PORTRET

“Elm Çində də olsa, onun dalınca gedin”. Həzrəti Məhəmməd (s.ə.s) ELMİ-PEDAQOJİ TƏRƏQQİYƏ HƏSR EDİLƏN ÖMÜR Zahid Məmmədov - 70

  • 19.05.2017

Bu, bir həqiqətdir ki, cəmiyyətin inkişafına alimlərin verdiyi töhfə əvəzedilməzdir. Alim olmaq, əsl elmə yiyələnmək çox da asan olmayıb, yuxusuz gecələrə qatlaşmaq, qarşıya çıxan maneələrə sinə gərmək, dünyəvi elmlərə yiyələnmək və bütün həyatını elmə sərf etmək insan ömrünün ən mənalı, şərəfli və qürurlu anlarıdır. Həmin çətin, kəşməkəşli yolları keçən,  bütün həyatını elmə sərf edən və dünyanın fundamental elmləri sırasına daxil olan coğrafiya elmləri sahəsində uzun illər tədqiqat aparan, özünəməxsus elmi yaradıcılığı olan şəxslərdən biri də alim-pedaqoq Zahid Səttar oğlu Məmmədovdur. O, görkəmli alim və kamil pedaqoq kimi tanınır.

Böyük Baharlılar nəslinin nümayəndəsi olan Zahid Səttar oğlu Məmmədov 1947-ci il may ayının 22-də anadan olmuş, 1966-cı ildə Mincivan dəmir yolu orta məktəbini bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya və biologiya fakültəsinə  daxil olub, 1970-ci ildə isə həmin fakültəni bitirib coğrafiya ixtisasına yiyələnmişdir. 1970-1972-ci illərdə Respublika Təhsil Nazirliyinin təyinatı əsasında Sabirabad şəhər orta məktəbində müəllim işləmişdir. O, müəllim işlədiyi illərdə mətbuat səhifələrində öz məqalələri ilə çıxış edirdi. Zahid Məmmədovun elmə olan həvəsi onun Azərbaycan Elmlər Akademiyasının akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutuna  gəlməsinə səbəb olur. 1972-ci ilin sentyabr ayından Zahid Məmmədovun elmi yaradıcılığının ilk günləri Coğrafiya İnstitutundan başlayır. Gecəni-gündüzə qataraq o, görkəmli alimlərin əsərlərini mütaliə edir və özünün  iqtisadi coğrafi biliyini zənginləşdirir. Öz elminə və savadına arxayın olan Zahid müəllim 1973-cü ildə akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda İqtisadi Coğrafiya ixtisası üzrə əyani aspiranturaya daxil olur. 1973-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. Aspiranturaya daxil olduqdan sonra problemli mövzu üzərində işləmək qərarına gəlir. Zahid Məmmədov mövzu seçimində iqtisadi coğrafiyaçı və iqtisadçı alimlərlə məsləhətləşərək, iqtisadi coğrafiya elminin aktual sahəsi olan nəqliyyat və iqtisadi əlaqələr probleminə dair dissertasiya mövzusunu müəyyənləşdirir. Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi şurasında “Naxçıvan MSSR-in maddi istehsalının və nəqliyyat iqtisadi əlaqələrinin inkişafının iqtisadi-coğrafi problemləri” adlı dissertasiya mövzusu təsdiq olunur. Aspiranturada təhsilini davam etdirməklə bərabər dissertasiya üzərində ciddi çalışır. Elmi rəhbəri mərhum iqtisad elmləri doktoru, professor Balaca Əbdürrəhmənovun  qayğıkeşliyi nəticəsində o, vaxtında dissertasiya mövzusunu tamamlayaraq, institutun elmi şurasına təqdim edir. 1980-ci ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, coğrafiya elmləri namizədi alimlik dərəcəsi alır. Zahid müəllimin bundan sonra yaradıcılığının ən parlaq dövrü başlayır. Xüsusilə, onun gənc yaşlarında akademik Həsən Əliyev, akademik Budaq Budaqov, akademik Asəf  Nadirov, akademik Ziyad Səmədzadə, Azərbaycan MEA-nın müxbir üzvləri Ənvər Şıxlınski, Əli Nuriyev, iqtisad elmləri doktoru, professor Balaca   Əbdürrəhmənov və iqtisad elmləri doktoru, professor Kamal Tağıyev, coğrafiya elmləri doktoru, professor Balacaxanım Nəzirova kimi görkəmli alimlərin əhatəsində olmasını və həmin alimlərlə elmi məsləhətləşmələrini gənc alim Zahid Məmmədovun elmi dünyagörüşünün  formalaşmasına və elmi potensialının yüksəlməsinə təsir göstərən müsbət amil kimi qiymətləndirmək olar. Akademik Həsən Əliyev məktəbinin yetirməsi olan gənc alim Zahid Məmmədov Azərbaycan alimləri ilə yanaşı, keçmiş SSRİ-nin nəqliyyat problemləri ilə məşğul olan görkəmli  iqtisadçı, iqtisadi coğrafiyaçı alimlərindən professor  İ.V.Nikolçki, A.T.Xruşşov, Ç.M.Lappo, İ.P.Alampiyev və s. alimlərlə yaxınlıq etmiş və elmi məsləhətlər almışdır. Öz elmi potensialına güvənən Zahid müəllim gənc alim olaraq Coğrafiya İnstitutunda işlədiyi şöbənin elmi tədqiqat iş planına uyğun olaraq müstəqil elmi tədqiqat hesabat işlərini yerinə yetirir. Həmin elmi tədqiqat hesabat işlərindən “Böyük Qafqazın sosial-iqtisadi inkişaf problemləri”nə dair hesabat işlərində “Şəki-Zaqatala”, “Quba-Xaçmaz”, “Dağlıq Şirvan” iqtisadi rayonlarının nəqliyyat sistemlərinin təkmilləşdirilməsi problemləri, “Naxçıvan MSSR-in nəqliyyat iqtisadi  əlaqələrinin səmərələşdirilməsi”, “Gəncə-Qazax” iqtisadi rayonuna dair aparılmış tədqiqat işində nəqliyyatın səmərəliliyi bölməsini yerinə yetirmişdir. Həmçinin, Coğrafiya İnstitutunda dərc olunmuş “Azərbaycanın konstruktiv coğrafiyası”, “Böyük Qafqazın təbii resursları” adlı monoqrafiyaların müəlliflərindən biridir. Zahid Məmmədovun yaradıcılığının birinci dövrü əsasən keçmiş sovet dövrünü əhatə etmiş, apardığı elmi tədqiqat işləri regional səviyyədə Azərbaycan iqtisadiyyatının yüksəlişinə verdiyi töhfələrdən ibarət olmuşdur. 

Gənc alim Zahid müəllimin elmi yaradıcılığının ikinci dövrü Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan bu günədək olan dövrü əhatə edir. Azərbaycanın müstəqilliyi onun dünya inteqrasiyasına qoşulması üçün əlverişli şərait yaratdı. Bu proses müstəqil Azərbaycanın nəqliyyat sisteminin daha  qlobal miqyasda tədqiq olunmasını tələb edir. Artıq  yetgin, püxtələşmiş və müstəqil tədqiqat aparmaq bacarığına malik olan Zahid müəllim yeni iqtisadi şəraitdə ölkəmizin nəqliyyat iqtisadi əlaqələrinin müasir problemlərinin tədqiq olunmasının ölkə iqtisadiyyatı üçün önəmli olduğunu dərk edərək, bu sahədə  doktorluq dissertasiyası üzərində işləmək qərarına gəlir. 1992-ci ildə “Azərbaycan Respublikasının nəqliyyat və nəqliyyat iqtisadi əlaqələrinin inkişafının iqtisadi coğrafi problemləri” doktorluq dissertasiyası üzərində işləyir və 1996-cı ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, coğrafiya elmləri doktoru alimlik dərəcəsi alır. 2005-ci ildə Zahid müəllim Ali Attestasiya Komissiyası tərəfindən sanballı tədqiqatlarına və pedaqoji fəaliyyətinə görə professor elmi adını alır. Professor Zahid Məmmədovun Azərbaycanın nəqliyyat sektoruna dair yazdığı fundamental monoqrafiyaları Azərbaycan elminə böyük töhfələr vermiş və verməkdədir. Alimin doktorluq dissertasiyasında və yazdığı monoqrafiyalarda irəli sürülən elmi ideyalar, nəqliyyat iqtisadi əlaqələrinin səmərələşdirilməsinə dair irəli sürülən təkliflər beynəlxalq əhəmiyyətli layihələrdə öz yerini tapmışdır.

Avropa İttifaqı Birliyi tərəfindən həyata keçirilən TASİS və TRASEKA proqramlarının Azərbaycan iqtisadiyyatına və nəqliyyat sisteminə göstərəcəyi təsir mexanizmi ilk olaraq professor Zahiz Məmmədovun elmi tədqiqatlarında əsaslandırılmışdır (TASİS və TRASEKA proqramlarının koordinatoru Azərbaycanda akademik Z.Ə.Səmədzadə olmuşdur). Eyni zamanda, professor Zahid Məmmədovun elmi araşdırmalarında Azərbaycanın nəqliyyat sisteminin Avrasiya məkanında mərkəzi mövqe tutması, nəqliyyatın spesifik xüsusiyyətləri və rəqabətə davamlılığı uzaqgörənliklə təhlil olunmuş, bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə: Avropa – Qafqaz – Asiya, Trans Qafqaz, Trans Xəzər, Şərq – Qərb, Şimal – Cənub, qədim “İpək Yolu”nun bərpası, Bakı – Tbilisi – Qars dəmir yolu, Bakı – Tbilisi – Ceyhan, Bakı – Tbilisi – Qars ixrac boru kəməri layihələrində öz yerini tapmışdır. Professor Z.S.Məmmədovun elmi yaradıcılığında nəzəriyyə ilə praktika vəhdət təşkil edir. Onun yazdığı fundamental əsərlərdə irəli sürülən elmi ideyalar respublika nəqliyyat sisteminə tətbiq edilərək, istər qlobal, istərsə də regional səviyyədə nəqliyyat iqtisadi əlaqələrinin intensiv inkişafına təsir göstərmişdir. Professor Zahid Məmmədovun qələmindən çıxan hər bir əsər oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanır. Onun yaradıcılığına diqqət yetirdikdə 6 monoqrafiya, 3 dərslik, çoxsaylı proqram və metodik vəsaitlər və 160-dan çox məqalənin müəllifi olduğu aydın görünür. Professor Z.S.Məmmədovun elmi tədqiqatları əsasında yazdığı fundamental əsərlər siyahısında “XXI əsr: İqtisadi inkişafın nəqliyyat faktoru”, Bakı, 2002, “Regionların iqtisadi inkişaf problemləri”, Bakı, 2007, “Naxçıvan təbii sərvətləri” Bakı, 1993, “Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri”, Bakı, 2004, “Azərbaycan Respublikasının  region ölkələrinə inteqrasiyası” Bakı , 2015,  “Təbiətdən istifadənin iqtisadiyyatı” Bakı, 2010 və s. əsərləri hər bir elm adamının stolüstü kitabı olmaqla, ölkəmizin iqtisadiyyatına, xüsusilə, nəqliyyat sektoruna töhfələr verən qiymətli əsərlər hesab edilir. Monoqrafik əsərlərdə olduğu kimi, respublikanın dövlət əhəmiyyətli mötəbər qəzet və jurnallarında dərc olunmuş irihəcmli məqalələrində qlobal miqyasda nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi istiqamətləri istər strateji, istərsə də iqtisadi baxımdan yüksək qiymətləndirilir.

Professor Z.S.Məmmədovun elmi fəaliyyətinin mühüm bir tərəfi elmi pedaqoji fəaliyyətdir. Hələ gənc yaşlarında Zahid müəllim Azərbaycan MEA Coğrafiya İnstitutunda işlədiyi vaxtda respublikamızın bir çox ali məktəblərində iqtisadi  və sosial coğrafiyanın müasir problemlərinə dair  tələblər və ixtisaslı müəllim kollektivi qarşısında mühazirələr oxumuşdur. Xüsusilə, Respublika Müəllimlərinin Təkmilləşdirmə İnstitutunda, Bakı Şəhəri Müəllimlərinin Təkmilləşdirmə İnstitutunda, Azərbaycan Pedaqoji Universitetinin “Xalq Maarifi” kafedrasında ixtisaslı coğrafiya  müəllimləri, orta məktəb direktorları və direktor müavinləri qarşısında maraqlı elmi mühazirələri ilə kollektivin hörmətini qazanmışdır. Eyni zamanda, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində və digər ali təhsil müəssisələrində oxuyan tələbələrə elmin müasir aktual problemlərindən mühazirələr oxumaqla tələbə kollektivinin nüfuzunu qazanmışdır.

Professor Z.S.Məmmədov 1994-cü ildən elmi-pedaqoji fəaliyyətini Azərbaycan Kooperasiya Universitetində davam etdirir. Universitetdə on beş ildən artıqdır ki, “Ekologiya  və Coğrafiya” kafedrasına rəhbərlik edir. Kooperasiya Universitetində işlədiyi vaxtdan bu günədək ekologiya və coğrafiya ixtisası üzrə bakalavr və magistr səviyyəsində ixtisaslı kadrların hazırlanmasında var gücü ilə çalışır. Pedaqoji cəhətdən yüksək səviyyədə bilik və bacarığa malik olan Z.S.Məmmədovun bakalavrlara və magistrlərə ixtisas fənləri üzrə oxuduğu mühazirələri və tədris etdiyi məşğələ mövzuları dinləyicilər tərəfindən rəğbətlə qarşılanır. O, ölkəmiz üçün ixtisaslı kadrların hazırlanmasında olduqca tələbkardır. Ali məktəb üçün kadr hazırlığını yüksək səviyyədə həyata keçirmək üçün dərslik və dərs vəsaitlərinin, proqramların, metodiki göstərişlərin hazırlanmasına xüsusi fikir verir. Bu cəhətdən rəhbərlik etdiyi kafedranın proqram təminatı yüksək səviyyədədir. İşlədiyi kafedranın universitetin elmi tədqiqat iş planına uyğun olaraq regional səviyyədə müxtəlif istiqamətli mövzuları yerinə yetirməklə fəaliyyət göstərməsini təmin etməklə bərabər, kafedranın dərsliklərlə təmin olunmasını diqqət mərkəzinə yönəldir. Professor Zahid Məmmədovun bakalavrlar üçün yazdığı dərsliklər: “Azərbaycanın xarici iqtisadi əlaqələri”, Bakı, 2004, “Təbiətdən istifadənin iqtisdaiyyatı”, Bakı, 2010, “Azərbaycanın iqtisadi və sosial coğrafiyası” (müştərək) dərslik,  Bakı, 2010 tələbələr tərəfindən maraqla oxunur. Zahid müəllim Azərbaycan Kooperasiya Universitetində istər ekologiya və coğrafiya ixtisasları üzrə, istərsə də iqtisad fakültələrində oxuyan tələbələrin yüksək səviyyədə biliklərə malik olduqlarını qeyd edir. Onun rəhbərlik etdiyi kafedranın müəllimləri mühazirə və məşğələləri təlimin müasir metodlarından və texniki avadanlıqlardan istifadə etməklə yüksək səviyyədə həyata keçirirlər. O, bu sahədə öz tələbkarlığını daim artırır. Zahid müəllim bir ziyalı kimi işlədiyi pedaqoji kollektivin hörmət və rəğbətini qazanmışdır. Bu, onun sadə və təvazökar  olmağından və insanlara qayğıkeşliklə yanaşmağından irəli gəlir. Zahid müəllim elmdə öz sözünü demiş və fundamental əsərləri ilə elmdə özünü təsdiq etmiş alim və pedaqoqdur. Professor Zahiz Məmmədov istər respublika, istərsə də beynəlxalq miqyasda keçirilmiş konfrans və simpoziumlarda doğma Azərbaycanımızı ləyaqətlə təmsil edərək öz elmi çıxışları ilə hörmət qazanmışdır. Respublikadan kənarda Rusiya Federasiyası, Qazaxıstan, Gürcüstan, İran İslam Pespublikası (Təbriz şəhəri, 1993) və s. ölkələrdə keçirilmiş konfranslarda etdiyi çıxışlar alimə hörmət qazandırmışdır.

Pofessor Zahid Məmmədov gənc yaşlarında doktorluq dissertasiya işini müdafiə etdiyindən,  çoxsaylı dissertasiyaların müdafiə şurasının üzvü olmuşdur. O,  20 ildən çoxdur ki, Azərbaycan MEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda, 10 il Azərbaycan MEA İqtisadiyyat İnstitutunda, 6 il müddətində Azərbaycan Dövlət Aqrar Universiteti nəzdində fəaliyyət göstərən dissertasiyaların müdafiə şuralarının üzvü olmuşdur. Həmçinin, Azərbaycan Kooperasiya Universitetində elmi şuranın  və elmi metodik şuranın üzvü olmaqla fəaliyyət göstərir. Eyni zamanda, son zamanlar Bakı Dövlət Universiteti və Azərbaycan Kooperasiya Universiteti nəzdində yaradılmış müdafiə şurasının üzvü seçilmişdir. Pofessor Zahid Məmmədovun üzvü olduğu dissertasiyaların müdafiə şuralarında dissertantlara, doktorantlara müdafiə zamanı qayğıkeşliklə etdiyi çıxışlar hər bir iddiaçının ürəyincə olmaqla onlara böyük uğur gətirmişdir. Bu da alimin qayğıkeş, ziyalı, ədalətli və obyektiv alim-pedaqoq olmağından irəli gəlir. Bu səbəbdən də o, müxtəlif illərdə müdafiəyə təqdim olunmuş çoxsaylı iqtisadi və iqtisadi coğrafi sahədə, istər fəlsəfə doktoru, istərsə də elmlər doktorluq dissertasiyalarının opponentləri olmuş və onlar  müvəffəqiyyətlə müdafiə edərək iddiasında olduqları elmi adları almağa nail olmuşlar.

Akademik Ziyad Səmədzadənin ideya müəllifi və baş redaktoru olduğu 7 cildlik Böyük İqtisadi Ensiklopediyanın redaksiya heyətinin üzvlərindən biri olmaqla, respublikamızın tanınmış digər alimləri və dövlət xadimləri kimi Zahid müəllim haqqında da biblioqrafik məlumat verilir. Həmçinin, “Azərbaycanın nəqliyyat qovşaqları” adlı elmi məqaləsi “Böyük İqtisadi Ensiklopediya” I cilddə, (Bakı, 2012) dərc olunmuşdur. Professor Zahid Məmmədov Ali Attestasiya Komissiyasının reyestrlərinə daxil edilmiş “Kooperasiya” ,“Təfəkkür” elmi-praktik jurnallarının, “Həkəri” qəzetinin redaksiya heyətinin üzvüdür. Əvvəllər  ən mötəbər qəzetlərdən biri olan və hal-hazırda fəaliyyətini davam etdirən “İqtisadiyyat” qəzetinin uzun müddət redaksiya heyətinin üzvü olmuşdur. Zahid müəllim akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda fəaliyyət göstərən “Coğrafiya” cəmiyyətinin üzvüdür. “Qızıl qələm ” mükafatı laureatı və İmam Rza adına diplomun təltifçisidir. Həcc və Məşhəd ziyarətlərində olmuşdur.

Hörmətli Zahid müəllim, Sizi 70 illik yubileyiniz və elmi-pedaqoji fəaliyyətinizin 45 illiyi münasibətilə təbrik edir, Sizə həyatda möhkəm can sağlığı, elmi-pedaqoji fəaliyyətinizdə bundan sonra da müvəffəqiyyətlərə nail olmağınızı arzu edirik.

Akademik Ziyad SƏMƏDZADƏ