Dörd sərgi bir arada
Mayın 25-27-də Bakıda “World Food Azerbaijan-2011” 17-ci Azərbaycan Beynəlxalq Qida Sənaye sərgisi keçirilir. “İtace Caspian LLC” və “ İTE Group PLC”un təşkilatçılığı ilə keçirilən sərgi demək olar ki, qida sənayesinin bütün sahələrini əhatə edirdi. Sərgidə 19 ölkədən 100 şirkət iştirak edir.
Qarşıda yay mövsümü gəlir və mövsümdə ən çox yeyilən qidalardan biri də dondurmadır. Hər kəs sərgiyə baş çəkərək, yerli dondurmalarımız haqqında məlumat ala bilər. Bu baxımdan sərgidə diqqəti cəlb edən yerli istehsalçılardan biri “Camal” LTD şirkəti idi. Bu şirkət “İceland” markası adı altında 200-dən çox növ dondurma istehsal edir. Sərgidə bu şirkətin stendinə yaxınlaşaraq şirkətin satış və marketinq departametinin rəhbəri Həsən Əsədov ilə dondurmaların istehsalı və satışı barədə qısa söhbət etdik. O, bildirdi ki, “Camal” LTD şirkəti dondurma məhsullarını İtaliyanın müasir “TEKNO-İCE” avadanlıqlarında istehsal edir. Dondurmalar xüsusi reseptlər əsasında təbii və keyfiyyətli xammaldan hazırlanır, bu da məhsulun dadını əla və təkrarsız edir. “Camal” LTD şirkəti öz məhsullarının satışını təkcə Azərbaycan bazarında deyil, xarici ölkələrdə də təşkil etmək niyyətindədir. “Bizim məhsullarımız artıq Gürcüstanda satılır. Məhsullarımızın dadı və ticari görünüşü bizə imkan verir ki, dünyanın ayrı-ayrı ölkələrinə ixraca başlayaq. Lakin ixracı əngəlliyən bir sıra çətinliklər mövcuddur. Dondurma istehsalında lazım olan kərə yağı, quru süd kimi xammal xaricdən gətirildiyindən istehsal olunan dondurmalar xeyli bahalı olur, – deyə Həsən Əsədov bildirdi. Şirkətin nümayəndəsinin sözlərinə görə “Camal LTD” şirkəti üçün məhsulun keyfiyyəti daha ön sıradadır. Belə ki, 2011-ci ildə istifadə vaxtı bitmiş 17 min manatlıq məhsul anbardan çıxarılaraq məhv edilmişdir.
Qeyd edək ki, “Camal LTD” şirkəti sərgidə Azərbaycana ilk dəfə gətirilən, estetik görünüşü ilə fərqlənən ikimərtəbəli dondurma soyuducularını da nümayiş etdirirdi. 17-ci Azərbaycan Beynəlxalq Qida Sənaye sərgisində quş əti məhsulları da nümayiş olunurdu. Son vaxtlar zərərlə işləməsi ilə bağlı gündəmdə olan quşçuluq təsərrüfatları çətinliklərə baxmayaraq fəaliyyətlərini davam etdirmək niyyətindədirlər. Sahibkalığa Kömək Milli Fondunun ayırdığı kreditlərə ümid bəsləyən quşçuluq təsərrüfatçıları bir sira yeni lahiyələr üzərində işləyirlər.
Sərgidə iştirak edən “Şuraabad Quşçuluq” MMC-nin nümayədəsi Xaliq Verdiyev qeyd etdi ki, “Şuraabat Quşçuluq” MMC dövlətdən aldığı kredit hesabına yenidənqurma işlərinə başlayıb. “Hazırda şirkətimiz cücələri və yemləri xaricdən idxal etdiyinə görə təsərrüfatımız zərərlə işləyir. Belə vəziyyət quş ətinin baha olması ilə nəticələnir. Yaxın gələcəkdə damazlıq təsərrüfatı istifadəyə verildikdən sonra xaricdən asılılıq azalacaq və nəticədə quşçuluq təsərrüfatının rentabelli işləməsinə gətirib çıxaracaqdır.
Həmçinin Qəbələ Konserv Zavodu, Unikal Firması, İpək Su, BakFem kimi yerli istehsalçılar da sərgidə iştirak edirdi.
Sərgidə “Unikal” firmasının nümayəndəsi ilə söhbət zamanı o, qeyd etdi ki, “Unikal” firması öz istehsal etdiyi məhsullarını bazara “Bəhrə” əmtəə nişanı altında satışa çıxarır. Məhsulların təmiz, keyfiyyətli və uzunmüddətli qalması üçün müasir qablaşdırma texnologiyasından istifadə edilir.
25-27 may tarixlərində “Bakı Ekspo” mərkəzində 17-ci Beynəlxalq Qida Sənayesi sərgisi ilə bərabər “HOREX Azerbaijan 2011” 5-ci Qafqaz Beynəlxalq “Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıqlar və ləvazimatlar” sərgisi, “PALSTEX 2011” 5-ci Qafqaz Beynəlxalq plastik kütlələr və kauçuk sərgisi, “Fastfood” sahəsi üçün avadanlıq, qablaşdırma, məhsul və içkilər sərgisi də keçirilir. Sərgidə Azərbaycan, Almaniya, Rusiya, Türkiyə və Fransadan olan şirkətlər mehmanxana və restoranlar üçün avadanlıqlar, habelə ticarət, vitrin və soyuducu avadanlıqlarını, “FAST FUD” avadanlıqları və digər məhsullarını nümayiş etdirirlər.
Sərgidə diqqəti cəlb edən şirkətlərdən biri də Türkiyənin “S.Tanay” firması idi. Şirkətin Azərbaycandakı rəsmi nümayəndəliyi “Tanay Bakı” şirkətidir. Şirkətin direktoru Nazim Abdullayev bildirdi ki, 20 ildən artıqdır ki, fəaliyyət göstərən “S. Tanay” şirkəti mehmanxanalar üçün təmizlik vasitələri istehsal edir. İtaliyadan və Avropadan gətirilən xammaldan hazırlanan məhsullar gigiyenik tələblərə cavab verir və bu məhsulların 1800 növü vardır. Nümayəndə onu da qeyd etdi ki, Azərbaycanda otellərin 80%-ni təmizlik vasitələri ilə “Tanay Baku” təmin edir.
Sərgi iştirakçıları və qonaqlarının ilkin rəyləri belə bir fikri inamla bəyan etməyə əsas verir ki, sərgi bu ildə regionun qida və kənd təsərrüfatı sənayesi mütəxəssislərinin mühüm forumu statusunu təsdiq edəcək.
Günel Zeynalzadə
|