MƏQALƏLƏR

DAVAMLI İNKİŞAFIN MƏNTİQİ NƏTİCƏSİ - QƏLƏBƏ

  • 03.11.2021

Milli özünüdərk və “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlməsini  haqq etdiyimiz zaman...

Mustafa Kamal Atatürk demişdir:

“Hərbi və siyasi zəfərlər nə qədər böyük olsa da, iqtisadi zəfərlər olmadan mühüm nəticələr əldə etmək mümkün deyil”. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəni daha da möhkəmləndirmək üçün iqtisadi zəfərlərimizi davamlı etməliyik. Düşünürəm ki, Azərbaycanın beynəlxalq müstəvilərdəki uğurlu mövqeyi, davamlı inkişafın müxtəlif istiqamətlərində əldə etdiyimiz əhəmiyyətli nailiyyətlər bütün cəbhələrdə qələbənin bizim olacağına dair işarədir!
Ümumiyyətlə, QƏLƏBƏ haqqında yazmaq, QƏLƏBƏ sonrası bərpa və inkişafdan yazmaq hədsiz qürur verir.Albert Eynşteyn demişdir: “İnsan təfəkkürünün hansısa səviyyəsində problemlə üzləşir. Onun həlli üçün problemdən daha üstün təfəkkür səviyyəsinə qalxmaq lazımdır”. Düşünürəm, Azərbaycanın şanlı qələbəsinin əsasında məhz bəşəri təfəkkür səviyyəsinə qalxmağımız dayanır!

Bu, ulu öndər Heydər Əliyevin strategiyası nəticəsində gerçəkləşən “Əsrin müqaviləsi”, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə BMT Təhlükəsizlik Şurasına sədrlik, Bakının dünya humanitar fikir mərkəzinə çevrilməsi, Prezident Rəcəb Tayyib Ərdoğan dövründə Türkiyə ilə artan qardaşlıq münasibətləri nümunələrində özünü göstərir. Azərbaycan dövlət başçısının qlobal geosiyasi prosesləri düzgün hesablaması və strateji addımları bəhrəsini verdi. Beləliklə, Türkiyənin Türk ölkələrinə nəqliyyat dəhlizi istəməsi, ABŞ-ın bunu dəstəkləməsi və eyni zamanda, Avropadan sıxışdırılan Rusiyanın bu dəhlizdə maraqlı olması ZƏFƏR üçün əlverişli zəmin yaratdı.
Hind fəlsəfəsi insanları təfəkkür səviyyəsinə görə 4 qrupa bölür:
4. bəşəriyyəti;
3. dövlətini;
2. ailəsini;
1. özünü düşünən.
İşğaldan azad olunmuş ərazilərə səfərdə olan Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral dağıntıları görərkən vurğulayıb: “Deməsəydilər ki, bura Füzuli şəhərinin mərkəzidir, inanmazdım”.
Polşanın ölkəmizdə səfiri Rafal Poborski isə bildirib: “Bu vəziyyət beynəlxalq ictimaiyyətə çatdırılmalıdır”.
Ali Baş Komandan düşmən caynağından qopardılan Füzuli şəhərinə səfər edərkən dedi: “Buradan sanki vəhşi qəbilə keçib”.

Belə olan halda insanları 5 qrupa bölmək lazımdır:
5. bəşəriyyəti;
4. dövlətini;
3. qəbiləsini;
2. ailəsini;
1. özünü düşünən.
Şübhəsiz, heç bir vicdan sahibi yaşadığı evi yandıran, bar verən ağacı kəsən, qəbirləri belə rahat buraxmayan düşməni və həyətinə mərmi düşən, lakin “Təki əsgərə dəyməsin” deyən azərbaycanlını müqayisə etməz.
Təhlil və qiymətləndirmə
44 günlük ildırım sürəti və zəfər! Şükür, 30 illik həsrətə son!
Qələbəni möhkəmlətmək, zəfəri daha uca etmək üçün bütün cəbhələrdə daim ehtiyatlı olmalı və güclənməli, böyük azərbaycanlı-10 ildə əsərlərinə 36 000-dən çox istinad olunan Lütfizadənin qeyri-səlis məntiqindən bəhrələnərək, bəşəri təfəkkürümüzün inkişafını davamlı etdirməliyik. Bəşəri təfəkkürün təzahür forması, düşünürəm ki, elə davamlı inkişaf məqsədidir. Onun qolu olan iqtisadi inkişaf barədə qələbə amili kimi könlümüzə fərəh verən çox söz deyildiyindən bir ifadə ilə kifayətlənim: görünən dağa nə bələdçilik?!
Davamlı inkişafın digər qolu olan sosial inkişaf göstəricilərinin kökündə:
- akademik Ziyad Səmədzadənin vurğuladığı kimi, cəmiyyətdə taleyüklü məsələlər üzrə konsensusun olması;
- müxtəlif etnik qrup nümayəndələrinin çiyin-çiyinə Vətənin keşiyində rəşadətlə dayanması;
-Şuşa məscidində namazın vəhdət şəklində qılınması kimi amillər dayanır.
Davamlı inkişafın qolu olan ekoloji inkişaf üçün də xeyli iş görülür: son illərdə əkilən ağacların sayının milyonlarla ölçülməsi, ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq konvensiyalara qoşulma, institusional islahatların aparılması, alternativ energetika çərçivəsində günəş və küləklə dostluğun artması və s.
Əlbəttə, bu uğurlar problemlərin olmadığını demir.
Lakin problemlərin həlli potensialının yüksək olduğunu deyir. Davamlı inkişaf imkanlarının yüksək olması və ondan səmərəli istifadə həm daxili gücü səfərbər edir, həm də ölkənin beynəlxalq nüfuzunu, ona olan inamı artırır.
Azərbaycan iqtisadçıları atəşkəs dövründə mütəmadi olaraq Qarabağ mövzusuna toxunub, ürək ağrısı və ümidlərlə nə vaxtsa lazım gələcək təhlillər aparıb.
Sevinirəm ki, 2013-cü ildə Prezident yanında Gənclərə Dəstək Fondu Türk Dünyasının əksər yurdundan olan yazarları Qarabağ mövzusunda “Gəldik, gördük, yazdıq” layihəsinə cəm etdi və mən də iqtisadi məruzəçi oldum. Çıxışımı belə adlandırdım: “Türk dünyası vahid iqtisadi məkanının təmin olunmasında Qarabağ probleminin həllinin rolu”. Qarşıya qoyduğum məqsəd qardaş ellərin gücünün Qarabağ ətrafında birləşməsinin müəyyən iqtisadi əsaslarının hazırlanması idi.
9 noyabrda 3 dövlət rəhbəri tərəfindən imzalanmış bəyanat əsasında Zəngəzur nəqliyyat dəhlizinin bərpası nəzərdə tutduğum Türk dünyası vahid iqtisadi məkanı üçün zəruri şərtdir.
Düşünürəm, 2013-cü il tədbirində dediyim fikirlərdən ikisini burada qeyd etsəm, faydalı olar:
- Qarabağ azad olunduqdan sonra meqa bərpa layihəsində Türk dünyası şirkətləri dəvət alacaq. Qarabağda Səmərqənd memarlığı yerinə düşər;
- Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur Sərmayələri Bankı, İslam İnkişaf Bankı kimi maliyyə qurumları var. Belə olan halda Türk Dünyası Kalkınma Bankının təsisinə də ehtiyac var. Məmnuniyyətlə Qarabağda onun bölməsi yaradılar.
Tarixdə bərpa layihələri çox olub. Meqa layihələrin icrası üçün beyin mərkəzləri yaradılır. Düşünürəm, Qarabağın bərpasını tək rasional məntiqlə yox, həm də duyğusallıqla gerçəkləşdirmək lazımdır. Bu müqəddəs işdə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun nəzdində yaradılan Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinə və onun rəhbəri i.e.d., professor Akif Musayevə uğurlar arzulayırıq!
Azərbaycanın böyük oğlu, nəhəng təfəkkür sahibi, akademik Azad Mirzəcanzadə deyirdi: “Qlobal düşün, lokal hərəkət et”. Azad müəllim irsinə hədsiz ehtiramımı bildirərək, onun sözü əsasında mövcud gerçəkliyə uyğun yeni söz deyirəm: “Azərbaycan dövləti qlobal düşündü, qlobal da hərəkət etdi!”
Bu, Vətənin azad olunması və milli şərəfin bərpasıdır!
Şamil əmim deyərdi: “Kədər göz yaşı ilə sevinc göz yaşının tərkibi fərqlidir”.
Yaşadığım heç bir sevinc hissi Şuşanın alındığı gün daddığım sevincə bənzəmir.
Platon demişdir: “Sistem onun elementləri cəmindən daha böyükdür”. “Aman ayrılıq” əvəzinə, “Ayrılarmı könül candan?!” deyən Can Azərbaycan Qarabağla birgə daha böyük uğurlara imza atacaq! Azad, qalib ruhdan mədəniyyətin ecazkar təntənəsini, sarı simin ürkək titrəyişini gözləyirik!
Vacib bir məqamı da qeyd edək ki, bu böyük nailiyyət ölkəmizin tibb cəbhəsindəki mücadiləsi ilə eyni vaxtda baş verib.
İqtisadçının ötürdüyü estafeti zəfərlə icra edən əsgər estafeti yenə iqtisadçıya öz müstəvisində zəngulə yaratmaq üçün qaytardı. Düşünürəm, bu məsələlərin həlli faydalı olar:
1.Zəngəzur dəhlizinin maliyyələşməsinə Böyük İpək Yolunun -“Bir kəmər, bir yol” layihəsinin bir hissəsi kimi yanaşaraq Çinin cəlbi səmərəliliyi və etibarlılığı artıra bildiyi üçün bu məsələyə baxıla bilər;
2.Gürcüstan dəhlizi də strateji alternativ xətt kimi inkişaf etdirilməlidir;
3.Azərbaycan və Türkiyə arasında ticarət birliyinin yaranması fikrini də uğurlu sayıram;
4.Ermənistanın təzminat ödəmək üçün pulu yoxdursa, aktivləri və ərazi ilə ödəyə bilər;
5.Laçın sərhədində sərhədçimiz - iqtisadi məkanımızı qorumaq üçün gömrükçümüz dayansın;
6.Mərkəzi Bankımız bütün Azərbaycan ərazisində yeganə ödəniş vasitəsi kimi milli manatın olmasını tələb etməli və bunun üçün şərait yaratmalıdır;
7.Məskunlaşma iqtisadi təşviq edilməlidir. Dövlət infrastukturu qursun. Əsgərdən sonra sahibkarların hücumu üçün güzəştlər səmərəli olar.
İşğaldan azad olan ərazilərdə fəaliyyət göstərənlərə vergi güzəştləri, faizsiz kreditlər, infrastruktur şəbəkələrinə asan qoşulma şərtləri verilə bilər və s. Vətən sərhəddən başlanır, sərhəddə möhkəmlənməliyik. Çıraqların sayı çox olmalıdır;
8.Silahlı Qüvvələrə Dəstək Fonduna axınla köçürmələri nəzərə alaraq deyə bilərik ki, Qarabağ faizsiz bərpa istiqrazlarının buraxılması xalq maliyyələşməsinə təkan verər;
9.İmkan daxilində hər kəsin köməyi vacib və qiymətlidir. Bu da təşviq edilməlidir. Bülbüldən soruşdular: “Gözəl avazının sirri nə?” O, da: “Mömin evi yanırdı, dimdiyimdə su apardım” dedi. “Bununla atəşi söndürəcəyini düşündün?”. “Nə edim, bacardığım budur” söylədi;
10. Təltif. Niyə qəhrəmana medal verilir? Nobel mükafatı laureatı Qabriel Qarsia Markesə görə, Vətən igidinin sinəsinə taxdığı zirehlə onun ürəyini qoruyur;
11.Medalın bir tərəfi Qələbədirsə, digər tərəfi şəhid, qazi, əsirdir.
Onlara, ailələrinə göstərilən əbədi qayğı parıltısı Qələbə parıltısından üstün olmalıdır. Çoxunun qələbədə payı var. Amma başqaları xalqın dik dayanması naminə əməyindən, pulundan keçibsə, onlar həyatlarından, sağlamlıqlarından keçib;
12.Sahibkarların imkan daxilində şəhid ailə üzvləri və qaziləri işlə təmin etməsi təklifini alqışlayıram;
13.Ölkəmizin bütün şəhərlərində qan yaddaşı-işğal-qələbə abidə kompleksi ucaldılsın. Bu müsabiqə əsasında, həmin bölgənin şəhidlərinin və onların iştirak etdiyi döyüşlərin təsviri ilə gerçəkləşsin;
14.Dövlət layihələrinin vaxtında icrası üçün dövlət vəsaiti ilə yanaşı, bank vəsaitindən, zəmanətindən istifadə etmək faydalı olar.
Azad olunmuş ərazilərdə inkişafını gözləyən ənənəvi sahələr:
- mülki və sənaye tikintisi, o cümlədən yol tikintisi; iaşə; kənd təsərrüfatı; turizm; logistika; ticarət; dağ-mədən sənayesi; energetika;
mədəniyyətin iqtisadiyyatı; yeni iqtisadi sahələrin inkişafı və s.
15. Məsələn, minaların təmizlənməsi avadanlıqlarının istehsalının təşkili. Bunu Minalardan Təmizlənmə Agentliyinin cəlbi ilə məşhur brendlərlə müştərək iş əsasında təşkil etmək olar.
Avadanlığın satış bazarı da buradadır, sınaq poliqonu da. Bu, müqayisəli üstünlükdür. Rəqiblərin belə imkanları yoxdur. Bu, dövlət vəsaitinə xeyli qənaət deməkdir;

16.Ekologiyanın qorunması və resurslardan səmərəli istifadə üçün tullantıların təkrar emalı;
17.Ölkəmizin müdafiə qabiliyyətinin daim yüksək olması üçün yeni texnologiyalara əsaslanan hərbi sənayenin inkişafı;
18. “Ağıllı həllər”. Qarabağın bərpasında “ağıllı şəhər”, “ağıllı kənd” layihələrindən danışılır. Xatirələrdə yaşayan qədimi görünüşün, memarlıq üslubunun saxlanılması ilə yanaşı, innovativ həllərin də olması zəruridir. Bu, keçmişlə gələcəyin qovuşması əsasında olacaq modernizasiyadır. Bu məqamda bir məsələyə diqqət çəkmək istəyirəm. Hazırda yeni iqtisadi rayonlaşma prosesi gedir. Zəfərdən əvvəl Qarabağ ərazisinə aid inzibati rayonların dövlət qurumları tərəfindən tənzimlənməsi müxtəlif mərkəzlərdən aparılırdı. Məsələn, indi Tərtərdə fəaliyyət göstərən sahibkar vergi və əmlak məsələlərini Bərdədə, FHN-ə aid məsələləri Ağdamda, ekologiya məsələlərini Ağcabədidə, elektrik məsələlərini Mingəçevirdə həll etməlidir və s. Çünki müvafiq qurumların regional mərkəzləri adları çəkilən müxtəlif inzibati rayonlarda yerləşir. Düzdür, bu cür yanaşma inzibati rayonlar arasında müəyyən bərabərlik yaradır.
Amma sahibkar, bəzən də vətəndaş mövqeyindən yanaşsaq, bir mərkəzdən tənzimləmə daha səmərəli olur. ASAN XİDMƏT xalqa böyük kömək olsa da, hələ bütün məsələləri əhatə etmir. Xüsusilə sahibkarlarla bağlı. Bu baxımdan Qarabağda institusional idarəetmənin cəmlənməsi səmərəliliyi artırar. Qarabağda ən yaxşı təcrübə və ya nəzəri fikir tətbiq olunmalıdır.

19. Rusiya Federasiyasının regiona tarixi marağını, sülhməramlıların Azərbaycanın öhdəliyi kimi 5 il müddətinə burada yerləşdirilməsini nəzərə alaraq, bu ölkə ilə müxtəlif səviyyələrdə dialoqu davam etdirmək, gücləndirmək məqsədəuyğun olar. Bu ölkənin nümayəndələri regionda balans saxlanılmasını vacib saydıqlarını bildirir. Əlbəttə, Rusiya təşəbbüskarı və aparıcı qüvvəyə malik olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Ermənistanla strateji müttəfiqdir. Rusiya Federasiyası Azərbaycanla isə strateji tərəfdaşdır. Bu tərəfdaşlıq özünü daha çox iqtisadi və humanitar sahədə göstərir. Yəqin, bu balansı saxlamağın səbəbi Rusiya gerbində təsvir olunan ikibaşlı qartaldır. Onun bir başı sağa, o birisi sola baxır.

Rusiya rəsmilərinin mövzu barədə fərqli mövqe nümayişinin mənbəyi də, zənnimcə bu amillə baglıdır. Şimal qonşumuzun ərazisində yaşayan, ölkəmizin tədiyə balansının müsbət istiqamətlənməsində əhəmiyyətli payı olan 3 milyon həmvətənlimiz amili də nəzərdən qaçmamalıdır. Zənnimcə, reallıqları nəzərə alaraq, RF ilə təmas nöqtələri nə qədər çox olsa, danışıq da o qədər uğurlu alınar. Azərbaycanlıların RF-nin ictimai həyatında rolu nə qədər yüksək olsa, işimizin xeyrinə olar. Azərbaycan və Ermənistan arasında rəsmi odlu müharibə bitsə də, soyuq müharibə davam edə bilər. Beynəlxalq güclərin də qarışdıqları bu proses mürəkkəb olduğundan çağırışlara cavabımız da tutarlı və müdrik olmalıdır.
20. Dəhlizdən, təzminatdan əlavə, qarşılıq prinsipini rəhbər tutaraq bu gün erməni əhalisinin Qarabağda yaşadığı, Rusiya sülh­məramlılarının qoruduğu hüquqi rejimdə olan ərazi qədər Ermənistandan istifadə üçün ərazi tələb edilə bilər. Həmin ərazidə Ermənistandan məcburi köçürülmüş soydaşlarımız Azərbaycan dövlətinin dəstəyi ilə könüllü olaraq yaşaya bilər. Bu ərazi Azərbaycana, Zəngəzur dəhlizinə bitişik ərazi olmalı və Türkiyə sülhməramlıları ilə qorunmalıdır. Bu ərazidə əmlakın Azərbaycan, Türkiyə və digər beynəlxalq güc dövlətlərinin sığorta şirkətləri tərəfindən sığortalanması məqsədəuygundur.
21. Azərbaycan rəsmiləri, politoloqlar də­fələrlə Qarabağın erməni əhalisinin ölkəmizin digər azsaylı millətləri kimi Azərbaycan qanunları çərçivəsində yaşayıb, fəaliyyət göstərmələri üçün şərait yaradacaqlarını vurğulayıb. Əlbəttə, əsrləri aşan nifaq və qan yaddaşı olduğu halda, bu, çox çətindir. Amma Azərbaycan sülhsevərliyi və bunun dünyaya nümayişi, qlobal maraqların gözlənilməsi bunu labüd edir. Ona görə reallıqları nəzərə alaraq, çevik siyasət aparmaq, proseslərə daha çox təsir etmək zərurəti var. Evlərini satmaq istəyən ermənilərdən onu almaq olar. Bu məsələ ilə bağlı bir məqamı da yada salım. Cənab Prezident İlham Əliyevin diqqətə çəkdiyi kimi, Azərbaycan Ermənistandan adambaşına düşən ÜDM istehsalına görə irəlidədir. Lakin bu fərqin artmasına ehtiyac var. Bu fərq çoxaldıqca maraqlarımız çərçivəsində Qarabağın erməni əhalisinin ölkəmizə iqtisadi inteqrasiyası da artar. Bu da regionda gərginliyin azalmasına xidmət edər. Amma bunun üçün konkret layihələrin hazırlanması məqsədəuyğundur. Məsələn, erməni əhalisinin məskunlaşdığı ərazinin marketinqini həyata keçirərək, innovativ həlləri azad olunmuş ərazilərdə yerləşdirərək, onlara iqtisadi təsir mexanizmlərini yaradaq. Konkret mexanizmlər müzakirə oluna bilər, amma ümumən fikir odur ki, sosial-iqtisadi mexanizmlər elə qurula bilər ki, onlar Azərbaycan qanunları ilə yaşamağı daha sərfəli saysın. Məsələn, məlumdur ki, hazırda ermənilər yaşayan ərazidə Azərbaycan manatı işləmir. Mərkəzi Bank manatın azacıq bahalanmasını təmin etməklə erməni əhalisinin milli valyutamıza olan marağını artırmağa cəhd edə bilər. Qeyd edim ki, bu proses ABŞ dolları ifadəsində adambaşına ÜDM göstəricilərini də yüksəldər. Və digər dövlət qurumlarımız da bu cür tədbirlər görə bilər. Əlbəttə, imkanlar və ümumi islahatlar daxilində. Başqa cür ermənilər dəstəyi Ermənistan və Rusiyadan istəyəcək. Yəni, regionda makro və mikro iqtisadi təşəbbüsü ələ almaq məqsədəuyğun olar. Yaradılacaq Sərbəst İqtisadi Zona erməni əhalisi ilə mülki təmas xəttində ola bilər.
22. Zəfər kinofilmi çəkilsin.
Bu istiqamətlərin hər birində ciddi uğurlar qazanılmasına çalışılmalıdır. Lakin nə qədər tələssək də, dünyanın gözünün Azərbaycanda, Qarabağda olduğunu bilsək də, regionların tarazlı inkişafına diqqət etməliyik. İşğaldan azad olunmuş ərazilərlə digər ərazilərin inkişafı ahəng təşkil etməli, ölkə iqtisadiyyatının vahid sistem kimi bərpa edilməsinə səy göstərilməlidir.
Sonda 2000-ci ildə yazdığım və diasporanın da imkanlarını bərpaya səsləyən, bəlkə ilk iqtisadi bayatını yenidən, amma qalib ölkənin vətəndaşı kimi diqqətə çatdırmaq istəyirəm:

Əzizinəm bank yaxşı,
Qarabağda tank yaxşı.
Yığmağa qərib ölkə,
Sərfinə VƏTƏN yaxşı!

Bu fikirləri Bayatı Şirazı dinləyərək yazdım. Çətin və şərəfli işimizdə uğurlar!


Səmədzadə Elşad Ziyad oğlu,
iqtisad üzrə fəlsəfə doktoru,
Azərbaycan Dövlət İqtisad
Universitetinin dosenti,
Beynəlxalq Menecment
Akademiyasının müxbir üzvi