PORTRET

Azərbaycan və Türkiyə əsgərləri Vəfa konserti ilə anıldı

  • 20.08.2018

Ankarada Türkiyənin “TRT Avaz” telekanalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş konsert proqramı yayımlanıb. Proqram, həmçinin Azərbaycan İctimai Televiziyasında canlı yayımlanıb.
Konsert proqramı Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Türkiyənin Prezident Simfonik Orkestrinin və Azərbaycanın xalq artisti Elnarə Kərimovanın rəhbərlik etdiyi TRT Dövlət Xorunun, azərbaycanlı və türkiyəli solistlərin müşayiəti ilə qardaş ölkələrin məşhur bəstəkarlarının əsərləri səsləndirilib: Üzeyir Hacıbəyovun “Koroğlu” operasından uvertüra, “Çırpınırdı Qara Dəniz”, Asəf Zey­nallının “Muğam”, Vasif Adıgö­zəlovun “Çanakkale içinde”, “Ninni” və “Ana”, Emin Sabitoğlunun “Şükriyyəm”, Muammer Sunun “Sakarya Marşı” və “Karadeniz Marşı”, Aygün Səmədzadənin “Türk Ordusuna” və “Bismillah” əsər­ləri. Konsertdə təqdim olunan əsərlərin şeirləri Əhməd Cavad, Meh­met Akif Ersoy və Məmməd Seyid Ordubadiyə məxsusdur. Azərbaycanın xalq artistləri Azər Zeynalov, Əlixan Səmədov və Azə­rin, istedadlı vokalçılar Orxan Cəlilov və Nigar Cəlilova, skripkaçı Ceyla Seyid, türkiyəli ifaçılar Nesrin Gönüldağ, Özgür Savaş Gençtürkün rəngarəng çıxışları konsertdə xüsusi sənət ab-havası yaradıb.
Konsertdə Azərbaycanın Xalq artisti, bəstəkar Aygün Səmədzadənin Cümhuriyyətin bö­yük şairi Əhməd Cavadın sözlərinə yazılmış iki əsəri - “Türk ordusuna” və “Bismillah” həm bir premyera kimi, həm də məxsusi bu gün üçün yazılan maraqlı kompozisiya və yüksək ifa tərzinə görə xüsusi rəğ­bətlə qarşılanıb.
A.Səmədzadə bildirib: “Belə bir əzə­mətli tədbirdə iştirak etdiyimə görə məmnunam. Həm Cümhuriyyətin 100 illiyilə bağlı mövzulara tez-tez müraciət etdiyimə, dövrün ab-havasını içdən duyduğuma, tariximizin hər bir qürur səhifəsinə bir azərbaycanlı kimi sevgimə görə buradayam və bununla qürur duyuram. Əsərlərimin bu sanballı sıralamada yer aldığına görə mənimlə bərabər sevinənlərə, sənətimizlə fəxr edənlərə, bizi bu günə layiq bilənlərə minnətdaram. Bu tədbirdə böyük zəhmətlə bərabər çalışdığımız bütün kübar sənət adamlarına, başda maestro, xalq artisti Yalçın Adıgözəlov olmaqla, xalq artisti Elnarə Kərimovaya, Ayaz Qəmbərliyə, Əhməd Cavad ailəsinə, əsərlərimi səsləriylə gözəl təqdim edən Nigar və Orxan Cəlilovlara dərin təşəkkürümü bildirirəm. Layihələrdə bərabər çalışdığımız və əsərlərin ilkin versiyalarının təqdimatında iştirak edən Əvəz Muradova, əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov və Bəxtiyar Həsənə və bütün yaradıcı heyətə minnətdaram”.
Xatırladaq ki, 15 sentyabr 1918-ci ildə tərkibində Azərbaycan korpusunun da olduğu Qafqaz İslam Ordusu Nuru Paşanın başçılığı ilə Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak işğalından azad edib. 8 min Osmanlı əsgəri və 7 minədək azərbaycanlı qüvvələr Bakının azad edilməsi üzrə hərbi əməliyyatda iştirak edib, onlardan təqribən iki mini şəhid olub. Bakı azad edildikdən sonra Azərbaycan Demokratik Respublikası Gəncədən Bakıya köçüb. Azərbaycanın müstəqilliyi təmin edilib və ermənilərlə bolşeviklərin Bakıda və ətraf rayonlarda hökmranlığına son qoyulub. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsi başlayıb. Uzun illər keçsə də, türklərin qardaş köməkliyi Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmur, həmişə xatırlanır və dərin minnətdarlıq hissi ilə xatırlanacaq.


525-ci qəzet,
17 sentyabr 2018-ci il