Mehriban Yadulla: Azərbaycan iqtisadiyyatı, ölkənin xarici iqtisadi əlaqələri dünən, bu gün, sabah (davamı)
Sual-cavabı Bakı Dövlət Universitetinin dosenti, iqtisad elmləri namizədi Mehriban Yadulla aparır.
Sual: Beynəlxalq tranzit nədir?
Cavab: Bu barədə məlumat Gömrük Məcəlləsinin 174-cü maddəsində öz əksini tapmışdır:
Beynəlxalq tranzit xüsusi gömrük proseduru xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınmasıdır.
Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması aşağıdakı qaydada həyata keçirilir:
1. malların daşınması gömrük ərazisindən kənarda başlanır, yaxud başa çatır;
2. malların daşınması gömrük ərazisinin iki məntəqəsi arasında gömrük ərazisindən kənar ərazidən keçməklə baş verir.
Belə daşınma aşağıda göstərilənlər əsasında həyata keçirilir:
1. beynəlxalq tranzit xüsusi gömrük proseduru;
2. beynəlxalq gömrük tranziti üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr;
3. mallar Ümumdünya Poçt İttifaqının Aktları əsasında hüquqlara malik olan və öhdəliklər daşıyan subyektlər (poçt rabitəsi operatorları) tərəfindən və ya onlar üçün beynəlxalq poçt göndərişlərinin daşınmasında vasitəçilik edən şəxslər tərəfindən daşındığı halda, bu aktlara müvafiq olaraq beynəlxalq poçt göndərişlərinin mübadiləsi sistemi.
Daxili malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilməsi hallarını və şərtlərini müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
Xarici dövlətlərin və beynəlxalq təşkilatların rezidentlərin mənafeyinə zərər vuran ayrı-seçkilik və digər iqtisadi siyasət tədbirlərinə cavab kimi, müvafiq icra hakimiyyəti orqanı həmin dövlətlərin və müvafiq beynəlxalq təşkilatlara daxil olan dövlətlərin mallarının gömrük ərazisindən beynəlxalq tranzitinə qadağalar və məhdudiyyətlər tətbiq edə bilər.
Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması gömrük orqanlarının icazəsi əsasında həyata keçirilir.