PORTRET

Tofiq Bayram - 83

  • 30.11.2017

Bu il qəlbi həyat eşqi ilə dolu olan, mübariz ruhlu söz ustasıTofiq Bayramın anadan olmasının 83-cü ildönümüdür. Şeir-sənətsevərlər hər il olduğu kimi, bu il də xalqımızın görkəmli və sevilən şairinin növbəti doğum gününü qeyd edəcək, onun yaddaşlarda həkk olunan əbədi xatirələrini bir daha sevgi ilə, ehtiramla ana­caqlar. “İqtisadiyyat” qəze­ti dəfələrlə Tofiq Bayramın yaradıcılığına müraciət et­miş, onun ürəklərə yol tapan, qəlb­ləri riqqətə gətirən şeirlərindən parçaları oxucularına təqdim etmişdir. Bu dəfə onun ömür-gün yoldaşı Zərifə xanım Bayramovanın redaksiyamıza təqdim etdiyi ürək sözləri ilə sevimli şairimizi bir daha yad etmək istədik...
Tofiq Bayram bədii yaradıcılığa öz sözü, öz səsi, öz yolu ilə gəlmişdir. Tofiq Bayram sözə həssaslıqla yanaşan, sözü yerində işlətməyi, xalqın dili ilə danışmağı bacaran bir şair idi. Tofiq Bayramın bədii istedadından və çoşqun təbindən doğan hər bir sətir, ifadə və söz insanlığa, humanizmə xidmət edir.
Tofiq Bayram Allahın istedadlı və xoşbəxt şairi idi. Tofiqi tanıyan adamların hər birini belə bir sual maraqlandırır. O, bu qədər sevgini, nüfuzu, populyarlığı necə qazanmışdır?
Mən belə deyərdim ki, o, şirin canına qəsd edib, vaxt-bivaxt qatlaşdığı əziyyətə, halal əməyinin bəhrəsinə görə...
Bir tərəfdən ona qibtə edirsən, digər tərəfdən heyfslənirsən. Tofiq xalqa, onun müxtəlif təbəqələrinə ürəkdən bağlı olan əsl ziyalı idi. Tofiq Bayram tükənməz yaddaş xəzinəsinə malik, bənzərsiz və özünəməxsus bir şair idi. Tofiq savadlı, elmli olduğu qədər də sadə, təvəzökar, alicənab bir insan idi.
40 ilə yaxın yaradıcılıq fəaliyyətilə məşğul olmuşdur. Süleyman Rüstəm yazırdı: Tofiq Bayram özünün fitri şairlik istedadı sayəsində hələ gənc yaşlarından oxucuların sevməyə başladığı, diqqətlə izlədiyi və böyük ümid bəslədiyi xoşbəxt şairlərdən olmuşdur. Mən onun məclislərdə, oxucu konfranslarında, ədəbi gecələrdə gurultulu alqışlarla qarşılandığını, təkrar-təkrar şeir oxumağa məcbur edildiyini çox görmüşəm. Onun lirik şeirlərini əzbərləyən və ağız dolusu tərifləyən oxuculara da rast gəlmişəm. Bu səbəbdən də o, həmişə qızğın axtarışlarla məşhur olmuşdur.
Mirzə İbrahimov onun 50 illik yubileyində belə demişdi: “Tofiq Bayram həyatla, zamanla yaşayan, xalqı maraqlandıran bir sıra canlı məsələlərə bədii sözlə cavab verən, düşünən və düşündürən bir şair olmuşdur”.
Tofiq Bayram o şairlərdəndir ki, onunla ünsiyyət bağlayan, onunla təmasda olan, şeirlərini oxuyan hər bir kəs daxilən zənginləşir.
Mən həmişə bir oxucu kimi Tofiq Bayram haqqında düşünəndə, onu yüksək mədəniyyətə, dərinliyə, dəqiq ifadələri seçmək və sözü məqamında işlətmək qabiliyyətinə, həyat həqiqətlərini demək cəsarətinə malik bir şair kimi xatırlayıram.
O, qadınlar haqqında gözəl, mənalı sözlər deməkdən doymazdı. O, həmişə deyərdi ki, qadın nəfəsi pak və müqəddəsdir. Hər bir qadın həyatda qədrini bilənə qismət olaydı. Qadınlar dünyanın ən cəfakeşi, ən bəxtəvəridir.


Onun qadınlar və analar haq­qında şeirləri çoxdur:
Qadınlar dünyanın şöhrət tacıdır,
Qadınlar dünyanın vüqar zirvəsi.
Qadınlar dünyanın ən cəfakeşi,
Qadınlar dünyanın ən bəxtəvəri.


“Qadın ürəyi” şeirində isə:
Necə rəhimlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.


“Böyük Səməd Vurğunun vəfatından sonra mənim üçün Azərbaycana gəlmək, onun yerini boş görmək son dərəcə ağır idi. Amma bu gün gənc və istedadlı şair Tofiq Bayramın odlu-alovlu şeir oxumasını gördükdən sonra mən inandım ki, Səməd Vurğunun layiqli da­vamçısı yetişir”. Bu sözləri 1959-cu ildə Nazim Hikmət APU-da onun şeirini oxuyanda demişdi.
Sizin ana laylası qədər şirin, qana hopan, ata tələbatı qədər ciddi səslənən çoxcəhətli şeirləriniz biz oxuculara daima mənəvi qida verir. Şair ömrünün parçalanaraq, oxucu ömrünə qarışması şairin indi və gələcək oxucularla birgə yaşaması deməkdir. Akademik Budaq Budaqov (1961).
Tofiq Bayram dünya xalqlarının poeziyasını yüksək peşəkarlıqla Azərbaycan dilinə çevirən sənətkarlardan biri kimi tanınır. Şairin uğurlu tərcümələrində Azərbaycan oxucuları A.Tvardovskinin “Üfüqlərdən-üfüq­lərə” (1966), “Yaddaşın hökmü” poemalarını, Rəsul Həmzətovun “Durnalar” (1973), “Dostları qoruyun” (1989), Puşkinin “Motsart vəSalyeri”, Anna Axmatovanın “Rekviyem” əsərlərini oxumuşlar.
Tofiq Bayramın 1975-ci ildə “Ürəkdən ürəyə” tərcümə kitabı çapdan çıxmışdır. Bu kitabda görkəmli sovet şairlərinin ən gözəl şeirləri toplanmışdır. Bundan sonra ispan dramaturqu Lope de Veqanın “Hiyləgər məşuqə” pyesini tərcümə etmişdir.
Şairin tərcümə sahəsindəki uğurları, hər şeydən əvvəl, onunla fərqlənir ki, o, Azərbaycan dilinə həqiqi sənət əsərlərini seçib çevirmişdir. Ömrünün yarısını tərcüməyə həsr edən Tofiq Bayram bu işi əmanət sayırdı. O deyirdi ki, “əmanətə xəyanət olmaz”. Tərcümə prosesini “qanköçürmə əməliyyatına bənzədirdi”. “Qanköçürmə­də” qan qrupu uyğun ol­ma­yanda xəstə ölür.
Tofiq Bayramın tərcümə işi xalqlararası ədəbi əlaqələr yolunda əvəzsiz xidmət olduğuna görə diqqətəlayiqdir. Öz əsərləri ilə Azərbaycana verdiyi töhfələrə görə ona 1984-cü ildəƏməkdar incəsənət xadimi, dünya xalqlarının poeziyasından Azərbaycan dilinə tərcümə etdiyinə görə 1988-ci ildə “Maksim Qorki” adına Azərbaycan Dövlət Mükafatı laureatı adları verilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Bakının Əmircan (Xudə) kəndində isti­rahət parkına Tofiq Bayramın adı verilmiş və parkda əzəmətli büstü qoyulmuşdur. Parkın açılışında şəxsən iştirak edən ədəbiyyatımızın böyük qayğıkeşi Heydər Əliyev şairin yaradıcılığına yüksək qiymət vermişdir.
“Suraxanı torpağı” Azərbaycan xalqına böyük insanlar vermişdir. Onların arasında Tofiq Bayramın xüsusi yeri vardır. Tofiq Bayram Azərbaycanda gözəl şeirləri, şeirlərinə bəstələnmiş mahnılar ilə tanınmış və məşhur olmuşdur. Düşünürəm ki, o xalqımızın yaddaşında əbədi yaşamaq haqqını qazanmış söz sənətkarıdır.

 

Zərifə Bayramova