MƏQALƏLƏR

Azərbaycanın yüksəlişini, Cənubi Qafqazdakı lider mövqeyini və Qarabağda qələbəsini təmin edən siyasət YENİLƏNDİ

  • 10.06.2021

Azərbaycan üçün xarakterik olan keyfiyyət göstəricilərindən biri qlobal kataklizmlərin baş verdiyi və dərinləşdiyi həssas dönəmlərdə belə öz yolu ilə inamla addımlamasıdır. Xüsusən bütün dünyada iqtisadi geriləmənin yaşandığı və hər bir dövlət üçün sınaq dövrü olan dövrlərdə Azərbaycan bütün böhranlardan layiqincə çıxıb və həyata keçirilən islahatlarla öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bunu pandemiya dövrünün reallıqları da təsdiq edir. Dünyanı cənginə almış koronavirus Azərbaycanda da problemlərə yol açsa da, Prezident İlham Əliyevin təşəbbüsləri, göstəriş və tapşırıqları, fərman və sərəncamları, ən əsası şəxsi nəzarəti ilə həyata keçirilən tədbirlərin nəticəsi olaraq infeksiyanın daha ciddi fəsadlara yol açmasının qarşısı uğurla alındı. Belə bir həssas dönəmdə dövlətimizin təqdir olunan başqa bir addımı isə heç bir sosial layihəni təxirə salmaması, o cümlədən regional inkişafa xidmət edən infrastruktur layihələrin icrasının davam etdirilməsidir.


Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, əsas vəzifələr yerinə yetirilib
Cənubi Qafqazda yaranmış yeni iqtisadi-ticari əməkdaşlıq imkanları İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dövlətinin bölgənin gələcək inkişafı üçün verdiyi yeni töhfələrdir. Buna qədər də Azərbaycan regionun inkişafı üçün tarixi təşəbbüslərlə çıxış edib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərindən bəhrələnən yalnız Azərbaycan deyil, həm də Gürcüstan və Orta Asiya respublikalarıdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti isə Çindən Avropaya və əksinə tranzit imkanlarının səmərəliliyinin və çevikliyinin artırılması istiqamətində mühüm nəqliyyat infrastrukturudur. Təsadüfi deyil ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün prioritetlərindən biridir. Prezident İlham Əliyev mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi və Nazarbayev Universitetinin İdarə Heyətinin üzvü Deyvid Merkelin sualını cavablandırarkən bu barədə deyib: “Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlayıb və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində bizim Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantımız var. Bu önəmli layihənin bir hissəsi olmaq üçün biz öz infrastrukturumuzu, o cümlədən dəniz limanını, Xəzər hövzəsində ən böyük gəmi parkını və dəmir yolu imkanlarını təmin edirik. Beləliklə, biz bu layihəyə maliyyə və siyasi cəhətdən investisiya yatırmışıq”.


Cənubi Qafqazın iqtisadi əməkdaşlıq imkanlarına Azərbaycanın növbəti töhfəsi
Cənubi Qafqazın iqtisadi əməkdaşlıq imkanlarına Azərbaycanın növbəti töhfəsi isə İkinci Qarabağ müharibəsində Ermənistanın məğlub edilməsi nəticəsində baş verdi. Belə ki, ötən il noyabrın 10-da imzalanan və Ermənistanın məğlubiyyətinin hüquqi-siyasi təsdiqi olan üçtərəfli bəyanatın sonuncu - 9-cu bəndi bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur. Üzərinə götürdüyü öhdəliyə əsasən Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməlidir.
Moskvada aparılan üçtərəfli danışıqlardan sonra Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri bəyanat imzalayıblar. Bu sənəd bir daha ona dəlalət edir ki, Ermənistanın işğal siyasətindən əl çəkməkdən, regional əməkdaşlıqdan başqa yolu yoxdur.
Əslində bu dəhlizin yaradılması onillərdir ki, işğal siyasətinin qurbanına çevrilmiş Ermənistanın da maraqlarına uyğundur. Bu gün sağlam məntiqlə düşünən erməni siyasətçiləri də etiraf edirlər ki, Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etməsi, işğal siyasəti yürütməsi onu inkişafdan geri salıb. Bu ölkə ötən əsrin 90-cı illərinin əvvələrində necə idisə, yenə həmin vəziyyətdədir. Xarici təsirlərin nəzarətində olan iqtisadiyyatda azacıq da olsa, müsbət meyillərdən söhbət gedə bilməz. Üstəlik pandemiya və Qarabağ savaşındakı məğlubiyyət ölkənin sosial vəziyyətini daha da ağırlaşdırıb, o cümlədən xarici borclarını artırıb. Belə bir vəziyyətdə diasporun yardımlarının da azalması Ermənistanda sosial-iqtisadi kataklizmləri daha da ağırlaşdırıb. “Ermənistanın başına gələnlərin təqsirkarı məhz 20 il ərzində ölkəni uçuruma aparan Ermənistan rəhbərliyidir. İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun alçaldıcı məğlubiyyəti və tamamilə darmadağın edilməsi ilə başa çatıb. Bunun əsas təqsirkarları Ermənistanda bundan əvvəl hakimiyyətdə olanlardır. Biz tarixin bu səhifəsini çevirmək istəyirik, biz etimad tədbirlərinin möhkəmlənməsinə və bu gün həm Azərbaycan-Ermənistan-Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu çərçivəsində, həm də qonşu ölkələr - Türkiyə və İran ilə bizim məsləhətləşmələrimiz çərçivəsində müzakirə edilən nəqliyyat-logistika layihələrinə istiqamətlənmişik. Beləliklə, Zəngəzur dəhlizi reallığa çevrilir. Biz çoxtərəfli əməkdaşlığa ümid bəsləyirik”, - deyə Prezident İlham Əliyev bu barədə danışarkən bildirib.
Bu baxımdan regionda yeni nəqliyyat dəhlizlərinin yaradılması, Zəngəzurdan keçən nəqliyyat dəhlizlərinin bərpası Ermənistanın da iqtisadi maraqlarına cavab verir.


Regionların inkişafı prioritetdir
Ötən əsrin 90-cı illərinin ortalarından Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə başlanmış demokratik dövlət quruculuğu sahəsində genişmiqyaslı islahatlar nəticəsində ölkədə iqtisadi və siyasi sabitlik təmin edilmiş, beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, iqtisadiyyatın dinamik inkişafının əsası qoyulmuşdur. Həyata keçirilən islahatların başlıca məqsədi demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından ibarət olmuşdur. İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlmişdir.
1994-cü ildə imzalanmış və Azərbaycan Respublikasının tarixində yeni mərhələnin əsasını qoyan «Əsrin müqaviləsi»nin icrasına başlanılması xarici investisiyaların ölkəyə cəlb olunmasına güclü təkan vermişdir. Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illər Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olmuşdur. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdir.
Bu istiqamətdə Heydər Əliyevin müəyyən etdiyi strategiyanı davam etdirən Prezident İlham Əliyevin iqtisadi siyasətinin ən mühüm istiqamətlərindən biri ölkənin kompleks və eləcə də regional baxımdan tarazlı inkişafının təmin edilməsindən ibarətdir. Çünki məhz bu yanaşma inkişafın davamlılığını təmin edə bilər. Aydındır ki, iqtisadiyyatın regional baxımdan inkişafının zəifliyi ölkədə ümumən sosial-iqtisadi, demoqrafik və ekoloji vəziyyətə mənfi təsir göstərir, əhalinin iş dalınca ölkə paytaxtına axınını sürətləndirirdi. Qarşıya qoyulan yeni hədəflərə çatmaq üçün isə regionlarda mövcud potensialdan istifadənin səmərəsini artırmaq, yeni iş yerlərinin açılmasını, iqtisadiyyatın və sənayenin ayrı-ayrı sahələrinin, aqrar sektorun tərəqqisini, kənd təsərrüfatı məhsullarının emalının genişləndirilməsini təmin etmək, bir sözlə, kompleks inkişafa nail olmaq lazım idi.
Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” təsdiq edilmişdir. Eyni zamanda, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam imzalanmışdır.
Zaman göstərdi ki, cənab İlham Əliyev bu dövlət proqramını təsdiq etməklə çox böyük uzaqgörənlik etmişdir. Çünki proqramın icrası nəticəsində Azərbaycanın bütün iqtisadi potensialı tam hərəkətə gətirildi, dinamik iqtisadi inkişaf təmin edildi. Ölkəmiz sənaye istehsalının və ümumdaxili məhsulun artım tempinə, o cümlədən yaradılan əlverişli biznes mühitinə görə dünyanın ən qabaqcıl dövləti kimi imicini möhkəmləndirdi. Mövcud iqtisadi potensialdan və resurslardan, bütün imkanlardan səmərəli şəkildə istifadə etməklə ölkə iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına böyük uzaqgörənliklə nail olan Prezident İlham Əliyev bununla həm də ulu öndər Heydər Əliyevin ideyalarını, arzularını, görmək istədiklərini reallaşdırdı.
Birinci proqramın icra edildiyi müddətdə ölkənin bütün regionlarını əhatə etməklə 20 mindən artıq yeni müəssisə yaradıldı. ÜDM-in real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatdı. ÜDM-in adambaşına düşən nominal həcmi isə 5 dəfə artaraq 4440 manat təşkil etdi. Bu dövrdə qeyri-neft sektoru 1,8 dəfə artdı. Sənayedə 2,5, kənd təsərrüfatında isə 25,2 faiz artım qeydə alındı. 2003-cü illə müqayisədə 2008-ci ildə əhalinin gəlirləri də 4 dəfə artdı. Bu müddətdə ölkə üzrə 766 min iş yeri açıldı ki, bu da Prezident İlham Əliyevin 2003-cü ildə verdiyi vədin reallaşması idi. Yeni iş yerləri öz növbəsində yoxsulluğun səviyyəsinin azalmasında mühüm rol oynadı. 2003-cü ildə ölkə əhalisinin təxminən 44,7 faizi yoxsulluq şəraitində yaşayırdısa, artıq 2008-ci ilin sonuna bu kateqoriyaya əhalinin yalnız 13,2 faizi aid olunurdu.
2009-cu il fevral ayının 23-də proqramın icrasının yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev proqramın vaxtından əvvəl və həm də böyük həcmdə icra olunduğunu bildirdi: «Proqram vaxtından əvvəl və daha da böyük həcmdə icra olundu. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı məsələləri diqqət mərkəzində dayanırdı. Bu gün də belədir. Ancaq beş il ərzində keçdiyimiz yol bu gün deməyə əsas verir ki, bölgələrin bir sıra problemləri öz həllini tapmışdır. 2004-cü ildə qeyri-neft sektorunun inkişafına nail olmaq əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Yəni, bölgələrdə müasir güclü infrastruktur, yeni müəssisələr yaradılsın, iş yerləri açılsın ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin. Hər bir ölkənin inkişafı üçün bu, çox böyük əhəmiyyət kəsb edir. İlk növbədə, təbii resurslarla zəngin olan ölkələrdə qeyri-neft sektorunun inkişafı böyük əhəmiyyət kəsb edir. Çünki əks təqdirdə, iqtisadiyyat dayanıqlı olmayacaq və biz bu uğurları ancaq qısa müddət ərzində yaşaya bilərik. Bizim isə məqsədimiz ondan ibarətdir ki, növbəti illərdə, uzun müddət ərzində Azərbaycan çox sürətlə inkişaf etsin, iqtisadiyyatımız neft-qaz amilindən asılı olmasın və ilk növbədə, insanların yaxşı yaşaması üçün bütün şərait yaradılsın. Nəzərə alsaq ki, Azərbaycan dövləti son beş il ərzində bölgələrə çox böyük sərmayə qoyubdur, bununla bərabər, özəl sektorun inkişafı üçün böyük həcmdə, güzəştli şərtlərlə kreditlər ayrılmışdır, sahibkarlığın inkişafına böyük dəstək verilmişdir. Həm mənəvi dəstək, həm siyasi, həm də maddi dəstək. Yəni, bütün bu amillər birləşəndə, əlbəttə ki, uğura nail olmaq mümkündür və Azərbaycanın son beş il ərzində keçdiyi yol bunun əyani sübutudur».


İlham Əliyevin rəhbərliyi ilə KEÇƏN möhtəşəm 10 il və uğurla icra edilən ikinci regional inkişaf proqramı
Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının uğurlu icrası bütün regionların inkişafında yeni bir mərhələnin yaranmasına səbəb oldu, formalaşmış əlverişli iqtisadi mühit ölkənin sosial-iqtisadi inkişafı sahəsində başlanmış tədbirlərin davam etdirilməsi zərurətini yaratdı. Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edildi.
Beləliklə, prezidentin müəyyən etdiyi vəzifələrin uğurla yerinə yetirilməsi, elan edilmiş prioritetlərin təmin olunması nəticəsində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurlu icrası ilə ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edildi, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində mühüm rol oynadı.
Ümumilikdə, 2009-cu ildən ötən müddət ərzində Dövlət Proqramının icrası nəticəsində ölkə üzrə 20 mindən çox yeni müəssisə fəaliyyətə başladı və 360 minə yaxın yeni iş yeri yaradıldı ki, bunun da 270 mindən çoxu daimi idi. Yoxsulluğun səviyyəsi 6 faizə, işsizlik 5,2 faizə endi.
İkinci Dövlət Proqramının icrasının yekunu həm də Prezident İlham Əliyevin respublikamıza rəhbərliyinin 10-cu ildönümü ilə üst-üstə düşərək, sosial-iqtisadi sahədə olduqca mühüm irəliləyişlə əlamətdar oldu. Belə ki, ümumilikdə, 10 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olmuş, ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artmış və ölkəmizdə orta illik iqtisadi artım 12,9 faiz təşkil etmişdir.
Minimum əməkhaqqının ölkə üzrə yaşayış minimumuna çatdırılması siyasəti davam etdirilmiş, əmək siyasəti və əməyin ödənilməsi sahəsində həyata keçirilən islahatlar nəticəsində işləyənlərin orta aylıq əməkhaqqının ilbəil artması əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin etmişdir. 10 ildə ölkədə minimum əməkhaqqının məbləği 11,7 dəfə artdı, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2013-cü ildə 5,3 faizə düşdü.
Azərbaycanda həyata keçirilən çevik büdcə-vergi siyasəti nəticəsində dövlətin iqtisadi qüdrətinin daha da artırılması, regionların, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, istehsal və infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, dövlət büdcəsi sosial və investisiya yönümlü, inkişaf və quruculuq büdcəsi, iqtisadi islahatların və dövlət proqramlarının maliyyələşmə mənbəyi olmuşdur.
2003-cü ildə ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların ümumi həcminin yalnız 26,8 faizi daxili mənbələrdən maliyyələşirdisə, 2013-cü ildə daxili investisiyaların xüsusi çəkisi 62,5 faizə çatdı.
10 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,2 milyondan çox yeni, o cümlədən 900 min daimi iş yeri açıldı, 55,6 min yeni müəssisə yaradıldı. Yeni açılmış iş yerlərinin 80 faizə yaxını regionların payına düşdü.
Həmin dövr ərzində innovasiya xarakterli texnologiyaların tətbiqi davam etdirildi, yeni müəssisələr yaradıldı, müəssisələrin istehsal potensialı artırıldı, ölkə sənayesində 2,7 dəfə artım qeydə alındı. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət müəssisələrinin məhsulunun payı 2003-cü ildə 56,8 faiz, 2013-cü ildə isə 81,4 faiz təşkil etdi. Bütün bunlar sənayedə işgüzar fəallığın artmasına, yeni iş yerlərinin açılmasına, kiçik sahibkarlığın inkişafına güclü təkan verdi.
Regional İnkişaf Dövlət Proqramlarının icrası çərçivəsində 10 il ərzində 8,3 min kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikildi və ya təmir olundu, regionlarda 307 yeni körpü və yol ötürücüsü tikildi və ya təmir edildi, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ və Yevlax şəhərlərində hava limanları istifadəyə verildi.
Bu dövrdə regionların inkişafında sosial məsələlərin həlli ilə bağlı zəruri tədbirlər davam etdirildi, insan amili daim diqqət mərkəzində saxlanıldı, bu sahəyə xidmət edən sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldü. Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında mühüm rolu oldu. Fondun təşəbbüsü ilə həyata keçirilən layihələrin miqyası minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar açdı.
“Birinci beşillik proqram demək olar ki, regionlarda böyük dönüş yarada bilmişdir. Ondan sonra ikinci proqram qəbul edildi. 2009-2013-cü illəri əhatə edən proqram başa çatdı. Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu olmuşdur. Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi. Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun əsas səbəbi iqtisadi müstəqillikdir, iqtisadi gücümüzdür və siyasi iradədir”, - deyə Prezident İlham Əliyev 2014-cü ildə regionun sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda demişdir.


Üçüncü proqram: 15 ilin sosial-iqtisadi hesabatı olduqca uğurlu və möhtəşəmdir
Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olaraq Azərbaycan prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edildi. Bu qəbildən olan sayca üçüncü dövlət proqramının əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarət idi.
Üçüncü Dövlət Proqramı da daxil olmaqla görülmüş işlər ölkədə həyata keçirilən ümumi sosial-iqtisadi inkişaf siyasətinə ciddi dəstək vermiş və nəticədə 2004-2018-ci illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,4 dəfə, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə artdı. Bu dövrdə sənaye real ifadədə 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,4 dəfə, kənd təsərrüfatı 1,7 dəfə çoxaldı. Strateji valyuta ehtiyatları 2004-cü ilə nisbətən 24,3 dəfə artaraq 1 yanvar 2019-cu il tarixinə 45 milyard ABŞ dolları səviyyəsini keçdi. Xarici ticarətin coğrafiyası daha da genişlənmiş, onun əmtəə strukturu təkmilləşmişdir. Bu dövrdə Azərbaycan 190-a yaxın ölkə ilə xarici ticarət əməliyyatları aparmış, qeyri-neft ixracı 4,2 dəfə artmışdır.
Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da öz müsbət əksini tapmışdır. Təsadüfi deyildir ki, Dünya Bankının “Doing Business 2019” hesabatına görə, Azərbaycan əvvəlki illə müqayisədə reytinqdə 32 pillə irəliləyərək, 57-ci yerdən 25-ci pilləyə yüksəlib. Sənədə əsasən, 10 indikatordan 8-i üzrə öz mövqeyini daha da yaxşılaşdıran Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilib.
Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşlarının təşviqi və stimullaşdırılması həyata keçirilən iqtisadi siyasət strategiyasının ana xəttinə çevrilmiş, ölkə iqtisadiyyatına 2004-2018-ci illər ərzində 244,9 milyard ABŞ dolları həcmində investisiya qoyulmuşdur. Eyni zamanda, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri də dinamik olaraq artmış, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olmuşdur.
Dövlət Proqramları çərçivəsində aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər də əsas prioritet istiqamətlərdəndir. Aqrar sahənin vergilərdən azad edilməsi, subsidiyaların, güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi, bu sahədə infrastrukturun yaxşılaşdırılması, dövlət investisiyaları hesabına Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələrin reallaşdırılması, həyata keçirilən meliorativ tədbirlər, aqrotexniki xidmət işlərinin yerinə yetirilməsinin keyfiyyətini yüksəltmək üçün “Aqrolizinq” ASC-nin yaradılması, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi kimi tədbirlər bu sahənin inkişafına təkan vermişdir. Bunun nəticəsidir ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılmışdır. Ötən müddət ərzində iri fermer təsərrüfatları, aqroparklar, intensiv bağçılıq təsərrüfatları, müasir istixanalar, logistik mərkəzlər yaradılmış, kənd təsərrüfatı məhsulları istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazası möhkəmləndirilmişdir.
Dövlət başçısının rəhbərliyi ilə yeni qlobal çağırışlar nəzərə alınmaqla həyata keçirilən iqtisadi islahatlara uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-nə kimi dayandırılmış, sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə apelyasiya şuraları yaradılmış, ixracın və investisiyaların təşviqi mexanizmləri formalaşdırılmış, dövlət satınalmalarında yerli mallar üçün güzəştlər müəyyən olunmuş, gömrük prosedurları sadələşdirilmiş, tələb olunan sənədlərin sayı azaldılmış və konkretləşdirilmiş, idxal-ixrac əməliyyatları sahəsində mütərəqqi mexanizmlər tətbiq edilmiş, sahibkarların vergi yükü azaldılmış, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı üçün subsidiyalar müəyyənləşdirilmişdir.
Sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən islahatların tərkib hissəsi kimi, lisenziyalar və icazələr sisteminin tənzimlənməsi və inzibati prosedurların sadələşdirilməsi istiqamətində aparılan kompleks tədbirlər nəticəsində lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı 330-dan 86-ya endirilmiş, yeni verilən və qüvvədə olan müddətli lisenziyalar müddətsiz müəyyən edilmiş, lisenziyaların verilməsinə görə dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılmış, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilmiş və prosedurlar sadələşdirilmişdir.
Ölkənin tranzit potensialının reallaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görülmüş, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti güclənmiş, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilmiş, Azərbaycanın tranzit potensialının artırılmasında böyük əhəmiyyətə malik olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olmuşdur ki, bununla da sözügedən marşrutla Azərbaycan ərazisindən keçməklə daşınacaq yüklərin həcmləri əhəmiyyətli dərəcədə artacaq və bu da öz növbəsində qeyri-neft sektorunun inkişafına təkan verəcəkdir.
Bundan başqa, 2018-ci il may ayının 14-də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı olmuşdur. Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla, ölkəyə daxil olan, ölkədən çıxan və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verir.
Həmçinin 15 ildə 14 min kilometrdən çox respublika və yerli əhəmiyyətli yolda təmir-tikinti işləri aparılmış, 436 ədəd körpü və tunel tikilmiş və təmir olunmuşdur. Əhalinin elektrik enerjisinə olan tələbatını daha dolğun təmin etmək məqsədilə 15 ildə regionlarda 28 elektrik stansiyası istifadəyə verilmiş, 45 min kilometrdən artıq elektrik xətti çəkilmiş və 1650-dən çox yarımstansiya quraşdırılmış və ya təmir olunmuşdur. Həmçinin bu dövrdə regionlarda 56,2 min kilometr qaz xətti çəkilmiş və ya əsaslı təmir olunmuş, 1800-dən çox yaşayış məntəqəsi təbii qazla təmin edilmiş, regionlar üzrə qazlaşdırma səviyyəsi 41 faizdən 93,2 faizə çatmışdır.
Ümumilikdə, 2004-2018-ci illərdə, yaxud İlham Əliyevin prezidentliyinin 15-ci ilində ölkə əhalisinin 77 faizinin yaşadığı regionların sosial infrastrukturu köklü şəkildə yaxşılaşdırılmış, əhalinin rifah halı yüksəlmişdir.
15 ildə Azərbaycan Respublikasının prezidentinin bölgələrə mütəmadi səfərləri Dövlət Proqramlarının icrasını sürətləndirməklə, regionların tarazlı inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan vermişdir. Proqramların icra olunduğu dövr ərzində dövlət başçısı 1800-dən çox infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuş, yerlərdə ictimaiyyətin nümayəndələri ilə, o cümlədən sahibkarlarla görüşlər keçirmiş, qaldırılan məsələlərlə yaxından maraqlanmış, eyni zamanda, müxtəlif rayon və şəhərlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində 650-dək sərəncam imzalamışdır.
“Aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına gətirib çıxardı. 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyuldu və bu sərmayənin yarısı xarici investisiyadır. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Azərbaycanda mövcud olan sərmayə iqlimi xarici investorları həvəsləndirir” - deyə Prezident İlham Əliyev 2019-cu il yanvar ayının 29-da keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda bildirib.


17 ildə Azərbaycanda iqtisadiyyatın 3,4 dəfə artması dünyada rekord göstəricidir
2020-ci il fevralın 3-də keçirilən regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı və sayca dördüncü Dövlət Proqramının icrasının birinci ilinə həsr olunan konfransda görülmüş işlər barədə geniş bəhs edildi. Amma öncə onu qeyd edək ki, konfrans dördüncü Dövlət Proqramının birinci ilinin yekunları ilə bağlı olsa da, əslində 2003-cü ildən ötən dövrün sosial-iqtisadi inkişafının hesabatı idi.
Bu gün zaman göstərir ki, İlham Əliyev 2004-cü ildən başlayaraq bu dövlət proqramlarını təsdiq etməklə çox böyük uzaqgörənlik edib. Çünki onların nəticəsində Azərbaycanın imkanlarından səmərəli istifadə olunub, bütün iqtisadi potensial hərəkətə gətirilib ki, bunun da uğurlu nəticələri göz önündədir. Ümumi daxili məhsulun dəfələrlə artımı, qeyri-neft sektorunda, o cümlədən qeyri-neft sənayesində qürur doğuran yüksəlişi baş verib, Azərbaycan əlverişli biznes mühitinə görə dünyanın ən qabaqcıl dövlətinə çevrilib.
Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi rəqəmlər və faktlar tarixin ən güclü Azərbaycanının aydın mənzərəsini yaradır. Beləliklə, 17 ildə Azərbaycanda baş verən iqtisadi dəyişikliklərə nəzərə salaq. Bu dövrdə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb ki, bu da dünyada rekord göstəricidir. O cümlədən:
- sənaye istehsalı 2,7 dəfə;
- kənd təsərrüfatı 2 dəfə;
- valyuta ehtiyatlarımız 27 dəfə artaraq 52 milyard dollara çatıb;
- Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verilib;
- Bakı-Tbilisi-Qars dəmir yolu tikilib;
- Cənub Qaz Dəhlizi çəkilib;
- Xəzərdə ən böyük liman olan Ələt Beynəlxalq Dəniz Limanı salınıb;
- altısı beynəlxalq olmaqla, yeddi aeroport tikilib;
- Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib;
- orbitə 3 peyk çıxarılıb;
- 33 elektrik stansiyası tikilib, 3 min meqavat yeni generasiya gücü yaradılıb;
- qazlaşdırmanın səviyyəsi 51 faizdən 96 faizə çatıb;
- 16 min 700 kilometr avtomobil yolu tikilib;
- yoxsulluq 50 faizdən 4,8 faizə düşüb;
- Taxtakörpü və Şəmkirçay su anbarları tikilib;
- 1500-dən çox artezian quyusu qazılıb;
- orta əməkhaqqı 11 dəfə;
- pensiyalar 8 dəfə artıb;
- 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilib.
Beləliklə, dördüncü dövlət proqramının birinci ili də daxil olmaqla əldə olunan uğurlar, həyata keçirilən əzəmətli layihələr Azərbaycan dövlətinin və xalqının çox qısa dövr ərzində nail olduğu misilsiz, möhtəşəm və tarixi nailiyyətlər, milli yüksəliş salnaməsinin nümunələridir. «Bu layihələrin aparıcı qüvvəsi, təşəbbüskarı, təşkilatçısı, əsas maliyyə yükünü öz üzərinə götürən ölkə bizik - Azərbaycandır və bunu etmişik. Bu layihələrin hər biri tarixi əhəmiyyət daşıyır. Bu layihələrin, ümumiyyətlə, görülən işlərin hamısı Azərbaycan xalqı qarşısında böyük xidmətlərdir. Çıxışımın əvvəlində dediyim kimi, uğurlu inkişafımızı, sabitliyi şərtləndirən, cəmiyyətdə xoş əhval-ruhiyyəni formalaşdıran bizim siyasətimiz və addımlarımızdır. Nəyi demişiksə, onu da etmişik. Bir dənə də icra edilməmiş vəd yoxdur. Heç kim bunu tapa bilməz.
2003-cü ildə və ondan sonrakı illərdə nəyi demişəmsə, onu da etmişəm. Ona görə bizim sözümüzə də, işimizə də xalq tərəfindən böyük inam var. Mən həmişə demişəm ki, bizim sözümüzün qüvvəti imzamız qədər olmalıdır və bu gün bu, belədir», - deyə İlham Əliyev bu barədə danışarkən bildirib.


Qlobal kataklizmlər dövründə də regional inkişaf dövlət proqramı yerinə yetirilir
Pandemiyanın yaratdığı çətinliklər olmasaydı, 2020-ci ildə də yeni müsbət iqtisadi nəticələr əldə olunacaqdı. Məlumdur ki, koronavirus pandemiyasının bütün dünyada yayıldığı ötən il bir çox inkişaf etmiş dövlətlərin iqtisadi həyatında ciddi geriləmələr baş verdi. Azərbaycan iqtisadiyyatında da olduqca cüzi azalma baş verməsinə rəğmən, qeyri-neft sənayesiin 11 faizdən çox artımı respublikamızda həyata keçirilən iqtisadi uğur sayılmalıdır.
Pandemiyanın çətinliklərinə baxmayaraq, Azərbaycanda regional inkişaf proqramı çərçivəsində nəzərdə tutulan layihələrin də icrası tam sürətlə təmin olundu. Bunu Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına və Qəbələ rayonlarına səfərləri də təsdiq edir.
Prezident İlham Əliyevin may ayının 10-da Naxçıvan Muxtar Respublikasına etdiyi səfər regionlarla bağlı müəyyən edilmiş vəzifələrin uğurla yerinə yetirildiyini göstərdi. Ən mühümü isə odur ki, dövlət proqramları çərçivəsində nəzərdə tutulan layihələr pandemiya dövründə də vaxtında icra edilir.
Prezidentin səfəri bir daha göstərdi ki, regional inkişaf dövlət proqramları çərçivəsində qarşıya qoyulan vəzifələr ölkədə qeyri-neft sektorunun kompleks inkişafına və sosial rifaha xidmət edir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində və əhalinin rifah halının yaxşılaşdırılmasında müstəsna rol oynamaqdadır.
Prezident İlham Əliyevin may ayının 10-da Naxçıvana növbəti səfəri respublikamızın bu bölgəsinin yüksəlişinin dinamik, davamlı və nümunəvi olmasından xəbər verdi. Bu, Prezident İlham Əliyevin dövlət başçısı kimi, Naxçıvana sayca 15-ci səfəri ili. İlk səfər isə 17 il əvvəl, 2004-cü ilin may ayında olmuşdur. Bu müddətdə prezidentin hər səfəri Naxçıvanın yüksəlişindən xəbər verməklə yanaşı, həm də bu bölgənin inkişafında yeni mərhələnin əsasını qoyub.
15-ci səfərin isə həm də rəmzi mənası vardı. Çünki bu səfər ulu öndər, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olduğu günə təsadüf etmişdir. Eyni zamanda, bu, Prezident İlham Əliyevin Vətən müharibəsindəki Qələbədən sonra Naxçıvan Muxtar Respublikasına ilk səfəri idi.
«Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir. Bu gün bir neçə infrastruktur layihəsinin açılışında iştirak etmişəm, o cümlədən Ordubad şəhərində içməli su və kanalizasiya layihəsinin istifadəyə verilməsini qeyd etmişik. Yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı – bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlər məni çox sevindirir. Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpa olunan mənbədən istifadə edir.
Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir. Bütün şəhərlər artıq magistral yollarla bir-birinə bağlanıbdır və Naxçıvanda olan hər bir insan bunu görür. Yollar çox keyfiyyətlə tikilir, mən bu yolların açılışlarında iştirak etmişəm, bəzi yollar çoxdan istismara verilib, amma buna baxmayaraq, keyfiyyət də yerindədir. İçməli su layihələri bütün şəhərləri əhatə edir. İndi üç şəhərdə bu layihələr icra ediləcək və beləliklə, bu məsələ də tamamilə öz həllini tapacaq. Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb», - deyə Prezident İlham Əliyev Naxçıvanın inkişafı barədə danışarkən bildirib.
Ümumiyyətlə regionlarda görülmüş işlər, sosial-iqtisadi inkişafa verilən töhfələr, yeni infrastruktur obyektlərinin istifadəyə verilməsi, əhalinin məşğulluq imkanlarının artırılması olduqca mühümdür. Görünən həm də odur ki, hər bir addımın, hər bir təşəbbüsün arxasında real sosial-iqtisadi qanunauyğunluq dayanır. Başa çatdırılmış hər layihə düzgün iqtisadi məntiqə əsaslanmaqla kompleks inkişafın mühüm həlqəsini təşkil edir.

 

Azad olunmuş ərazilərimizin potensialı Azərbaycanın iqtisadi inkişafına böyük töhfələr verəcək
Azərbaycanın Vətən müharibəsindəki qələbəsi isə respublikamızın daha da inkişafı üçün geniş imkanlar açıb. İlk növbədə onu qeyd edim ki, işğaldan azad olunmuş rayonlarımızın böyük iqtisadi potensialı var. Azad olunan hər bir rayonun iqtisadi imkanları çox genişdir. Onların hər birinin yeraltı və yerüstü sərvətləri tükənməzdir. Qarabağ torpaqları əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər, və digər faydalı qazıntılarla zəngindir. İndiyədək Kəlbəcərdə və Zəngilanda qızıl yataqları Ermənistan tərəfindən qanunsuz şəkildə talan olunub. Lakin artıq bu torpaqların sahibləri qayıdıb. Təbii ki, yeraltı sərvətlərimizin cinayət yolu talanması ilə əlaqədar olaraq dəymiş kompensasiya hesablanacaq və Ermənistan beynəlxalq məhkəmə qarşısında cavab verməli olacaq. Qarabağın yeraltı və yerüstü sərvətləri isə bundan sonra Azərbaycan dövlətinin yüksəlişinə, xalqımızın rifahına xidmət edəcək. Yeni təbii resursları dövriyyəyə cəlb etməklə Azərbaycan bu bölgənin inkişafını, dağ-mədən sənayesinin, eləcə də metallurgiya kompleksinin yüksəlişini təmin etmək potensialına malikdir. Metallurgiyanın inkişafı isə Azərbaycanda bir sıra sənaye sahələri ilə yanaşı, həm də hərbi sənayenin inkişafını sürətləndirəcək. Bu baxımdan Qarabağın azad olunması Azərbaycan iqtisadiyyatının yüksəlişinə və diversifikasiyasına töhfə olacaq.
İşğaldan azad olunmuş ərazilər vaxtilə Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi. Qarabağ ərazisində 250 min hektardan çox məhsuldar torpaq var. Bu baxımdan bu torpaqların dirçəldilməsi Azərbaycanın iqtisadiyyatına böyük töhfələr verəcək. Azərbaycan işğaldan azad olunan torpaqlarda üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Eyni zamanda, burada emal və ərzaq sənayesinin inkişafı potensialı var. Ona görə qarşıdakı illərdə azad olunan rayonların iqtisadi fəallığının təmin olunmasından və azad olunmuş torpaqların kənd təsərrüfatına cəlb edilməsindən sonra ölkə üzrə məhsulun ümumi buraxılışı azı 2 milyard manat arta bilər.
Azərbaycan ərazilərinin işğaldan azad edilməsi həm də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmininə ciddi töhfə verəcək. Xüsusən də heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi yaxşılaşacaq. Hazırda ölkəmizdə özünütəminetmə səviyyəsi ət və ət məhsulları üzrə 82,5 faiz, süd və süd məhsulları üzrə 86,2 faizdir. Proqnozumuza görə, işğaldan azad edilən ərazilərdə təsərrüfat fəaliyyəti bərpa ediləndən sonra bu məhsullarla özümüzü təmin edə biləcəyik.
Ona görə qarşıdakı illərdə qeyri-neft sektorunun inkişafı ilə bağlı proqnozlara düzəlişlər ediləcək. Çünki Qarabağa qayıdış həm də qeyri-neft sektorumuzun daha sürətlə böyüməsinə təkan verəcək. Ərazilərin işğaldan tam azad olunmasının iqtisadi inkişafımıza təsiri çox böyük olacaq.
Qarabağ bölgəsində Azərbaycanın zəngin su ehtiyatları var. O cümlədən mineral su ehtiyatlarımızın 40 faizə qədəri işğal altındakı torpaqlardadır. Bu baxımdan torpaqlarımızın azad edilməsi su qıtlığının olduğu indiki şəraitdə respublikamızın su təminatına da mühüm töhfə verəcək. Bu ehtiyatlardan həm içməli su, həm meliorasiya, həm də elektrik enerjisi istehsalı üçün istifadə ediləcək. Xüsusən də Kəlbəcər və Laçın rayonları şirin su ehtiyatları ilə zəngindir.
Saf havası, gözəl təbiəti olan Qarabağ tək Azərbaycanın deyil, dünyanın ən füsunkar yerlərindən biridir. Ona görə Qarabağın iqtisadiyyatının dirçəlişi bu bölgədə hər şeydən əvvəl turizm üçün geniş imkanlar açır. Qarabağın kurort-rekreasiya potensialına malik olmasına baxmayaraq, Ermənistan bu potensialdan heç bir zaman tam faydalana bilməyib. Ermənistanın bu istiqamətdə həyata keçirmək istədiyi layihələrin hamısı hədər gedib. Çünki bütün dünya işğal olunmuş əraziləri Azərbaycan torpaqları kimi tanıyıb və buna görə heç vaxt turizm sənayesinin diqqətini çəkməyib. Amma indi Azərbaycan Qarabağı geri alıb və bu ərazilərin təbiəti, resursları turizmin inkişafı üçün böyük imkanlar yaradır.
İşğaldan azad olunan ərazilərdə “tikinti bumu” gözlənilir. Ərazilərimizin azad edilməsi nəticəsində biz qarşıdakı illər üzrə qeyri-neft sektorunun inkişafı ilə bağlı verdiyimiz proqnozları yenidən işləməli olacağıq. Çünki Ordumuzun bu qələbəsi həm də qeyri-neft sektorumuzun daha sürətlə böyüməsinə təkan verəcək. Ərazilərin işğaldan tam azad olunmasının iqtisadi inkişafımıza təsiri çox böyük olacaq.
Prezident İlham Əliyevin iştirakı ilə mayın 28-də Ağdamda Sənaye Parkının təməlinin qoyulması isə işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi üçün atılan ilk addım oldu. Bütövlükdə azad olunmuş ərazilərimizin potensialı Azərbaycanın iqtisadi inkişafına böyük töhfələr verəcək.

 

Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın daha bir milli və tarixi marağını təmin edəcək
44 günlük müharibədə Qələbə qazanmaqla Azərbaycan həm də bütövlükdə regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsinə böyük zəmin yaradıb. Məqalənin əvvəlində qeyd etdiyim kimi, söhbət Zəngəzur dəhlizi vasitəsilə yeni nəqliyyat əlaqələrinin yaradılmasından gedir.
Bu yerdə haşiyə çıxaraq qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqələrinin yaradılmasını hələ illər əvvəl Azərbaycanın milli marağı kimi müəyyən edib. Çünki bu dəhlizin bərpası ilk növbədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın nəqliyyat əlaqələrinin yaxşılaşdırılması baxımından vacibdir. Digər tərəfdən qeyd olunan nəqliyyat əlaqələrinin yaradılması və bərpası ilə Zəngəzur bölgəsi bütün türk dünyasını birləşdirən körpüyə çevriləcək. Xatırladım ki, hələ 2009-cu il oktyabrın 3-də Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşündə Prezident İlham Əliyev bununla bağlı demişdi: “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayrılıb, Ermənistana birləşdirilməsi, demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni, türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti onilliklər ərzində dayandırılmışdır. Ancaq biz bu gün qəbul edilmiş qərarlarla, atılmış addımlarla bu bağlantını daha da gücləndiririk”.
2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə Prezident İlham Əliyev bir daha bu mövzuda danışaraq bildirmişdir ki, bütün bunlara baxmayaraq, Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk.
Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzində “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı bir daha İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış iqtisadi əməkdaşlıq imkanları barədə fikirlərini açıqladı. Dövlət başçısı çox haqlı olaraq qeyd etdi ki, biz gələcəyə baxmalıyıq: «Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik və yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Bu səbəbdən, bildirmək istəyirəm ki, Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır, çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Bu, asan deyil. Burada emosiyalar var. Xüsusən də, Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə, siz yəqin ki, təsəvvür edə bilərsiniz, hansı hissləri keçirirlər. Lakin siyasətçilərin rolu öz gündəliklərini müdafiə etməkdən və yalnız qarşılıqlı fəaliyyət sayəsində regionda dayanıqlı inkişafın, sülhün və təhlükəsizliyin olacağını izah etməkdən ibarətdir».
Ermənistanın da bu gün düşdüyü böhrandan ən optimal çıxış variantlarından biri regionda yaranmış yeni iqtisadi əməkdaşlıq imkanlarından yararlanması, qonşularla sivil münasibətlər yaratmasıdır. Düzdür, Ermənistanda aylardır ki, revanşist qüvvələr üçtərəfli bəyanatlara qarşı çıxırlar. Amma qeyd olunduğu kimi, Azərbaycanın qələbəsi Ermənistana başqa yol qoymayıb. Bu ölkə indi Azərbaycanın diktə etdyi şərtlərə uyğun davranmağa məhkumdur. Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi reallaşacaq. Ermənistanda hakimiyyətdə hansı siyasi qüvvənin olmasına baxmayaraq, bu ölkə öhdəliklərini yerinə yetirmək məcburiyyətindədir. Azərbaycan isə qarşısına qoyduğu məqsədlərə çatan dövlətdir. Prezident İlham Əliyevin siyasi müdrikliyi, uzaqgörənliyi, yürütdüyü diplomatiya respublikamızı uğurdan-uğura aparır.
Cənab İlham Əliyev həmişə bəyan edirdi ki, Ermənistan ərazilərimizdən öz xoşu ilə çıxmasa, Azərbaycan güc yolu ilə onu işğal etdiyi torpaqlarımızdan çıxaracaq. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycanın öz məqsədlərinə doğru inamla addımlayan dövlət olduğunu və İlham Əliyevin qətiyyətini, dövlətinin milli maraqlarını uğurla təmin edən lider olduğunu göstərdi. Bu baxımdan İlham Əliyevin yürütdüyü siyasət Ermənistanı üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri tez bir zamanda yerinə yetirməyə məcbur edəcək. Həmin sənədlərdə nəzərdə tutulmuş nəqliyyat əlaqələrinin yaradılması və bərpası ilə Azərbaycan Zəngəzura qayıdacaq.
Göründüyü kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs sözün bütün mənalarında Azərbaycanın yüksəlişini, Cənubi Qafqazdakı lider mövqeyini və Qarabağdakı hərbi Qələbəsini uğurla və layiqincə təmin edib. Qarşıdakı hədəflər isə bəllidir, Prezident İlham Əliyev növbəti 10 ilin milli prioritetlərini də müəyyən edib və bu dövrdə dövlətimiz və xalqımız növbəti tarixi nailiyyətlərinə imza atacaq.

 

İşğaldan azad edilən ərazilərimizin yenidən qurulması istiqamətində bütün layihələr sürətlə həyata keçiriləcək
Torpaqlarımızın işğaldan azad olunmasından sonra dünya Azərbaycanın qələbəsi ilə yanaşı, başqa bir reallığa da şahidlik etdi. Şəhər və kəndlərimiz azad olunduqca əyani şəkildə aydın oldu ki, işğalçı yaşayış məntəqələrimizdə daşı daş üstə qoymayıb. Düşmən tarixi və dini abidələrimizə də qənim kəsilib. Onları erməniləşdirmək istəyib, amma bacarmadığı üçün dağıdıb. Talançılıq edərək tarixi eksponatları Ermənistana daşıyıblar. Yeraltı və yerüstü sərvətlərimizi 30 il ərzində qanunsuz şəkildə istismar ediblər və ya oğurlayıblar. İşğal altında olan ərazilərimizin gözəl təbiəti də erməni xislətinin qurbanı olub, meşələr, qiymətli ağac növləri kəsilib, tarixi orta əsrlərə qədər uzanan ağaclar məhv edilib. Ermənistan bütün bunlara görə cavab verəcəkdir.
Hələ müharibənin davam etdiyi günlərdən işğaldan azad olunmuş ərazilərimizin bərpasına başlanılıb. Ötən ilin oktyabr ayından Tərtər rayonunda Suqovuşan gedən yeni yolun çəkilişi başlanılıb və işlərin böyük qismi artıq yekunlaşıb. Çünki qayıdışın birinci addımı yoldur. Yol həm də inkişaf, yüksəliş və rifah deməkdir. Hazırda Füzulidən Şuşaya, Horadizdən Zəngilana, Göygöl rayonundan Kəlbəcərə doğru yeni yollar çəkilir, Füzulidə hava limanı inşa olunur.
Aprel ayında Prezident İlham Əliyev tərəfindən Zəngilan rayonunun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməli qoyulub. Bu səfər zamanı həm də Ağdamda azad edilmiş torpaqlarda quruculuq və bərpanın ilk baş planı təsdiq olundu.
Şuşa şəhərində də geniş bərpa işlərinə start verilib. İşğalçıların dağıt­dıqları, erməniləşdirilməsinə cəhd göstərdikləri bütün mədəni-mənəvi və tarixi abidərəimiz bərpa olunur.
Dəmir yollarına gəldikdə, artıq bu istiqamətdə də ilkin layihələrin icrası ilə bağlı işlər görülür. Prezident İlham Əliyevin «Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında» 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə ümumi uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün ilkin olaraq 5 milyon manat ayrılıb. Horadizdən Zəngilanın Ağbənd stansiyasına qədər yeni dəmir yolu xəttinin çəkilişinə start verilib.
Prezident İlham Əliyevin may ayının 28-də – Respublika Günündə Ağdam rayonuna səfəri də işğaldan azad edilmiş rayonların bərpasına xidmət edən yeni layihələrə start verilməsi baxımından olduqca əlamətdar idi. Dövlət başçısının iştirakı ilə təməli qoyulan Bərdə-Ağdam avtomobil yolu Qarabağa qayıdışa, azad edilmiş ərazilərin dirçəlişinə xidmət edən mühüm layihədir.
Bu avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olacaq. Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, bu, rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək. Ağdamda həm də işğaldan azad edilmiş ərazilər üzrə ilk Baş Plan təsdiq olundu. «…Bu gün azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənir. İndi Şuşa şəhərinin Baş Planı hazırlanır, artıq bir müddətdən sonra təsdiqlənəcək. Füzuli şəhərinin, Cəbrayıl şəhərinin, digər şəhərlərin Baş Planları üzrə iş gedir».
Qeyd edək ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da tarixdə misli görünməmiş vandallıq ediblər. Bir vaxtlar şöhrəti ilə tanınan Ağdam şəhəri atom bombası ilə dağıdılmış Xirosima və Naqasakini xatırladır. Şəhərdən əsər-əla­mət qalmayıb. Ermənilər Ağdamda xalqımızın tarixi-mədəni irsinə qarşı da vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib. Düşmən Şahbulaq qalasını erməniləşdirməyə çalışıb, tarixə qarşı cinayətkarlıq edib.
“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”. Prezident İlham Əliyev bunu ötən ilin noyabr ayının 24-də Ağdam şəhərinə səfəri zamanı bildirmişdi. Hazırda isə Ağdamın bərpası istiqamətində layihələr həyata keçirilir.
Prezident İlham Əliyevin iştirakı ilə mayın 28-də Ağdamda Sənaye Parkının təməlinin qoyulması isə işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi üçün atılan ilk addım oldu. Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır.
İşğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Ağdamda sənaye mərkəzi, Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi yaradılacaq. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Ağdamın strateji coğrafi mövqeyi, digər bölgələrlə qovuşuqda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.
Ötən ay Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyev bütün şəhərlərin baş planlarının hazırlandığını və bunun, ilk növbədə, Ağdam şəhərini əhatə edəcəyini bildirmişdi. May ayının 28-də Ağdamda şəhərin Baş planının təqdimatı oldu. «Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilmişdir. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək. Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq», - deyə Prezident İlham Əliyev Ağdamda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirmişdir.
Dövlət başçısı Ağdam rayonunun işğal altında olduğu dövrdə oraya doqquz dəfə səfər etdiyini xatırlatdı. Həmin ərazi ilə bağlı bir çox tədbirlər keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Ağdam rayonunun quruculuqla bağlı inkişaf planları təsdiq edilmişdir. Burada bir çox sosial layihələr icra edildi, məktəblər, Muğam Mərkəzi, uşaq xəstəxanası, mərkəzi rayon xəstəxanası, Olimpiya Mərkəzi, infrastruktur layihələri icra edildi. Əhali təbii qazla, elektrik enerjisi, su ilə təmin edilmiş, 150-dən çox artezian quyusu qazılmışdır. İşğal dövründə Ağdam rayonunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. Dövlətimizin başçısı Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər zamanı demişdir ki, torpaqlarımız, o cümlədən Ağdam şəhəri və bütün rayon azad olunandan sonra buralar cənnətə çevriləcək, daha gözəl şərait yaradılacaq. Müstəqillik günü təqdim edilən Ağdam şəhərinin baş planı verilən vədlərin məntiqi nəticəsi oldu. Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bir daha vurğuladı ki, biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır.
Xatırladım ki, Ağdamda ilkin olaraq işğal dövründə ermənilər tərəfindən dağıdılmış tikililərin söküntüsü həyata keçirilib. Mayın 28-də isə Ağdamda ilk yaşayış binasının təməli qoyuldu. Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək. Mənzillər 1, 2, 3, 4 və 5 otaqlı olacaq.
Prezident İlham Əliyevin ötən ilin noyabrından işğaldan azad olunmuş ərazilərə səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlini qoyması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən mühüm əhəmiyyət kəsb edir. Bu, bir daha göstərir ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı bütün ideya və planlarını sürətlə reallaşdırmağa qadirdir. Xüsusilə qeyd edilməlidir ki, müharibədən çıxmış bir dövlətin pandemiya şəraitində, dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə işğaldan azad olunan ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarını reallaşdırması, şəhərlərin bərpasına start verməsi bir daha ölkəmizin gücünü və qüdrətini nümayiş etdirir.
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki parlaq hərbi-siyasi zəfəri işğaldan azad olunan ərazilərimizə yeni nəfəs verdi. İndi bu torpaqlarda həyat canlanmağa başlayır, qurumuş bulaqlar yenidən çağlayır. Ermənistanın işğal dövründə dağıtdığı, talan etdiyi şəhər və rayonlarımız Prezident İlham Əliyevin xüsusi nəzarəti ilə kompleks şəkildə bərpa olunur, yenidən qurulur. Bu məsələdə də ölkə ictimaiyyəti ilk gündən Prezident İlham Əliyevin qətiyyətini görməkdədir.

 


“İqtisadiyyat”