MƏQALƏLƏR

Sərhədlərin bağlanması terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə kömək edir

  • 29.03.2024

Sərhədlərin bağlanması heç də bir ölkəni dünya birliyindən təcrid etmək demək deyil. Əksinə, terrorizmlə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın və ölkələr arasında məlumat mübadiləsinin gücləndirilməsinə kömək edir. Birgə əməliyyatlar və kəşfiyyat məlumatlarının mübadiləsi terrorçuların sərhədləri keçməsinin qarşısını alır və daha effektiv fəaliyyət göstərir.
Araşdırmalar göstərir ki, sərhədlərin bağlanması terrorizmlə mübarizədə və terror təhlükəsinin minimuma endirilməsinin mühüm elementidir. Bu tədbir potensial terrorçuların ölkəyə daxil olmasının qarşısını almaqla yanaşı, terror aktları ehtimalının azaldılmasına, vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə və cəmiyyətdə sabitliyin qorunmasına kömək edir.
Terrorla mübarizə üçün sərhədlərin bağlanması və COVID-19 pandemiyasına cavab olaraq görülən tədbirlər arasında bənzətmə aparmaq olar. İnsanların sərhədlərdən keçməsinə nəzarət virusun yayılmasının qarşısını aldığı kimi, sərhədlərin bağlanması da terror təhlükələrinin yayılmasının qarşısını alır. Hər iki halda potensial təhlükə mənbələrinin erkən aşkarlanması və təcrid edilməsi vacibdir.
Transsərhəd ticarət və miqrasiyaya qoyulan məhdudiyyətlərin mümkün iqtisadi itkilərinə baxmayaraq, sərhədlərin bağlanması ilə təmin edilən təhlükəsizlik əlverişli investisiya və biznes mühitinin yaradılmasına kömək edir. Artan təhlükəsizlik xarici investisiyaları cəlb edir, turizmi və iqtisadi artımı təşviq edir. Bundan əlavə, terror hücumları riskinin azaldılması fövqəladə halların aradan qaldırılması və bərpa xərclərini azaldır.
İstənilən ölkədə vətəndaşların təhlükəsizliyinin təminatı ümdə məsələlərdən biri, bəlkə də, birincisidir.
Azərbaycan bu istiqamətdə qərarlar qəbul edir və baş verənlər də həmin qərarların dürüstlüyünə dəlalət edir.
Azərbaycanın quru sərhədlərin bağlı qalması ilə bu günə kimi kifayət qədər geniş müzakirələr aparılıb və müxtəlif versiyalar irəli sürülüb. Dövlət başçısı çıxışlarında qeyd etmişdi ki, pandemiya koronovirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə sərhədlərimiz bağlı saxlanılır. Çoxsaylı insanlar, biz də bunun təhlükəsizlik baxımından önəmli olduğunu hesab edirik.
Baş nazir Əli Əsədov quru sərhədlərlə bağlı qərarın onun səlahiyyətində olduğunu bəyan edib.
O bu barədə Milli Məclisdə çıxışı zamanı sərhədlərin bağlı olmasının ümumi daxili məhsulun (ÜDM) artımına təsiri olmadığını demişdi: "2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır. Buna mən imza atmışam. Bu, qanunauyğun olaraq Baş nazir kimi mənim səlahiyyətimdir".
Baş nazir bildirmişdi ki, quru sərhədləri bağlı olsa da, 2021-ci ildə ÜDM 5,6 faiz, 2022-ci ildə 5,7 faiz artıb.
Pandemiya dövründə əsas məsələlərdən biri dövlətlər arasında sərhədlərin bağlanması idi. Belə ki, zaman keçdikcə ümumi yoluxanların sayında azalmalar müşahidə olunurdu. Sərhədlərini tez açan dövlətlərdə necə oldu? Həmin ölkələrdə xəstəliyin artmasını, virusun digər formalarının daha geniş yayılmasını müşahidə etdik. Deməli, ilk növbədə, biz quru sərhədləri bağlı saxlamaqla əhali arasında pandemiyanın çox geniş dalğalarının yayılmasının qarşısını almış olduq. İkinci məsələ dəyişən dünyada yeni reallıqlar və Azərbaycanın müharibədən sonrakı dövrdə yaratdığı yeni geosiyasi konfiqurasiya idi. Bir çox dövlətlərin, hətta qonşu Ermənistanla bərabər İranın, digər marağı olan dövlət və qrupların Azərbaycanla bağlı planlarının qarşısını almaq üçün dövlətimiz çox vacib addımlar atdı. Risklər, baş verə biləcək ekstremal hadisələr fonunda əsasən dövlətimizin dayaqlarının qorunması, əhalimizin təhlükəsizliyinin təmin edilməsi kimi bir çox məsələlər var. Bir daha əmin olduq ki, quru sərhədlərin hələ də bağlı olması çox düzgün addımdır. İranla son zamanlar baş verən hadisələr və digər sərhəd məsələləri onu deməyə əsas verir ki, dövlətimiz bu riskləri görür, düzgün hesablayaraq çox doğru addımlar atır.
Quru sərhədlərin bağlı olmasının iqtisa­diyyata bu və ya digər formada mənfi təsirləri ola bilər. Amma bunun müqabilində əhalinin təhlükəsizliyi, sağlamlığı, sabitlik bu gün Azərbaycan dövlətinin qarşısında duran ən əsas məsələlərdən biridir. Dövlətimiz üzərinə düşən bu vəzi­fənin öhdəsindən layiqincə gəlir. Koronavirus pandemiyasından sonra dünyanın, demək olar, bütün ölkələri öz əhalisini qorumaq üçün müxtəlif qadağalara getdilər. Cənab Prezident İlham Əliyevin çevik reaksiyası və verdiyi tapşırıqlar nəticəsində Azərbaycan bir çox məsələdə dünya ölkələrinə nümunə oldu. Bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyinin bəyanatlarında da gördük. Cənab prezidentin təklifi ilə BMT-nin xüsusi iclasının çağırılması, bütün dünyanın birləşərək mübarizə aparması, pandemiyaya qalib gəlməsi məsələsinə ölkəmiz qlobal anlamda töhfə verdi.


Akademik Ziyad Səmədzadə