Akademik Ziyad Səmədzadə: YENİ MİLLİ HƏDƏFLƏRƏ DOĞRU
Hədəflərimizdən biri Böyük Qayıdışı sürətlə həyata keçirməkdir
2020-ci ildə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, 2023-cü ildə isə Qarabağda erməni separatizminə son qoyulması Azərbaycanda dövlət səviyyəsində qarşıda duran vəzifələri yeniləyib. Hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycan dövlətinin milli prioritetidir. Bu vəzifə həm də milli ideya olaraq elan edilmişdir.
Ötən 3 il ərzində işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı həyata keçirilən kompleks tədbirlər göstərir ki, bu milli ideya sürətlə reallaşaraq həyata vəsiqə almaqdadır. Müqayisəli şəkildə qeyd etmək olar ki, Azərbaycan 1 Livan dövləti, 4 Lüksemburq dövlətinin torpaqları qədər qədər bir ərazini sıfırdan başlayaraq yenidən qurur. Rəqəmlə göstəsək, 10 min kvadratkilometrdən çox olan ərazidə 8 şəhər, onlarla kənd salınır, hərtərəfli infrastruktur qurulur, yollar çəkilir, tunellər inşa olunur, elekrik stansiyaları və yarımstansiyaları yaradılır, beynəlxalq hava limanları tikilib istifadəyə verilir.
İndiyədək Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinə Azərbaycan dövləti 12 milyard manat manat vəsait ayırıb ki, bu da dövlətimizin iqtisadi qüdrətinin real ifadəsidir.
Dövlətimizin iradəsinə uyğun olaraq postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları böyük tikinti meydanına çevrilib. Xarabalıqlar üzərində yeni şəhərlər, kəndlər ucaldılır. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq 5 mindən çox keçmiş köçkün öz doğma torpaqlarına qayıdıb. Təkcə 2023-cü il ərzində görülmüş işlər göstərir ki, Azərbaycan dövləti işğaldan azad etdiyi ərazilərdə genişmiqyaslı, sistemli və kompleks quruculuq nümunəsi yaradır və həyata keçirilən bərpa işlərinin miqyası olduqca nəhəng və əzəmətlidir. 2023-cü ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı. Avqust ayında Füzuli şəhərinə və Zabux kəndinə soydaşlarımızın köçü baş tutdu. Ötən il Müstəqillik Günündə Laçın şəhərinə keçmiş məcburi köçkünlər qayıtdılar. Bundan əvvəl isə ilk olaraq Ağalı kəndində məskunlaşdırma həyata keçirilib. Azərbaycanın ilk addımlarını atdığı bu yeni başlanğıcın əsas tarixi vəzifələrindən biri də şanlı Qələbəmizdən sonra Qarabağın, Şərqi Zəngəzurun tam bərpası, torpaqlarımızın minalardan təmizlənməsi, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışıdır.
Andiçmə mərasimində Prezident İlham Əliyevin dediyi kimi, cari ilin sonuna qədər yenidən qurulmuş 20 yaşayış məntəqəsinə soydaşlarımızın qayıtması planlaşdırılır: “Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. Bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü, - 40 tunel və 90 körpü, - inşa edilir”.
Bizim ən böyük istəyimiz regionumuzda daimi sülhün, davamlı inkişafın, bütün maraqlı tərəflərin faydalana biləcəyi qarşılıqlı əməkdaşlıq mühitinin olmasıdır. Bu gün Azərbaycan dövləti təkcə yurdlarımızı yenidən qurmur, illərlə doğma torpaqların həsrətini çəkən həmvətənlərimizi əzəli məskənlərimizə yetirmir, eyni zamanda bölgəmizin ekologiyasına sahib çıxır, qırılan meşələrimizi həyata qaytarır, zəhərlənən çaylarımızı təmizlədir. Ermənistan bir neçə onillik ərzində Qarabağda, Şərqi Zəngəzurda ağır cinayət əməlləri törətmişdi.
Azərbaycan vətəndaşlarının min bir əziyyətlə qurduqları evlərin dağıdılması, dövlətimizin illər boyu yaratdığı sosial-iqtisadi infrastrukturun məhvi, tarixi binalarımızın, mədəniyyət müəssisələrimizin, məscidlərimizin və digər müqəddəs məkanlarımızın dağıdılaraq Yer üzündən silinməsi, ətraf mühitə qarşı ekoloji cinayətlər bunun ayrı-ayrı təzahürləridir. Azərbaycan həm də bu cinayətlərin fəsadlarını aradan qaldırır, onların vurduğu yaraları sağaldır. Əlbəttə ki, bu sırada erməni vandallığının dünyaya çatdırılması da diqqət mərkəzində saxlanılır.
Hər bir uğur iqtisadi inkişafla üzvi vəhdətdədir
Əlbəttə ki, bütün uğurlarımızın təməlində dayanan əsas amil iqtisadi inkişafdır. Ordumuzun döyüş qabiliyyətinin artırılması, Qarabağ və Şərqi Zəngəzurun sürətli bərpası ilk növbədə iqtisadi inkişafla üzvi vəhdətdədir. Ötən 20 ildə Azərbaycanın uğurları sırasında iqtisadi inkişafın xüsusi yeri var. İqtisadiyyatın inkişafı dövlətimizin qarşısında dayanan əsas taleyüklü vəzifələrin vaxtında icra edilməsində böyük rol oynadı.
Andiçmə mərasimində iqtisadi məsələrə də diqqət yetirilməklə, iqtisadiyyatın daha da inkişafının qarşıdakı dövrdə prioritet vəzifə olacağı bəyan edildi. Bunu təmin etmək üçün isə Azərbaycanın kifayət qədər təcrübəsi və ötən 20 ildə yaratdığı böyük potensialı var. İlham Əliyev çıxışında ötən 20 ilin göstəriciləri əsasında Azərbaycanın dayanıqlı iqtisadi inkişafı barədə aydın təsəvvür yaratdı: “Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni, bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində, görün, öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir, bizdə isə 9 faizdən az. Yəni, bu, nəyi göstərir? Bizim sağlam maliyyə sistemimizin göstəriciləridir və bu, bizə imkan verir ki, biz müstəqil siyasət aparaq. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır”.
Xarici borcumuzun 6,4 milyard dollar, yaxud ümumi daxili məhsulumuzun cəmi 9 faiz təşkil etməsi mühüm siyasi hadisədir və aparılan siyasətin böyük uğurudur. Pandemiyanın və qlobal maliyyə-iqtisadi böhranını yaratdığı çətinliklər isə artıq geridə qalır və Azərbaycan iqtisadiyyatı ildən-ilə artım nümayiş etdirir.
Bu dövrdə sənaye məhsulu istehsalı 2,7 dəfə, o cümlədən qeyri-neft-qaz sənayesi üzrə 3,8 dəfə artıb. Sürətli inkişaf dövlət büdcəsinin gəlirlərinin də artmasını təmin edib, büdcə gəlirləri 25,1 dəfə, xərcləri 26 dəfə artmışdır. Həmçinin xarici ticarət dövriyyəsinin həcmində 10,8 dəfə, qeyri-neft-qaz məhsullarının ixracında isə 8,2 dəfə artım qeydə alınıb. Bu dövrdə Azərbaycanın xarici ticarət əlaqələri qurduğu ölkələrin sayı 124-dən 185-dək və ya 49,2 faiz artıb.
Təkcə 2024-cü ilin yanvarının statistik göstəriciləri iqtisadi artımın davamlı və sürətli olmasından xəbər verir. Belə ki, bu ilin yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayiəsədə ümumi daxili məhsulda 5 faiz, qeyri-neft sektorunda isə 12 faizdən çox artım qeydə alınıb. Bu ümidverici göstəricidir və onu göstərir ki, biz indi yavaş-yavaş öz iqtisadi templərimizi bərpa edirik.
Aparılan çoxşaxəli islahatlar Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaradıb. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Təbii ki, Azərbaycan iqtisadiyyatının inkişafına, misilsiz uğurlarına dair bu kimi faktların sayını artıra, çoxsaylı uğurları sadalaya bilərik. Lakin hesab edirik ki, qeyd olunan göstəricilər belə ötən 20 ildə Azərbaycanın inkişaf yolunun nəhəngliyinə işıq tutur, Azərbaycanın bəzi dövlətlərin onilliklərlə əldə edə bilmədiyi nailiyyətlərə dövlətçilik baxımından çox qısa bir dövr ərzində imza atdığını təsdiq edir. İqtisadi inkişafın respublikamıza gətirdiyi ən böyük dividendlərdən biri iqtisadi təhlükəsizliymizin möhkəmləndirilməsidir. Aydın məsələdir ki, yalnız güclü iqtisadiyyata malik, iqtisadi cəhətdən müstəqil olan dövlətlər digər sahələrdə də müstəqil siyasət həyata keçirə bilərlər. Bu gün Azərbaycanın dünyada öz siyasətini inamla həyata keçirməsi, milli mənafe və maraqların qorunması istiqamətində dönməz qətiyyət nümayiş etdirməsi ölkəmizin güclü iqtisadi dayaqlara malik olması ilə əlaqədardır. Güclü iqtisadi dayaqlar siyasi müstəqilliyə də təkan verir. Dünyada cərəyan edən mürəkkəb proseslərin yaratdığı narahatlıqlara baxmayaraq, Azərbaycan uğurlu və dayanıqlı inkişafını təmin etmişdir. Əlbəttə ki, digər amillərlə yanaşı, iqtisadi təhlükəsizliyimizin təmin edilməsi qarşıdakı dövrə daha nikbin baxmağa əsas verir. Bir sözlə, iqtisadiyyatdakı dinamika və iqtisadi təhlükəsizlik sabaha daha böyük inamla addımlamağa əsas verir.
Eyni zamanda İlham Əliyev 2003-cü ildən bu hədəfi qarşıya qoyub: iqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Çünki iqtisadi inkişaf o zaman öz məqsədinə çatır ki, sosial inkişafa da töhfə verir. 20 ilin müqayisəsinə nəzər salsaq, bu sahədə də pozitiv dəyişiklikləri görə bilərik. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sosial sahədə görülmüş işlər də göz qabağındadır: “2003-cü ildə bizim minimum əməkhaqqı, - bəlkə də çoxlarının yadında deyil, - 9 manat idi. İndi 345 manatdır. Əlbəttə ki, bu da yetərli deyil, ancaq dinamika var və dinamika davam edəcək. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Əlbəttə ki, yenə də deyirəm, bu, bizi qane edə bilməz. Ancaq dinamika var, inkişaf var və ən önəmlisi, gözəl perspektivlər var. Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək”.
Dövlət başçısının uğurlu sosial siyasətinin nəticəsi olaraq 2003-2023-cü illərdə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artıb ki, bu rəqəm nəinki keçmiş postsovet məkanında, eləcə də dünyanın qabaqcıl dövlətləri ilə müqayisədə də ən yüksək göstəricilərdən biridir. Bu dövrdə əhalinin nominal gəlirləri 12 dəfə, orta aylıq əməkhaqqı 10,8 dəfə, pensiyaların orta aylıq məbləği 15,6 dəfə artıb. O cümlədən işsizliyin səviyyəsi 5,6 faizə, yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizədək enmişdir.
Eyni zamanda nəzərə almalıyıq ki, 20 ildə Azərbaycanda böyük demoqrafik dəyişiklik baş verib, yəni əhalinin sayı əhəmiyyətli dərəcədə artıb. Çünki bu artım ilk növbədə sosial siyasət qarşısında yeni vəzifələr qoyur.
Azərbaycanda iqtisadi sahədəki uğurlar o qədər dərin və əhatəlidir ki, onların hamısını ifadə etmək çətindir. Cənab Prezidentin yeni mərhələdə iqtisadi məsələlərlə məşğul olan qurumlara mesajları da olduqca sanballı idi. Həmin qurumlar öz fəaliyyətlərini dövrün yeni tələblərinə uyğunlaşdırmalı, yeni baxışları, yeni yanaşmaları əsas götürməlidirlər. Xüsusilə nəzərə almalıdırlar ki, qloballaşma liberallaşma nəzəriyyəsinin bu gün gündəmdə olmamasını ön plana çıxarıb. Liberalizmi fetişləşdirməməliyik, liberalizmin mənfi cəhətlərini daha çox üzə çıxarmalıyıq. Çünki liberalizm bizə bəzi hallarla ziyandan başqa heçnə vermədi.
Azərbaycanda iqtisadi sferada güclü qanunvericilik bazası yaradılıb. Bu baza gələcəkdə daha da təkmilləşdirilməlidir və bu, öz növbəsində milli iqtisadiyyatımızın strukturunun daha da inkişafına xidmət etməlidir. Azərbaycanın yürütdüyü siyasətin ən uğurlu nəticələrindən biri ondan ibarətdir ki, dövlətin iqtisadiyyatda iştirakının səmərəli mexanizmləri formalaşıb. 2022-ci ildə “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunun qəbulu da bunun hüquqi tərəfidir. “Dövlət iqtisadiyyatdan getməlidir” çağırışını edənlər təəssüf ki, xalq qarşısında məsuliyyətlərini dərk etmirlər.
Xarici siyasətdə türk birliyinin gücləndirilməsi prioritet olacaq
Prezident İlham Əliyev çıxışında Azərbaycanın xarici siyasəti ilə bağlı vacib məqamlara toxunaraq, prioritet istiqamətləri elan etdi. Bu xüsusda çıxışda yer alan fikirlərdən bir daha bəlli oldu ki, dövlətimizin başçısının hər zaman olduğu kimi, regionda və dünyada cərəyan edən geosiyasi proseslərinin inkişafı ilə bağlı tamamilə aydın, dəmir məntiqə söykənən qənaətləri var və o, Azərbaycanın təhlükəsizliyini, sabit inkişafını təmin edə biləcək perspektiv istiqamətləri, milli hədəflərə varmaq üçün seçilən yolda bizi xalq və dövlət olaraq gözləyən çağırışların spektrini ən incə detallarına kimi müəyyənləşdirib. Bu baxımdan İlham Əliyevin nitqində diqqət çəkmək istədiyim məqamlardan biri dövlətimizin başçısının Türk dünyasının gələcəyi və ölkəmizin bu tarixi prosesdəki missiyası ilə bağlı səsləndirdiyi fikirlərdir.
Vətən müharibəsindən keçən 3 il göstərdi ki, dünyada güc mərkəzi sayılan heç bir dövlət və heç bir beynəlxalq təşkilat təmənnasız olaraq və beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanın haqlı mövqeyini müdafiə etmək fikrində və əzmində deyil. Ona görə biz öz haqqımızı öz gücümüzlə aldıq. Azərbaycanın dünya siyasi və iqtisadi sisteminə gələcək inteqrasiyası da məhz bu rakursdan dəyərləndirilməli və yeni dövrdə siyasi gələcəyimizlə bağlı doğru və hərtərəfli ölçülüb biçilmiş addımlar atılmalıdır. Bu addımların sayı çoxdur, amma onların içərisində xalqımız üçün taleyüklü sayıla biləcək biri var. Bu, müstəqil türk dövlətləri arasında inteqrasiya proseslərini sürətləndirməklə türk dövlətlərinin birliyini daha gücləndirməkdir. Biz bugünkü ədalətsiz dünyanın qarşısına tək-tək deyil, bütün qardaş türk dövlətləri ilə birlikdə, əbədi müttəfiqlər kimi çıxmalıyıq. Prezident İlham Əliyev də türk xalqlarını bir ailə kimi dəyərləndirdi. Bu, doğrudan da, belədir. Tarixən də belə olub və bu gün də belədir. Vətən müharibəsi zamanı bütün türk xalqlarının bizimlə həmrəylik nümayiş etdirməsi, bütün türk xalqlarının bizim Zəfərimizlə öyünməsi aramızdakı qırılmaz mənəvi bağlılığın həmişəyaşar olmasının göstəricisi idi. Vətən müharibəsi dövründə türk dövlətlərinin demək olar hamısı Azərbaycana birmənalı dəstəklərini ifadə etdilər.
Türk Dövlətləri Təşkilatı birliyin və gücün rəmzidir, qlobal dünyada aktora və güc mərkəzinə çevrilməlidir. Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin zəngin təbii ehtiyatları, insan resursları, Avrasiyada ən önəmli, qlobal geostrateji əhəmiyyət daşıyan bir ərazidə yerləşmələri TDT-nin beynəlxalq münasibətlər sisteminin ən güclü aktorlardan birinə çevrilməsinə imkan verir. Bu prosesin sürətlə irəliyə doğru aparılması üçün isə gərəkli olan möhkəm, tarixin dərin qatlarında kök salan təməl, milli iradə və bu iradəni gerçəkləşdirə biləcək potensial var. Andiçmə mərasimində Milli Məclisin tribunasından ifadə edilən bu mövqe illərlə yad dəyərlərlə bizi çaşdırmaq, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışdıqları saxta proseslərin yerlə-yeksan edilməsi idi.
Beləliklə, yeni dövrün memarı olaraq İlham Əliyev beynəlxalq fəaliyyətdə prioritet olaraq Türk dünyası ilə əlaqələri müəyyən edir. Müzəffər Ali Baş Komandanın təbirincə desək, “böyük coğrafiya, böyük ərazi, böyük hərbi güc, böyük iqtisadiyyat, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali” kimi vacib elementləri birləşdirən Türk Dövlətləri Təşkilatı həm də bir soydan, eyni kökdən xalqlar olması baxımından Azərbaycan üçün ailədir.
Xarici siyasət kursumuzun ikinci vacib konseptual elementi isə Azərbaycanın daha çox qlobal oyunçu kimi çıxış etmək niyyətində ehtiva olunur. Sirr deyil ki, əvvəllər regional problemlər ucbatından daha çox lokal reallıqlara köklənməli olsaq da, məhz mövcud siyasi iradənin qətiyyəti ilə Azərbaycan artıq həmin dövrləri geridə qoyaraq özünü qlobal oyunçu kimi təsdiq edə bilib. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, əks halda “155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi”.
Azərbaycan haqq işimizə daim dəstək verən İslam Əməkdaşlıq Təşkilatı, hazırda inkişafında ölkəmizin müstəsna rol oynadığı Qoşulmama Hərəkatı kimi təşkilatlar formatında, COP29 kimi möhtəşəm tədbirə evsahibliyi ilə, kommunikasiya imkanları ilə qlobal proseslərə təsir imkanlarını daha da gücləndirəcək, dünyada dayanıqlı inkişafa, iqlim dəyişikliyinin qarşısının alınmasına, neokolonializm, dini, irqi ayrı-seçkilik kimi təzahürlərə qarşı mübarizəyə - bir sözlə, insanın xoşbəxtliyi və rifahına töhfələrini verəcək.
Bu gün Azərbaycanın xarici siyasət hədəfləri Zəfər qazanmış, reallıqlar yaratmış lider dövlətin haqlı mövqeyi üzərində bərqərar olunub və biz Ermənistanın timsalında hansısa üçüncü dünya dövləti ilə münasibətlərə vaxt ayırmaq yox, lider qlobal subyektlərdən biri kimi iqlim dəyişiklikləri, islamofobiyaya və neokolonializmə qarşı mübarizədə dünyanı narahat edən problemlərin həllində daha fəal olmağı planlaşdırırıq.
Ermənistanla münasibətlərə gəlincə, Azərbaycan Ermənistana düşmənçilik səhifəsini bağlayıb normal qonşuluq münasibətlərinin yaradılmasını təklif edir. Lakin son hadisələr onu göstərir ki, reallıqlarla barışmaq istəməyən Ermənistan ona uzadılmış əməkdaşlıq və barış əlini sıxmağa tələsmir, marionet ölkə olaraq kənar qüvvələrin diktəsi ilə sülh gündəmini pozmağa çalışır.Lakin yeni dövr üçün İlham Əliyevin bu istiqamətdə yol xəritəsi kifayət qədər aydındır: Azərbaycan bu məsələdə qlobal manipulyatorlara meydan verməyəcək.
Digər tərəfdən, Ermənistanın havadarlarının hikkəli və ikrah doğuran sərsəmləmələrinin fonunda hansısa normallaşmadan danışmaq mümkün deyil. Normallaşmaya isə ilk növbədə, Ermənistanın, eləcə də hələ də sağlam məntiqlə düşünməyi bacarmayan, saxta, əsassız iddialara söykənən ideoloji zəhərlə taqətdən düşmüş ultramillətçi erməniliyin ehtiyacı var. Ermənistan və onun müxtəlif qütblərdən “burunlarını” Cənubi Qafqaza uzadan təhrikçiləri normallaşmalıdır. Onlar sağlam düşünməyi, reallığı dərk etməyi bacarmalı, həqiqəti qəbul etməlidirlər. Əks təqdirdə, bizim heç bir normallaşmaya ehtiyacımız yoxdur. Azərbaycan isə ərazi bütövlüyü məsələsində öz məqsədlərinə nail olub. Andiçmə mərasimində çıxışında bir daha bu mövzuya qayıdan Prezident İlham Əliyev İrəvana və onun havadarlarına sərt və aydın mesajlar göndərdi: “Ermənistanın havadarları daim bu məsələni müzakirə etmək istəyirlər, öz səylərini göstərmək istəyirlər, deməli, yorğanı öz tərəflərinə çəkmək istəyirlər, vasitəçi olmaq istəyirlər. Birincisi, vasitəçi olmaq üçün sən gərək heç olmasa üzdə bitərəf olasan. Sənin qəlbində nə var, biz bilirik. Amma heç olmasa üzdə, diplomatik qaydalara riayət etməlisən. Bizə bu məsələdə vasitəçi lazım deyil. Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq. Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun”.
Əlbəttə, bunun da kökündə İlham Əliyevin Heydər Əliyev siyasi kursuna arxalanaraq nail olduğu ciddi hərbi-siyasi, sosial və iqtisadi uğurlar dayanır. Dövlətimizin başçısının andiçmə mərasimində hər bir Azərbaycan vətəndaşının qəlbini qürurlandıran formada qətiyyətlə dediyi kimi, “Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!” Bu isə Bakıya özünün xarici siyasət kursunu daha rahat formada korreksiya etmək və yeni dövrün tələbinə uyğunlaşdırmaq imkanı verir.
Azərbaycan artıq əvvəlki qaydalarla – ikili standartla formalaşan riyakar qlobal nizamın şərtləri ilə hesablaşmaq niyyətində deyil. Başqa cür ifadə etsək, Azərbaycan artıq maskası yırtılmış beynəlxalq hüquq subyektlərinin riyakarlığına və ayırıcı xətlərdə ehtiva olunan selektiv siyasətinə dözmək niyyətində deyil.
Xalqımız bundan sonra da böyük uğurlara imza atacaq
Vətən müharibəsi tarixi dəyişdi, həyatımızda yeni başlanğıcların əsasını qoydu, eyni zamanda düşüncələrdə də böyük dəyişikliklərə yol açdı. Bu gün tarix səhnəsində ötən əsrlərin ən böyük Zəfərini qazanmış, dövlətimizin, ordumuzun, milli vəhdətimizin verdiyi ruhla sarsılmaz gücə sahib Azərbaycan xalqı, qətiyyətli Liderin mətin iradəsi, bu günə və gələcəyə aydın baxışı, müdrikliyi sayəsində tarixinin ən qüdrətli mərhələsinə yetişmiş Azərbaycan dövləti var. Bütün bunlar xalqımızın layiq olduğu qalibiyyət, qüdrətlilik duyğusunu gücləndirir, bizi yeni dövrün milli hədəflərinə doğru aparır.
Andiçmə mərasimində Azərbaycanın artıq daxil olduğu yeni strateji dövrün ümumi mənzərəsi canlandırıldı, əsas hədəflər diqqətə çatdırıldı. Reallıq bundan ibarətdir ki, müstəqil dövlətimiz bu yeni dövrə tarixin ağır mirasından xilas olmuş, bir zamanlar həlli müşkül görünən problemləri uğurla yoluna qoymuş şəkildə, eyni zamanda əvvəlki dövrlərin zəngin təcrübəsi ilə daha da güclənmiş halda, milli qürurunu, ləyaqətini bərpa etmiş tərzdə - alnıaçıq, üzüağ daxil olur. Davamlı inkişaf, ardıcıl nailiyyətlər, önümüzdəki böyük hədəflərə çatmaq üçün qarşımızda keçilməsi qeyri-mümkün maneələr yoxdur.
Bu baxımdan adı tariximizin qızıl səhifəsinə “qalib xalqın qalib lideri” kimi yazılan İlham Əliyevin andiçmə mərasimindəki nitqi çox mühüm mesajlarla yadda qaldı. Ən əsası prezident Azərbaycanın müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş ilk inaqurasiya mərasimini yeni dövrə keçidi təmin edəcək mükəmməl siyasi hadisəyə çevirdi. Əminliklə söyləmək olar ki, cənab prezidentin siyasi məharəti və səriştəsi, yaradıcı təfəkkürü və yenilməz əzmi dövlətimizin inkişafı naminə qarşıya qoyulan bütün hədəfləri əldə etməyə imkan yaradacaqdır.
Xalqımız bundan sonra da öz Liderinin ətrafında bir yumruq kimi sıx birləşərək daha böyük uğurlara imza atacaq. Buna heç kimin şübhəsi ola bilməz. Artıq xalqımızın və dövlətimizin həyatında yeni, parlaq bir dövr başlayıb. Bizi qarşıda fəth ediləcək yeni zirvələr və böyük zəfərlər gözləyir. Yeni dövrdə milli maraqlara əsaslanan və güclü ideoloji təməli olan dövlət siyasətimiz ardıcıl və qətiyyətli şəkildə davam etdiriləcək. Yeni dövrdə də Azərbaycanın müstəqil, güclü dövlətçiliyi daim möhkəmlənəcək və inkişaf edəcək.
akademik
Ziyad SƏMƏDZADƏ