SAĞLAMLIQ

Uçuş zamanı hərəkətsiz qalmamalı

  • 03.04.2009

Uçuş zamanı hərəkətsiz qalmamalı

Bir çox insanlar təyyarə ilə uçmaqdan terror aktları, aviaqəzaların baş vermə ehtimalının çox olmasına görə qorxurlar. Lakin çoxları bilmir ki, ölüm təhlükəsini təkcə bunlar daşımır. Sakit, sülh şəraitində  keçən uçuş belə bəzi insanlar üçün ölüm qədər təhlükəli ola bilər.

Britaniya alimləri hesab edirlər ki, insan uzun müddət hərəkətsiz qaldıqda ayaqların dərin venalarında tromblar əmələ gəlir. Tədqiqatlar göstərir ki, sərnişinlərin 10%-i trombozdan əziyyət çəkir. Lakin əksəriyyət üçün bu, fəsadsız ötüşür. Lakin daha ciddi problemlər baş verə bilər: tromb venanın divarından qoparaq ağciyər arteriyasının mənfəzini tuta bilər. Bu zaman döş qəfəsində kəskin ağrılar, tənəffüsün çətinləşməsi, nəhayət bir neçə dəqiqədən sonra ürəyin dayanması baş verə bilər. Bəzi insanlarda isə bu hal bir neçə gündən sonra özünü göstərə  bilər.

Bu xoşagəlməz fəsadların qarşısını almaq üçün mütəxəssislər sərnişinlərə çoxlu maye qəbul etməyi və hərəkətdə olmağı tövsiyə edirlər. Bəzi həkimlər isə uçuşdan əvvəl qanı durulaşdırıcı dərman preparatları, məsələn, aspirin qəbul etməyi məsləhət görürlər.

Hazırladı S.Aytən