MƏQALƏLƏR

Rəsul Balayev: Virtual məkanda iqtisadi reallığın təzahürləri

  • 15.04.2021

Bəşər tarixində informasiyanın (sözün) insan həyatında rolu həmişə yüksək qiymətləndirilmişdir. Onun mənəvi-etik aspektləri barədə əsrləri keçib gələn çox dəyərli fikirlər mövcuddur. İnformasiyanın inkişafın strateji resursuna çevrilməsi son yarım əsrdə iqtisadi fəaliyyətdə onun rolunu davamlı olaraq artırır. Müasir, yəni informasiya cəmiyyətinin təşəkkülü dövründə isə sözün iqtisadi dəyəri və onun qiymətləndirilməsi məsələləri daha da aktuallaşmışdır. Əslində rəqəmsal mühitdə münasibətlərin inkişafı şəraitində, məhz informasiya ehtiyatlarının və axınlarının iqtisadi səciyyəsi bu mühitdə baş verən fəaliyyətin parametrlərinə həlledici dərəcədə təsir göstərir.
Rəqəmsal mühitin səciyyələndirilməsi üçün zəruri olan iqtisadi anlayışlar formalaşma mərhələsindədir. Bu formalaşmanın sürəti rəqəmsal iqtisadiyyatın yüksək dinamizmə malik təşəkkülü və inkişafı proseslərini, bir çox hallarda nəinki qabaqlamağa, hətta müşayiət etməyə belə imkan vermir. Səbəb kimi əlbəttə, ilk növbədə innovasiyalı inkişaf mühitinin şərtləndirdiyi sərt rəqabət mübarizəsinin diqtə etdiyi şərtlər qeyd olunmalıdır. Dəyər yaradılması zəncirini və ənənəvi strukturları sürətlə dəyişdirən bu mübarizə bazar iştirakçıları arasında münasibətlərdə köklü dəyişiklikləri şərtləndirir. Haqqında danışılan dəyişikliklərin əsasında, ilk növbədə şəbəkədə qarşılıqlı fəaliyyətin üstünlüklərindən yararlamaq üçün göstərilən davamlı cəhdlər durur. Həmin cəhdlərin beynəlxalq hüququn və milli qanunvericiliyin tələblərinə cavab verib-verməməsinin daim müzakirə obyektinə çevrilməsinin şahidi oluruq.
Reallığın virtual məkanda təzahürlərinin ciddi elmi araşdırılması və ümumiləşdirilməsində qarşıya çıxan problemlərdən biri meydana çıxan təzahürlərin reallığı necə səciyyələndirməsidir. Maddi reallığın obyektlərinə münasibətdə analoji davranış nümayiş etdirən virtual məkan obyektlərinin fəaliyyətinin səciyyələndirilməsi üçün təzahürlərlə kifayətlənmək arzu edilən olmasa da, rast gəlinən haldır. Odur ki, ilk növbədə rəqəmsal iqtisadiyyatın real iqtisadiyyatdan artıq cizgiləri görünən fərqli xüsusiyyətləri dəqiqləşdirilməlidir. Həmin xüsusiyyətlərə, ilk növbədə virtuallıq, telekommunikasiya şəbəkəsindən və kompüterdən birbaşa asılılıq, istehsalçı və istehlakçıların bilavasitə qarşılıqlı fəaliyyəti (iqtisadi məqsədəuyğunluqdan çıxış edərək, vasitəçilərin ixtisar olunmasına yönəlik, heç də həmişə əsaslandırılmamış fəaliyyət xətti), orta statistik istehlakçıdan konkret müştəriyə keçid, artımın yüksək tempi, virtual məhsullar və elektron pullar aid edilməlidir.
Rəqəmsallaşmanı müşayiət edən proseslərlə bağlı dünyanın nüfuzlu tədqiqatçılarının narahatlığını əsaslı sayan akademik Ziyad Səmədzadə hesab edir ki, “rəqəmsal iqtisadiyyat obyektiv bir prosesdir, amma onun inkişafı nəticəsində meydana çıxacaq bir sıra problemlərin milli iqtisadiyyata təsirinin real qiymətləndirilməsinə ehtiyac vardır”.
Rəqəmsal mühitdə iqtisadi münasibətlərin zəruri səmərəliliyinin təmin edilməsi üçün onlara münasibətin kompleksliyi təmin edilməlidir. Bu zaman aşağıdakı istiqamətlərdə zəruri səviyyənin əldə edilməsi tələb olunur: normativ tənzimləmə; informasiya infrastrukturu; kadr təminatı; təhsil və ixtisasartırma; informasiya təhlükəsizliyi; elmi təminat. Əlbəttə, zəruri səviyyə anlayışı şərtidir. Təcrübi baxımdan zəruri səviyyə kimi, cari dövrdə və ən yaxın perspektivdə rəqabət qabiliyyətini məqbul dərəcədə təmin edən səviyyə qəbul edilə bilər.
Rəqəmsal iqtisadi münasibətlərin strukturlaşdırılması gözlənildiyi kimi, artım (ənənəvi) iqtisadiyyatından fərqlidir. Rəqəmsal iqtisadiyyatın tərkib hissələrini müəyyənləşdirmək istiqamətində müxtəlif mənbələrdə təklif edilən yanaşmalar da kifayət qədər fərqli olub, ən müxtəlif aspektlərdə şərh olunmağa layiqdirlər. İlkin yanaşmada rəqəmsal iqtisadiyyatın tərkib hissələrinə aşağıdakıları aid etmək olar: infrastruktur komponentləri (aparat vasitələri, proqram təminatı, telekommunikasiya və s.); elektron işgüzar əməliyyatlar (virtual bazar subyektlərinin virtual qarşılıqlı fəaliyyəti çərçivəsində kompüter şəbəkəsində reallaşdırılan biznes proseslər); elektron kommersiya (elektron ticarət, elektron marketinq və s.). Sonuncu hazırda rəqəmsal iqtisadiyyatın ən böyük seqmentidir.
İqtisadiyyatın rəqəmsallaşması informasiya məhsullarının yaradılması prosesində miqyas effektini reallaşdırmaqla, başqa sözlə, informasiya məkanını genişləndirməklə transaksiya xərclərini azaldır. Haqqında danışılan azalma informasiya axtarışının və onların müqayisəli təhlilinin sürətləndirilməsi, habelə bir sıra digər amillər hesabına müxtəlif səviyyələrdə tərəfdaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsinin təmin edilməsi sayəsində baş verir. Təcrübə göstərir ki, rəqəmsal iqtisadiyyatın inkişafı o halda transaksiya xərclərini azalda bilər ki, informasiyanın mühafizəsi və informasiyanın keyfiyyətinin təmin olunması xərclərinin artması tempi, transaksiya xərclərinin azalma tempini üstələməsin.
Rəqəmsal mühitdə rəqabətin yeni cəhətlərini nəzərə alaraq hərəkət etmək daha məqsədəuyğundur. Məsələ ondadır ki, təhsildə rəqəmsallaşma imkanlarının reallaşması sürəti, xüsusilə pandemiya dövründə artmışdır. Azərbaycan Dövlət İqtisad Universitetində əldə edilmiş təcrübə, zənnimizcə, xüsusi diqqətə layiqdir. Son illər universitetlər və texnoloji şirkətlər arasında təhsil sahəsində ilkin əlamətləri görünən rəqabət güclənməkdədir. Hesab edirik ki, bu rəqabət, nəticə etibarı ilə qarşılıqlı faydalı tərəfdaşlıqla əvəzlənməlidir fikri ilə razılaşmaq lazımdır. Haqqında danışılan rəqabət mübarizəsinin istənilən ssenarisi, zənnimizcə, son nəticədə gec-tez bu tərəfdaşlığın nəinki ictimai, habelə iqtisadi baxımdan sərfəli olduğunu göstərəcəkdir.
Ənənəvi iqtisadiyyat üçün xarakterik olan risklər, məlum olduğu kimi, gözlənilən nəticələrdən kəskin kənarlaşmalara səbəb ola bilirlər. Həmin risklər kommersiya, istehsal, maliyyə, təşkilati və s. xarakterli olmaqla, onların informasiya amilindən asılılığı ənənəvi iqtisadi münasibətlər şəraitində bir çox hallarda xüsusi olaraq vurğulanmır. Rəqəmsal iqtisadiyyatın riskləri isə ilkin təcrübədən göründüyü kimi, fəaliyyətin strateji resursu kimi informasiyadan, onun əsas xarakteristikalarından bilavasitə asılıdır. Rəqəmsal iqtisadiyyatın risklərinə, ilk növbədə adətən kibertəhdidlər, informasiya bərabərsizliyi, texnoloji işsizlik, rəqəmsal “savadda” uçurum (insanlar və ölkələr arasında) və s. aid edilir. Bu risklərin idarə edilməsi imkanları ilkin araşdırmalardan göründüyü kimi, həlledici dərəcədə rəqəmsal platformaların inkişaf səviyyəsi ilə əlaqədardır. Hesab edilir ki, məhz intensiv əlaqələr şəraitində müasir texniki baza kimi özündə rəqəmsal qurğuları, proqram məhsullarını və informasiya servisini əhatə edən rəqəmsal platformalar mahiyyət etibarı ilə yeni keyfiyyətlər əldə edir. Həmin keyfiyyətlər sırasında təcrübi baxımdan kibertəhdidlərin neytrallaşdırılması imkanlarının gücləndirilməsinin özünəməxsus yeri vardır.

İnformasiya cəmiyyətinin müsbət və mənfi cəhətləri
İnformasiya cəmiyyətinin inkişafı həm ölkə, həm də dünya miqyasında bir hərəkatdır. Onun həm müsbət, həm də mənfi cəhətləri olacaqdır. Hələlik informasiya cəmiyyətinin görünən cizgiləri içərisində mənfi cəhətlər daha tez üzə çıxır. Müsbət cəhətlərə gəldikdə isə, gözləmək olar ki, onların xeyli hissəsi dayanıqlı inkişaf baxımından qiymətləndiriləndə reallaşacaq və bu, yəqin ki, çox uzaq gələcəyin işi deyildir. Əlbəttə, informasiya cəmiyyəti dayanıqlı inkişafı həm təhdid edə, həm də ona rəvac verə bilər. Dayanıqlı inkişaf deyəndə, ən ümumi halda gələcək üçün problem yaratmayan inkişaf nəzərdə tutulmalıdır. Dayanıqlı inkişaf gələcəyin ehtiyatına toxunmadan cari tələbləri davamlı olaraq ödəyə bilən inkişafdır. İnformasiya cəmiyyəti ilkin yanaşmada mahiyyət etibarı ilə daha az təbii resurs götürməyi nəzərdə tutur. Belə ki, bu cəmiyyətdə əsas resurs istehlak (istifadə) edildikcə tükənməyən informasiyanın özü hesab edilir.
İnformasiya cəmiyyətinin gözlənilən müsbət cəhətləri heç də az deyildir. İlk növbədə onu qeyd edək ki, informasiya cəmiyyətinin imkanları milli çərçivə ilə məhdudlaşmır. Yəni, böyük dövlətin milli dəyərlərinə öz iqtisadiyyatı çərçivəsinə qoyduğu vəsaitdən digər dövlətlərə də transferlər ola bilər. Baxmayaraq ki, indi inkişaf etmiş ölkələrdə həmin vəsaitin informasiya cəmiyyətində yaratdığı nəticələrin digər dövlətlərə axmaması üçün texnoloji layihələr icra olunur. Bu isə məlum olduğu kimi, informasiya cəmiyyətinin təməl prinsiplərinə ziddir.
İnformasiya cəmiyyətinin təhdidlərindən biri kibercinayətkarlıqdır. Yarım əsr bundan əvvəlki cinayətkarlıqla indiki cinayətkarlıq arasında fərq çox böyükdür. Xüsusilə söhbət iqtisadi cinayətkarlıqdan və terrorçuluqdan gedirsə. Hazırda nə regional münaqişə, nə terrorçuluq çox böyük iqtisadi baza olmadan mümkün deyil. Qismən belə vəziyyət qlobal informasiya şəbəkələrinin insanların şəxsi məkanını daraltması üzrə tədbirlərində arqument kimi istifadə olunur. Yəni, terrorçuluqla mübarizə adı altında insanların şəxsi yazışmalarını nəzarət altına almaq üçün tədbirlər (hələ ki, ABŞ təcrübəsi məlumdur) görülür. İnsanın şəxsi məkanını daraltmaqla, onu bəşər tarixində görünməmiş dərəcədə idarə etmək olar. Bu, zənnimizcə, nisbətən kiçik dövlətlər üçün daha ciddi təhdiddir.
İnformasiya cəmiyyətinin əsas problemlərindən biri informasiyanın asimmetriyasıdır. İnformasiyanın asimmetriyası konkret halda informasiyanın hamıya eyni vaxtda, eyni miqdarda, eyni mənada verilməməsi, yaxud hamının onu eyni aspektdə qəbul edə bilməməsi kimi başa düşülə bilər. Misal üçün, informasiya cəmiyyətində virtual bazarda qarşılaşan tələb və təklif agentləri bir-birinə həqiqi deyil, yalnız özlərinə sərfəli olan informasiyanı mübadilə edir. Alıcı deyə bilər ki, bu mal başqa yerdə daha ucuzdur. Satıcı isə malı maya dəyərinə satdığını deyə bilər. O məqama qədər həqiqətdən uzaq informasiya mübadiləsi olacaqdır ki, tərəfləri qane edən, lakin heç də həqiqi olmayan variant tapılsın. Əlbəttə, belə vəziyyətdə satılan mala sərf edilmiş ictimai zəruri əməyin miqdarına əsaslanma ehtimalı azalır. Rəqabət mübarizəsində iqtisadi səmərəliliyin öz yerini innovativ çevikliyə və manevr qabiliyyətinə verdiyi informasiya cəmiyyəti üçün bu təəssüf ki, adi hala çevrilir. Məsələ ondadır ki, informasiya cəmiyyətinin gözləntilərindən biri rəqəmsal mühitin imkanları hesabına informasiyanın asimmetriyasının azaldılmasıdır.

Elektron kommersiya və elektron ödənişlər mühiti
İnformasiyanın asimmetriyasının elektron kommersiya və elektron ticarətdə meydana çıxan təzahürlərinin ötən əsrin sonuncu onilliyində baş vermiş dot com böhranı səbəbindən investorlar tərəfindən ehtiyatla qiymətləndirildiyini qeyd etməliyik. Deyilənlər elektron ticarətə də aiddir. Elektron kommersiyaya başlamağın, xüsusilə ilk addımları atan şirkətlərin çətinlikləri də bu fəaliyyətin əhatə dairəsinə təsirsiz qalmır. Əlbəttə, kommersiyanın bu növündən imtina etməyin çıxış yolu olmadığı diskussiya obyekti deyildir. Bu baxımdan müvafiq mənbələrdə elektron kommersiya fəaliyyətinə başlayan şirkətlərin iqtisadi məqsədəuyğunluqla şərtlənən davranışının şərhinin bu və ya digər aspektinə rast gəlmək olur.
Elektron kommersiyada, o cümlədən elektron ticarətdə rəqəmsal texnologiyaların geniş tətbiqi qeyri-müəyyənliyi və informasiyanın asimmetriyasını azaltmaq üçün əlavə imkanlar yaradır. Həmin imkanların reallaşdırılması, ilk növbədə transaksiya xərclərinin aşağı düşməsində ifadə olunur. Bu halda əsas səbəblər qismində müqavilə intizamına sözsüz əməl edilməsi və qanunvericiliyə uyğun olmayan davranışların minimumlaşdırılması üçün ən təsirli tədbirlərin görülməsidir. Hər iki halda, rəqəmsal mühitin təqdim etdiyi yeni texnoloji imkanlar mühüm rola malikdir. İnformasiyanın asimmetriyasının elektron ticarət mühitində təzahürlərinə nəzər salanda, ilk növbədə onu qeyd edək ki, elektron kommersiyaya aid olan bu fəaliyyət elektron pullarla, elektron marketinq, elektron bankçılıq, habelə elektron sığorta xidməti ilə birgə baş verirsə, daha çox etimad qazanır. Məsələ ondadır ki, elektron ticarətdə malın yeridilişi alıcını təkcə malın keyfiyyətli olduğuna inandırmaqdan asılı deyildir. İnandırmanın əsas istiqaməti, bir çox hallarda malın nadir olduğunu göstərməkdən ibarət olur.
Elektron ödənişlər müasir təsərrüfat fəaliyyəti ilə yanaşı, məişətin ayrılmaz hissəsinə çevrilmişdir. Rəqəmsal mühitin bu potensialının reallaşması üçün zəruri infrastruktur ən geniş arealı əhatə edir. Maliyyə infrastrukturunun elementi kimi elektron ödənişlər sisteminin səmərəli işləməsi üçün maliyyə və informasiya axınları vəhdət təşkil etməlidir. Bu sistem standartlara uyğunluq, unifikasiyalılıq, qanunvericilik çərçivəsində şəffaflıq, elektron ödənişlər xidməti bazarının tam əhatə olunması kimi tələblərə cavab verilməlidir. Əsas vəzifəsi razılaşdırılmış ödəniş alətlərindən istifadə etməklə resursların satın alınmasında bağlanmış müqavilələrə uyğun öhdəliklərin yerinə yetirilməsidir. Həmin öhdəliklərin yerinə yetirilməsi baxımından elektron ödənişlər sisteminin üstünlükləri kredit təşkilatlarının sistem əmələ gətirməsində, daha çoxsaylı ödəniş xidmətləri subyektləri və obyektlərinin qarşılıqlı əlaqəli fəaliyyətini təmin edilməsində, operativliyin və keyfiyyətin artmasında ifadə olunur. Əlbəttə elektron ödəniş subyektləri və obyektlərinin sayı artdıqca, bilavasitə icraçıların (operatorların) sayı bir qədər artır, müvafiq seqmentdə məşğulluğun strukturunda dəyişiklik baş verir.
Elektron ödəniş sisteminin rəqəmsal texnologiyaların digər imkanları ilə birgə fəaliyyəti yuxarıda adıçəkilən funksiyaların icra mühitini yaxşılaşdırır. Deyək ki, mobil ödənişlər biometrik texnologiyaların maliyyə sektoruna nüfuz etməsinin mühüm istiqamətinə, smartfonlar isə multibiometrik qurğulara çevrilir. Ödənişləri həyata keçirən subyektlərin biometrik verilənlərinin məsafədən müəyyən edilə bilməsi yeni imkanlardan xəbər verir.

Rəsul Balayev,
iqtisad üzrə elmlər doktoru,
Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC)
“Rəqəmsal texnologiyalar və tətbiqi
informatika” kafedrasının professoru