Vergi ödəyicilərinə xidmət sahəsində yeni texnologiyaların tətbiqi genişləndirilir
Vergilər Nazirliyinin Telefon Mərkəzinin qısa mesaj xidməti vergi ödəyicilərini operativ məlumatlandırır
Vergi xidmətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vergi ödəyicilərinə xidmətin keyfiyyətinin artmasına imkan vermişdir. Cəmiyyətin bütün sahələrinə yol açan yüksək texnologiyalardan vergi inzabatçılığı, xüsusilə də vergi ödəyicilərinə xidmət sahəsində geniş istifadə edilir. Təsadüfi deyil ki, bir çox novator layihələrin tətbiqi sahəsində öndə gedən Vergilər Nazirliyi əldə etdiyi uğurlara həm də müasir texnoloji sistemləri öz fəaliyyətində tətbiq etməsi sayəsində nail olmuşdur.
Öz fəaliyyət spektrinə görə MDB-də ilk olaraq məhz Azərbaycanda istifadəyə verilmiş Vergilər Nazirliyinin Telefon Mərkəzi də bu baxımdan istisna deyil. 2003-cü ildə “195” prefiks nömrəsi ilə fəaliyyətə başlayan telefon məlumat xidmətinin 2006-cı ildən respublikanın bütün regionlarında fəaliyyət göstərən vergi ödəyicilərinin ödənişsiz olaraq vergi qanunvericiliyinə dair suallarına operativ şəkildə cavab tapması və vergi hüquqpozmaları barədə məlumat və ya şikayət etmək imkanı vermişdir. 2009-cu ildən etibarən bu telefon xidməti İqtisadi İnkişaf Nazirliyinin telefon mərkəzi ilə vahid nömrədən ölkə sahibkarlarına xidmət edir. Bu, ölkəmizdə vətəndaşlar üçün universal telefon məlumat xidmətinin yaradılması istiqamətində ilk addımdır.
2010-cu ildə Telefon Mərkəzi işində daha bir yenilik tətbiq etmişdir. Ötən il vergi ödəyicilərinin məlumatlandırılması sahəsində yeni xidmətin - “Qısa mesaj xidməti”nin (SMS) tətbiqinə başlanılması üçün lazımi hazırlıq işləri görülmüşdür. Qısa mesaj xidməti vasitəsilə Telefon Mərkəzindən vergi ödəyicilərinə məlumatların (vergi borcları, təqdim etməli olduqları bəyannamələr və s.) kütləvi şəkildə göndərilməsi nəzərdə tutulur. Artıq cari ilin yanvar ayında ilk dəfə bu xidmətin tətbiqinə başlanılmışdır. Vergilər Nazirliyinin Telefon Mərkəzi tərəfindən göndərilən SMS-lər vergi ödəyicilərinin mobil telefonlarına “VERGİLER195” adı ilə göndərilir və vergi ödəyicilərindən daxil olmuş rəylər bu xidmətin vergi ödəyiciləri tərəfindən müsbət qarşılandığını deməyə əsas verir. Xidmətin gələcəkdə daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Belə ki, gələcəkdə vergi ödəyicilərinə Telefon Mərkəzinə “SMS” göndərməklə vergi borcları, təqdim etməli olduqları vergi bəyannamələri və digər lazımi məlumatların əldə edilməsi imkanın yaradılması planlaşdırılır.
Bununla yanaşı, 2009-cu ildən tətbiqinə başlanılmış “səsli mesaj xidməti” vasitəsilə 2010-cu ildə vergi ödəyicilərinin kütləvi məlumatlandırılmasına başlanılmışdır. 2009-cu il ərzində bu xidmət vasitəsilə 2221 vergi ödəyicisi məlumatlandırıldığı halda, 2010-cu il ərzində bu xidmət vasitəsilə məlumat alan vergi ödəyicilərinin sayı 86858-ə çatmışdır. “Səsli mesaj xidməti” əsasən vergi ödəyicilərinin şəhər telefonlarına göndərilən məlumat xarakterli xatırlatmalar, vergi borcu, təqdim edilməli vergi bəyannamələri, vergi orqanlarında keçirilən treninqlər və s. barədə olmuşdur.
Bütövlükdə Vergilər Nazirliyinin Telefon Mərkəzi vergi ödəyiciləri arasında böyük populyarlıq qazanmışdır. 2010-cu ildə Telefon Mərkəzinə canlı rejimdə müraciət edənlərin sayının 33 faizdən çox artdığı müşahidə olunur. 2010-cu il ərzində 71996 canlı müraciət cavablandırılmışdır. Bütövlükdə “195” Telefon Mərkəzinə daxil olan müraciətlərin sayı isə 236 mindən çox olmuşdur. Bu müraciətlər əsasən tətbiq olunan vergi növləri, bəyannamələr və onların təqdim olunması, qeydiyyat və vergi uçotu, “bir pəncərə” prinsipi üzrə qeydiyyat, elektron xidmətlər, “e-bəyannamə” və “elektron vergi hesab-fakturaları” barədə olmuşdur. Bundan başqa, 2010-cu il ərzində vergilərə aid 155771, vergi borcuna aid 8552 müraciət avtomat rejimdə cavablandırılmışdır.
|