SAĞLAMLIQ

Cavanlığın və uzunömürlülüyün sirləri

  • 06.03.2009

Cavanlığın və uzunömürlülüyün sirləri

 «İnsan ömrü  müəyyən ölçüyə malik deyil və yüz illərlə uzana bilər». Tsialkovski

Biz özümüz sağlamlığımızın düşməniyik. Onun üçün düzgün olmayan həyat tərzi və qeyri-sağlam qida ilə təhlükə yaradırıq. Uzunömürlülər isə aktiv həyat tərzi keçirirlər. Onlar artıq çəkidən əziyyət çəkmir, təmiz çiy su içir, əsasən təbii məhsullarla qidalanırlar.

Bu haqda alimlər nə düşünürlər:

Qocalma haqqında elmin görkəmli nümayəndəsi olan İ.İ. Meçnikov hesab edirdi ki, insan orqanizmindəki ehtiyatlar onun 120 il yaşamasına kifayət edə bilər. Alim həyati funksiyaların tükənməsini bağırsaqlardakı çürümə prosesləri ilə əlaqələndirirdi. Bunları da qatıq yeməyin köməyi ilə aradan qaldırmağı məsləhət görürdü. Onun devizi belədir: «zərərli vərdişlərdən, yəni alkoqol və siqaretdən, artıq yeməkdən, şirniyyata olan meyldən  imtina; işin və istirahətin düzgün növbələşməsi, xoşbəxt və uzunömürlü ailə həyatı və ən əsası  müsbət emosiyalar sağlam həyatı təmin edir.

Prussiya alimi K.V.Qufeland belə nəticəyə gəlmişdir ki, mənfi emosiyalar qocalmağın əsas səbəbləridir. O, ətrafdakılarla xoş münasibətdə olmağı, mübahisələrdən uzaq durmağı və yalnız pozitiv fikirlər haqqında düşünməyi tövsiyə edirdi. O əmin idi  ki, optimist insanlar uzunömürlü olmağa namizəddirlər.

Flotovun qidalanma sistemi də yaxşı nəticələr əldə etməyə imkan verir. Belə ki, o, xəstə olduğu halda gün ərzində 250 q üyüdülməmiş taxılı çeynəyərək  yeyir və 1 kq  meyvə qəbul edərmiş. 1 neçə aydan sonra tamamilə sağalaraq, 60 yaşında ikən heç cavanlığında da malik olmadığı yüksək iş və zehni  qabiliyyətə yiyələnmişdir.  

Cavanlaşmaq və uzunömürlülük qazanmaq üçün qida ilə orqanizmə təbii antioksidantlar daxil olmalıdırlar. Bunlar ilk növbədə E, A, C,  K, P vitaminləridir, selendir ki, gicitkanda, üzümün qırmızı növlərində, qırmızı kələmdə, çuğundurda, şüyütdə, cəfəridə, vəzəridə, nanədə, adaçayında vardır.

Alma, albalı, tünd gilas, itburnu, qoz, qara quşarmudu, qara çay, qara qarağat, soğan, sarımsaq müəəyyən dərəcədə antioksidantlarla zəngindirlər. Hər gün turş-süd məhsullarının qəbul edilməsi də qocalmanın qarşısını alan vasitələrdəndir.

Yaponiyada çox yaşamaq üçün yaşıl çay, sardina, küncüt və natto qəbul edirlər. Küncütün tərkibində antosianin adlı ferment vardır ki, bu da hüceyrələrin qocalmasını ləngidir. Natto isə xüsusi olaraq damarlarda trombların əmələ gəlməsinə əks  təsir göstərir. Ötən əsrin əvvəllərində N.Aniçkov tərəfindən irəli sürülən xolesterinin qocalmaya təsiri haqqında  hipotezi özünü çoxdan doğruldub.

Qocalmamağın əsas səbəblərindən biri də beyni və bədəni  daim fəaliyyətdə saxlamaqdır. Alimlərin hesablamalarına görə, 80 yaşına çatmış insanda belə sinir hüceyrələrinin 90%-i istifadə olunmamış haldadır. Belə çıxır ki, beyin ən tənbəl orqandır. Bütün xəstəliklər isə əqli və fiziki durğunluqdan baş verir. Zəif, tənbəl insanlar çətinliklər qarşısında aciz qalır, güclülər isə mübarizə edirlər. Bir qayda olaraq, ölüm orqanizmdə yaranan  intoksikasiyadan – zəhərlənmədən baş verir. Ona görə də uzunömürlü olmaq üçün orqanizmi zəhərləməməli: həddindən artıq yeməməli, yatmağa 3 saat qalmış qida qəbul etməməli, fiziki işlə məşğul olmalı, onu zehni əməklə növbələşdirməli.

Təsadüfi deyil ki, kişilər zəif cins adlandırdıqları qadınlardan daha az yaşayırlar. Çünki onlar daha çox ət, şəkər, yağlar qəbul edirlər. Gecə yatmazdan əvvəl yeməyi sevir, zərərli vərdişlərə daha çox aludə olur, müasir dövrdə isə demək olar ki, heç piyada gəzmirlər. Deməli, ömrün uzun müddətli olub-olmaması ən əsası insanın özündən asılıdır.

Sizə can sağlığı və uzun ömür arzusu ilə hazırladı:  

S.Aytən