Akademik Ziyad Səmədzadə: YENİ MİLLİ HƏDƏFLƏRƏ DOĞRU
(əvvəli ötən sayımızda)
Yeni dövr üzrə prioritetlər elan edildi
2024-cü il yanvarın 10-da yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyev bəyan etmişdi ki, seçkilər bütöv bir dövrə yekun vurur. Azərbaycan prezident seçkiləri ilə yeni və təbii ki, qarşıda milli hədəflər üçün sonsuz üfüqlər açan tarixi bir mərhələyə daxil oldu.
Fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki müstəsna dövlətçilik təcrübəsinə əsaslanan çıxışı ilə İlham Əliyev yeni dövr üzrə prioritetlərimizi müəyyən etdi. Proqram xarakteri daşıyan dərin məzmunlu nitqində dövlət başçısı yeni tarixi dövrdə qarşıda dayanan vəzifələrə nəzər saldı, dövlətimizin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, işğaldan azad edilmiş torpaqların bərpası, sosial-iqtisadi inkişaf, texnoloji üstünlüyün təmin edilməsi, milli-mənəvi dəyərlərə sadiq olan gənc nəslin yetişdirilməsi, Azərbaycançılıq məfkurəsinin gücləndirilməsi və digər sahələrdə görüləcək işlərdən danışdı, xarici siyasət istiqamətində yeni üfüqlərin açılması zərurətini qeyd etdi.
Beləliklə, andiçmə mərasimi ilə tarixi dövlətçilik ənənələrimiz, milli dəyərlərimiz, döyüş və Zəfər ruhumuz, qurub-yaratmaq potensialımızdan ibarət yeni mərhələyə qədəm qoyuldu.
Cənab İlham Əliyev çıxışı zamanı Azərbaycanın artıq daxil olduğu yeni strateji dövrün ümumi mənzərəsini canlandırdı, əsas hədəflərini diqqətə çatdırdı. Reallıq bundan ibarətdir ki, müstəqil dövlətimiz bu yeni dövrə tarixin ağır mirasından xilas olmuş, bir zamanlar həlli müşkül görünən problemləri uğurla yoluna qoymuş şəkildə, eyni zamanda əvvəlki dövrlərin zəngin təcrübəsi ilə daha da güclənmiş halda, milli qürurunu, ləyaqətini bərpa etmiş tərzdə - alnıaçıq, üzüağ daxil olur. Davamlı inkişaf, ardıcıl nailiyyətlər, önümüzdəki böyük hədəflərə çatmaq üçün qarşımızda keçilməsi qeyri-mümkün maneələr yoxdur.
Lakin yeni dövrün hədəflərindən bəhs etmədən əvvəl Azərbaycanın son 20 ildən artıq dövrdə keçdiyi inkişaf yoluna, imza atdığı zəfərlərə diqqət yetirməliyik. Çünki son 20 ildə Azərbaycanda əldə olunan uğurlar tarix boyu olmayıb. Bu mənada Azərbaycanın keçdiyi inkişaf yolu möhtəşəm və qürurvericidir. Bu dövrdə iqtisadiyyatımız 3 dəfədən çox artıb, Azərbaycan Cənubi Qafqazda lider, dünyada söz sahibi olan dövlətə çevrilib, kosmik kluba daxil olub. Qlobal enerji təhlükəsizliyi məsələlərində aparıcı rolu olan Azərbaycan həm də dünyada müstəqil siyasəti, özünün qətiyyətli mövqeyi olan dövlət kimi tanınır. Əgər Azərbaycan prezidentinin 2003-cü ilin oktyabrında keçirilmiş inaqurasiya mərasimindəki çıxışını təhlil edib, həmin çıxışla iki onillik ərzində yaradılmış tarixi reallıqlar arasında müqayisələr aparsaq, görərik ki, 20 il əvvəl xalqımız qarşısında verilən bütün vədlər yerinə yetirilib. Azərbaycan vətəndaşlarının istəyinə uyğun olaraq ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin davam etdirilməsi, o cümlədən bu siyasətin əsas prioriteti olan ölkəmizin ərazi bütövlüyü məsələsinin təmin olunması həmin vədlər sırasında birinci gəlir. Bəli, son 200 ildə ilk dəfə olaraq 2020-ci ildə Azərbaycanın torpaqları işğaldan azad edilib. Yaxşı xatırlayırıq, İlham Əliyev 2003-cü ildə prezident seçilməsindən sonra andiçmə mərasimində demişdi: “Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir”.
Azərbaycan prezidenti həmçinin bəyan etmişdi ki, xalqımız heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, nəyin bahasına olursa-olsun, doğma torpaqlarımız azad ediləcək. Cənab İlham Əliyev illər ərzində böyük səbirlə, təmkinlə iştirak etdiyi sülh danışıqlarının artıq heç bir mənasının olmadığına, ərazi bütövlüyümüzün bərpasından ötrü hərbdən başqa bir yolun qalmadığına tam əminlikdən sonra ordumuzun gücü ilə problemi həll etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız yumruq kimi birləşərək, torpaqlarımızın azadlığına, ərazi bütövlüyümüzə, dövlət suverenliyimizə nail oldu. Bu mənada 20 illik uğurlarımızın zirvəsi isə şübhəsiz ki, Vətən müharibəsində torpaqlarımızın azad edilməsidir. 2023-cü ilin sentyabrında cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya ordusunu tam iflic vəziyyətinə salan, onları ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur qoyan qüdrətli ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə daha bir tarix yazdı. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bu gün qalib Azərbaycanın vətəndaşı olmağımız ilə qürur duyduğumuza görə qalib Lider İlham Əliyevə, rəşadətli Ordumuza borcluyuq.
Dövrünün bütün qüdrətli liderlərinin uğurunu şərtləndirən əsas cəhətlərdən biri məhz strateji düşüncə, zamanın axarını duymaq bacarığı və gələcəyə hazır olmaq əzmidir. Azərbaycanın həyata keçirdiyi siyasətin, verdiyi qərarların məzmununa nəzər yetirdikdə dövlət rəhbərimizin bütün qüdrətli liderlərə xas olan yüksək cəhətləri necə uğurla öz şəxsiyyətində birləşdirdiyini görə bilirik. Hər zaman vədlərini yerinə yetirən İlham Əliyev verdiyi bütün vədlərə layiqincə əməl etdi. Andiçmə mərasimində Prezident İlham Əliyevin dediyi kimi, bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur: “İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi”.
Ümumiyyətlə, bu dövrdə əldə edilən nailiyyətləri Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərliyə başlamasından sonra qazanılan uğurlarla müqayisə edə bilərik. Mən olduqca xoşbəxtəm ki, hər iki dövrdə Azərbaycanın yüksəlişinin şahidiyəm. Eyni zamanda, mənim üçün olduqca qürurvericidir ki, hər iki dövrdə baş verən inkişaf proseslərində həm elmi müstəvidə, həm də idarəetmə sahəsində iştirak etmişəm.
Biz öz taleyimizi özümüz həll edirik
2024-cü il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimi milli dövlətçilik ənənələrimizin əlamətdar anlarından biri kimi tarixə yazıldı. Azərbaycan bununla yeni bir dövrə daxil oldu. Dövlət rəhbərimizin andiçmə mərasimindəki çıxışı həm cənab İlham Əliyevin 2003-cü ildən bəri ölkəmizə rəhbərlik etdiyi tarixi dövrə ümumi baxış, həm mövcud reallıqların dəyərləndirilməsi, həm də gələcəyin proqnozlaşdırılması etibarilə böyük maraq kəsb edirdi. Bu, əslində, 20 illik yüksəliş və inkişaf mərhələsinin əsl mahiyyətini, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın şərəf salnaməsini gözlərimiz önündə bir daha canlandırdı.
Bütün bunların fonunda Azərbaycan xalqı dünyaya sübut edib ki, böyük xalqdır, öz taleyimizi özümüz həll edirik. Prezident andiçmə mərasimində buna toxunaraq deyib: “Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz, doğrudan da, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik”.
20 ildə ölkəmiz bu illər ərzində sürətli inkişaf yolu keçdi, tarixi nailiyyətlər qazandı. İqtisadiyyatın inkişafı istiqamətində atılan addımlar və uğurlu nəticələr bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır. Son 20 ildən artıq dövrün reallıqları fonunda güclü Azərbaycanı görür və bundan böyük qürur hissi keçiririk. Əgər güclü Azərbaycan qurmasaydıq, kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olsaydıq, heç vaxt ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. 20 illik zaman kəsiyində öz tarixi missiyasının birinci mərhələsini uğurla başa vuran İlham Əliyev zəfərimizin memarı və qalib ölkəmizin rəhbəri kimi Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin səsini, etimadını, dünya azərbaycanlılarının və türk dünyasının sevgisini qazanmış lider, müstəmləkəçiliyin zülmü altında əzilən milyonların haqq səsinin carçısı olaraq and içdiyi kürsüdən işığına doğru yürüyəcəyimiz yeni hədəfləri nişan verdi, milli birliyimizin, həmrəyliyimizin bu hədəflərə çatmaq üçün əsas amil olduğunu vurğuladı. Prezident nitqində önəmli mesajlar səsləndirməklə Azərbaycanın inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini qətiyyətlə vurğuladı. Dövlət başçısı qarşıdakı dövrün böyük nailiyyətlər mərhələsi olacağının anonsunu da verdi. İndiyədək qarşıya qoyulan bütün vəzifələrin icra edildiyini xatırladan dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Bu amil qarşıdakı illərdə də uğurların əldə edilməsinə imkan yaradacaq.
Bədxahlara, ölkəmizin uğurlarından narahat olanlara isə ciddi xəbərdarlıqlar göndərildi. Bəyan olundu ki, Azərbaycanın haqq işinə haram qatmaq istəyən qüvvələrin bütün cəhdləri uğursuzluğa məhkum olacaq. Azərbaycanın əldə etdiyi nailiyyətləri, qazandığı zəfəri hələ də qəbul edə bilməyən qüvvələr var. Bu baxımdan andiçmə mərasimində qeyd edildiyi kimi, bizim birliyimiz, həmrəyliyimiz daimi olmalıdır. Dünyada yaranmış yeni reallıqlar, ziddiyyətli proseslər fonunda ideoloji risklər öz aktuallığını saxlayır. Bu risklərdən qorunmaq üçün dövlətlə cəmiyyət arasında mövcud olan qarşılıqlı etimadın əhəmiyyəti böyükdür.
Ordumuzun döyüş qabiliyyətinin daha da yüksəldilməsi əsas milli vəzifələrdən biri olacaq
Azərbaycan konstitusion səviyyədə başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Bu gün özünü beynəlxalq ictimaiyyətin təmsilçisi kimi təqdim edən, lakin beynəlxalq hüquqa hörmətlə yanaşmayan subyektlər də daxil, bir çox dövlətlər üçün bu prinsip keçərli deyil. Digər tərəfdən, bu gün dünya Üçüncü Dünya müharibəsi ərəfəsindədir, qlobal miqyasda qarşıdurmalar, qeyrisabitlik mövcuddur. Ona görə də belə bir məqamda ölkələrin öz təhlükəsizliklərini təmin etmələri bir nömrəli vəzifə kimi meydana çıxır. Bu baxımdan ölkə başçısı tərəfindən əsas vəzifələrdən birinin Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi olduğunun bəyan edilməsi heç də təsadüfi deyil.
Vətən müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələrinin komplektləşdirilməsi istiqamətində çox geniş, effektiv islahatlar həyata keçirilib, Ordumuz ən müasir silah və hərbi texnikalarla təchiz olunur. Hazırda dövlət büdcəmizdə də ən böyük xərc istiqaməti hərbi quruculuğa yönəldilib. 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatı Azərbaycan Ordusunun hətta 2020-ci ildəkindən də nə qədər qüdrətli olduğunu göstərdi. Göründüyü kimi, Azərbaycanda ordunun döyüş qabiliyyətinin gücləndirilməsi prosesi davamlıdır. Cənab İlham Əliyev bu barədə deyib: “Biz elə ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz”.
Bu prosesin davamlı olmasının zərurəti həm də Ermənistanın Qərb dairələri tərəfindən revanşizmə təhrik edilməsindən irəli gəlir. Məlum olduğu kimi, Vətən müharibəsində və antiterror tədbirlərində müstəsna qələbəmizin nəticəsi olaraq İlham Əliyevin yaratdığı yeni reallıq fonunda biz Qərbin bəzi dairələrinin riyakar davranışları ilə üz-üzəyik.
Azərbaycan Vətən müharibəsində qələbə qazanmaqla, Qarabağda erməni separatçılığına son qoymaqla Qərbin regiondakı maraqlarını darmadağın edib.
Ona görə Fransanın, ABŞ-nin bu reallıqlarla barışa bilmədikləri ortadadır. Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına qarşı çıxması, Ermənistanı silahlandırmaqla regionda gərginliyi alovlandırmağa çalışması bundan irəli gəlir. İnaqurasiya mərasimində qeyd edildiyi kimi, “Biz, - İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri ilə sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq”.
Ehtiyac olmadığı təqdirdə Ermənistana hücum silahlarının ötürülməsi heç bir halda xoş niyyətin göstəricisi sayıla bilməz. Məlum olduğu kimi, fevralın əvvəllərində Fransa Milli Jandarma İdarəsinin generalı Ermənistan ərazisindən Azərbaycanla sərhədə yaxınlaşaraq binoklla müşahidə aparmışdı. Silah göndərməsinin ardınca fransalı generalın sərhədlərimizə yaxınlaşması əlbəttə ki, Fransanın bədnam niyyətindən xəbər verirdi. Fevralın 13-də isə Ermənistan tərəfindən açılan atəşlə Azərbaycanın Sərhəd Qoşunlarının əsgəri yaralanmışdı.
Görünən odur ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsini həzm edə bilməyən qüvvələr Ermənistanı mənasız olsa da, revanşizmə sürükləyirlər. Xüsusən Fransa artıq tarixə qovuşmuş Qarabağ problemini süni vasitələrlə yenidən meydana çıxartmağa cəhd edir.
Həmin vaxt Ermənistanın həyata keçirdiyi təxribatın cavabı artıqlaması ilə verildi. Atəşin açıldığı düşmən postu yerlə-yeksan edildi. Ümumilikdə isə bu kimi hallar ordumuzun döyüş qabiliyyətinin daim yüksək səviyyədə olmasını tələb edir. Ona görə qarşıdakı dövrdə respublikamız bu gün ən yüksək səviyyədə təmin etdiyi təhlükəsizliyi və müdafiəsini daha da gücləndirmək naminə ordu quruculuğuna xüsusi önəm verməkdə davam edəcək.
Andiçmə mərasimində bununla bağlı söylənilən fikirlər tamamilə başadüşüləndir: “Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz. Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. Bu, bir daha onlara və əsasən onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, bizim qabağımızda heç kim dura bilməz. Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizlə əsassız iddialarla, şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür. Beləliklə, ordu quruculuğu prosesi davam etdiriləcək”.
O cümlədən, hərbi sənayenin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılacaq. Ölkə rəhbərliyi hərbi sənayenin inkişafına yalnız hərbi gücün artması yox, həm də suverenliyin elementi kimi yanaşır və əldə edilən strateji uğurların davamlılığında qətiyyətlidir. Andiçmə mərasimində bəyan edildiyi kimi, Azərbaycan hərbi sənayenin inkişafının birinci mərhələsini artıq uğurla başa vurub. Növbəti mərhələ isə daha genişmiqyaslı olmaqla həm də Azərbaycanın bu istiqamətdə xarici asılılığının kəskin azaldılmasına yönələcək ki, bu da siyasi və iqtisadi müstəqilliyimizin ardınca müdafiə sənayesi sahəsində də suverenliyimizə töhfə olacaq.
Yeni strateji dövrdə ən əsas məsələlərdən biri də texnoloji inkişafın təmin edilməsindən ibarət olacaq. Andiçmə mərasimində bildirildiyi kimi, texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi - bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar: “Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. Ancaq nə üçün görmürəm, çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək. Ona görə texnoloji inkişafa nail olmasaq, burada geniş, yəni bir neçə min yox, on minlərlə azərbaycanlı bu işdə olmasa, biz geridə qala bilərik”.
(davamı gələn sayımızda)
akademik Ziyad SƏMƏDZADƏ