SAĞLAMLIQ

Qəhvə - ən populyar içkidir

  • 13.03.2009

Qəhvə -  ən populyar içkidir

 Onu sevən də çoxdur, əleyhinə olanlar da. Deyirlər Onore de Balzak gündə 20 fincandan çox qəhvə içərmiş. «Qəhvə  gecə kimi qara, öpüş kimi şirin, ilk məhəbbət kimi isti olmalıdır».

 «Qəhvə» sözü   ərəbcə «oyandıran, qıcıqlandıran içki» mənasını daşıyır. Tərkibində kofein olduğundan stimuləedici təsir göstərir. İlk dəfə Həbəşistanın cənub-qərb rayonlarında yerləşən Kaffa adlı ərazidə yetişdirildiyinə görə «kofe» adlandırılması haqqında rəvayətlər var. Sonralar ərəb ölkələrinə, 17-ci əsrdə isə Avropaya gətirilir. Bütün dünyanı dolaşır və hazırda bir çox ölkələrdə yetişdirilir. Bu gün qəhvə dünyada ən populyar içki hesab edilir. Təqribi hesablamalara görə, hər il təxminən 400 milyard fincan qəhvə içilir. Neftdən sonra 2-ci populyar əmtəə məhsulu hesab olunur. «Qəhvənin işlədilməsinə mütləq göstərişlər olmalıdır: bütün dözülmüz ağrılar, həddən artıq zehni fəaliyyətdən doğan  yuxusuzluq, fikirlərin qarışması, hisslərin gərginləşməsi. adətən səhər tezdən başlanan birtərəfli baş ağrıları tədricən artaraq dözülməz səviyyəyə çatdıqda. Üz sinirinin nevralgiyası zamanı heç bir şey 1 fincan qəhvə qədər sakitlik gətirə bilmir».  Bunu Çili dietoloqları hesab edirlər.

Fransa qidalanma mərkəzində isə  hesab edirlər ki, qəhvəyə istək varsa, onu içmək zərərli deyil. Yalnız doza fərdi seçilməlidir, hər kəsin özünə uyğun (əlbəttə ki,    Onore de Balzakın içdiyi qədər  deyil).

Tünd çay kimi tünd qəhvəni də acqarına içmək məsləhət deyil. Bəzən 1-2 fincan acqarına içilmiş qəhvə mədədə qastrit əmələ gəlməsinə səbəb ola bilər. Şübhəsiz ki, kofemanların dişləri də ağ olmur.

Qəhvənin dozası artırsa, bir çox xroniki xəstəliklər kəskinləşə bilər: hipertoniya, gözün torlu qişasının zədələnməsi, mədə və 12 barmaq bağırsağın xora və digər xəstəlikləri. Mütəmadi qəbul edilməsi asılılıq yara bilir. Ondan asılı olan insanın vegetativ damar sistemi əlavə stimulyasiyaya öyrəşir və kofeinsiz işləməkdən imtina edir. Belə insan hər səhər adət etdiyi 1 fincan qəhvədən imtina etdikdə özünü əzgin, yorğun hiss edir, başı ağrayır, arterial təzyiqi dəyişkən olur. Qəhvə  həmçinin yuxusuzluq da gətirə bilər.

Bütün bunlar həddindən artıq köhnəlmiş, keyfiyyətsiz, eləcə də    artıq qızardılmış qəhvənin ardı-arası kəsilməyən qəbulundan sonra baş verə bilər. Qəhvə yüngül sidikqovucu və işlədici effektə malikdir.   

Qəhvənin xərçəng əmələ gətirə bilməsi fikirləri haqqında isə yalnız bunu demək olar: qəhvə xoşlayanlar arasında siqaret çəkənlər daha çoxdur ki, bu da onun yarada biləcəyi fəsadları kəskinləşdirir.

Deyirlər qəhvəyə zəfəran qatdıqda onun orqanizmə zərərli təsiri aradan qalxır. Qəhvəni xoşlayan hipertoniklərə, ürək-damar xəstəliyindən əziyyət çəkənlərə,   onu itburnu dəmləməsi ilə  dəmləmək məsləhət görülür. Məsələn, yaponlar hesab edirlər ki, qəhvə  aterosklerozdan xilas edir. Lakin bunun üçün ona sikori əlavə edib içmək tövsiyə edilir. Yaponlar hipertoniyanın başlanğıc mərhələsini belə müalicə etməyi məsləhət görürlər: gündə 2-4 dəfə qəhvəni kiçik fincanlarda bal və sikori ilə içmək. Onlar hesab edirlər ki, əgər qəhvə yeməkdən əvvəl içilərsə, kalsium, kadmium, sink mənimsənilmir, ona görə də yeməkdən 15-20 dəqiqə sonra içilməlidir.

Qəhvəni kritik günlərdə içmək qadınlara məsləhət görülür. Qəhvə ağrını kəsir, sakitləşdirici təsir göstərir.

Yaş dövrü ilə əlaqədar qəhvəyə  olan münasibət dəyişilir. Məsələn, 20-30 yaşlarında olan insanlar ondan məmnunluqla danışırlar. 30-60 yaş həddində olanlar da ondan heç də narazı deyillər. Yaşı 60-ı ötmüş insanlar isə qəhvənin daha çox sağlamlığa təsir xüsusiyyətlərinə diqqət yetirirlər.

 Hazırladı: S.Aytən