PORTRET

Prefessional iqtisadçı - Əmirxan Babaşov 70

  • 26.01.2017

Əmirxan Mehralı oğlu Babaşov 1947-ci il 5 fevralda Gürcüstan SSR Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsinə daxil olmuşdur. O, 1969-cu ildə həmin institutun Əmtəəşünaslıq, ticarətin təşkili və iqtisadiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun direktoru, görkəmli alim, iqtisad elmlər doktoru, professor M.M.Allahverdiyev Ə.Babaşovun elmi-tədqiqat işinə olan həvəsini nəzərə alıb, onun təyinatını dəyişdirərək instituta gətirmiş və kiçik elmi işçi vəzifəsinə işə qəbul etmişdir. O, 1971-1972- ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Ə.Babaşov 1972-ci ildə ETİİ-də əyani aspiranturaya daxil olmuş və Moskva şəhərində SSRİ Dövlət Plan Komitəsi yanında İqtisadiyyat Elmi Tədqiqat İnstitutuna ezam olunmuşdur. Həmin institutun Əhalinin həyat səviyyəsi və sosial inkişaf şöbəsinin müdiri, professor N.S.Laqutinin rəhbərliyi ilə “Azərbaycan SSR əhalisinin sosial qruplarının həyat səviyyəsinin yaxınlaşdırılması problemləri (iqtisadi təhlil və planlaşdırma məsələləri)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1991-ci ildən SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə ona Baş elmi işçi (dosent) attestatı verilmişdir.
Ə.Babaşov ETİİ-də yerinə yetirilən “1976-1990-cı illərdə Azərbaycan SSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinin əsas istiqamətləri” (Bakı 1978), “2000-ci ilə qədər Azərbaycan SSR-in məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi sxemi” (Bakı 1982), “1985-2005-ci illərdə Azərbaycan SSR-də elmi-texniki tərəqqinin kompleks proqramı” (Moskva 1983) və “1990-2005-ci illərdə Azər­baycan SSR-in məhsul­dar qüv­vələrin inkişafı və yerləşdirilməsi baş sxemi” (3 cilddə) kimi fundamental sənədlərin müəl­lifləri sırasında olmuşdur.
Ə.Babaşov SSRİ Dövlət Plan Komitəsi yanında İqtisadiyyat Elmi Tədqiqat İnstitutu ilə birgə yerinə yetirilən “Müttəfiq respublikalarda minimum istehlak büdcəsi və minimum əməkhaqqı problemləri” üzrə dörd blokdan ibarət elmi-tədqiqat işinin əsas müəlliflə­rindən biri olmuşdur. O, Bakı, Tbilisi, Moskva, Kiyev, Minsk, Strasburq, Frankfurt-na-Mayne və digər şəhərlərdə keçirilən simpozium və konfranslarda elmi məruzələrlə çıxış etmişdir.
O, altı kitabın, 70-dən çox elmi mə­qalənin və onlarla publisistik mə­qalələrin müəllifidir. Bu kitablar içərisində iki kitab xüsusi qeyd olunmalıdır.
Ə.Babaşov 1994-cü ilin may ayında Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət daimi komissiyasının eksperti qəbul edilmişdir. 1994-cü ilin noyabr ayından 2015-ci ilin dekabr ayına kimi Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsində böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində işləmişdir. Dövlət qulluğunun baş müşaviridir. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə o, “Dövlət qulluğun­da fərqlənməyə görə medal” ilə təltif edilmişdir.
Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsində 21 il fəal işləyən Əmirxan müəllim iqtisadi qanunvericilik bazasının yaradılmasında aktiv iştirak etmişdir.
Bununla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, ay­rı-ayrı illərdə Dövlət Neft və Sə­naye Universitetində, Əmtəəşü­naslıq-Kommersiya İnstitutunda,­ Təfəkkür, Asiya, Azərbaycan Dövlət İqtisad Universiteti, Memarlıq və İnşaat Universitetində iqtisad­çı bakalvr və magistrantlara mühazirələr oxumuşdur. 20 ilə yaxın müddətdə Memarlıq və İnşaat Universitetində 0,5 ştat əvəz­çiliklə işləyən Əmirxan müəllim hazırda “Sənayenin təşkili və idarə edilməsi” kafedrasında dosent vəzifəsində çalışır. Bakalavr və magistrlara ölkənin iqtisadi inkişafının gələcək perspektivləri barədə inandırıcı faktlar göstərir. O, magistr və namizədlik dissertasiya işlərinin elmi rəhbəri olmuş, bir çox namizədlik dissertasiyalarına opponentlik etmişdir.
Əmirxan müəllim bu gün də böyük əzmlə çalışır, iqtisadçı kadrların hazırlanmasında yaxından iştirak edir. Əmirxan müəllimi yubileyi münasibəti ilə təbrik edir, can sanğlığı, uzun ömür, pedaqoji fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.

“İqtisadiyyat”