Vergilər naziri Niderland Krallığının ölkəmizdəki səfirini qəbul etmişdir
Fevral ayının 23-də Azərbaycan Respublikasının vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri cənab Fazil Məmmədov Niderland Krallığının ölkəmizdəki səfiri Aryen Piter Uyterlindeni qəbul etmişdir.
Qonağı Vergilər Nazirliyində görməkdən məmnun olduğunu ifadə edən vergilər naziri Fazil Məmmədov ölkəmizin müasir tarixinə qısa nəzər yetirərək, Azərbaycanın müstəqillik əldə etdikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlardan danışmışdır. Qeyd olunmuşdur ki, gərgin fəaliyyət və düşünülmüş, ardıcıl islahatlar nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Ötən dövr ərzində ölkəmizdə, bütün sahələrdə olduğu kimi, vergi sistemində də ciddi yeniliklər həyata keçirildiyini bildirən Fazil Məmmədov əldə olunan uğurlardan, perspektiv planlardan danışmışdır.
Vergi ödəyicilərinə xidmətin səviyyəsinin daim yüksəldilməsinin nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini vurğulayan Fazil Məmmədov diqqəti Vergilər Nazirliyi ilə vergi ödəyiciləri arasındakı münasibətlərin partnyorluq əsasında qurulduğuna yönəltmişdir. Bildirilmişdir ki, nazirlik tərəfindən Bakı şəhərində və regionlarda vergi ödəyicilərinə xidmət edən 25 terminal istifadəyə verilmiş və cari ilin sonuna qədər daha bir neçə terminalın istifadəyə veriləcəyi planlaşdırılır.
Vergilər naziri Azərbaycanda Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin 2006-cı ildən yaradıldığını və bununla da nazirlik daxilində bütün sənədləşmələrin elektron formada həyata keçirilməsi, həmçinin vergi bəyannamələrinin elektron şəkildə qəbul edilməsi üçün imkan yaradıldığını əlavə etmişdir. Vurğulanmışdır ki, MDB məkanında vergi qurumları arasında ilk dəfə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən «195» Telefon-məlumat xidməti yaradılmış və bu xidmət sayəsində vergi ödəyicilərini maraqlandıran suallar dərhal ətraflı şəkildə cavablandırılır.
Görüşdə Azərbaycan və Niderlandın vergi administrasiyaları arasındakı münasibətlərin yüksək səviyyədə olduğu və əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunmuşdur. 2008-ci ildə iki ölkənin vergi administrasiyaları arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişin imzalandığı və iqtisadi əlaqələrimizin inkişafı baxımından bu sənədin mühüm əhəmiyyət kəsb etdiyi bildirilmişdir.
Qeyd edilmişdir ki, ölkələrimizin vergi orqanlarının fəaлiyyəti sahəsində əməkdaşlığa dair memorandum layihəsi artıq Azərbaycanın Vergilər Nazirliyi tərəfindən Niderlandın Maliyyə Nazirliyinə təqdim olunmuşdur.
Cari ilin mart ayından etibarən Avropa Komissiyasının Tvinninq layihəsinin həyata keçirilməsinə başlanılacağını qeyd edən vergilər naziri bu layihənin, eləcə də «elektron audit»in uğurla tətbiq ediləcəyinə əminliyini ifadə etmişdir. Nazir qeyd etmişdir ki, Vergilər Nazirliyi yeni layihələrin tətbiqində Avropa Birliyinə daxil olan ölkələrin, o cümlədən Niderland Krallığının təcrübəsindən bəhrələnir.
Vergilər Nazirliyində olmaqdan məmnunluğunu bildirən Niderland Krallığının ölkəmizdəki səfiri Aryen Piter Uyterlinde əldə olunan uğurların onda xoş təəssürat yaratdığını demişdir. Səfir Vergilər Nazirliyinin internet səhifəsi vasitəsilə nazirliyin fəaliyyəti ilə yaxından tanış olduğunu qeyd etmişdir. Ölkəmizdə yaradılan əlverişli investisiya mühitini təqdirəlayiq hal kimi qiymətləndirən səfir Niderland şirkətlərinin Azərbaycana sərmayə qoymaqda maraqlı olduqlarını vurğulamışdır.
Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılmışdır.
Vergi ödəyicilərinin pasportlaşdırılması
Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vergilər Nazirliyi qarşısında vergitutma bazasının genişləndirilməsi, vergidən yayınma hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi kimi mühüm vəzifələr müəyyənləşdirmişdir. Bu tapşırıqların icrası ilə əlaqədar vergilər naziri cənab Fazil Məmmədov vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin (obyektlərinin) pasportlaşdırılması haqqında əmr imzalamışdır. Həmin əmrə əsasən, sahibkarlıq fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin (obyektlərinin) 2011-ci il fevral ayının 1-dən Vergilər Nazirliyi tərəfindən pasportlaşdırılmasına başlanmışdır. Bu prosesin cari ilin iyun ayının 1-dək başa çatdırılması nəzərdə tutulmuşdur. Həyata keçirilən pastportlaşdırmanın əsas məqsədi vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin (obyektlərinin) uçot məlumatlarını dəqiqləşdirməklə gələcəkdə yarana biləcək uyğunsuzluqların vaxtında aradan qaldırılmasını təmin etməkdir. Respublikamızın bütün ərazisində aparılan pasportlaşdırılma 2 saylı Ərazi Vergilər İdarəsi (ƏVİ) tərəfindən də uğurla həyata keçirilir.
2 saylı ƏVİ-nin rəisi İlqar Əhmədovun qəzetimizə verdiyi məlumata görə, vergi əməkdaşları vergi ödəyicilərinin təsərrüfat subyektləri (obyektləri) olan ünvanlara getməklə fərdi müşahidələr aparır, əldə etdikləri məlumatlar və sorğulara verilən cavablar toplanılır, vergilər nazirinin əmri ilə təsdiq olunmuş müvafiq formalar doldurulur. Vergi ödəyiciləri barədə idarənin əməkdaşları tərəfindən toplanmış məlumatlar 2 gün ərzində ümumiləşdirilərək uçot-məlumat bazasına işlənilir.
İdarə rəisi bildirmişdir ki, 2 saylı ƏVİ-də 29433 vergi ödəyicisi qeydiyyatdadır və indiyə qədər pasportlaşdırma prosesi idarənin nəzarət əhatəsinə daxil olan Sumqayıt şəhəri, Abşeron, Xızı, Siyəzən rayonlarında və digər üç rayon şöbəsində (Qubadlı, Zəngilan və Şuşa) həyata keçirilmiş, 4830 vergi ödəyicisinin pasportlaşdırılması təmin edilmişdir. Pasportlaşdırılan obyektlərin sırasında 7 vergi ödəyicisinə məxsus təsərrüfat subyektinin qeydiyyata alınmadığı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan 17 nəfərin isə vergi ödəyicisi kimi vergi orqanında uçota durmadığı aşkar edilmişdir.
Xatırladaq ki, pasportlaşdırma zamanı vergi orqanlarının əməkdaşlarına ödəyicilərə qarşı maliyyə sanksiyaları, cərimələr tətbiq etmək və digər məsuliyyət tədbirləri həyata keçirmək səlahiyyətləri verilməmişdir.
Rəşad SADIQOV
|