MƏQALƏLƏR

“Qələbəyə aparan yol: iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib

  • 24.12.2020

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, misilsiz cəsarəti və yüksək təşkilatçılığı sayəsində Azərbaycan düzgün istiqamətdə irəliləyir və ildən-ilə dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial uğurlara imza atır. Zati-alilərinin siyasi uzaqgörənliklə, görkəmli dövlət xadimi olaraq həyata keçirdiyi əhəmiyyətli işlər, xalqa bəxş etdiyi böyük ümid və dayaq ölkəmizin hər sahədə zəfərini təmin edir.
Ən böyük zəfəri isə Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi altında öz yenilməz ordusunun iştirakı ilə şanlı tarix yazaraq yaşadı. 2020-ci il sentyabrın 27-də separatçı erməni qoşunlarının irimiqyaslı təxribatına cavab olaraq Azərbaycan öz torpaqlarını artıq 30 ilə yaxın davam edən işğaldan azad etmək üçün əks-hücum əməliyyatına başladı. Azərbaycan BMT-nin münaqişənin həllinə dair qəbul olunmuş 4 qətnaməsinin tələblərini yerinə yetirmək üçün hərbi libas geyinib öz torpaqları uğrunda Vətən savaşı apardı və misilsiz qələbələr qazandı. Bu qələbənin ən böyük zirvəsini isə biz xalqımızın mədəniyyət beşiyi, Azərbaycanın baş tacı Şuşa şəhərinin işğaldan azad edilməsi xəbəri ilə sonsuz sevinc və fərəh hissilə yaşadıq. Bu sevinci xalqımıza, dünya azərbaycanlılarına bəxş etdiyi üçün Ali Baş Komandan cənab İlham Əliyevə və müzəffər Azərbaycan ordusuna borcluyuq.
Zati-alilərinin doğru vurğuladığı kimi, sülhsever Azərbaycan xalqının səbrinin də hüdudu vardır və Azərbaycan təcavüzkara layiqli cavab verməyə məcbur olmuşdur. İşğal faktını aradan qaldırmaq əvəzinə sülh danışıqlarının üzərindən xətt çəkərək, Azərbaycan sərhədlərində ardıcıl təxribatlar törədən Ermənistan tərəfi Azərbaycan dövlətini öz haqqını savaş meydanında müdafiə etməyə vadar etdi.
Ali Baş komandanın dərin zəkası, mükəmməl diplomatik fəaliyyəti və xalqımıza olan sevgisi tarix və beynəlxalq hüquq baxımından haqlı olan Azərbaycanın diplomatiya sahəsində olduğu kimi, döyüş meydanında də haqlı mübarizəsini sonadək davam etdirərək Dağlıq Qarabağın yenidən ölkəmizin tərkibinə daxil olmasını təmin etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibədən sonrakı dövrdə işğal olunmuş ərazilərin bərpasına dair konseptual təklif və göstərişlərinin reallaşdırılması istiqamətində zəruri tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində elmi-praktik əhəmiyyət kəsb edən tövsiyələrin müəyyənləşdirilməsi məqsədilə, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2020-ci il 24 noyabr tarixində “Qələbəyə aparan yol: iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” mövzusunda onlayn elmi-praktik konfrans keçirilmişdir.
Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkil etdikləri “Qələbəyə apa­ran yol: iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” mövzusunda elmi-praktik konfransın işində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində “Postkonfilikt ərazilərin bərpası” Elmi Mərkəzinin rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Akif Musayev, Azərbaycan Kooperasiya Universitetinin elm və innovasiyalar üzrə prorektoru, professor, əməkdar elm xadimi Bəyalı Ataşov, görkəmli alim və mütəxəssislər, digər müvafiq nazirlik və dövlət qurumlarının nümayəndələri, peşəkar auditorlar, mühasiblər və qiymətləndiricilər, ali təhsil müəssisələrinin təmsilçiləri, iş adamları və mətbuat nümayəndələri iştirak etmişlər.
Konfransı giriş sözü ilə açan Аzərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov Palatanın kollektivi və üzvləri adından cənab Prezident və Ali Baş Komandan İlham Əliyevi və Azərbaycan xalqını işğal olunmuş ərazilərimizin azad edilməsi istiqamətində qazandığımız tarixi zəfərlər münasibətilə səmimi qəlbdən təbrik edib. Professor Vahid Novruzov şanlı qələbəmizin əsaslarından danışarkən qeyd edib:
«Ölkəmizdə dünya üçün çox nadir inkişaf modeli yaradılmışdır. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki belə planlar və cəhdlər var idi. Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə və sübut etdik ki, heç kim bizim işimizə qarışa bilməz».
Eyni zamanda Vahid Novruzov vurğulayıb ki, biz artıq Böyük Qayıdış mərhələsinə qədəm qoymuşuq. «Ölkə prezidentinin qarşıya qoyduğu məqsəd və vəzifələr bundan ibarətdir ki, vətəndaşlarımız işğaldan azad olunmuş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlansın. Bütün bölgələrimiz bərpa edilsin», - deyə o, qeyd edib. “Qarşıda duran böyük quruculuq işləri hər birimizin üzərinə mühüm vəzifələr və məsuliyyət qoyur. Biz artıq torpağı işğal altında olan məzlum bir xalq kimi yox, düşməni darmadağın edən, öz ərazilərimizi işğaldan azad edən məğrur bir xalq olaraq daha yüksək ruh və coşqu ilə öhdəmizə düşən işləri yerinə yetirməli, ölkə rəhbərimizin ətrafında daha monolit birləşməliyik. Biz güclü iqtisadiyyatdan qələbəyə gəldiyimiz kimi, şanlı qələbədən də daha güclü iqtisadiyyata varis olmalıyıq. Ən vacib problemlərdən biri də budur ki, bu yeni şərait, zaman və məkan dönəmində öz istiqamətimizi düzgün müəyyənləşdirərək, ölkəmizin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin bərpa edilib çiçəklənməsinə ən optimal yol və vasitələrlə nail olaq. Məhz bizim bugünkü konfransımızın da qarşısında duran vəzifə bu istiqamətdə fikir mübadiləsi aparmaq və elmi cəhətdən əsaslandırılmış, beynəlxalq təcrübədə özünü doğrultmuş və Azərbaycan reallığını özündə ehtiva edən tövsiyələr hazırlayıb müvafiq qurumlara təqdim etməkdir”, - deyə Vahid Novruzov əlavə edib.
Palata sədri, həmçinin işğaldan azad edilən torpaqlarımızın yenidən qurulması, işğaldan əvvəl­kindən də gözəl şəkildə dir­çəldilməsi üçün Azərbaycan Res­publikasının Auditorlar Palatası olaraq üzərlərinə düşən vəzifələri yerinə yetirmək əzmində olduqlarını və əllərindən gələni edəcəklərini vurğulayıb.

Daha sonra Azərbaycan İq­tisadçılar İttifaqının sədri, Azər­baycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, millət vəkili, akademik Ziyad Səmədzadə “Azərbaycan dövlətinin iqtisadi siyasətində Qarabağın sosial-iqtisadi inkişaf məsələləri” mövzusunda məruzə ilə çıxış edib. O, deyib: Çoxminillik Azərbaycan tarixində ən şərəfli hesab edilən qələbə günlərində hər birimiz böyük sevinc, qürur hissi keçiririk. Bu sevinci, böyük qələbəni bizə Ali Baş Komandan, Prezident İlham Əliyev yaşatmışdır.
İlham Əliyevə xalqın böyük sevgisi onu əbədiyaşar bir liderə, ali sərkərdə kimi vətənimizin gələcək inkişafının güclü mənbəyinə çevirmişdir. Erməni faşizmi üzərində parlaq qələbəmiz ilk növbədə aşağıdakı amillərə görə mümkün oldu:
- Azərbaycan dövlətinin güclü iqtisadiyyatı və güclü ordusu var; Prezident İlham Əliyev xalqının gələcəyi, xoşbəxtliyi naminə düşünülmüş strategiya müəyyənləşdirmişdir;
- xalqımız İlham Əliyevə Azərbaycan xalqının xilaskarı, onun xoşbəxtliyi üçün əzmkarlıqla çalışan bir rəhbər kimi inanır; Prezident İlham Əliyev ən yüksək, beynəlxalq səviyyələrdə vətənimizin müstəqilliyini istəməyən qüvvələrə, təhdidlərə qarşı barışmaz mübarizlik, milli maraqlarımızı qorumaq üçün əsl liderlik nümayiş etdirir.
İşğaldan azad olunmuş 7 rayonda (Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan) 1991-ci ildə 6 min nəfərə yaxın işçinin çalışdığı sənaye müəssisələrində 750 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdu. Bu potensialın yarısı Ağdam şəhərində yerləşirdi.
Bu rayonlarda kənd təsərrüfatı istehsalının əsas ixtisaslaşmış sahələri hesab edilən pambıqçılıq, üzümçülük, heyvandarlığı təmsil edən çoxsaylı iri təsərrüfatlar, əsasən kolxozlar fəaliyyət göstərirdi.
Lakin ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində respublikada yaranmış ağır ictimai-siyasi vəziyyət bu regionun inkişafına da ciddi təsir etdi. Erməni işğalına məruz qalan ərazilərdə təbii sərvətlərin vəhşicəsinə istismarı, sosial obyektlərin dağıdılması geniş vüsət aldı.
İşğaldan azad olunmuş rayonlardan verilən video görüntülər sübut edir ki, ermənilər bu ərazilərdə 1 dənə də olsun istər istehsal, istərsə də sosial obyekti salamat qoymayıb, hamısını vəh­şicəsinə dağıtmışlar.
Təqribi hesablamalara görə, erməni vandalizminin Azərbaycanın bu gözəl məkanına vurduğu zərərlər neçə-neçə milyard dollarlarla qiymətləndirilir.
Hazırda müvafiq strukturlar işğal edilmiş rayonlarda regionun təbii, torpaq, su ehtiyatları, faydalı qazıntıları barədə müvafiq materialların toplanması, emalı prosesini aparır ki, bunlar da perspektiv inkişafa dair tətbiq ediləcək proqramlarda istifadə ediləcəkdir.
Göründüyü kimi, söhbət işğaldan azad edilmiş rayonlarda dağıdılmış tikintilərin bərpasından, modernizasiyasından deyil, minalardan təmizlənəcək ərazilərdə iqtisadi fəaliyyətin qurulmasından gedir. Təbii ki, bütün bu işlər kifayət qədər maliyyə, əməktutumludur. Onların görülməsi üçün həm daxili, həm də xarici investisiyalardan istifadə edilməsi ön planda olacaqdır. Təkcə onu göstərmək kifayətdir ki, 1991-ci ildə Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl rayonlarında yaşayış fondu 2,8 mln. m2, adambaşına isə 14 m2 (respublika üzrə 12,5 m2) təşkil etmişdi.
Bütövlükdə işğaldan azad olunmuş rayonlarda təkcə yaşayış fondu 10 milyon m2-dən çox olmuşdu.
Qarşıda duran vəzifələr çox möhtəşəmdir. Azərbaycan ərazisinin 20 faizini təşkil edən hissəsində iqtisadiyyatın yenidən qurulması çox mürəkkəb, çətin, məsuliyyətli, lakin şərəfli işdir.
İlk növbədə, işğaldan azad edilmiş şəhər və rayonların baş planlarının hazırlanması, infrastruktur layihələrinin formalaşması, rayonların iqtisadi əmək, təbii resurslarından səmərəli istifadəsini nəzərdə tutan məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi sxeminin hazırlanması məsələləri diqqət mərkəzində olacaqdır.
Bütün bu məsələlərin uğurlu icrası üçün respublikamızda güclü iqtisadi əsaslar yaradılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ölkəmizin nəqliyyat kompleksində də çox böyük kəmiyyət və keyfiyyət dəyişiklikləri ilə müşayiət olunacaqdır. Eyni zamanda, nəqliyyatın ayrı-ayrı növləri arasında əlaqələndirmə işləri təkmilləşdirilməli, dağ rayonlarının xüsusi iqlim və relyefə malik olması amillərinin nəzərə alınması imkanları xeyli genişlənməlidir. Naxçıvanın blokadadan azad olması Qədim İpək Yolu, Şimal-Cənub Nəqliyyat Dəhlizlərinin fəaliyyətlərinin canlanmasına səbəb olacaq, bütövlüdə Azərbaycanın nəqliyyat kompleksinə yeni nəfəs verəcək, ölkəmizin ticarəti-iqtisadi əlaqələrinin əhəmiyyətli dərəcədə inkişafına müsbət təsir edəcək. Bu, həm də Azərbaycanın dünyanın mühüm nəqliyyat dəhlizi kimi formalaşması imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcəkdir.
Bununla yanaşı, regionda dəmiryol xətlərinin monitorinqinin aparılması, yenidən qurulması, bu nəqliyyat sektorunun vahid nəqliyyat kompleksində rolunun artması, Cənubi Qafqaz regionunun xarici əlaqələrinin inkişafı və təkmilləşməsi amilləri də yenidən qiymətləndirilməlidir.
Daha bir məsələ barədə, Azərbaycan özünün inkişaf tarixinin yeni mərhələsini yaşayır. Ölkənin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası və onların iqtisadi fəaliyyət dövriyyəsinə qatılması ilə bağlı məsələlərin həlli iqtisadi rayonların təsnifatına yenidən baxılmasını zəruri edir. Qarabağ məkanı hazırda qüvvədə olan bölgüyə görə regional inkişaf proqramlarında aşağıdakı iqtisadi rayonları əhatə edir: Yuxarı Qarabağ - Kəlbəcər, Laçın,Aran iqtisadi rayonunun Bərdə və Ağcabədi.
Yeni çağırışlar, yeni miqyaslı inkişaf strategiyası bu bölgünün də təkmilləşməsinə ehtiyac yaradır. Çünki Yuxarı Qarabağın Aran iqtisadi rayonunun Bərdə və Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Cəbrayıl rayonları) və respublikanın qərb regionları (Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonları) ilə birlikdə bütöv təbii-coğrafi region, kompleks ekoloji sistem, vahid çay şəbəkəsi, qarşılıqlı surətdə bağlı iqtisadiyyat və kommunikasiya əmələ gətirirlər. Qarabağın təbii-coğrafi və iqtisadi birliyi, onun digər regionlarla qarşılıqlı əlaqələrinin təbiiliyi, həyati əhəmiyyəti olan kommunikasiyalar Ağdam-Xankəndi dəmir yolu xətti, avtomobil yolları, qaz kəməri, elektrik təchizatı xətləri ilə bağlıdır ki, bu da bütövlükdə Qarabağ ərazisinin, xalq təsərrüfatının səmərəli fəaliyyəti üçün son dərəcə zəruridir. Aran iqtisadi rayonu kifayət qədər böyükdür, demək olar ki, respublika ərazisinin 24,4%ni, əhalisinin 20% ni təşkil edir. Bütün bunları nəzərə alaraq, Yuxarı Qarabağı Bərdə və Ağcabədini də daxil etməklə bir iqtisadi rayon kimi müəyyənləşdirmək məqsədəuyğundur. Beləliklə, Qarabağ və Aran rayonlarının nisbətən optimallığı təmin edilə bilər. Heç şübhəsiz ki, bu cür yanaşma Qarabağın vahid bir region kimi sistemli, onun inkişaf məsələlərinin kompleks həllinə, bütünlükdə respublika iqtisadiyyatının tarazlı inkişafına öz töhfəsini vermiş olar.
Qarşıda duran ən aktual məsə­lələrdən biri işğaldan azad olunmuş ərazilərdə əhalinin məskunlaşması, əmək potensialından istifadə olunması hesab edilir. Vaxtilə işğala məruz qalmış ərazilərdən çıxmış qaçqınlar indiyə kimi respublikanın 50-dən çox rayonlarında məskunlaşmışlar. Vətən müharibəsində qazanılmış qələbə bu insanlara böyük sevinc bəxş etmiş, onların öz doğma torpaqlarına qayıtmasına imkan yaratmışdır.
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində demişdir:
“Hər dəfə işğal altında olan hansısa rayon, şəhər işğaldan azad ediləndə mən o şəhər və rayonların sakinlərini təbrik edirdim, təsəvvür edirəm ki, onların həyatında bu nə deməkdir...
Mən son 17 il ərzində köçkünlərlə çoxsaylı görüşlərimdə, onlar üçün yeni evlərin təqdimat mərasimlərində görürdüm ki, ildən-ilə onların ümidləri azalır. Görürdüm, ürək ağrısı ilə bunu görürdüm. Görürdüm ki, artıq onların bəziləri ümidlərini itirib. Bəli, təşəkkürünü bildirirdilər, təbii ki, onlara yaxşı şərait yaradılırdı, onların problemləri həll olunurdu. Bilirsiniz ki, məcburi köçkünlər üçün Azərbaycanda görülən işlər heç bir başqa ölkədə görülmür...
Buna son qoyulub, əziz soydaşlarım, gözünüz aydın olsun, siz qayıdırsınız, biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Bundan da böyük xoşbəxtlik ola bilərmi!
Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq”.
Məskunlaşma ilə əlaqədar hazırlanan tədbirlər sistemində bu prosesin məntiqi ardıcıllıqla və plana uyğun həyata keçiriləcəyi nəzərə alınmalıdır. İlk olaraq, məskunlaşma ilə bağlı elmi-statistik bazanın yaradılması, Qarabağ regionunda məskunlaşacaq əhalinin əsas demoqrafik göstəriciləri, o cümlədən əhalinin yaş quruluşu, əmək qabiliyyəti, əhalinin dinamikasındakı meyillərin qiymətləndirilməsi, demoqrafik proseslərin proqnozlaşdırılması vacibdir. Çünki bunlar regionda normal həyat fəaliyyətini, iqtisadi-sosial proqramları hazırlamaq və reallaşdırmaq üçün ilkin şərtlərdən hesab edilir. Ona görə də hökumət, ilk növbədə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Qaçqın Komitəsi ilə birlikdə yuxarıda qeyd edilən məsələlər barəsində hesablamalar aparılmalı, regionda əhalinin məskunlaşması proqramı hazırlanmalıdır. Paralel olaraq, bu ərazilərdə sosial-məişət, təhsil, səhiyyə xidmətlərinin təşkili ilə bağlı işlər görülməlidir. Sovet dövründə əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması məsələləri həll edilərkən başqa göstəricilərlə yanaşı, əhalinin hər 1000 nəfərinə düşən həkim, tibb bacısının sayı göstəricisindən geniş istifadə edilirdi. Zaman dəyişir, İKT-nin tətbiqi genişlənir və bu amil bizim yuxarıda istinad etdiyimiz göstəricilərə də təsir edir. Amma reallıq onu deməyə əsas verir ki, tam dağıdılmış ərazilərdə məskunlaşma prossesinin davamlı olması, ilk növbədə hər bir insana səhiyyə xidmətinin vacibliyini nəzərə alaraq qabaqlayıcı tədbirlərin görülməsinə ciddi ehtiyac yaranır. Qaçqın və Köçkünlər Komitəsi, Səhiyyə Nazirliyi “Təbib” ilə birlikdə azad olmuş rayonlarda səhiyyənin təşkili, onun kadr təminatı ilə bağlı təklifləri hazırlamalıdır... Bu fikirlər, eyni zamanda, təhsilə, digər xidmət ocaqlarına şamil edilə bilər. Yeri gəlmişkən, qeyd etmək istərdik ki, Sovet dövrünün ilk illərindən başlayaraq 50-70-ci illərin axırına kimi şəhər və rayonlarda, ucqar kəndlərdə belə təhsil, səhiyyə, digər vacib sahələrin mütəxəssislərlə təminatı ona görə uğurlu oldu ki, bu iş dövlət tərəfindən ciddi nəzarətə götürülmüşdü, rayonların kadrlarla təminatında müxtəlif həvəsləndirici mexanizmlərdən istifadə edilirdi. Səhiyyə, təhsil ocaqlarında mütəxəssislərin yerləşdirilməsinə bu cür yanaşma nəticəsində savadsızlıq ləğv edildi, əhalinin sağlamlıq göstəriciləri köklü surətdə yaxşılaşdı, infeksion xəstəliklərin, vərəm, malyariyanın və s. qarşısı alındı.
Ötən əsrin 40-50-ci illərində heç bir sosial-istehsal infrastrukturu, məskunlaşmış əhalisi olmayan Sumqayıt, Mingəçevir ərazilərində bu gün ölkə iqtisadiyyatında özünəməxsus yeri, güclü iqtisadi və sosial potensialı olan şəhərlər salındı.
Bir iqtisadçı olaraq bilməliyik ki, işğal edilmiş ərazilərin yenidən qurulması prosesində, bütün məsələlərdə “bazar hər şeyi həll edir”, “tam liberallaşma”, “dövlətin iqtisadiyyatda rolu azaldılmalıdır” baxışları yolverilməzdir. Müstəqil Azərbaycan torpağının 20 faiz ərazisində qaynar həyatın qurulması, uğurlu gələcək üçün böyük əsasların yaradılması dövlətin rəhbərliyi ilə təmin ediləcəkdir. Təbii ki, bu proses dövlət-özəl sektor münasibətlərinə yeni bir nəfəs verəcək, istər daxili, istərsə də xarici investorların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması ilə müşayiət ediləcəkdir.
Hər birimiz, professional iqtisadçı olaraq öz məsuliyyətimizi dərk etməliyik. Qarabağ məkanının miqyaslı inkişafını nəzərdə tutan dövlət proqramlarına iqtisadçı alimlər də öz layiqli töhfəsini vermişdirlər. İlk növbədə, elmi tədqiqat işlərinin təhlili aparılmalı, Qarabağ regionunun inkişafı ilə bağlı araşdırmalara üstünlük verilməli, iqtisadçı kadrların yetişdirilməsinə yeni tələbləri əsas götürərək yenidən baxılmalı, təhsil sistemində müəyyən keyfiyyət dəyişikliklərinin edilməsi barədə təkliflər hazırlanmalıdır.
Bildirmək istəyirəm ki, İqtisadçılar İttifaqı və Aiditorlar Palatası ilə birlikdə Qarabağ ərazisində iqtisadi həyatın bərpası və onun ahəngdarlığının təmin olunması məqsədilə bir neçə istiqamət üzrə işçi qrupları yaradılmışdır.
Bununla yanaşı, Аzərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “İşğaldan azad olunmuş ərazilərdə kiçik və orta biznesin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçiriləcək tədbirlər” mövzusunda məruzə ilə çıxış edərək, vacib məqamlara diqqət çəkmişdir. O, qeyd edib ki: «2-ci Qarabağ müharibəsində əldə edilən qələbə və torpaqlarımızın işğaldan azad edilməsi də iqtisadi bloka daxil olan bütün dövlət qurumları qarşısında yeni vəzifələr gətirməklə yanaşı, ölkəmizdə bizneslərin inkişafı üçün yeni mənbələr açmış oldu. Hamımız üçün bəllidir ki, Qarabağ ərazisi zəngin təbii və faydalı resurslara malik bir yerdir. Regionun turizm, kənd təsərrüfatı, aqrar-emal, xalq sənətkarlığı və s. kimi ənənəvi iqtisadi sektorlarının yenidən canlandırılması və xarici bazarlara çıxarılması böyük perspektivlər vəd edir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında Qarabağdan keçməklə quru nəqliyyat dəhlizinin yaradılması təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionun iqtisadi konyukturası üçün mühüm dəyişiklik və yenilik olacaqdır». Həmçinin, Orxan Məmmədov bildirib ki, Qarabağ regionunda qısa və orta müddət perspektivində iqtisadi inkişaf və sahibkarlıq fəaliyyətinin bərpa edilməsi istiqamətində dövlət tərəfindən həyata keçiriləcək genişhəcmli tədbirlər Qarabağ regionunun yenidən dirçəlməsinə, regionun iqtisadi potensialının ölkənin iqtisadi gücündə özünəməxsus yerini tutmasına və dünyada tanınacaq yeni Qarabağ brendinin formalaşdırılmasına imkan yaradacaqdır.


Daha sonra, AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində “Postkonflikt ərazilərin bərpası” Elmi Mərkəzinin rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Akif Musayev “Azad olunmuş ərazilərin bərpasının maliyyə qaynaqları” mövzusunda məruzə ilə çıxış etmişdir. Akif Musayev öz çıxışında məlumat verərək bildirmişdir ki, «Bərpa proqramlarının hazırlanması üzrə Azərbaycan hökumətinin hə¬yata keçirəcəyi sistemli fəaliyyətə töhfə vermək məqsədilə AMEA İqtisadiy¬yat İnstitutu Elmi Şurasının 2020-ci il oktyabrın 21-də keçirilmiş iclasında İnstitutun nəzdində “Post-konflikt Ərazilərin Bərpası” Elmi Mərkəzi yaradılmışdır. “Mərkəzdə konflikt sonrası reabilitasiyanın ümumi (metodoloji) prinsiplərinin hazırlanması, proqramlaşdırılan ərazilərin konfliktə qədərki və konflikt sonrası vəziyyətinin müqayisəli qiymətləndirilməsi; postkonflikt ərazilərdə dövlət idarəetmə sisteminin və icma özünüidarəetməsinin spesifik xüsusiyyətləri; postkonflikt ərazilərdə həyat təminatı sistemlərinin (o cümlədən, yaşayış fondunun, enerji təminatının, su və qaz təchizatının) yenidən qurulması və əhalinin repatriasiyasının təşkili; postkonflikt ərazilərdə infrastrukturun (o cümlədən, mülki idarəetmə orqanlarının iş infrastrukturunun, nəqliyyat infrastrukturunun, telekommunikasiyaların və sosial obyektlərin) bərpası; postkonflikt ərazilərdə iqtisadiyyatın dirçəldilməsi üzrə tədbirlərin, ölkədaxili və beynəlxalq müqayisəli üstünlük sahələrinin müəyyənləşdirilməsi; konflikt sonrası reabilitasiya sahəsində beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq imkanlarının qiymətləndirilməsi; konflikt sonrası reabilitasiya prosesində ortaya çıxa biləcək potensial xarici və daxili risklərin idarə olunması istiqamətində araşdırmalar aparılacaqdır», - deyə Akif Musayev qeyd etmişdir.
Habelə, Azərbaycan Respublikası Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərov “İşğaldan sonrakı dövrdə azad olunmuş ərazilərin imkanlarının yenidən qiymətləndirilməsində uçot və auditin rolu” mövzusunda məruzə ilə çıxış etmişdir. O, öz çıxışında vurğulamışdır ki, təcrübəli mühasib, auditorlar, qiymətləndiricilərdən ibarət mütəxəssislər komanda şəklində və ya xüsusi tapşırıqlar üzrə fərdi formada işə cəlb edilməlidir və proses təşkil edilməlidir. Altay Cəfərov həmçinin, konfrans və təlimlər keçirməyin vacibliyinə toxunaraq, zərərlərin qiymətləndirilməsində, investisiyaların dəyərləndirilməsində və bunların gələcək düzgün təminatında auditin rolunun açıqlanmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.


Аzərbaycan Kooperasiya Universitetinin elm və innovasiyalar üzrə prorektoru, professor, əməkdar elm xadimi Bəyalı Ataşov “İşğaldan azad olunmuş rayonların ölkəmizin ərzaq təhlükəsizliyinin gücləndirilməsində rolu” mövzusunda məruzəsi ilə konfransı davam etdirmişdir. O, öz çıxışında, «İşğaldan azad edilmiş rayonların ümumi iqtisadi dövriyyəyə cəlb edilməsi mürəkkəb və ağır bir proses olub əlaqədar nazirlik, komitə və qurumların əzmlə işə girişməsini tələb edəcək. Bu proses ümumxalq işinə çevrilməlidir, çünki biz əvvəlcə yaralı, 30 il ərzində şiddətli deqradasiyaya və eroziyaya uğramış torpaqlarımızı sağaltmalı, sonra da böyük əzmlə təsərrüfat-quruculuq iş­ləri aparmalıyıq. Sözsüz ki, işğaldan azad edilən hər bir rayon üzrə dövlət başçımızın tapşırığı ilə strategiyalar, dövlət proqramları və inkişaf konsepsiyaları hazırlanacaq və icraata qəbul ediləcəkdir», - deyə qeyd etmişdir. Bəyalı Ataşov əmin olduğunu bildirmişdir ki, işğaldan azad olunan rayonlar tam gücləri ilə respublikanın iqtisadi-təsərrüfat həyatına qoşulduqdan sonra ölkə əhalimiz əsas ərzaq məhsulları ilə nəinki tam təmin olunacaq, eyni zamanda, aqrar ixrac potensialımız xeyli artacaq və Azərbaycan ərzaq təminatında çətinlik çəkən digər dünya ölkələrinə də bu sahədə köməklik göstərəcək.

Daha sonra Azər­baycan Respublikasının Auditorlar Palatası Şurasının yanında Auditor təşkilatlarının inkişafına dəstək üzrə komitənin sədri, «ABAK-Az Crovve LTD» MMC-nin direktoru Zamin Hüseynov “Müharibənin və işğalın vurduğu zərər və itkilərin Beynəlxalq Qiymətləndirmə Standartları, beynəlxalq təşkilatların zərərlərin qiymətləndirilməsi üzrə qəbul etdiyi sənədlər əsasında qəbul edilmiş “Zərərlərin Qiymətləndirilməsi Standartları”na uyğun olaraq qiymətləndirilməsi təcrübəsi” mövzusunda məruzə ilə çıxış etmişdir. O, öz çıxışında, «Azərbaycan Respublikası Prokurorluğu və bir sıra dövlət qurumları 1988-2020-ci illər ərzində Ermənistanın Azərbaycana vurduğu iqtisadi ziyanın və cinayətkar fəaliyyətin müəyyən edilməsi və sənədləşdirilməsi üzrə genişmiqyaslı işlər görür. Bu işlərin əhatə dairəsinin geniş olmasını, ərazilərdə vəziyyətin geridönüş olmadan sürətlə dəyişəcəyini və eyni zamanda, həmin ərazilərdə həyata keçiriləcək bərpa-quruculuq işlərinin düzgün istiqamətləndirilməsinin siyasi, hüquqi, iqtisadi və sosial-ekoloji əhəmiyyətini nəzərə alaraq, aparılacaq işlərin istiqamətləri, məzmunu və xüsusiyyətləri vahid yanaşma əsasında koordinasiya olunmalıdır», - deyə vurğulayıb.

Habelə, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, Elşad Səmədzadə 

Davamlı inkişafın məntiqi nəticəsi – Qələbə!

Albert Eynşteyn demişdir: “İnsan təfəkkürünün hansısa səviyyəsində problemlə üzləşir. Onun həlli üçün problemdən daha üstün təfəkkür səviyyəsinə qalxmaq lazımdır”. Düşünürəm, Azərbaycanın şanlı qələbəsinin əsasında, məhz, bəşəri təfəkkür səviyyəsinə qalxmağımız dayanır!

Bu, ulu öndər Heydər Əliyevin strategiyası nəticəsində gerçəkləşən “Əsrin müqaviləsi”, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə BMT Təhlükəsizlik Şurasına sədrlik, Bakının dünya humanitar fikir mərkəzinə çevrilməsi, Türkiyə ilə qardaşlıq münasibətlərinin inkişafı kimi nümunələrdə özünü göstərir.

Hind fəlsəfəsində insanlar təfəkkür səviyyəsinə görə 4 qrupa bölünür:

4. bəşəriyyəti; 3. dövlətini; 2. ailəsini; 1. özünü düşünən.

Azərtacın verdiyi məlumata görə, Füzuli rayonunda səfərdə olan Azərbaycandakı Türkiyə səfiri Erkan Özoral dağıntıları görərkən vurğulayıb: “Deməsəydilər ki, bura Füzuli şəhərinin mərkəzidir, inanmazdım”. Ölkəmizdə Polşa səfiri Rafal Poborski isə bildirib: “Bu vəziyyət beynəlxalq ictimaiyyətə çatdırılmalıdır”.

Ali Baş Komandan işğaldan azad olunmuş Füzuli şəhərinə səfər edərkən demişdi: “Buradan sanki vəhşi qəbilə keçib”.

Belə olan halda insanları 5 qrupa bölmək lazımdır:

5. bəşəriyyəti; 4. dövlətini; 3. qəbiləsini; 2. ailəsini; 1. özünü düşünən.

Şübhəsiz, heç bir vicdan sahibi yaşadığı evi yandıran, bar verən ağacı kəsən, qəbirləri belə rahat buraxmayan düşmənlə bizi müqayisə etməz.

44 gün ildırım sürəti və zəfər!

Qələbəni möhkəmlətmək, zəfəri daha uca etmək üçün bəşəri təfəkkürün inkişafı davamlı olmalıdır. Bəşəri təfəkkürün təzahür forması, düşünürəm ki, elə davamlı inkişafdır. Onun qolu olan iqtisadi inkişaf barədə qələbə amili kimi könlümüzə fərəh verən çox söz deyildiyindən bir ifadə ilə kifayətlənim - görünən dağa nə bələdçilik.

Davamlı inkişafın digər qolu olan sosial inkişaf göstəricilərindən:

´  akademik Ziyad Səmədzadənin vurğuladığı kimi, cəmiyyətdə taleyüklü məsələlər üzrə konsensusun olması;

´  müxtəlif etnik qrup nümayəndələrinin çiyin-çiyinə Vətənin keşiyində rəşadətlə dayanması;

´  Şuşa məscidində namazın vəhdət şəklində qılınması kimi amillər dayanır.

    Davamlı inkişafın qolu olan ekoloji inkişaf üçün də xeyli iş görülür: son illərdə əkilən ağacların sayının milyonlarla ölçülməsi, ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq konvensiyalara qoşulma, bu sahədə institusional islahatların aparılması, bərpa olunan enerji mənbələrindən istifadənin artması və s.

    Əlbəttə, bu uğurlar problemlərin olmadığını demir. Lakin problemlərin həlli potensialının yüksək olduğunu deyir. Davamlı inkişaf potensialının yüksək olması və ondan səmərəli istifadə həm daxili gücü səfərbər edir, həm də ölkənin beynəlxalq nüfuzunu və ona olan inamı artırır.

   Azərbaycan iqtisadçıları atəşkəs dövründə mütəmadi olaraq Qarabağ mövzusuna toxunub, ürək ağrısı və ümidlərlə nə vaxtsa lazım gələcək təhlillər aparıb.

     Sevinirəm ki, 2013-cü ildə Prezident yanında Gənclərə Dəstək Fondunun Türk Dünyasının əksər yurdundan olan yazarları Qarabağ mövzusunda cəm edən “Gəldik, gördük, yazdıq” layihəsində iqtisadi məruzəçi olmuşam. Çıxışıma belə ad qoymuşdum: “Türk Dünyası vahid iqtisadi məkanının təmin olunmasında Qarabağ probleminin həllinin rolu”. Qarşıya qoyduğum məqsəd qardaş ellərin gücünün Qarabağ ətrafında birləşməsinin iqtisadi əsaslarının hazırlanmasında iştirakım idi.

9 noyabrda 3 dövlət rəhbəri tərəfindən imzalanmış bəyanat əsasında Zəngəzur nəqliyyat dəhlizinin bərpası nəzərdə tutduğum Türk Dünyası Vahid İqtisadi məkanı üçün zəruri şərtdir.

    Düşünürəm, 2013-cü il tədbirində dediyim fikirlərdən ikisini burada da qeyd etsəm faydalı olar:

-  Qarabağ azad olunduqdan sonra meqa bərpa layihəsində Türk dünyası şirkətləri dəvət alacaq. Çünki Qarabağda Səmərqənd memarlığı yerinə düşər;

-  Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur Sərmayələri Bankı, İslam İnkişaf Bankı kimi maliyyə qurumları var. Onda Türk Dünyası Kalkınma Bankının təsisinə də ehtiyac var. Məmnuniyyətlə Qarabağda onun bölməsi yaradılar.

 Tarixdə bərpa layihələri çox olub. Ümumiyyətlə bu və s. meqa layihələrin icrası üçün beyin mərkəzləri yaradılır. Düşünürəm, Qarabağın bərpasını tək rasional məntiqlə yox, həm də duyğusallıqla gerçəkləşdirmək lazımdır.

Azərbaycanın böyük oğlu, nəhəng təfəkkür sahibi olan akademik Azad Mirzəcanzadə deyirdi: “Qlobal düşün, lokal hərəkət et”. Azad müəllim irsinə hədsiz ehtiramımı bildirərək onun sözü əsasında mövcud gerçəkliyə uyğun yeni söz deyirəm: “Azərbaycan dövləti qlobal düşündü, qlobal da hərəkət etdi!”.

Bu, Vətənin azad olunması və milli şərəfin bərpasıdır!

Platon demişdir: “Sistem onun elementləri cəmindən daha böyükdür”. “Aman ayrılıq” əvəzinə “Ayrılarmı könül candan?!” deyən Azərbaycan Qarabağla birgə daha böyük uğurlara imza atacaq! Azad, qalib ruhdan mədəniyyətin ecazkar təntənəsini, sarı simin ürkək titrəyişini səbirsizliklə gözləyirik!

 İqtisadçının ötürdüyü estafeti zəfərlə icra edən əskər indi estafeti yenə iqtisadçıya öz müstəvisində zəngulə yaratmaqçun qaytardı. Düşünürəm bu məsələlərin həlli faydalı olar:

-   Zəngəzur dəhlizinin maliyyələşməsinə Böyük İpək Yolunun- “Bir kəmər bir yol” layihəsinin bir hissəsi kimi yanaşaraq Çinin cəlbi səmərəliliyi və etibarlılığı artırdığı üçün bu məsələyə baxıla bilər;

´  Gürcüstan dəhlizi də strateji alternativ xətt kimi inkişaf etdirilməlidir;

´  Azərbaycan və Türkiyə arasında ticarət birliyinin yaranması fikrini də uğurlu sayıram;

´  Ermənistanın təzminat ödəmək üçün pulu yoxdursa, aktivləri və ərazi ilə ödəyə bilər;

´  Laçın sərhədində sərhədçimiz - iqtisadi məkanımızı qorumaq üçün gömrükçümüz dayansın;

´  məskunlaşma iqtisadi təşviq olunmalıdır. Əskərdən sonra sahibkarların hücumu üçün güzəştlər səmərə verər. Məsələn: fəaliyyət yeri işğaldan azad olan ərazilər olanlara ƏDV istisna olmaqla digər vergilər üzrə güzəşt verilə, infrastruktur şəbəkələrinə qoşulma daha asanlaşdırıla bilər və s;

´  Mərkəzi Bankımız bütün Azərbaycan ərazisində yeganə ödəniş vasitəsi kimi milli manatın olmasını tələb etməli və bunun üçün şərait yaratmalıdır;

´  Silahlı Qüvvələrə Dəstək Fonduna axınla köçürmələri nəzərə alaraq deyə bilərik ki, Qarabağ faizsiz bərpa istiqrazlarının buraxılması xalq maliyyələşməsinə təkan verər;

´  Imkan daxilində həs kəsin köməyi vacib və qiymətlidir. Bülbüldən soruşdular: “Gözəl avazının sirri nə?” O, da: “Mömin evi yanırdı, dimdiyimdə su apardım” dedi. “Bununla atəşı söndürəyini düşündün?”. “Nə edim, bacardığım budur” söylədi.

´   Niyə qəhrəman medalla mükafatlandırılır? Nobel mükafatı laureatı Qabriel Qarsia Markesə görə Vətən igidinin sinəsinə taxdığı zirehlə onun ürəyini qoruyur;

´  Medalın 1 tərəfi Qələbədirsə, digər tərəfi şəhid, qazi, əsirdir. Onlara, ailələrinə göstərilən əbədi qayğı parıltısı Qələbə parıltısından üstün olmalıdır;

´  ölkəmizin bütün şəhərlərində işğal-qələbə abidə kompleksi ucaldılsın. Bu müsabiqə əsasında həmin yerin şəhidlərinin və onların iştirak etdiyi döyüşlərin təsviri ilə olsun.

Şamil əmim deyərdi: “Kədər göz yaşı ilə sevinc göz yaşının tərkibi fərqli olur”. Yaşadığım hec bir sevinc hissi Şuşanın azad olunduğu gün daddığım sevincə oxşamır.

    Sonda 2000-ci ildə yazdığım və diasporanın da imkanlarını bərpaya səsləyən bir iqtisadi bayatını yenidən, amma qalib ölkənin vətəndaşı kimi diqqətə çatdırmaq istəyirəm:

Əzizinəm bank yaxşı,

Qarabağda tank yaxşı.

Yığmağa qərib ölkə,

Sərfinə VƏTƏN yaxşı!

 Bu fikirləri Bayatı Şirazı dinləyərək yazdım. Çətin və şərəfli işimizdə uğurlar!


Sonda Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov və Azərbaycan Respublikası Auditorlar Palatasının Rəqəmsal transformasiya və innovasiyaların tətbiqi idarəsinin rəisi Qoşqar Əhmədov “Post münaqişə dövründə ekoloji qiymətləndirmə və ekoloji audit” mövzusunda məruzə ilə çıxış etmişlər. Ekoloji audit məsələsinə diqqət çəkərək qeyd olunmuşdur ki, «Ekoloji audit beynəlxalq standartların tələblərinə uyğunluğun müstəqil və obyektiv, hərtərəfli, sənədləşdirilmiş qiymətləndirilməsidir və müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün tövsiyələrin hazırlanmasıdır. Ekoloji audit bütün digər audit növləri kimi bölünür: məcburi və könüllü (təşəbbüskar)”. Həmçinin onlar öz çıxışlarında vurğulamışlar ki, ətraf mühitin qorunması ən vacib təhlükəsizlik amillərindən biridir. Ətraf mühit problemlərinin öhdəsindən gəlmək üçün birlikdə işləmək çox vaxt uzunmüddətli, sistematik və mənalı iş birliyinin ən asan yoludur. Proaktiv qoruma səyləri, eyni zamanda, təbii fəlakətlərə, xəstəliklərin baş verməsinə, iqlim dəyişikliyinə və qida təhlükəsizliyinə qarşı həssaslığı azaltmağa kömək edir.
Məruzəçilər həmçinin öz çıxışlarında Ali Baş Komandanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında olarkən etdiyi tarixi çıxışındakı bəzi məqamlara da nəzər salmışlar. Cənab Prezident qeyd etmişdir: «Düşmən işğal etdiyi Azərbaycan şəhərlərinə, kəndlərinə erməni adları verərək, erməniləşdirməni həyata keçirməklə əbədi və əzəli torpaqlarımızın unudulmasına çalışmış, lakin güclü ordumuz sayəsində buna nail ola bilməmişdir. Planlı şəkildə beynəlxalq ekspertlər tərəfindən torpaqlarımıza dəyən zərər hesablanacaq, uçotu aparılacaq, bütün infrastruktur yenidən qurulacaq, hər bir şəhər və kənd üçün ayrılıqda plan tərtib edilərək yenidən salınacaq, inzibati binalar, təhsil ocaqları, xəstəxanalar tikiləcək, küçələr, parklar, xiyabanlar salınacaq». Sonda məruzələr ətrafında geniş müzakirələr aparılmış, konkret təklif və tövsiyələr səsləndirilmişdir.

Səbuhi GÜLMƏMMƏDOV,
Azərbaycan Respublikası
Auditorlar Palatasının icraçı direktoru

Elşad SƏMƏDZADƏ,
Azərbaycan İqtisadçılar
İttifaqının sədr müavini,
Beynəlxalq Menecment
Akademiyasının müxbir üzvü,
ADİU-nun dosenti, i.f.d.