MƏQALƏLƏR

İşğaldan azad olunmuş ərazilərin bərpası və sahibkarlığın inkişafının təmin edilməsi

  • 23.09.2021

 

Bu yazılar UNEC-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının

 

30-cu ildönümünə həsr edilən məqalələr müsabiqəsinə təqdim etmək üçün dərc edilir.


 

Müasir dövrdə xalqımız ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti və strateji rəhbərliyi sayəsində, habeləöz canından keçən fədakar şəhidlərimizin qanı hesabına unudulmayan, şərəfli günlərini yaşayır.Belə ki, 30 ilə yaxın müddətdə doğma Azərbaycanımızın əbədi torpağı olan gözəl Qarabağımızı qəddarcasına işğal edən mənfur düşmənlərimizi-erməniləri məğlub etdik.

Məlum məsələdir ki, işğalçı dövlət olan Ermənistan işğal etdiyi ərazilərə küllü miqdarda maddi ziyan vurmuş, vəhşiliklər törətmiş, yaşayış evlərini dağıtmış,bütün təbii ehtiyatlarımızı tükətmiş, meşələri yandırmış, həmçinin millətimizin ümid yeri olan, ibadət və dua etdiyimiz müqəddəs məscidlərimizi də yerlə-yeksan etmişlər.
Dünya təcrübəsinə əsaslanaraq demək olar ki, müharibədən sonrakı bərpa, quruculuq, yenidənqurma işləri müəyyən vəsait və zaman tələb edir. Buna baxmayaraq, ölkəmizin iqtisadiyyatısürətlə inkişaf edir, yeni müəssisələr, iş yerləri açılır, güclü iqtisadi potensial formalaşır.Azərbaycanımızın iqtisadi əsasları getdikcə güclənir, dövlətimiz uğurlu layihələrə imza atır, dünya ölkələri ilə sıx əməkdaşlıq edir, fəxr etdiyimiz üçrəngli bayrağımız beynəlxalq ölkələrin bayraqları sırasında dalğalanır.
Qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan ölkəmiz özünə­məxsus milli inkişaf modelini yaradan dövlətlərdən biri kimi tanınır. Artıq keçid döv-rünü geridə qoyan respublikamızın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur ki, bu mərhələdə də əsas məqsədlərdən biri perspektivli ölkədə sürətli sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir.
Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələrilə çoxformatlı əlaqə­lərinin daim genişlənməsi buna əsas verir ki, indiyə qədər aparıl­mış və bu gün də davam etdirilən siyasi mövqe düzgün istiqamətdədir.
Ölkəmizin iqtisadi potensialı barədə yazmaq və ondan səmərəli istifadə edilməsi şərti ilə sahibkarlığın inkişafı istiqamətlərini müəyyən etmək vaxtı artıq gəlib çatıb. Şübhəsiz ki, bu ərazilərin bizim üçün tarixi-mədəni əhəmiyyəti hər hansı iqtisadi dəyərlərindən xeyli dərəcədə üstündür. Qarabağ ərazisi, onun zəngin torpaqları həm yerli sahibkarlar, investorlar, iş adamları, həm də xarici dövlətlərin yatırımları üçün əlverişli və vacib ola bilər.
İşğaldan azad edilmiş ərazilər sənaye və tikinti əhəmiyyətli müxtəlif növ materiallarla zəngindir.Torpağımız zəngin su ehtiyatlarına malikdir ki, bu da ölkəmizin sənayesi və kənd təsərrüfatı üçün önəmli faktorlardan biridir.Bölgədə müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları vardır.Bütünlükdə Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının təxminən 40%-i işğaldan azad edilən rayonların payına düşür.Regionun enerji resursları, külək və termal enerji burada iqtisadiyyatın bütün sahələrinin, eləcə də əhalinin enerjiyə olan gündəlik tələbatının ödənilməsində vacib təminatçı rolunda çıxış edəcəkdir.
Bütün bu faktlar onu göstərir ki, həmin ərazilərdə sahibkarlığın müxtəlif mülkiyyət formalarında geniş şəbəkəsinin yaradılması üçün lazımi qədər xammal və enerji ehtiyatları mövcuddur. İndiki və gələcək nəslin qarşısında duran əsas vəzifə həmin resurslardan qənaətlə istifadə edərək, Qarabağın dayanıqlı sosial-iqtisadi inkişafını təmin etməkdir.
Son olaraq, bu qələbə münasibətilə xalqımızı təbrik edir, müharibədə həlak olmuş şəhidlərimizə rəhmət, ailələrinə səbr və qazilərimizə şəfa diləyirik. Ordumuzun qəhrəmanlığı,vətənpərvər xal­qımızın birliyi nəticəsində əldə etdiyimiz bu şanlı qələbə daim bizmlə olsun.

 

Ayan Abdullayev,
UNEC-in Biznes və menecment fakültəsinin 28-ci qrup tələbəsi,

Elmi Rəhbər: i.f.d., dosent Flora Kaşiyeva