SAĞLAMLIQ

QİDS-lə mübarizə

  • 01.12.2008

DS-lə mübarizə

QİDS xəstəliyinin elmə məlum olduğu dövrdən 25 ildən artıq vaxt ötür. Xatırladaq ki, bu xəstəlik ilk dəfə ötən əsrin 80-cı illərində aşkarlanmış və bütün bəşəriyyəti qorxuya salmışdır. Əsrlərlə mövcud olub, kifayət qədər öyrənilməmiş bəzi xəstəliklərlə müqayisədə QİDS patologiyası daha ətraflı araşdırılmışdır. Onun  yoluxma yolları,  törədicisi, gedişi, əlamətləri və müayinə üsulları geniş surətdə öyrənilmiş və insanların nəzərinə çatdırılmışdır. Lakin buna baxmayaraq, məhz bu xəstəlik hər il milyonlarla insanın həyatına son qoyur. Bu epidemiya ilbəil, hətta günbəgün artaraq, dünyanın demək olar ki, bütün ölkələrini əhatə etməkdədir.

 Planeti bürüyən dalğa

 Dünya əhalisinin 70 milyon nəfəri bu bəlanın qurbanı olmuş, xəstəlik 24 milyon nəfərin həyatına son qoymuşdur. Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində bu virusu daşıyanların sayı təxminən 2,3 milyondur. 2003-cü illə müqayisədə 2005-ci ildə həmin regionda QİDS-ə yoluxanların sayı 30% artmış, xəstəlikdən ölənlərin sayı isə 2 dəfə yüksəlmişdir. Son günlərdə SNN-nin yaydığı məlumata əsasən, hazırda Çində QİDS-ə yoluxanların sayı 180 mindir ki, bu da keçən ilə nisbətən 40 min nəfər çoxdur. Qeyd edək ki, müstəqil ekspertlər xəstələrin sayının 650 min olduğunu iddia edirlər.

 Rusiya isə MDB ölkələri arasında QİDS-lə yoluxanların sayına görə birinci yerdədir. Azərbaycanın Rusiya ilə istənilən sahədə əlaqələrinin sıx olduğunu nəzərə alsaq, bunun QİDS-in respublikamızda ildən-ilə artma səbəblərindən biri olduğunu etiraf edə bilərik.

 Azərbaycanda QİDS

Hazırda rəsmi məlumatlara əsasən Azərbaycanda aşkar olunan və qeydiyyatdan keçən  QİDS-li xəstələrin sayı 1000-nə yaxındır ki, onların 58-i əcnəbi vətəndaşlardır. Lakin beynəlxalq ekspertlərin fikrincə, yer üzündə QİDS-ə  yoluxanların yalnız 10%-i aşkarlanmışdır. Həqiqi vəziyyəti öyrənmək üçün qeydiyyatda olan xəstələrin sayını 10-a vurmaq lazımdır. Əlbəttə, bu xəstəlik haqqında kifayət qədər anlayış olduğu ərazilərdə. Deməli, Azərbaycanda da vəziyyətin bu şəkildə olması istisna deyil.

Xəstələr üzərində aparılan müşahidələr onu göstərir ki, QİDS-ə yoluxmanın  müddəti ilə onun simptomlarının inkişaf etməsi arasında 10 ilə yaxın vaxt keçə bilər. Rəsmi olaraq ölkəmizdə məhz QİDS-dən ölənlərin sayının 109 nəfər olduğu qeyd edilir. Bu da yəqin ki, indiyə kimi antiretrovirus müalicəsinin olmaması ilə əlaqədardır. Lakin artıq vəziyyət dəyişilməyə doğrudur.

 Problemə münasibət

Lakin onu da qeyd etmək vacibdir ki, bu illər ərzində çox dəyişikliklər olduğu kimi, poblemə münasibət də fərqlidir. Cəhalət,  savadsızlıq və qorxu insanların şüurundan get-gedə silinməyə başlamışdır. Artıq insanların düşüncəsində QİDS-li xəstələrə olan münasibət bir qədər dəyişilməkdədir. Ötən illərdə mövcud olan QİDS-in başlıca olaraq cinsi yolla ötürülməsi kimi  steriotiplər artıq köhnəlmişdir. İllər öncə bu xəstəliyə düçar olanların narkoman və yaxud pozğun həyat tərzi keçirən insanlar olduğu düşünülürdüsə, yüzlərlə insanın  hər hansı məqsədlə qan köçürülərkən, tibbi alətlərin düzgün sterilizasiya edilməməsi səbəbindən bu bəlaya düçar olması faktları artıq çoxlarına məlumdur. Belə ki, QİDS-ə yoluxaraq həyatla vidalaşanlar arasında uşaqlar və qadınlar, yenidoğulmuşlar, narkomanların və miqrantların ailə üzvləri, zorakılığa məruz qalmış günahsız insanlar az deyil. Cəmiyyətə  QİDS-in  xüsusiyyətləri haqqında məlumatların çatdırılması, bu bəlanın hər bir insanın başına gələ biləcəyini dərk etməyə, heç kimin bu dəhşətli bəladan sığortalanmadığını anlatmağa imkan verir.

 DS-li xəstələr səmiyyətin tam hüquqlu vətəndaşlarıdır

QİDS-lə yaşamağa məhkum olunanları dəstəkləmək, bu bəladan dünyasını dəyişənlərin ailələrinin və yaxınlarının dərdinə şərik olmaq məqsədilə xəstəliklə  mübarizə gününün, bu xəstəlikdən tələf olanların xatirəsinin yad edildiyi günlərin qeyd edilməsi, QTDS-li xəstələri dinləmək, onlarla ünsiyyətdə olmaq və s.  bəşəriyyəti bu vacib problemin həllinə  diqqət yetirməyə yönəldir, insanları humanizmə səsləyir. Bunlar da öz növbəsində QİDS epidemiyası ilə mübarizədə bütün qüvvələri səfərbər etmək və bu ağır problemi yaşayanlarla həmrəyliyi nümayiş etdirmək imkanı verir.

Bu baxımdan xeyriyyə tədbirləri keçirərək xəstələrə yardım təşkil etmək, onları maddi vəsaitlərlə təmin etmək, onlara mənəvi dayaq olmaq, onların cəmiyyətdən təcrid olunmasına deyil, əksinə, hamı kimi yaşayıb fəaliyyət göstərməsinə yardımçı olmaq  təqdirəlayiqdir.

 Özünü QİDS-dən qoruya  bilirsənmi?

Bununla belə, hər kəs QİDS-ə düçar olmuş xəstələrin aqibətindən nəticə çıxarıb həm özü, həm də başqalarının taleyi haqqında düşünməlidir. Əhalinin QİDS barədə ətraflı məlumatlandırılması, onun yoluxma yollarının, ondan  müdafiə  olunmaq qaydalarının təbliğ edilməsi bu xəstəliklə mübarizədə böyük əhəmiyyət kəsb edir. Bütün ölkələrdə olduğu kimi, bizim ölkədə də QİDS-ə anonim və pulsuz müayinə üçün hər cür şərait yaradılıb.

Təəssüflə qeyd etməliyik ki, hələ də xəstəliyə qarşı səmərəli müalicə üsulu tapılmamışdır. Son zamanlar tətbiq olunan  antiretrovirus müalicəsi xəstəliyin proqressivləşməsinə imkan vermir və törədicilərin (virusların) aktivləşməsinin qarşısını alır.

Xəstəliyin profilaktikasının əsasını birdəfəlik iynə və şprislərdən istifadə etmək, tibbi alətlərin düzcün sterilizasiyasını təmin etmək, donor qanına və qan preparatlarına  ciddi nəzarət etmək, insanlar arasında maariflənmə işinin aparılması təşkil edir.

 

Hazırladı: S.Aytən