PORTRET

"Kaş ki, bizim Teymur müəllim kimi ağsaqqallarımız çox olaydı..."

  • 25.01.2018

Bu yazını 5 il əvvəl, böyük alim və ictimai xadim, görkəmli ziyalı, şair, nasir-publisist, müdrik insan Teymur Bünyadovun 85 illiyi ərəfəsində yazmışdım. Bu müdrik insan 90 illik mənalı həyatının 65 ildən çoxunu elmimizin inkişafına həsr edib. Azərbaycanda etnoqrafiya elminin yaradıcılarından biri, el ağsaqqalı Teymur Bünyadov bu gün də xalqla bir yerdədir. O bu gün də xalqı öyrənir, milli-mənəvi varlığımızı xalqa çatdırmağı özünə borc bilir. Onun haqqında çox yazmaq, saatlarla danışmaq olar. Amma mən əziz dostum Teymur Bünyadova 5 il əvvəl həsr etdiyim bu yazını ürək sözlərim kimi bir daha təqdim etmək istərdim.
Azərbaycan elmi, tarixi və mədəniyyəti sahəsində gördüyü böyük işlərlə yadda qalan Teymur Bünyadov arxeologiya və etnoqrafiya elminin inkişafına öz töhfəsini vermiş böyük alim, ictimai xadim, görkəmli ziyalıdır. Ömrünün bu çağında belə istirahət bilməyən bu insan tariximizi əbədi yaşatmaq üçün nə qədər dəyərli işlər görmüşdür. Onun elmi istiqaməti ən çətin elm sahələrindəndir. Biz tariximizi yaşatmaq istəyiriksə, onu dərindən araşdırmalı, maddi-mənəvi mədəniyyətimizi təmsil edən abidələri, sənət əsərlərini, onun yaranma səbəblərini, ustadlarını bilməliyik. Məhz bütün bunları özünün gərgin və məhsuldar fəaliyyətinin əsas prinsipləri hesab edən Teymur müəllim ölkəmizdə arxeologiya və etnoqrafiya elminin formalaşması və inkişafına müstəsna töhfələr vermişdir. Bu sahədə Teymur müəllimin bütün nailiyyətlərini sadalamaq istəmirəm, çünki buna ehtiyac yoxdur. Bu barədə respublika mətbuatında kifayət qədər informasiyalar verilmişdir. Lakin qeyd etmək lazımdır ki, Teymur Bünyadovun müəllifliyi ilə Azərbaycan xalqı, Azərbaycan torpağının qədim və zənginliyinə dair “Azərbaycan arxeologiyasının oçerkləri” (1960), musiqi mədəniyyətimizin ilk dəfə tarixi-etnoqrafik baxımdan nəzərdən keçirildiyi “Əsrlərdən gələn səslər” (1975) əsərləri ərsəyə gəlmişdir. O, eyni zamanda, 35 kitab və monoqrafiyanın, 1000-ə yaxın məqalənin müəllifidir. Məhz onun rəhbərliyilə 2007-ci ildə ilk 3 cildlik “Azərbaycan etnoqrafiyası” monoqrafiyası böyük tirajla nəşr olunmuşdur. O, Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar rus və ingilis dillərinə tərcümə edilmiş 3 cildlik “Qəbələnin tarixi”, “Qəbələ folkloru”, “Qə­bələnin etnoqrafiyası”nın müəl­lifidir. Qəbələ demişkən, bəzi xatirələr yadıma düşdü. 2012-ci ilin oktyabr ayı idi. Qəbələdə Şeyx Allahşükür Paşazadə həzrətlərinin iştirakı ilə tədbir keçirilirdi. Tədbirdə qabaqcıl ziyalılar, alimlər, akademik Vasim Məmmədəliyev, Fəttah Heydərov, professor İsrafil Qurbanov və başqaları iştirak edirdilər. Teymur müəllim də orada idi. Rayon ictimaiyyətilə görüşündə o, “Mən neçə aydır ki, Qəbələdə həmkarlarım ilə tədqiqatlar aparıram. Axı, Qəbələ, bu yerlər tariximizin çox sirlərini hələ açmayır. Mən və həmkarlarım çalışırıq ki, bu qədim Azərbaycan diyarının bir guşəsi olan bu yerlərin tarixini araşdıraq, qədim abidələrimiz barədə məlumatları bugünkü və gələcək nəsillərə çatdıraq” dedi. Məhz bu əsərlər onun o zamanki gərgin əməyi, böyük zəhməti ilə ərsəyə gəlmişdi. Açığını deyim ki, bunlara nəzər saldıqda, bu müdrik alimin əməksevərliyinə, tükənməz enerjisinə heyran qalır və öz-özünə düşünürsən: “Nə yaxşı ki, millətimizin belə ağsaqqal, müdrik ziyalıları var”.
Xatirələrdən söz düşmüşkən... Mənim həyat yoldaşım dünyasını dəyişəndə o mənim yanımda idi. Onun həyat yoldaşı da bu dünyadan köçəndə, o, mənə dedi: “Mən səni də başa düşürəm, özümü də”.
Mən bu yazıda Teymur müəllimin xalq üçün, hamımız üçün son dərəcə vacib olan keyfiyyətlərini qeyd edərdim. Xatırlayıram, Teymur Bünyadov müstəqilliyimizin ilk və çox gərgin illərində dövlətimizin qorunması üçün fədakarcasına vuruşurdu. Lakin o tüfənglə deyil, sözlə, ağlın gücü ilə müstəqilliyimizə xor baxan, özlərini “ağıllı” islahatçı hesab edənlərə qarşı öz tutarlı, sağlam fikirlərini çatdırırdı. Teymur müəllim həmişə insanları bir amal, məqsəd ətrafında birləşməyə çağırır, ən çətin dövrlərdə, o cümlədən bu gün də xalqına ləyaqətlə xidmət edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra islamın milli-mənəvi dəyərlərinin təbliği işində Qafqaz Müsəlmanları İdarəsi nəzdində Vasim Məmmədəliyevin başçılığı ilə Dini-Elmi Şura yarandı. Biz müntəzəm olaraq (mən də o şuranın üzvü kimi) gündən-günə mürəkkəbləşən dünyanın bir çox problemlərini müzakirə edirdik. İslam dini, islam mənəviyyatı, islam dünyasının haqsız hücumlara məruz qalması sahəsində də Teymur müəllim çox savadlı, çox nəcib işlər görmüşdür. Teymur Bünyadov beynəlxalq aləmdə də tanınır. Onun bir sıra beynəlxalq konqreslərdə arxeologiya və etnoqrafiyaya dair çıxışları hər zaman maraqla qarşılanır.
Teymur Bünyadov elmi yaradıcılıqla yanaşı, bədii yaradıcılıqla da məşğul olmuşdur. Söz həvəskarı, bayatılar müəllifi, insan, təbiət aşiqi, poeziya həvəskarı olan Teymur Bünyadov, həmçinin elimizin, obamızın müdrik ağsaqqallarından biridir. Millətin varlığını müəyyən edən göstəricilərdən biri də elə ağsaqqallıqdır. Teymur müəllim əsl ağsaqqaldır. Küsənləri barışdırmaq, gənc ailələrin qurulması prosesinə başçılıq etmək, ağır və çətin xarakterlərlə dil tapa bilmək, ziddiyyətlərin aradan qaldırılması, əmin-amanlıq yaradılması kimi cəhətlər məhz ona məxsusdur. Teymur Bünyadov dostuna, ailəsinə sadiq, mətinli, ən çətin vaxtlarda özünü itirməyən, təmkinli olmağı bacaran bir insandır. Ürəkdən qopub gələn bayatılar müəllifi olan Teymur müəllim yazdığı hər misra ilə qəlblərə girmək, könüllərdə qalmaq arzusundadır və mən deyərdim ki, o, bu arzusuna çatıb. Kiçik yaşlarından anasını itirən, ana nəvazişinə həsrət qalan Teymurun özünün də dediyi kimi, ömrü, günü, yol yoldaşı məhz bayatıları olmuşdur. Teymur döyünən ürəyi, qayğısını çəkən, halına yanan, könlünü alan, dar günündə arxa-dayağı olan, qəmli çağlarında göz yaşını silən, könül həmdəmi saydığı bayatıları ilə yaşayan bir insandır:
Dolan gəz,
Gözüm, könlüm, dolan gəz,
Anam birdi, vətən tək,
Dur başına dolan gəz.
Teymur müəllimin zəngin bədii yaradıcılığı yalnız bu bayatılardan ibarət deyildir. O, “Ana Kürüm”, “Qızıl qaya”, “Mərd qalalar, sərt qayalar”, “Zimqala” adlı əsərlərin, çoxsaylı hekayələrin, “Göz yaşları” (1991) romanının, “Xan çinar kölgəsində”, “Anam birdi, vətən tək”, “Başı çalmalı dağlar” adlı 3 cildlik bayatılar kitabının müəllifidir. Teymur Bünyadovun zəngin irsinə nəzər saldıqda, gördüyü bu qədər işə təəccüblənməmək qeyri-mümkündür. Teymur müəllimi daim narahat edən bir məsələ də var ki, bu da hamımızın ortaq yarası Qarabağ dərdidir. Onun xalqımızın qəhrəmanlıq tarixinə həsr olunmuş “Babək”, “Cavanşir”, “Atropat”, “Qız var oğuldan qeyrətli” və digər qiymətli əsərləri vətənpərvərlik ruhunda qələmə alınmışdır. Bir çox vəzifələrdə çalışmış Teymur Bünyadov hazırda Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponomika Komissiyasının sədr müavinidir. O, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Dini-Elmi Şuranın, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Arxeologiya” və “Etnoqrafiya” ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri, Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Tarix üzrə Problem Şurasının üzvü, “AMEA-nın Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası)”, “Tarix və onun problemləri”, “İpək yolu”, “Təkamül”, “Müasir mədəniyyətşünaslıq”, “Qarapapaqlar” jurnallarının redaksiya heyətinin üzvüdür.
Öz arxeologiya və etnoqrafiya məktəbini yaratmış T.Bünyadovun böyük zəhməti, zəngin yaradıcılığı dövlət tərəfindən də yüksək qiymətləndirilmiş, 2005- ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuş, 2008-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Bu günlərdə isə Azərbaycanda etnoqrafiya elminin inkişafında böyük xidmətlərinə görə Teymur Bünyadov “Şərəf” ordeni ilə təltif edilmişdir.
Mən əziz dostum, çox dəyərli ağsaqqalımız, böyük alim, görkəmli ziyalı Teymur Bünyadova uzun ömür, möhkəm can-sağlığı arzulayıram. Ağsaqqalları, ziyalıları, alimləri uca tutan dövlət həmişə uğurlar qazanar. Mən doğma Azərbaycanımın xoş gələcəyinə bir də ona görə inanıram ki, bu qədim diyarın Teymur müəllim kimi oğulları var. Kaş ki, bizim Teymur müəllim kimi ağsaqqallarımız çox olaydı...

 

Akademik Ziyad Səmədzadə