PORTRET

Mənalı ömür yolu “Deyirlər, hər bir xalqı, milləti, torpağı, ölkəni məşhurlaşdıran, tanıdan, hər şeydən əvvəl onun alimləri, sənətkarları, ictimai xadimləri, sərkərdələri, söz ustalarıdır. Əsrlərin sınağından çıxmış bu müdrik deyimin sübuta ehtiyacı yoxdur. Bunun üçün onların harada yaşaması vacib deyildir. Önəmlisi odur ki, onların ürəyi millətinin, vətənin qayğıları və ümidləri, sevinci və kədəri, keçmişi və gələcəyi ilə nəfəs alsın”. “Borçalı ziyalıları” kitabından

  • 02.12.2015

Şərəfli, ləyaqətli və uzun bir ömür yaşamaq, seçdiyin peşə ilə öz xalqına gərəkli olmaq, xalqın mənafeyinə xidmət etmək, yaxşı ad və hörmət qazanmaq hər bir insan üçün ən böyük xoşbəxtlikdir. Seçdiyi peşəsindən asılı olmayaraq, xalqına sevgi və qayğı ilə yanaşanlar həmişə sevilərək layiqincə qiymətləndirilir. Olduqca az sayda insanların payına düşən bu nemət bu günlərdə 80 illik yubileyi qeyd ediləcək tanınmış iqtisadçı alim, professor Nurpaşa Abbas oğlu Novruzovun qisməti olmuşdur. Öz əməyi, zəhməti ilə seçilən, universitetimizin inkişafı üçün bilik və bacarığını ərsirgəməyən bu şəxsin ömür yoluna qısaca da olsa nəzər salaq.

Nurpaşa Abbas oğlu Novruzov 10 dekabr 1935-ci ildə Borçalının Sarvan kəndində anadan olub. 1954-cü ildə Marneuli Azərbaycan orta məktəbini bitirmişdir. Həmin ildə Bakıya gələrək Azərbaycan Xalq Təsərrüfatı İnstituna daxil olmuş və 1958-ci ildə “Maliyyə və kredit” ixtisası üzrə həmin institutu bitirmişdir.

Nurpaşa Novruzov ali məktəbi bitirdikdən sonra 1958-ci ildə təyinatla Azərbaycan SSR-nin Maliyyə Nazirliyinə işə göndərilərək, əmək fəaliyyətinə başlamışdır. 1964-cü ilədək Büdcə idarəsində iqtisadçı vəzifəsində işləyərək maliyyə-büdcə sahəsində zəngin təcrübə toplamışdır.

Nurpaşa müəllimin elmi-pedoqoji fəaliyyəti 1964-cü ilə təsadüf edir. İlk dəfə olaraq o, Ümumittifaq qiyabi Maliyyə texnikumunun Bakı filialında pedaqoji fəaliyyətə başlamışdır.

Elmi yaradıcılığa hədsiz marağı onu 1964-cü ildə Azərbaycan EA İqtisadiyyat İnstitutunun əyani aspiranturasına gətirdi. 1967-ci ildə “Azərbaycan Respublikasının yerli büdcələri, ölkənin sosial-iqtisadi  inkişafında onların rolu” mövzusunda namizədlik dissertasiyanı uğurla müdafiə etmiş və iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.

Nurpaşa müəllim 1967-1968-ci illərdə İqtisadiyyat İnstitutunda elmi işçi, baş elmi işçi vəzifəsində çalışmışdır.

Sonrakı illərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, bacarıqlı iqtisadçı alim kimi ali təhsil məktəbinə işə dəvət edilərək, 1968-ci ildən 1975-ci ilədək Azərbaycan Politexnik İnstitutunda baş müəllim, 1975-2001-ci illərdə isə Memarlıq və İnşaat Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasında çalışmışdır. 1976-cı ildə ona dosent elmi adı verilmişdir.

Bundan əlavə, N.A.Novruzov 1968-1976 illərdə “Sentrsoyuz”un Moskva Kooperativ İnstitunun Bakı İqtisad fakültəsində, Azərbaycan İctimai Siyasi Universitetində, Əmək və Sosial Münasibətlər Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Nurpaşa Novruzov 1998-ci ildən indiyədək Azərbaycan Kooperasiya Universitetində çalışmış, 2001-2012-ci illərdə isə “Maliyyə” kafedrasına rəhbərlik etmişdir.

Təhsildə və elmi fəaliyyətdə əldə etdiyi nailiyyətlərə görə 2012-ci ildə AKU-nun “Maliyyə” kafedrasının professoru elmi adına layiq görülmüşdür.

Zəngin maliyyə təcrübəsinə malik olan prof. N.A.Novruzov pedaqoji fəaliyyətlə bərabər, maraqlı və aktual elmi problemlər sahəsində də fəaliyyət göstərir. Onun elmi-tədqiqat fəaliyyəti əsasən müasir mərhələdə maliyyə-büdcə məsələlərinin araşdırılmasına yönəlmişdir. 2001-2015-ci illərdə tədqiq edilən: bazar iqtisadiyyatı şəraitində müəssisələrin mənfəəti, investisiya fəaliyyəti, dövlət və bələdiyyə maliyyəsinin əsasları, müəssisələrdə maliyyə işinin təşkili, təsərrüfat mexanizminin təkmilləşdirilməsi mövzusunda elmi problemlər həmin qəbildəndir.

Nurpaşa Novruzovun çox illik elmi-pedaqoji fəaliyyətinin nəticələri ümumi həcmi 168 ç.v olan ali məktəb tələbələri və magistrlər üçün 6 dərslik və dərs vəsaitlərində öz əksini tapmışdır. Bunlar tək və həmmüəllifi olduğu aşağıdakı kitablardır: “Maliyyə, pul tədavülü və kredit (2000)”, “İnvestisiyanın maliyyələşdirilməsi və kreditləşdirilməsi” (2003), “Maliyyə” (2007), “Müəssisələrin maliyyəsi” (2009), “Büdcə sistemi” (2012), “Maliyyə nəzəriyyəsi” (2014). Geniş profilli mütəxəssis kimi ümumi maarif xarakterli nəşrlərdə, 1977-1988-ci illər ərzində 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasında 67 məqalənin müəllifidir. Ölkə və xarici mətbuatda 180-dən artıq elmi məqalə, metodiki vəsait, tezislər, dərs proqramları nəşr etdirmişdir. Bundan əlavə, “Elmi texniki tərəqqinin sürətləndirilməsi” (1975), “Dünya kapitalizminin böhranı” (1974), “Maliyyə bazarı” (2015), nəşrlərinin elmi redaktoru olmuşdur.

Nurpaşa müəllim yüksək ixtisaslı elmi kadrların hazırlanmasında müəyyən xidmətlərə malikdir. Maliyyə-kredit sahəsində onlarla elmlər namizədi dissertasiyasının opponenti, doktorluq  və namizədlik işlərinin rəsmi rəyçisi olmuş, çoxlu sayda magistr və bakalavrlara elmi rəhbərlik edib.

Prof. N.A.Novruzovun maliyyə elmi üzrə oxuduğu mühazirələr və apardığı məşğələlər ali təhsil qarşısında qoyulan tələblərə tam cavab verir. Onun magistrlərin hazırlığında xüsusi əməyi vardır.

Nurpaşa Novruzov bir sıra respublika və beynəlxalq səviyyəli elmi-praktik konfranslarda məzmunlu məruzələrlə çıxış etmişdir. AKU-nun Elmi və Metodik Şurasının üzvü kimi səmərəli fəaliyyət göstərmişdir. Respublikanın tanınmış  iqtisadçı alimləri sırasında öz layiqli yerini tutur. AKU-nun professor-müəllim heyəti arasında sayılıb seçilən simalarından biridir. O tələbə və müəllim kollektivi arasında lazımı rəğbətə, hörmətə və nüfuza malikdir.

Nurpaşa Novruzov yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə və Azərbaycan Kooperasiya Universistetinin 50 illiyi münasibəti ilə 11 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərmanı”, anadan olmasının 80 illik yubileyində Azərittifaqın İdarə Heyətinin 02 dekabr 2015-ci il tarixli qərarına əsasən, «Fəxri kooperator» döş nişanı ilə təltif edilmişdir.

Nurpaşa müəllim həm də səmimi və qayğıkeş ailə başçısıdır. 3 övladı, 6 nəvəsi vardır.

Nurpaşa müəllim bugün də elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirir, bacarıq, bilik və təcrübəsini gənc nəslə öyrədir.

Zəhmətilə ucalan, şərəfli ömür yolu yaşayan Nurpaşa Novruzovu 80 yaşı və elmi-pedaqoji fəaliyyətinin 50 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona cansağlığı, elmi-pedaqoji fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq. Bu yaşı yaşamağın özü də bir xoşbəxtlikdir.

 

Bəyalı Ataşov,

Azərbaycan Kooperasiya Universitetinin

Elmi işlər üzrə prorektoru,  i.e.d., professor