Prezident İlham Əliyev Bakının Pirallahı rayonunda “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub

  • 21.07.2017

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda balıq yetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub.

Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə rayonda görülən işlər və kompleksdə yaradılan şərait barədə ətraflı məlumat verdi.

Qeyd edildi ki, “Nərəkənd” kompleksində inşa olunacaq qapalı və açıq tipli fermalarda yetişdirilən, habelə qanunvericiliyin tələblərinə zidd olmayan qaydada balıqçılar tərəfindən dənizdə tutulan balığın və balıq məhsullarının burada satışının təşkil olunması məqsədilə ərazidə balıqçı qayıqları üçün yanalma pontonları və zəruri normativlərə cavab verən ticarət məntəqəsi - balıq bazarı yaradılıb. Bu məntəqə dörd pavilyondan ibarətdir. Pavilyonlarda balığın satışı və saxlanması üçün lazımi şərait yaradılıb və müvafiq avadanlıq qurulub. Bundan başqa, kompleksdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Dənizçi” İdman Klubunun yaradılması və yelkənli qayıqlarla üzmənin təşkil olunması nəzərdə tutulub.

Bildirildi ki, kompleksin ətrafındakı ərazi yaşıllaşdırılıb, sahil zonası abadlaşdırılıb. Burada park salınıb, əhalinin istirahəti üçün yüksək şərait yaradılıb. Parkda oyun və idman meydançaları, uşaq guşəsi, sinema-kafe və digər istirahət obyektləri mövcuddur.

İndi Pirallahı rayonunun simasının mühüm elementinə çevrilən bu parkda yaradılan şərait bir daha təsdiqləyir ki, əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkil olunması, onların sosial tələbatının nəzərə alınması hər zaman diqqət mərkəzindədir və bununla bağlı ardıcıl tədbirlər görülür.