SAĞLAMLIQ

Çuğundur həqiqətən də möcüzədir

  • 17.04.2009

Çuğundur həqiqətən də möcüzədir

İnsanların əksəriyyəti sağlamlıqla bağlı hər hansı bir problemin əsas həllini bahalı, yeni dərman preparatlarının qəbulunda görür. Doğrudur, dərmanlar daha tez təsir edir. Lakin hər bir güclü təsirə malik olan dərman  vasitəsinin güclü də fəsadları, əks göstərişləri  olur və bunlar orqanizmdən yan keçmir. Lakin çoxları hər kəsin adi qida kimi istifadə etdiyi, bir çox xörəklərin bişirilməsində işlətdiyi məhsulların dərman preparatlarından qat-qat  faydalı və müəyyən problemin həlli üçün dəyərli vasitə olduğunu ya bilmir, ya da ki, bununla heç maraqlanmır.  Bu dəfə söhbət çuğundur şirəsindən gedir.

Xarici alimlərin  apardığı tədqiqatlardan məlum olmuşdur ki, çuğundur şirəsi orqanizm üçün energetik içki rolunu oynayır. Tədqiqatlar göstərdi ki, o, orqanizmin dözümlülüyünü 16% artırır. Buna görə də orqanizm uzun müddət aktiv qala bilir və böyük gərginliklərin öhdəsindən gəlir. Səbəbi isə onun tərkibində olan duzların orqanizmin oksigen sərfini azaltması və bununla da enerjini saxlamaq qabiliyyətidir. Alimlər hesab edirlər ki, bu cür effekti başqa heç bir vasitə ilə əldə etmək mümkün deyil. Bunu adi insanlardan başqa idmançılara da tövsiyə etmək olar. Belə ki, faktiki olaraq çuğundur şirəsi dopinqin yeni icazə verilmiş variantı hesab etmək olar. Bundan başqa, çuğundur şirəsi metobolik pozğunluqlardan, ürək-damar sistemi və tənəffüs üzvlərində dəyişikliklərdən əziyyət çəkənlərə faydalı təsir göstərir. Tədqiqat zamanı alimlər 19-38 yaşlar arasında olan kişilər üzərində müşahidələr aparmışlar. 6 gün ərzində həmin kişilər  gündə 500 ml çuğundur  şirəsi  içmiş, sonra fiziki testlər etmişlər. Sonra şirə əvəzinə testləri həmin müddətə təkrar etmişlər. Gözlənildiyi kimi, şirədən sonra göstəricilər daha yüksək olmuşdur. Tədqiq olunanlar hər hansı bir fiziki gərginlikdən sonra yorulmur, özlərini də yaxşı hiss edirdilər. Tədqiqatçılar qeyd edirlər ki, müayinə edilən şəxslərdə arterial təzyiqin yüksəlməsi ilə heç bir problem müşahidə olunmamışdır. Bu isə onu deməyə əsas verir ki, çuğundur  şirəsi  arterial təzyiqin normada qalmasına kömək edir. Hətta alimlər təsdiq edirlər bu  şirənin bir dəfə qəbul edilməsi artıq bir saatdan sonra qan təzyiqini endirir. 3-4 saatdan sonra onun təsiri ən yüksək həddə çatır və bu,  24 saat davam edir. Bu fakt hipertoniyadan əziyyət çəkən milyonlarla insan üçün mühüm məsləhət ola bilər.

Statistikaya görə, planetin 25%-i bu problemdən əziyyət çəkir və 2025-ci ildə artıq bu göstərici 30%-ə çatacaq. Qeyd edək ki,  hipertoniya bütün ürək-damar xəstəliklərinin 50%-ni və insultların 75%-nin səbəbini təşkil edir. Hipertoniyanın müalicəsi üçün çuğundur suyu ilə  hazırlanmış daha bir vasitənin olduğunu oxucuların diqqətinə çatdırmaq istərdik: 1,5 kq çiy çuğundur yuyulub doğranılır və 3 litrlik qaba tökülür, üzərinə tam dolana qədər soyuq su əlavə edilir. 1 həftə qaranlıq yerdə saxlanılır. Sonra hər səhər yeməkdən əvvəl 1 armudu stəkanla içilir. Proseduru 1 ay müddətində hər gün etmək vacibdir. Təcrübələr göstərir ki, müalicənin effekti 3 ilə qədər davam edə bilər.

Hazırladı: S. Aytən