnə gətirmir. Ötən əsrin 90-cı illərindəki dövr hamımızın xatirindədir. Cəbhədə qızğın döyüşlər getdiyi bir vaxtda AXC-yə bağlı hərbi birləşmələrin Bakıda çıxardıqları oyunlar bütün ölkəni xaotik vəziyyətə sürükləmiş, dövlət idarəçiliyini iflic vəziyyətinə salmış, antiazərbaycançı qüvvələrin öz məkrli planlarını həyata keçirmələri üçün münbit şərait yaratmışdı.
Bir neçə gün əvvəl Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev də bildirdi ki, 1992-ci ildə parlament binasını zəbt edənlər eyni ssenarini bu dəfə də həyata keçirmək istədilər: «Yəqin ki, siz də xatırlayırsınız 1992-ci ili. Azərbaycan Xalq Cəbhəsinin hərbi çevrilişi parlamentin binasının zəbt edilməsi ilə başlamışdı və orada da başa çatmışdı. O kadrlar da var, yəqin ki, televiziyalar onu göstərəcəklər. O vaxt Azərbaycan hakimiyyəti bunun qabağında dura bilmədi. Çünki cəsarət, qətiyyət göstərmədi, iradə və ən önəmlisi, xalqın dəstəyi yox idi. Ona görə orada bir dəstə adam yığışan kimi, oraya basqın edən kimi hakimiyyət tamamilə dağıldı. Hərə bir tərəfə çəkildi, gizləndi, biri evində, biri harada. Hakimiyyətsizlik hökm sürürdü. Eyni ssenari üzrə bunlar bu dəfə də bunu etməyə çalışırdılar. Eyni ssenari üzrə, parlamentin binasını zəbt etmək, orada öz hakimiyyətini elan etmək».
İyulun 14-dən 15-ə keçən gecə Bakıda baş verənlər göstərdi ki, həmin vaxt olduğu kimi, indi də qaragüruh qruplar ölkəmizi xaosa, anarxiyaya sürükləmək istəyir. Lakin onların Azərbaycanı 1990-cı illərin əvvəllərinə qaytarmaq cəhdləri əbəsdir. Xalqımız bundan sonra da belə bədxah niyyətlərə qarşı sipər olacaq. Digər tərəfdən bu gün Azərbaycan dövləti çox güclüdür və ölkəmizi xoasa, anarxiyaya sürükləmək mümkün deyil. Ən əsası isə cəmiyyətimizdə möhkəm milli həmrəylik var və Azərbaycan xalqı öz rəhbərinin ətrafında sıx birləşib. Ona görə ölkəmizlə bağlı bütün təxribatçı planlar iflasa məhkumdur.


Tovuz qələbəsi Azərbaycanın hərbi qüdrətinin müharibə meydanındakı nümayişi oldu
Ermənistanın hərbi təxribatının dəf olunması və düşmənə sarsıdıcı zərbənin vurulmasının təsdiq etdiyi başqa bir reallıq isə Azərbaycan ordusunun əzici üstünlüyü və düşmənin istənilən hücumunun qarşısını anında almağa qadir olmasıdır.
Respublikamızda bu gün prioritet elan edilmiş vəzifələrdən biri ordunun gücləndirilməsi, ümumən Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüş qabiliyyətinin artırılması, modernləşməsidir. Xüsusən döyüş imkanlarının artırılmasında ən son hərbi texnologiyaların tətbiqi diqqət yetirilən əsas məsələlərdəndir. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı, status-kvonu qorumağa çalışdığı üçün ordumuz yenilməz və hər bir tapşırığı qələbə ilə yerinə yetirməyə qadir olmalıdır.
Bütün bu məsələləri daim diqqətdə saxlayan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordumuzun güclənməsi məqsədilə gərəkən bütün addımları atır. Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi xərclərin əhəmiyyətli yer tutması da tamamilə məntiqlidir. Bunun nəticəsidir ki, Silahlı Qüvvələrimizin döyüş imkan və qabiliyyətinin artırılması, qoşunların hərtərəfli və fasiləsiz maddi-texniki təminatının keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni silahların, texnikanın, hərbi əmlakın alınması istiqamətində davamlı və ardıcıl işlər aparılır. Qoşunların silah və döyüş sursatı ilə təminatı, uzun müddət istismarda olan silahların və cihazların yeniləri ilə əvəzlənməsi, onların istifadəsinin düzgün təşkili məsələlərinə də xüsusi diqqət yetirilir.
Bütün bunların nəticəsidir ki, Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda da görüb. Ölkəmizin hərbi qüdrətinin nümayişi olan belə paradlarda xalqımız və beynəlxalq ictimaiyyət Azərbaycanın mükəmməl hərbi gücə malik olduğuna şahidlik edib. Təsdiq olunub ki, Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir. Və dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar ölkəmizdə də var. Ən müasir tanklar, piyada döyüş maşınları, zirehli transportyorlar, zenit raket sistemləri, artilleriya qurğuları, reaktiv yaylım atəşi sistemləri, taktiki raket və minaatan kompleksləri, ağır odatan sistemlər, pilotsuz uçuş aparatları və digər texnikalar Azərbaycana öz hərbi potensialını əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verib. O cümlədən hava hücumundan müdafiə sistemimiz hava məkanımızı inamlı şəkildə nəzarətdə saxlayır. Bu istiqamətdə ordumuzun döyüş qabiliyyəti ən yaxşı silah istehsalçılarının texnologiyaları ilə güclənib.
Təsadüfi deyil ki, xarici reytinq agentliklərinin hesabatlarında da göstərilir ki, Azərbaycan ordusu öz imkanlarına görə Ermənistanı xeyli qabaqlayır. Məsələn, ABŞ-ın “Global Firepower” araşdırma mərkəzinin açıqladığı dünyanın ən güclü ordularının siyahısında Azərbaycan Silahlı Qüvvələri də yer alır. Mərkəzin dünyanın 137 ölkəsinin hərbi gücü ilə bağlı araşdırmasına əsasən, Azərbaycan 52-ci yerdə qərar tutub. “Global Firepower” hesab edir ki, Azərbaycan Ordusu tanklarına görə dünyada 32-ci, zirehli döyüş maşınlarına görə 41-ci, özüyeriyən artilleriyaya görə 27-ci, raket sistemlərinə görə isə 21-ci yerdədir.
Rusiyalı hərbi ekspertlər də vurğulayırlar ki, Dağlıq Qarabağda aktiv hərbi əməliyyatlar başlasa, Ermənistan Azərbaycanın qarşısında duruş gətirə bilməyəcək. Çünki Azərbaycan ordusunun arsenalında olan silah və texnikalar ən mürəkkəb döyüş əməliyyatlarının həyata keçirilməsinə imkan verir. Hansı ki Ermənistan bunun qarşısında çox duruş gətirə bilməz. Məsələn, Moskva Siyasi və Hərbi Təhlillər Mərkəzinin direktor müavini Aleksandr Xramçixin tamamilə doğru qeyd edib ki, Ermənistan ordusu Azərbaycanın pilotsuz uçuş aparatlarının qarşısında acizdir.
2016-cı ilin Aprel hadisələri zamanı cəbhənin Tərtər və Füzuli istiqamətində baş verənlər, yəni erməni hərbi birləşmələrinin təxribatlarının qarşısının alınması zamanı keçirilən hərbi əməliyyatlar Azərbaycan Silahlı Qüvvələrinin gücünün praktik təsdiqi oldu. Naxçıvanda Günnüt kəndinin işğaldan azad olunması və Ermənistanla sərhəddə strateji yüksəkliklərin ələ keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel qələbəsindən sonra növbəti zəfəri oldu. Xalq Cümhuriyyətinin və ordumuzun yaradılmasının yüzüncü ildönümünə təsadüf edən bu hadisə cəmiyyətimizin xoş ovqatını daha da artırdı, düşmən üzərindəki qələbə gününün o qədər də uzaqda olmadığını göstərdi. Hər birimiz növbəti dəfə ordumuzdakı qalibiyyət əzminin şahidi olduq.
Bu günlərdə Tovuz istiqamətində baş verənlər isə bir daha Azərbaycanın Ermənistan üzərindəki əzici hərbi üstünlüyünü göstərdi. Ən əsası odur ki, bu cür təxribatçılıq əməlləri Ermənistanın öz başında çatlayır və Azərbaycanı sürətlə böyük Qələbəyə yaxınlaşdırır.

Beynəlxalq ictimaiyyətin obyektiv reaksiyası erməni yalanlarının qarşısını alır
Tovuz istiqamətində baş verən yeni hərbi toqquşmalardan sonra Azərbaycanın müttəfiqləri, tərəfdaşları, ayrı-ayrı dövlətlər ölkəmizin müdafiəsinə qalxdılar. Ermənistanın sərhəddəki təxribatı ilə bağlı ən böyük dəstək qardaş Türkiyədən gəldi. Bu ölkənin siyasi və hərbi rəhbərliyi birmənalı və qəti şəkildə, həm də sərt üslubda Azərbaycanı dəstəkləyən bəyanatlar verdi. «Qardaş Azərbaycanı qətiyyən tək qoymarıq. Dağlıq Qarabağ işğal altındadır. Minsk qrupu 25-30 ilə yaxındır ki, bu işi masanın üstündə saxlayıb». Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib. Prezident İlham Əliyevlə vəziyyəti müzakirə etdiyini, Azərbaycan hərbi nümayəndə heyətinin Ankaraya səfərə gəldiyini diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə belə bir vaxtda qardaş Azərbaycanı qətiyyən tək qoymayacaq, sona qədər öz dəstəyini verəcək. “Qafqaz mücadiləsində olduğu kimi, bu gün də Azərbaycanın, azərbaycanlı qardaşlarımızın yanındayıq, yanında olacağıq”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Daha bir qətiyyətli dəstək dost Pakistandan gəldi. Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, 57 dövlətin birləşdiyi İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatlar verdilər. Bu sırada Ukrayna və Moldova dövlətlərinin də mövqeyi təqdirəlayiqdir
Üzvlərinin sayına görə BMT-dən sonra dünyanın ən böyük siyasi təşkilatı olan Qoşulmama Hərəkatının Ermənistanın hərbi təxribatı ilə bağlı qəbul etdiyi kommünike isə 120 ölkənin Azərbaycana dəstəyinin ifadəsi oldu. Sənəddə təşkilata üzv dövlətlər Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyini bildirərək, respublikamızın öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə göstərdiyi səylərlə həmrəy olduqlarını ifadə ediblər. Beləliklə, QH-nin 120 üzv dövləti tərəfindən Ermənistan silahlı qüvvələrinin iki ölkə sərhədində son hərbi təxribatı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqe ortaya qoyuldu.
İtaliya parlamentinin üzvlərinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, eləcə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarla çıxış etmələri mühüm siyasi hadisədir. İtaliya Senatının və Deputatlar Palatasının çoxsaylı üzvlərinin Ermənistan tərəfindən atəşkəs rejiminin pozulmasını və təxribatın törədilməsini pisləmələri, münaqişənin Azərbaycanın ədalətli mövqeyi çərçivəsində həllini bəyan etmələri ölkəmizin haqq səsinin Avropa məkanında eşidilməsinin təcəssümüdür.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistanın hərbi təxribatı ilə bağlı beynəlxalq təşkilatların və dünya ölkələrinin reaksiyasına dair fikirlərini bildirərək deyib: “Budur bizə göstərilən beynəlxalq dəstək. Qeyd etdiyim kimi, digər ölkələr, bəzi Avropa ölkələri öz rəsmi nümayəndələri vasitəsilə Azərbaycana dəstək ifadə etdilər. İndi baxın, görün, Ermənistana kim dəstək göstərdi? Görməmişəm. Burada da təcrid vəziyyətindədir. Çünki hamı bilir ki, Azərbaycan haqlıdır. Bir çoxları bizim fəaliyyətimiz nəticəsində biliblər ki, bu çirkin təxribatı Ermənistan törətmişdir”.
Beləliklə, beynəlxalq ictimaiyyətin obyektiv reaksiyası Ermənistanın təcavüzkar dövlət kimi tanınması prosesini sürətləndirir. Mən bu sırada xarici ölkələrdəki diaspor təşkilatlarımızın təşkilatçılığı ilə keçirilən aksiyaları da xüsusilə qeyd etmək istərdim. Məhz onların bu günlərdə aktiv fəaliyyəti nəticəsində hadisələrlə bağlı obyektiv məlumatlar xarici ölkələrin icitmaiyyətinə çatdırıldı və ermənilərin bu barədə yalan informasiya yaymaq cəhdlərinin qarşısı alındı.

Son hərbi məğlubiyyətdən sonra Er­mə­nistanın diplo­matik müstəvidə uğursuzluğu daha da artacaq
Bu günlərdə bir dövlət və ya təşkilat Ermənistanın lehinə olan fikir səsləndirmədi. Yerevanda Ukrayna səfirliyinə qarşı həyata keçirilən iyrənc hadisə isə Ermənistanın siyasi-hərbi rəhbərliyinin son hərbi təxribatdan sonra diplomatik müstəvidə uğursuzluğa məruz qalmasına görə keçirdiyi əsəbin göstəricisi idi.
Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatı da onu müdafiə edən hansısa bəyanat vermədi. Məlum olduğu kimi, bu hadisədən sonra təşkilat dərhal toplanmalı və baş vermiş hadisəni dəyərləndirməli idi. İyulun 12-də Ermənistan hadisə ilə bağlı KTMT-yə müraciət etmiş və təşkilatının iclasının çağırılmasını tələb etmişdi. Bu barədə qurumun saytında elan da yerləşdirilmişdi. Lakin qısa müddət sonra elan saytdan silindi və KTMT-nin heç bir iclası keçirilmədi.
Bu hadisə pərt vəziyyətinə düşən Ermənistanın diplomatik müstəvidə növbəti uğursuzluğu oldu. Bir daha sübut edildi ki, vassal Ermənistan üzvü olduğu təşkilatlarda belə ciddi qəbul olunmur. Ən əsası isə Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdiyi kimi, KTMT-nin Ermənistandan başqa bütün üzvləri bizim dostlarımızdır. KTMT-nin üzvü olan Belarus, Tacikistan, o cümlədən türkdilli dövlətlər olan Qazaxıstan və Qırğız Respublikası ilə Azərbaycanın əlaqələrini izah etməyə ehtiyac belə yoxdur. Rusiya Federasiyası ilə Azərbaycan arasında olan əlaqələr isə son illərdə daha da inkişaf edib, dərinləşib və strateji xarakter alıb. Buna görə Ermənistanın KTMT-dən dəstək umması gülünc və absurddur.
Əslində Ermənistanın məqsədi KTMT-ni bu hadisəyə cəlb etmək idi. Lakin Paşinyanın bu siyasi oyunu uğursuzluğa düçar oldu. Hətta Paşinyan Minskə səfər edərək, dövlət başçılarından ayaqüstü dəstək almağa çalışsa da, istədiyinə nail olmadı.
Bu günlərdə Rusiya mətbuatında bu ölkədə yaşayan, milliyyətcə erməni, "Russia Today" telekanalının direktoru Marqarita Simonyanın Ermənistan hakimiyyətini tənqid edən açıqlamasını oxudum. Əslində onun dediklərindən aydın olan odur ki, Ermənistan vassal dövlətdir. Paşinyanın yürütdüyü siyasətin fonunda Ermənistanın Rusiyadan kömək gözləməyə haqqının olmadığını bildirən müəllifin gəldiyi nəticədən aydın olan odur ki, Ermənistan asılı və öz yolu olmayan ölkədir. Ən əsası isə son hərbi məğlubiyyətdən sonra Ermənistanın diplomatik müstəvidəki uğursuzluğu daha da artacaq.
Bununla belə, son günlər Azərbaycana tərəfdaş olan ölkələrin, konkret olaraq Serbiyanın Ermənistana silah-sursat göndərməsinin məlum olması dərin təəssüf hissi doğurur. Bu faktlar Azərbaycan dövlətinin və ictimaiyyətinin haqlı hiddətinə səbəb olub. Çünki Azərbaycan daim Serbiyaya dəstək verib, iqtisadiyyatına sərmayə yatırıb. Azərbaycan 2014-cü ildə daşqınlar zamanı Serbiyaya yardım əlini uzadan ilk dövlət olub, bu yaxınlarda isə koronavirusa görə humanitar yardım göndərib. Ən əsası isə daim Serbiyanın ərazi bütövlüyünü dəstəkləyib. Artıq ölkəmiz diplomatik kanallarla etirazını Serbiyaya çatdırıb və rəsmi Belqradın izahatını gözləyir.

ABŞ Konqresində ilk dəfə olaraq Ermənistan əleyhinə düzəlişlər qəbul edilib
Erməni yalanlarının bütün dünyada tədricən ifşa olunması artıq reallıqdır. Xarici ölkələrdəki erməni diaspor təşkilatlarının saxta təbliğatı əvvəlkitək ayaq tutub yerimir. Bugünkü reallıqları, tarixi həqiqətləri düzgün dəyərləndirən ayrı-ayrı ölkələrin siyasi mərkəzləri uzun illərdir dünyanı aldadan ermənilərin əlində artıq alət olmaq istəmirlər. Bir neçə gün öncə ABŞ Konqresində Azərbaycan əleyhinə Daşnaklar tərəfindən təşviq olunan qanunvericilik təkliflərinin qarşısının qətiyyətlə alınması və ilk dəfə olaraq Ermənistan əleyhinə düzəlişlərin qəbul edilməsi bunu təsdiq edir.
Qeyd edim ki, son aylarda ABŞ-ın ermənipərəst qrupları 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” layihəsinə Konqresin bəzi ermənipərəst üzvlərinin dəstəyi ilə düzəlişlərin daxil edilməsi istiqamətində səy göstəriblər. Bu proses çərçivəsində Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri də öz növbəsində Ermənistan əleyhinə iki düzəliş irəli sürüblər. İyulun 17-də keçirilən ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsinin iclasında Konqres üzvləri Stiv Kohen və Stiv Şabot tərəfindən təklif olunan Ermənistan əleyhinə düzəlişlər Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub.
Bununla yanaşı, erməni lobbisinin səylərinə baxmayaraq, iclas zamanı, Kaliforniya ştatını təmsil edən qatı ermənipərəst konqresmen Bred Şerman və erməni əsilli Ceki Spiir tərəfindən Azərbaycan əleyhinə təklif olunan düzəlişlər qəbul edilməyib. Bu uğursuzluq erməni lobbisinin və xüsusilə də, Daşnak partiyasını təmsil edən Amerikanın Erməni Milli Komitəsinin (ANCA) ciddi çaşqınlığına və məyusluğuna səbəb olub. Ermənipərəst Konqres üzvlərinin Azərbaycan əleyhinə irəli sürdüyü düzəlişlərə dəstək üçün erməni lobbisinin bütün qüvvələrinin, hətta son dəqiqədə milyonlarla izləyicisi olan erməni əsilli “tanınmış simaların” səfərbər olunmasına baxmayaraq, sözügedən düzəlişlərin qəbul edilməməsi erməni tərəfində ciddi narahatlığa səbəb olub. Ermənilərə bu işdə ermənipərəst mövqeyi ilə seçilən Qaydalar Haqqında Komitənin sədrinin dəstək göstərməməsi də ermənilər arasında əlavə gərginliyə və narazılığa səbəb olub.
Azərbaycan tərəfinin bu əhəmiy­yətli uğuru ilə barışmaq istəmə­yən və məğlubiyyətini ört-basdır etməyə çalışan ANCA çoxsaylı erməni diasporunun narazılığının qarşısını almaq və vəsait toplamaq fəaliyyətini davam etdirmək məqsədilə həyasızcasına Azərbaycana heç bir aidiyyəti olmayan, Komitədə qəbul edilmiş ümumi mövzuda bir başqa düzəlişi özünün uğuru kimi təqdim etməyə və ictimaiyyəti yanlış məcraya yönəltməyə cəhd edib. Lakin fakt faktlığında qalır ki, ABŞ Konqresi erməni diasporuna və erməni yalanlarına böyük zərbə vurub.

İnformasiya təhlükəsizliyinə əməl olunması düşmənlə mübarizədə əsas vasitələrdən biridir
Məlum olduğu kimi, xüsusən son onilliklərin sıçrayışlı texniki inkişafı informasiya cəmiyyətinin yaranmasına səbəb olub. İnformasiya cəmiyyətinin formalaşması özlüyündə mütərəqqi hadisə olsa da, informasiya təhlükəsizliyinin təmin olunması baxımından ciddi problemlər yaradır. Çünki informasiya təhlükəsizliyi bütün dövrlərdə dövlətlərin milli təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Lakin müasir dövrdə informasiya təhlükəsizliyinin təmin olunması xeyli çətinləşib. Ona görə indiki şəraitdə hər bir vətəndaş bu məsələdə dövlətə dəstək verməlidir.
Ermənistanın Tovuz istiqamətində həyata keçirdiyi təxribat zamanı, o cümlədən Bakıda antimilli qüvvələrin iğtişaşı zamanı informasiya təhlükəsizliyi məsələləri yenidən gündəmə gəldi. Təəssüflə qeyd etməliyik ki, həmin günlərdə ermənilərlə yanaşı, sapı özümüzdən olan baltalar sosial şəbəkələr üzərindən həqiqətə uyğun olmayan informasiyalar yaymaqla insanları çaşdırmağa, cəmiyyəti qorxutmağa, təhdid etməyə cəhd göstərdilər. Təqdirəlayiq haldır ki, Azərbaycan cəmiyyəti bu yalanlara inanmadı və ordumuzun şanlı qələbəsi bu kimi əməllərin üstündən xətt çəkdi. O cümlədən ölkə daxilində təxribatçılıq məqsədilə yalan informasiyalar yayanlar müəyyən olunaraq məsuliyyətə cəlb edildilər.
Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciət edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da diqqəti məhz buna yönəldərək hər kəsi ayıq-sayıq olmağa çağırıb. «Yüksək vətənpərvərlik və mübarizlik əhval-ruhiyyəsi fonunda bu gün bizim hər birimizdən dözümlü, sayıq və təmkinli olmaq tələb olunur. Hər an unutmamalıyıq ki, artıq uzun illərdir yaşadığımız qarşıdurma şəraiti bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Sosial şəbəkələr dövründə informasiya müharibələrinin miqyası, onların hadisələrin gedişatına təsiri qarşıdurmanın nəticəsinə təsir edən olduqca mühüm amilə çevrilirlər.
Müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən “feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır.
Saxta profillərdən və birdəfəlik işlətmə üçün nəzərdə tutulan telefon nömrələrindən tutmuş istifadəçilərin görmə, eşitmə, emosional qavrayışına psixoloji təsir üsullarından istifadəyədək geniş alətlər arsenalı işə düşür. Bir sözlə, insan qəlbinin ən kövrək tellərinə toxunmaq üçün ən çirkin vasitələrə əl atılır. Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən qüvvələr öz məqsədlərini güdərək, “müharibədə bütün vasitələr yaxşıdır” prinsipi ilə hərəkət edirlər.
Çox sevindirici haldır ki, Azərbaycanın internet istifadəçilərinin əksəriyyəti təxribata uymur, yalan və böhtanı ifşa edir, ağı qaradan seçməyi bacarır və münaqişənin kökləri haqda həqiqətlərdən bəhs edir. Axı, bizim əsas vəzifələrimizdən biri ədaləti tələb edən haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaqdır», - deyə mü­raciətdə bildirilir.
Xalqımızın sosial şəbəkələrdə nümayiş etdirdiyi milli həmrəyliyi görməmək mümkün deyil. Lakin hər zaman sayıq olmalı, təxribata uymamalıyıq. Sosial şəbəkələrdə foto və video yerləşdirərkən və ya şərh yazarkən unutmalı deyilik ki, bu platformalardan düşmən də istifadə edir və paylaşdığımız hər bir informasiyanı diqqətlə izləyir. Ona görə bu zaman dövlətimizin milli təhlükəsizliyinin təmin olunması kimi əsas ictimai öhdəliyimizi unutmamalıyıq. Eyni zamanda, kompüter arxasında daha fəal olmalı, əsil həqiqətlərin dünyaya çatdırılması, erməni yalanlarının ifşası üçün vətəndaşlıq borcumuzu yerinə yetirməliyik.
Mən bir məsələni də xüsusi qeyd etmək istəyirəm ki, həm bu müraciət, həm də Heydər Əliyev Fondunun nümayəndələrinin Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələri ilə görüşmələri Mehriban xanım Əliyevanın bütün bu məsələlərə olduqca həssas münasibətinin, yüksək diqqətinin nümunəsidir. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban Əliyevanın tapşırığına əsasən Heydər Əliyev Fondunün nəzarətinə götürülməsi bütün ölkə ictimaiyyəti tərəfindən alqışla qarşılandı. Budur vətən sevgisi, budur xalqa layiqli xidmət missiyası…

Xarici siyasətimiz prezidentin hücum diplomatiyasına adekvat olmalıdır
Beynəlxalq münasibətlər sistemində hər bir dövlətin nüfuzunu müəyyən edən bir sıra ənənəvi səbəblər var. Bunların arasında ən mühümü təbii ki, dövlətin yeritdiyi siyasətin məzmunu və mahiyyətidir. Çağdaş dövrümüzdə isə dövlətin nüfuzu ilə yanaşı, həm də ona göstərilən beynəlxalq etimadı məhz bu səbəb meydana çıxarır. Bütün dövlətlər dünya birliyinin fəal subyekti olmaq istəyir, milli maraqlarına cavab verən siyasət həyata keçirməyə çalışır. Lakin reallıq ondan ibarətdir ki, hər dövlət bu kimi qlobal nüfuz qazandıran siyasi keyfiyyətlərə nail ola bilmir. Çox uzağa getmədən, elə Ermənistanın timsalında bunu görmək mümkündür. Hələ illər öncə bu ölkə iqtisadiyyatın aparıcı sahələrinə görə kənar dövlətlərdən asılı vəziyyətə salınıb. Bölgədəki təcavüzkar siyasəti səbəbindən həm də xarici siyasətdə kənar diqtələri qəbul etməyə məcbur olub. N.Paşinyanın baş nazirliyi dövründə ölkənin xarici siyasi müdaxilələrdən xilas olması üçün təşəbbüslər göstərilsə də, bu mümkün olmadı. Məhz işğalçı siyasəti, qonşulara qarşı sərsəm ərazi iddalarından əl çəkə bilməməsi səbəbindən yenə də vassal kimi qalmağını qəbul etdi.
Azərbaycan isə tamamilə fərqli siyasi və iqtisadi reallıqlar şəraitində inkişaf edir. Prezident İlham Əliyev müstəqil, milli maraqları əsas tutmaqla, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və inkişafına hesablanmış siyasət yürüdür. Elə bir beynəlxalq müzakirə mövzusu yoxdur ki, Azərbaycan həmin vaxt atdığı addımı hansısa dövlətin siyasi və ya iqtisadi maraqlarına uyğunlaşdırsın. Enerji məsələlərindən başlamış, xarici siyasi əməkdaşlığa, beynəlxalq təşkilatlarda iştiraka, qlobal terrorizmlə mübarizəyə qədər Azərbaycan tamamilə müstəqil siyasət həyata keçirir. İlk növbədə, müstəqil siyasət yürütməsi dövlətimizin beynəlxalq münasibətlər sistemindəki nüfuzunu və yerini şərtləndirən əsas amildir.
Eyni zamanda, illər öncədən Prezident İlham Əliyev ölkənin xarici siyasətində yeni məzmun dəyişikliklərinə səbəb olan kardinal dəyişikliklər edib ki, bunlardan biri də hücum diplomatiyasının həyata keçirilməsidir. Hücum diplomatiyası nəticəsində son illərdə erməni təbliğatının və erməni lobbisinin yaratdığı mifin qarşısı alınmaqda, Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi prosesi daha da sürətlənməkdədir. Beləliklə, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi nəticələr əldə olunub, beynəlxalq ictimai rəy ölkəmizin xeyrinə dəyişib, ayrı-ayrı dövlətlər Xocalı soyqırımını tanımağa və pisləməyə başlayıblar.
Bu baxımdan Azərbaycan Prezidentinin hücum diplomatiyası, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı prinsipial və ardıcıl mövqeyi regionda tamam yeni bir vəziyyətin yaranmasına gətirib çıxarıb.
Lakin təəssüflə qeyd etməliyik ki, ölkənin xarici siyasətinin formalaşmasında iştirak edən şəxslərin fəaliyyəti prezidentin hücum diplomatiyası ilə adekvat təşkil etmirdi. Ona görə cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasında və yeni Xarici İşlər naziri Ceyhun Bayramovu qəbul edərkən bu barədə sərt danışması tamamilə başadüşüləndir. Ölkə prezidenti xarici siyasətin həyata keçirilməsinə məsul olan şəxslərdən hücum diplomatiyasının mahiyyətinə uyğun olaraq qətiyyət, cəsarət gözləyir.
Yeri gəlmişkən, Ceyhun Bayramov idarəçilikdə yüksək təcrübəsi olan bir məmurdur. İnanırıq ki, onun Xarici İşlər naziri kimi həyata keçirəcəyi fəaliyyət bu sahədə də köklü dəyişikliklərin baş verməsinə gətirib çıxaracaq.
Bu gün zaman Azərbaycanın xeyrinə işləyir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir ki, Ermənistanın işğalçı dövlət kimi tanınması prosesi sürətlənir və bütün dünyada erməni yalanlarına zərbə vurulur. Ən əsası, bu siyasət torpaqlarımızın işğaldan azad olunacağı günü sürətlə bizə yaxınlaşdırır.

 

Ziyad SƏMƏDZADƏ, AMEA-nın həqiqi üzvü,
Milli Məclisin deputatı