İnnovasiyalı biznesə dəyərli töhfə
Yeni əsrdə milli iqtisadiyyatların dinamik və dayanıqlı inkişafında innovasiya amili həlledici rol oynamaqdadır. İqtisadi inkişafın lokomotivi sayılan iş adamlarının (biznes subyektlərinin) innovasiyalara həssaslığı və onun dəstəklənməsi strateji əhəmiyyətli məsələ hesab edilir. Biznes subyektlərinin rəqabət qabiliyyətliliyinin təmin edilməsində innovasiyaların artan rolu innovasiyalı biznes potensialının kompleks səciyyələndirilməsini tələb edir.
Kiçik və orta biznes (sahibkarlıq) dayanıqlı iqtisadi inkişafın və sosial tərəqqinin mühüm amili olmaqla, həmin subyektlərin innovasiyalı fəaliyyətinin dəstəklənməsi, çoxsaylı və müxtəlif xarakterli mühit yaradan amillərin tədqiqi obyektiv zərurətə çevrilmişdir. Azərbaycanda xüsusilə müvafiq araşdırmalara ciddi ehtiyac hiss olunur. Bu baxımdan tanınmış alim İlham Əhmədovun rəhbərliyi ilə Azərbaycan Respublikasının KOBİA “Elm, təhsil və dəstək” layihələrinin maliyyələşdirilməsi üzrə qrant müsabiqəsi çərçivəsində hazırlanmış “Kiçik və orta biznesdə innovativ fəaliyyət” adlı kitab təqdirəlayiq hadisə hesab edilməlidir.
Əsər giriş, dörd fəsil, nəticə, əlavələr və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. İnnovativ kiçik və orta biznes problemlərinə həsr olunmuş kitab qoyulmuş məqsədə nail olmaq baxımından əlverişli struktura malikdir. İlk fəsildə innovasiyaların və innovativ biznesin mahiyyəti açıqlanmış, onun müasir növləri və modelləri ətraflı şərh olunmuşdur. İkinci fəsil innovativ biznesdə (sahibkarlıqda) marketinq və menecmentin aktual problemlərinə həsr olunmuşdur. Burada əsas anlayışlar və yanaşmalarla yanaşı, kiçik biznesdə innovasiyaların menecmenti (idarə edilməsi), innovasiyalı fəaliyyət üçün səmərəli təşkilati formaların seçimi məsələsinə xüsusi diqqət yetirilmişdir. Fəsildə, həmçinin innovasiya fəaliyyətinin maliyyələşdirilməsi mənbələri, yanaşmaları, üsulları nəzərdən keçirilir, onlar müqayisəli şərh olunur. İkinci fəslin sonunda innovasiya layihələrinin ekspertizası məsələlərinə xüsusi yer verilmiş, ekspertizanın üsulları, tövsiyə olunan prinsipləri, ekspert qiymətləndirmələri, innovasiyalı fəaliyyətin səmərəliliyinin qiymətləndirilməsinin digər məsələləri araşdırılmış, zəruri ümumiləşdirmələr aparılmışdır.
Kitabın rəqəmsal iqtisadiyyatda innovativ biznesə həsr olunmuş üçüncü fəslində, ilk növbədə rəqəmsallaşmanın intensivləşdiyi hazırki şəraitdə kiçik biznesin perspektivlərinə müəllif münasibəti bildirilmişdir. İxtisaslaşdırılmış innovasiya infrastrukturlarının təşəkkülü və inkişafı məsələlərini tədqiq edən müəlliflər texnoparkların innovasiyalı inkişafda yeri və rolunu qiymətləndirmişlər. Burada kiçik və orta biznesin inkişafında texnoloji transferlər və startapların yaratdığı imkanlar xarakterizə olunmuşdur. İnnovativ biznes üzrə beynəlxalq təcrübəyə, onun yerli şəraitdə tətbiqi imkanlarına həsr olunmuş dördüncü fəsil mühüm nəzəri və təcrübi əhəmiyyətə malikdir.
Tədqiqatın əsaslandırılmış müddəalarının və yekunlarının xülasə edildiyi nəticə hissəsində kiçik və orta biznesdə innovasiyalı fəaliyyətin inkişafı və təkmilləşdirilməsinin istiqamət və vasitələri göstərilmişdir. Təqdim olunan kitabda verilmiş təklif və tövsiyələr onun praktiki əhəmiyyətini artırır. Hesab edirik ki, məhsuldar və tanınmış alim İlham Əhmədovun rəhbərliyi ilə Azərbaycan Respublikasının KOBİA “Elm, təhsil və dəstək” layihələrinin maliyyələşdirilməsi üzrə qrant müsabiqəsi çərçivəsində hazırlanmış “Kiçik və orta biznesdə innovativ fəaliyyət” adlı kitab Azərbaycanda biznesin inkişafına layiqli töhfə verəcəkdir.
Rəsul Balayev,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal texnologiyalar və tətbiqi
informatika kafedrasının professoru, iqtisad elmləri doktoru