SAĞLAMLIQ

Bitki yağları

  • 24.04.2009

Hər bir  qadının mətbəxdə gündəlik işlətdiyi qida məhsulları arasında bitki yağları mühüm yer tutur.  hər kəs özü  zövqünə uyğun seçim edir: bəziləri günəbaxan yağını bəyənir, digərləri isə qarğıdalı yağı işlətməyə üstünlük verirlər, daha bir qisim insanlar isə zeytun yağını xoşlayırlar. Lakin bəlkə də çoxu  fikirləşmir ki, istifadə edilən bu yağlar qida məhsulu olmaqla bərabər  soyuqdəymə, artrit, ürək-damar, xora və bir çox başqa xəstəliklərdən qoruya bilən müalicəvi vasitələrdir. Onlar asan həzm olunur, yaxşı mənimsənilir. Heyvani mənşəli yağlardan fərqli olaraq tərkibində doymamış yağ turşuları vardır. Bunları nəzərə alaraq, oxuculara daha çox işlədilən bitki yağlarının bir çox faydalı xüsusiyyətləri haqqında məlumat vermək istərdik.

Günəbaxan yağı:

Dietoloqlar iddia edirlər ki, Günəbaxan yağı kərə yağından dəfələrlə faydalıdır. Tərkibində E vitamini vardır ki, o da hüceyrələri sərbəst radikallardan qoruyur, tromb əmələ gəlməsinə mane olur, onkoloji xəstəliklərə qarşı təsir edir. F vitamini, eləcə də A və D vitaminləri   isə ateroskleroz, miokard infarktı, ürək-damar sisteminin digər xəstəliklərinin   əmələ gəlməsinə mane olur. Xalq təbabətində  tromboflebit, diş ağrıları, mədənin, bağırsağın, qaraciyərin ağciyərlərin  xroniki xəstəlikləri zamanı istifadə edilir.

Orqanizmin təmizlənməsi, immunitetin yüksəlməsi, soyuqdəymə xəstəliklərinin, parodontozun, tonzillitin profilaktikası üçün:

səhər acqarına 5-7 dəqiqə ərzində ağız boşluğunu əvvəlcə 1 xörək qaşığı rafinə olunmamış yağla, sonra isə ilıq qaynanmış su ilə yaxalamaq məsləhət görülür.

Avitaminozlar və hipovitaminozlar zamanı: qaysı qurusu üzərinə rafinə olunmuş yağ əlavə edilir, 7 gün qaranlıq yerdə saxlanılır, süzülür. Gündə 1-2 x.q. yeməkdən əvvəl və ya salatlara əlavə edilərək qəbul edilir.

Mədə və onikibarmaq bağırsağın xorası zamanı: gündə 3 dəfə yeməkdən 20 dəqiqə əvvəl 3 x.q. araq və bitki yağı qarışdırılır, qapaqla möhkəm qapanır, çalxalanır, birdəfəyə içilir.

Öd daşı, öd yollarının və öd kisəsinin  iltihabı xəstəlikləri zamanı:

 Hər səhər acqarına 1 x.q. rafinə olunmamış günəbaxan yağı içmək məsləhət görülür.

Davamlı öskürək zamanı: 

1 x.q. günəbaxan yağını buğda unu, quru xardal tozu, balla qarışdırın, su hamamında qızdırın, 4 qat tənzif üzərinə çəkin, döş qəfəsinin ağrı, xırıltı olan nahiyələri üzərinə qoyun. Üzərindən isti şərf  bağlayın. 2 saat saxlayın. Proseduru vəziyyət yaxşılaşana qədər davam etdirin.

Angina və rinitin (burnun selikli qişasının iltihabı) başlanğıcı  zamanı:

yarım  stəkan rafinə olunmuş günəbaxan yağını qaynadın, su hamamında 10 dəqiqə saxlayın, soyudun, 1 dilim xırdalanmış sarımsaq əlavə edin, 8 saat saxlayın, süzün və gündə 3-4 dəfə 3-5 (uşaqlara isə 1-2) damcı  burun dəliklərinə damızdırın.

Revmatizm, artrit, miozit, radikulit, iflic, eləcə də insultdan sonra hərəki funksiyaları bərpa etmək üçün:

30 ədəd dəfnə yarpağını xırdalayın, üzərinə 1 stəkan günəbaxan yağı əlavə edin, 10 gün qaranlıq yerdə saxlayın, süzün, sıxın və axşamlar ağrı nahiyəsinə çəkin.

Tromboflebit zamanı:

 1x.q. balı yarım stəkan  günəbaxan yağı və araqla  qarışdırın, tənzifə hopdurun, 3-4 saatlıq kompress edin.

Haymorit zamanı:

1:1 nisbətində kerosinlə  günəbaxan yağını qarışdırın və gündə 1-2 dəfə yanaqlar, burun və haymor cibləri nahiyəsinə sürtün.

Səs batdıqda:

Su hamamında yarım stəkan günəbaxan yağını qızdırın, təmiz pambıq parçaya hopdurun və gecə boğaz nahiyəsinə kompress edin. Səhər isə kompresi açandan sonra 3-5 dəqiqə ərzində buxaqdan döş qəfəsinə doğru yüngül massaj edin. Bu prosedur qan dövranını yaxşılaşdırır və səs tellərinin funksiyalarını bərpa edir.

Mastit (süd vəzilərinin iltihabı) zamanı:

Bərabər nisbətdə kartof nişastası və günəbaxan yağını qarışdırın, parça üzərinə sürtərək ağrı nahiyəsinə sarğı qoyun. Toxumanın bərkiməsi yox olana  qədər proseduru davam edin.

Diz oynağında ağrılar olduqda:

1 x.q naşatır spirti və  günəbaxan yağını qarışdırın və gecə kompress edin. Yaxşılaşma müşahidə edilənə  qədər davam etdirin.

Əzilmə, sıyrıntı, şişkinlik, qançır olduqda:

Bodyaqa ilə  günəbaxan yağını eyni nisbətdə qarışdırıb ağrı nahiyəsinə sarğı qoyun, gündə 2 dəfə dəyişdirin. Yaxşılaşma hiss edənə qədər proseduru davam edin. 

Hazırladı: S.Aytən