SAĞLAMLIQ

Bitki yağları həm dadlı qida məhsulu, həm də qiymətli müalicə vasitələridir

  • 06.03.2009

Bitki yağları həm dadlı qida məhsulu, həm də qiymətli müalicə vasitələridir

Çaytikanı yağı nəyi müalicə edir?

Çaytikanı giləmeyvələrni xarici görünüşünə və müalicəvi keyfiyyətlərinə görə qızıl meyvələr adlandırırlar. Onların tərkibində çoxlu miqdarda orqanizm üçün qiymətli mikroelementlər – maqnezium, alüminium, silisium, dəmir, marqans, titan, F, E, K, P, V qrupp vitaminləri var. Karotin isə hətta yerkökündə olduğundan da artıqdır.

Çaytikanı meyvələrindən alınmış yağ da dəyərliliyinə görə heç də giləmeyvələrdən geri qalmır: o, unikal müalicəvi keyfiyyətlərə malikdir, bu baxımdan digər bitki yağları arasında analoqu olmayan müalicə vasitəsi sayıla bilər.

Çaytikanı yağını  xarici örtüklərin gec sağalan yaralarında, yanıqlarda, donmalarda, yataq yaralarının müalicəsində, trofiki xoraların, ekzemanın müalicəsində uğurla işlədirlər. Bunun üçün yağı pipetka ilə zədə nahiyəsinə damızdırmaq, üzərinə tənzifdən salfet qoymaq və bintlə fiksasiya etmək lazımdır. Sarğıları hər gün və ya günaşırı dəyişmək lazımdır.  Lakin yadda saxlayın ki, qurumuş sarğıları güclə dartmaq və ya zədə nahiyəsindən zorla ayırmaq məsləhət deyil. Çünki bu zaman nəinki ağrı, hətta qanaxma da baş verə bilər. Bu zaman həmin nahiyəyə yalnız yağ damızdırmaq məsləhətdir.

Çaytikanı yağı hansı xəstəliklər  zamanı işlədilir?

Mədə və onikibarmaq bağırsağın xora xəstəlikləri zamanı: yeməkdən 30 dəqiqə əvvəl yarım ç.q. gündə 3 dəfə çaytikanı yağı qəbul etmək məsləhət görülür. Kurs müalicə – 10 gündür.

Uşaqlıq boynunun eroziyası, kolpitlərdə: hər gün uşaqlıq yoluna çaytikanı yağı hopdurulmuş tamponlar daxil edilir. Kurs müalicə 10-12 prosedurdur.

Ağız boşluğunun, damağın selikli qişasının bəzi zədələnmələri zamanı: çaytikanı yağından islatma qoyulması müalicəni tezləşdirir.

Diqqət! Çaytikanı yağı və onun preparatları ilə müalicə həkim nəzarəti altında aparılmalıdır. Kəskin xolesistit (öd kisəsinin iltihabı), hepatit (qaraciyərin iltihabı), pankreatit (mədəaltı vəzin iltihabı), ishal zamanı çaytikanı yağını daxilə qəbul etmək əksgöstərişdir.

Qarğıdalı yağı nəyə xeyirdir?

Qarğıdalı yağı çox işlədilən və ucuz yağlar içərisində ən xeyirlisidir. O, mineral maddələrlə, kalium, fosfor, kalsium, maqnezium duzları ilə zəngindir. Bundan əlavə, onun tərkibinə doymamış yağ turşuları omeqa-6 və omeqa-3 daxildir. E vitamini isə onun tərkibində zeytun yağına nisbətən 10 dəfə çoxdur. Qarğıdalı yağı əzələləri möhkəmləndirir, orqanizmin müqavimətini artırır. O, bişirilərkən kanserogenlər əmələ gətirmir, köpüklənmir və yanmır. Bu baxımdan ətin, balığın, tərəvəzlərin qızardılması və pörtlədilməsi üçün yararlıdır. 

Aterosklerozun profilaktikası üçün:

Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 x.q. qarğıdalı yağı yemək xeyirlidir.

Xolesistit, öd yollarının durğunluğu zamanı: gündə 2 dəfə yeməkdən yarım saat əvvəl 1 x.q. qarğıdalı yağı qəbul etmək məsləhətdir.

Qaraciyər xəstəlikləri zamanı: gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 2 x.q. qarğıdalı yağını 1 x.q. təzə limon şirəsi əlavə edərək qəbul edin.

Əgər siz piylənmədən əziyyət çəkirsinizsə, xörəkləri yalnız qarğıdalı yağında hazırlayın.

Kosmetoloqlar qarğıdalı yağını üzdəki qırışlara qarşı gözəl vasitə hesab edirlər: gündə 2 dəfə 1 ç.q. qarğıdalı yağı və balı yumurta sarısı ilə qarışdırın, üzünüzə çəkin, 20 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun. Kurs müalicə 10 gündür.   

Hazırladı: S. Aytən